Azərbaycanda insan amili daim

diqqət mərkəzində saxlanılır

 

Ötən il ölkəmiz üçün sosial-iqtisadi sahələrdə mühüm uğurlarla yadda qaldı. Azərbaycanın bütün istiqamətlər üzrə dinamik inkişafı hər bir vətəndaşı sevindirdi. Beynəlxalq mövqelərimiz daha da möhkəmləndirildi, həm ikitərəfli, həm də çoxtərəfli formatda beynəlxalq əlaqələr gücləndirildi. Atılan ardıcıl addımlar nəticəsində respublikada işsizlik probleminin aradan qaldırılması, regionların tarazlı inkişafı, qeyri-neft sektoruna diqqətin artırılması, sahibkarlığın inkişafı, yeni yerlərinin açılması konkret nəticələrlə müşayiət olundu.

 

İstehsal etdiyi xam nefti Qərb bazarlarına ixrac edən Azərbaycan böyük iqtisadi dividendlərə nail oldu. Burada diqqəti bir mühüm məqama da yönəltmək istərdim. Neft gəlirlərinin iqtisadiyyatın digər vacib sahələrinə, xüsusən də qeyri-neft sektoruna, istehsal sahibkarlığına yönəldilməsi, yeni müəssisələrin açılması yolu ilə işsizlik probleminin aradan qaldırılması, bir sözlə, əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi Prezident İlham Əliyevin ilk gündən hökumət qarşısında müəyyənləşdirdiyi mühüm vəzifələrdəndir. Dövlət başçısının işlək mexanizmlər üzərində gerçəkləşdirdiyi uğurlu sosial-iqtisadi islahatların nəticəsi olaraq bu gün Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Neft strategiyasının uğurları hazırda hər bir vətəndaşın həyatında qabarıq hiss edilir və Azərbaycanın davamlı yüksəlişinə geniş imkanlar açır. Neft strategiyasının uğurlu göstəricilərindən biri də 2014-cu ilin dövlət büdcəsində özünü göstərir. Dövlət büdcəsində sosialyönümlü xərclərin ildən-ilə artması da neft gəlirlərinin sosial rifah amilinə xidmət etdiyini göstərir.

2013-cü ildə Avropanın bir sıra ölkələrində maliyyə böhranının doğurduğu çətinliklər özünü qabarıq göstərmiş, büdcə xərcləri azaldılmış, vergilər artırılmış, dövlət və özəl sektorda yerlərinin ixtisara salınması geniş vüsət almış, ümumi daxili məhsulun kəskin azalması müşahidə edilmişdir. Bəzi ölkələrdə büdcə kəsiri ümumi daxili məhsulun 10 faizi, dövlət borcu isə onun 100 faizindən yuxarıdır. Azərbaycan iqtisadiyyatı isə mənfi təzahürləri hələ də qabarıq sezilən qlobal böhrana yüksək dayanıqlıq nümayiş etdirərək müvazinətini itirməmiş, artım dinamikasını və əldə olunmuş sosial inkişaf səviyyəsini qoruya bilmişdir.

Bütün bunlar barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ətraflı danışılmışdır. Prezident İlham Əliyev giriş nitqində vurğulamışdır ki, əgər biz güclü iqtisadiyyat yaratmasaydıq, nə beynəlxalq aləmdə, nə də regionda uğurlara nail ola bilməzdik. Dövlət başçımız bu fikrini konkret faktlarla əsaslandırmışdır. Bildirmişdir ki, 2013-cü ildə ümumi daxili məhsul təxminən 6 faiz, qeyri-neft sektoru 9,8 faiz artmışdır.

