Xalq ruhunun əfsunedici səsi

 

Şeir, musiqi lap binadan xalq ruhuna tərcümanlıq edib. Biri qatı açılmamış mətləbi aşkarlayır, o biri içimizdə qaynayan dilsiz ovqatı avaza çevirir. İkisi qovuşanda qəlbimizin min bir halını sərgiləyir. Nəğmələr könlümüzə sığal çəkir, işıq salır, dad gətirir. Şeirlə musiqinin arasında elə bir səsləniş də var ki, onsuz sözlər rəngsiz, soyuq və sanki, dadsız-tamsız olur. Bu boşluğu bədii qiraət doldurur. Musiqi sözün içində gizlənmiş ovqatı işığa çıxarırsa, bədii qiraət onun canına hopmuş qəlb hərarətini, ürək döyüntüsünü, zəka işığını duydurur.

 

Bədii qiraət əskidən mövcud olub, lakin səsin yazılması son zamanlar yarandığından onun ötəri təsvirindən başqa dövrümüzə heç nə çatmayıb. Bir çox başqa incə sənətlər kimi, bədii qiraət də, əsasən, son bir əsrdə professional teatr zəminində formalaşıb. Sözün, mətnin dinləyənə bütün məna və üslub çalarlarıyla çatdırılmasına xidmət edən bədii qiraət yüksək estetik vasitə kimi anadilli poeziyamızın ən yaxşı nümunələrinin şeirsevərlərə çatdırılmasında, populyarlaşdırılmasında canlı nəşr rolu oynayır.

Azərbaycan Respublikasının əməkdar artisti, Mədəniyyət və İncəsənət Universiteti səhnə danışığı kafedrasının dosenti, tanınmış bədii qiraət ustası Ağalar Bayramovla müxtəlif vaxtlarda bölüşdüyümüz bu fikirləri və ortaqlaşdırdığımız bu qənaətləri sevimli sənət dostumuzun 60 illik yubileyi ərəfəsində hazırladığımız yazının təbii girişi kimi yada saldım. Onu tələbəlik illərindən tanıdığımdan, sonrakı uğurlarını yaxından izlədiyimdən bu yazını görüşüb söhbət aparmağa ehtiyac duymadan qələmə aldım. Yəni görünən dağa nə bələdçi?!

Ağalar Bayramov 1954-cü il yanvarın 16-da Ucar rayonunun Bayat kəndində anadan olub. Ata-anasını erkən itirdiyindən nənəsinin himayəsində böyüyüb. Böyük Füzulini yetirmiş bir türk boyundan qopub gəlmiş Bayat obasının nəğməli-bayatılı mühitində nənəsinin nisgilli- ümidli oxşamaları ilə, qoyun-quzu otara-otara əlindən düşməyən kitabların biliyi-hikməti, bədiiyyatı ilə böyüyüb. İmkansızlıqdan ixtisas təhsilini bir qədər gec alıb. Onu 1976-cı ildən – orta məktəb yoldaşım İzzətəli İmanovla Bakı Mədəni Maarif Texnikumunda bir yerdə oxuduqları vaxtdan tanıyıram. Hazırda doğulduğu Ağdamın Mahrızlı kəndində müsiqi müəllimi işləyən, Qarabağın şöhrətli “Şur” ansamblında məşhur qarmonçalanların yolunu davam etdirən İzzətəli ilə davam edən dostluqları da Ağaları mənə ikiqat doğmalaşdırıb.

Bundan əlavə, tələbəlik illərində “Azərbaycan gəncləri” qəzetində işləyən mənim qohumum Şahmar Əkbərzadənin və onun qohumu Ağaqulu Niftəliyevin yanında ara-sıra görüşərdik. Sonralar mən Azərbaycan Televiziyasında çalışanda ədəbi-bədii verilişlərdə şeir söyləməyə gələn Ağalar Bayramovla köhnə dostlar kimi görüşüb əhvallaşardıq. Onun geniş auditoriyada tanınmağı da bu illərdən başladı. İndi o dövrü xatırlayanda onu teleekran üçün “kəşf” etmiş mərhum telerejissor Əmirhüseyn Məcidovu rəhmətlə yad edir.

Ağaların bədii qiraətə gəlişi dərhal şeir-sənət bilicilərinin diqqətini cəlb etmişdi. Texnikumu fərqlənmə diplomu ilə bitirən Ağalar Bayramov Mədəniyyət və İncəsənət Universitetini də əla qiymətlərlə bitirmişdi. Sonuncu kursda Tədris Teatrına işə qəbul olunmuşdu. Bədii qiraət sahəsində seçilən istedadı onu böyük səhnədən, necə deyərlər, “öz teatrına” yönəltmişdi.

