2013-cü il mədəniyyət və turizm

sahəsinin inkişafında yeni mərhələ oldu

 

Azərbaycan son illər bütün sahələrdə qazandığı misilsiz uğurları ilə beynəlxalq miqyasda böyük nüfuz sahibinə çevrilmişdir. Bu mənada 2013-cü il ölkəmizin həyatında bu nailiyyətlərin daha da möhkəmlənməsi ilə yaddaşlarda qaldı. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda bu barədə ətraflı söhbət açılmışdır.

Ötən il bütün sahələrdə olduğu kimi mədəniyyət turizm sahəsində də əsaslı uğurlar qazanılmışdır.

Söz yox ki, əldə olunan nailiyyətlərin əsasında dövlətin mükəmməl mədəniyyət siyasəti dayanır. Bu siyasət xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu milli-mənəvi, maddi-mədəni dəyərlərin qorunması istiqamətində tarixi addımların davamıdır. Ulu öndərin Azərbaycan mədəniyyətinin inkişafına göstərdiyi qayğı və diqqət Prezident İlham Əliyev tərəfindən son on ildə uğurla davam etdirilmişdir. Ötən il Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlamətdar oldu. Bu yubileyin böyük silsilə tədbirlərlə qeyd olunması xalqımızın dahi liderə dərin ehtiramının təzahürü olmaqla yanaşı, eyni zamanda Heydər Əliyevin müstəqil Azərbaycanın tarixində əvəzsiz rolunun bariz göstəricisidir.

2013-cü ildə ölkə başçısı İlham Əliyevin sərəncamları ilə mədəniyyət və incəsənət xadimlərinin, yazıçı və şairlərin yubileylərinin yüksək səviyyədə təşkili, bununla bağlı respublikamızın hüdudlarından kənarda da silsilə tədbirlərin keçirilməsi əhəmiyyətli hadisələr idi. 2013-cü il, həmçinin, Azərbaycanda növbəti prezident seçkiləri ilə yadda qaldı. Azərbaycan xalqı ölkədə gedən inkişafın davam etməsini istəyərək etimad göstərdiyi şəxsi yenidən dövlət başçısı seçdi. Bu, son 10 ildə ölkəmizdə gedən siyasi, iqtisadi proseslərin, dövlətin müdrik, tərəqqiyə yönəlmiş siyasətinin dəstəklənməsini göstərdi.

Ötən il mədəniyyət abidələrimizin, milli irs nümunələrimizin, sənət incilərimizin UNESCO-nun müvafiq siyahılarında yer alması olduqca təqdirəlayiq haldır. Bu, mədəni dəyərlərimizin qlobal miqyasda qəbulu, tanınması baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycan muğamına, aşıq sənəti və xalçaçılığına, tar ifaçılığına və digər irs nümunələrinə UNESCO səviyyəsində diqqət ayrılması ölkəmizin bu mötəbər beynəlxalq təşkilatla sıx əlaqələrinin göstəricisidir.

Ölkəmiz hər il olduğu kimi, ötən il də beynəlxalq turizm sərgilərinə, konfrans və toplantılara qatıldı. Təsadüfi deyil ki, Azərbaycan 2013-cü ildə Dünya Turizm Təşkilatı İcraiyyə Komitəsinə üzv seçildi. Bununla qarşıdakı 4 il ərzində dünya turizm proseslərinə Azərbaycanın da müəyyən qədər təsir etmək, onu formalaşdırmaq imkanı olacaq.

İl ərzində ölkədə reallaşan beynəlxalq mədəni tədbirlərin turizmin inkişafına yönəldiyini xüsusi olaraq qeyd etmək lazımdır. Müşavirədə cənab Prezident demişdir: Turizmin inkişafı ilə bağlı böyük addımlar atılmışdır. Xüsusilə bölgələrdə bir neçə beşulduzlu otel istifadəyə verilmişdir. Yeni turizm mərkəzləri açılır. Azərbaycanın turizm potensialı artıq ölkəmizin inkişafına, xalqımızın rifah halının yaxşılaşmasına xidmət göstərir. Əminəm ki, Azərbaycan vətəndaşları getdikcə daha çox ölkə daxilində istirahətə üstünlük verəcəklər. Çünki Azərbaycanda yaradılan imkanlar dünya səviyyəsindədir. Bunu bizim vətəndaşlar da, xaricdən gələn turistlər də qeyd edirlər. Yəni, qeyri-neft sektorunun inkişafı ilə bağlı bu istiqamət də çox önəmlidir.