Doğma universitetin səhnə danışığı kafedrasında dərs deyə-deyə Ağalar televiziya ekranlarında, rəsmi və el məclislərində tanınmışdı. Onun səsindəki dağ havasıtək saflıq, bulaq suyu kimi duruluq, arı balıtək şirinlik, qaymağa bənzər yağlılıq adi dinləyicidən tutmuş dil və səhnə mütəxəssislərinə, şair və poeziya həvəskarlarınadək hamının diqqətini çəkmişdi, qəlbini ovsunlamışdı. Bu vaxtadək Kazım Ziya, Müxlis Canızadə, Soltan Nəcəfov, Lütvi Məmmədbəyov Həsən Əbluç, Əminə Yusifqızı, Mikayıl Mirzə kimi bədii qiraətçilərin ardınca və sırasında daha bir seçilən şeir tribunu sakitcə öz yerini tutmuşdu.

Xalq şeirinin və klassik ədəbiyyatın, çağdaş poeziyanın, təzə yazılan şeirlərin bənzərsiz ifaçısı kimi Ağalar Bayramov bədii qiraətə yeni üslub – “bir aktyorun teatrı” mizanları, əlavə səs effektləri gətirib. Onun ifalarında bəzən səs ikiləşir – arxa və ön plan yaranır. Bu ifada, adətən, sözlərin aydın səslənişi getdikcə musiqiləşir, bəzən də uyğun emosional nidalarla gurlaşır. Özünün quruluş verdiyi “bir aktyorun oyunu”nda pauza da, pıçıltı da, sürək və qəfil yavaşıma da poetik mətnin ətə-qana dolmasına xidmət edir. Bu teatrda hazırlanmış “Füzuli”, “Aşıq Ələsgər”, “Səməd Vurğun”, “Rəsul Rza”, “Məmməd Araz”, “Fikrət Qoca”, “Musa Yaqub”, “Şahmar Əkbərzadə”, “Zəlimxan Yaqub”, “Ramiz Rövşən” kimi poetik tamaşalar nadir bir silsilə kimi 15-dən artıq dəyərli poetik irsin canlı mənzərəsini yaratmış, filmləşib səs sərgisinə çevrilmişdir.

Tanınmış dilçi, professor Tofiq Hacıyev Ağalar Bayramovun şeir ifalarını ana dilimizin səs imkanlarının üzə çıxarılması baxımından hadisə adlandıraraq deyib: “ Ağalar şeirin skeletinə elə bir səs libası geyindirir ki, sanki, dəfələrlə eşitdiyin, hətta əzbər bildiyin misraları birinci dəfə eşidirsən”. Xalq şairi Fikrət Qoca isə Ağaların sənətinin ictimai məzmununu belə dəyərləndirib: “Ağalar Bayramovun görüşünə məişət qayğıları ilə gələnlər evlərinə Dövlət, Vətən qayğıları ilə qayıdırlar.”

Beləcə, 30 ildir ki, Ağalar Bayramov səsinin layla şirinliyi, bayatı hikməti ilə milyonlarla ürəyə milli poeziyamızın ən yaxşı örnəklərinin ərsəyə gətirdiyi mənəvi dəyərləri axıdır. Dünya azərbaycanlıları bu səsə hopmuş milli varlığımızın cövhəri ilə özlərini yenidən tanıyıb toparlayırlar. Millətin mötəbər seçim günlərində Ağaların başqa bir çalarlı tribun səsi meydanlarda seçiciləri ulu öndər Heydər Əliyev yolunun ululuğuna, ayıq və ədalətli mövqeyə səsləyir. Dövlətin verdiyi əməkdar artist adını 12 ildir ki, ləyaqətlə daşıyır, həm də xalq sevgisi ilə möhürləyir. İnşallah, bir gün xalq artisti adını da qazanar.

Sevimli sənətkarımız, xalq ruhunun əfsunlu səsini hamımızın qəlbində milli öyüncə çevirən Ağalar Bayramovu 60 yaşın tamamında təbrik edir, ona yeni uğurlara aparan, yurduna xidmətlərini artıran bir cansağlığı arzulayırıq.

 

Tahir AYDINOĞLU,

 

“Xalq qəzeti”

 

Xalq qəzeti.- 2014.- 12 yanvar.- S.7.