Bu sahənin ən uğurlu layihələrindən biri möhtəşəm Şahdağ qış-yay turizm kompleksinin istifadəyə verilməsi oldu. Möhtərəm Prezidentin daim nəzarətdə saxladığı bu məkana açıldığı ilk gündən turist axını başlanıb.

Təbii ki, turizm obyektləri ilə yanaşı xidmət sektoru, turizm üzrə mütəxəssislərin hazırlanması və həmin müəssisələrdə işlə təminatı da əsas məqamlardandır. Bu mənada Azərbaycan Turizm İnstitutunun, Mingəçevir Turizm Kollecinin, eləcə də turizm peşə məktəbinin kadr hazırlığında rolunu xüsusi olaraq vurğulamaq lazımdır.

Ötən il ölkədə mədəniyyətlərarası dialoq, inteqrasiya və mədəni müxtəlifliyin qorunmasına xidmət edən iki böyük beynəlxalq tədbirin keçirilməsi təqdirəlayiq hadisə idi. Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı giriş nitqində cənab Prezident İlham Əliyev demişdir: Bakıda III Beynəlxalq Humanitar Forum keçirilmişdir. Bu, artıq gözəl ənənədir və dünya ictimaiyyətinin diqqətini çəkir. Tanınmış siyasətçilər, elm xadimləri, 10-dan çox Nobel mükafatı laureatı bu tədbirdə iştirak etmişlər. Artıq Azərbaycan dünya gündəliyində dözümlülük, tolerantlıq, humanitar əməkdaşlıq məsələləri ətrafında öz böyük rolunu ortaya qoymuşdur. Bakı və Azərbaycan artıq dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük mərkəzlərindən birinə çevrilibdir. Artıq beynəlxalq ictimaiyyət də bunu qəbul edir, dəstəkləyir.

Bu tədbirlər dünyanın diqqətinin Azərbaycana yönəlməsini təmin etdi. Azərbaycanın nüfuzu durmadan artır. Ölkəmizin beynəlxalq təşkilatlarda aktiv təmsil olunması və ümumilikdə ölkəmizin sürətli inkişafı dünyanın diqqətini cəlb edir. Beş beynəlxalq təşkilatın dəstəyi ilə reallaşan II Bakı Mədəniyyətlərarası Dialoq Forumu, həmçinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Bakıda keçirilən 8-ci sessiyası bu mənada böyük əhəmiyyətə malikdir. UNESCO Hökumətlərarası Komitəsinin sessiyası həm də Azərbaycanın çövkən milli oyununun təşkilatın qeyri-maddi mədəni irs siyahısına salınması ilə əlamətdar oldu. Beləcə, digər irs nümunələrimizlə yanaşı, bu qədim xalq oyunu da milli dəyər kimi öz layiqli yerini aldı.

Azərbaycan musiqisi, muğamlarımız, qədim ozan sənətimiz, milli bəstəkarlıq məktəbi təmsilçilərinin yaratdığı nümunələr dünyanın müxtəlif konsert salonlarını bəzədi. Bu tədbirlər sırasında Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə Avropanın müxtəlif şəhərlərində Azərbaycan mədəniyyətinin təbliğinə həsr olunmuş layihələrin, silsilə tədbirlərin keçirilməsini xüsusi qeyd etmək lazımdır. Fransa, Almaniya, İtaliyaBraziliyada Azərbaycan musiqiçiləri, fırça ustaları və digər incəsənət xadimləri çox böyük ustalıqla çıxış etdilər.

2013-cü ildə Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə Muğam aləmi III Beynəlxalq Muğam Festivalı keçirildi. Qara Qarayev adına V Beynəlxalq Müasir Musiqi Festivalı, V Qəbələ Musiqi Festivalı, Üzeyir Hacıbəyli adına V Beynəlxalq Musiqi Festivalı və ənənəvi Bakı Caz Festivalı ilin mühüm tədbirləri kimi incəsənətimizin təbliğinə, mədəniyyətlərin mübadiləsinə xidmət etdi.

Ötən ilin sentyabrında üçüncü dəfə Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının keçirilməsi ölkəmizin mədəni həyatında mühüm hadisəyə çevrildi. Tədbir yeni əlaqələrin qurulması, təcrübə mübadiləsi baxımından da olduqca əhəmiyyətlidir. Vahid elektron kitabxana sisteminin yaradılmasında paytaxtla yanaşı, region kitabxanaları da aktiv iştirak edirlər. Milli Kitabxananın 90 illik yubileyinin dövlət başçısının müvafiq sərəncamı ilə yüksək səviyyədə qeyd olunması, burada çalışan əməkdaşların əməyinin qiymətləndirilməsi dövlətin bu sahəyə diqqət və qayğısının təzahürüdür.

Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən peşəkar milli teatrımızın 140 illiyi ötən il təntənə ilə qeyd olundu. Ölkə başçısının bu sahə ilə bağlı imzaladığı müxtəlif sərəncamlar, qəbul olunan müvafiq dövlət proqramı artıq öz bəhrəsini verir. Teatr binalarının əsaslı təmir və yenidənqurma işləri paytaxtla yanaşı, regionlarda da davam etmişdir. Teatrların maddi-texniki bazasının yaxşılaşdırılması, bu sahənin təmsilçilərinin fəxri adlar, mükafatlarla təltif olunması sənətə və sənətkara yüksək diqqətin nümayişidir. Teatrımızın sorağı müxtəlif ölkələrdən gəlir, dramaturgiya nümunələrimiz müxtəlif ölkələrdə səhnəyə qoyulur, beynəlxalq tədbirlərdə iştirak, qarşılıqlı səfərlər, birgə layihələr bu sahədə əməkdaşlığa mühüm zəmin yaradır. İl ərzində çoxlu sayda dövlət sifarişi əsasında tamaşalar səhnələşdirildi, yeni layihələr reallaşdı.

Milli kino sənətinin inkişafı da diqqət mərkəzində olmuşdur. Sevindirici haldır ki, bizim tarixi şəxsiyyətlərlə bağlı sənədli filmlərin çəkilişi peşəkarcasına hazırlanır və yüksək səviyyədə təqdim olunur. Beynəlxalq əməkdaşlıq çərçivəsində də işlər davam etdirilir. Artıq bir neçə ölkədə Azərbaycan kino günləri keçirilib, eləcə də ölkəmizdə bu qəbildən maraqlı tədbirlər reallaşıb. Ən müasir səviyyədə yenidən qurulmuş Nizami Kino Mərkəzi kinosevərlərin ixtiyarına verilib, burada bir-birindən maraqlı tədbirlər, festival və müsabiqələr keçirilir.

Muzey işi mədəniyyətin inkişafının prioritet istiqamətlərdən biridir. Ötən il iki dəfə cənab Prezidentin muzeylərimizi ziyarət etməsi, eləcə də regionlara səfərləri zamanı Heydər Əliyev muzeylərinə, tarix-diyarşünaslıq muzeylərinə baş çəkməsi dövlət başçısının bu sahəyə diqqətinin göstəricisidir.

Ötən il regionlarda keçirilən mədəni-kütləvi tədbirləri də xüsusi olaraq qeyd etmək lazımdır. Böyük mədəniyyət və turizm layihələri paytaxtla məhdudlaşmayıb, ölkənin bölgələrini, ən ucqar kəndlərini əhatə etmişdir. 2010-2014-cü illər üzrə Xalq Yaradıcılığı Paytaxtları proqramı özünü doğrultmuşdur. Yerlərdəki park, klub, mədəniyyət evləri və digər asudə vaxtın təşkili mərkəzlərinin vəziyyəti də diqqətdən yayınmamışdır.

Bu günlərdə UNESCO-dan diqqətəlayiq bir xəbər alınmışdır. UNESCO-nun Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinin iclasında Qobustan və İçərişəhər qoruqlarına gücləndirilmiş mühafizə statusu verildi. Həmçinin işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında sənəd qəbul edildi. Bununla UNESCO səviyyəsində dünya bir daha Azərbaycanın torpaqlarının işğal olunmasını, bu talançılıq nəticəsində qurumun siyahısında olan maddi irs nümunələrinin zərər görməsi faktı da önə çəkildi. Bu, diplomatik uğur olmaqla yanaşı, həm də maddi mədəni nümunələrimizin məruz qala biləcəyi dağıntılar haqqında dünyaya verilən SOS siqnalıdır.

Ümumiyyətlə, son vaxtlar mədəni irs sahəsində görülən işlər qənaətbəxşdir. Bu sahədə yeni abidələrin siyahıya alınması, onların mühafizə zolağının müəyyənləşdirilməsi və təsdiqlənməsi işləri icra olunub. Ötən ilin sonlarında cənab Prezidentin sərəncamı ilə milli-mənəvi dəyərlərimizin qorunması haqqında Dövlət Proqramının qəbul edilməsi ilin ən mühüm hadisəsi kimi dəyərləndirilməlidir.

 

M. MÜKƏRRƏMOĞLU

Xalq qəzeti.- 2014.- 11 yanvar.- S.5.