Ölkənin inkişafının ən mühüm göstəricilərindən biri iqtisadiyyata qoyulan investisiyanın dinamik artımıdır. Bu fakta münasibət bildirən dövlət başçımız demişdir: “İl ərzində ölkə iqtisadiyyatına 28 milyard dollar investisiya qoyulmuşdur. Bu, rekord göstəricidir. Heç vaxt il ərzində bu qədər investisiya qoyulmamışdır. Son bir neçə il ərzində orta hesabla 20-21-22 milyard dollar investisiya qoyulurdu, artıq 28 milyard dollar investisiya qoyulur. Onun 17,5 milyard dolları daxili sərmayədir. Bu da artıq neçə ildir ki, davam edən tendensiyadır. Daxili sərmayə xarici sərmayəni üstələyir. Bu, hesab edirəm ki, müsbət haldır. Əlbəttə ki, daxili sərmayənin içində əsas sərmayə dövlət sərmayəsidir. Ancaq özəl sektor da Azərbaycan iqtisadiyyatına böyük yatırımlar edir”.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında ötən il əldə edilən uğurlar sırasında valyuta ehtiyatlarımızın rekord həddə-50 milyard dollara çatmasını, 110 min yeni yerinin açılmasını, yoxsulluğun səviyyəsinin 5,3 faizə düşməsini, xarici dövlət borcumuzun ümumi daxili məhsulun 8 faizini təşkil etməsini xatırlatmışdır.

Məlum bir həqiqəti xatırlatmaq istərdim. İqtisadyyatın inkişafının sosial sahəyə müsbət təsiri danılmazdır. 2013-cü il üzrə əhalinin rifah halının yaxşılaşması ilə bağlı göstəricilərdə bu, özünü aydın büruzə verir. Belə ki, 2012-ci illə müqayisədə işləyənlərin orta aylıq əmək haqqı 6,2 faiz artaraq 423 manata çatmışdır. Əhalinin banklarda olan əmanətlərinin məbləği 6,8 milyard manat təşkil etmişdir. Bu, 34 faiz artım əldə edilməsi deməkdir.

Bundan başqa, ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət başçısının məqsədyönlü kursunun davamı olaraq ötən il minimum əməkhaqqının 13 faiz, əmək pensiyasının baza hissəsinin 17,6 faiz, bütün növ sosial müavinətlərin 10-67 faiz çərçivəsində artımı təmin edilmişdir. Dövlət sektorunda çalışanların əməkhaqları isə ən azı 10 faiz həcmində artırılmışdır. Tətbiq olunmuş artımlar təxminən 3 milyon nəfərdən çox insanın yaşayış səviyyəsinin yaxşılaşdırılmasına zəmin yaratmışdır.

Bəli, bütün bunlar hazırda Azərbaycanda insan amilinə xüsusi diqqət yetirilməsindən xəbər verir. Nazirlər Kabinetinin sözügedən iclasında da qeyd edilmişdir ki, ötən il ərzində dövlətin sosial siyasətinin mərkəzində doğma yurd-yuvalarından didərgin düşmüş 1 milyona yaxın məcburi köçkünün mənzil-məişət şəraitinin sosial təminatının yaxşılaşdırılması məsələləri durmuşdur ki, bu məqsədlərə dövlət büdcəsindən Neft Fondunun büdcəsindən üst-üstə 522 milyon manat vəsait yönəldilmişdir. Məcburi köçkünlərə ərzaq təminatı ilə bağlı 110 milyon manat sosial müavinət, bəzi kommunal xidmətləri (elektrik enerjisi, qaz, su s.) üzrə güzəştlərin tətbiqi ilə bağlı 96 milyon manat vəsait ödənilmiş, sosial müavinətlərin aylıq məbləği isə 10 faiz artırılmışdır.

2013-cü ildə xüsusi əhəmiyyət kəsb edən ən vacib sosial layihələrindən biri kimi vətəndaşların keçmiş SSRİ Əmanət Bankında qalan əmanətlərinin fərdi birdəfəlik ödənilməsi prosesinin başa çatması olmuşdur. Ödənişə başlanıldığı andan MDB məkanında rekord müddətdə, yəni 1 il 7 ay ərzində 1 milyon 623 minə yaxın əmanət hesabı üzrə 597 milyon manat fərdi birdəfəlik ödəmələr həyata keçirilmişdir.

Ötən il sosial sahədə əldə edilən uğurlardan çox danışmaq olar. Ancaq burada bir məqamı xüsusilə diqqətə çatdırmaq lazımdır ki, Azərbaycan Prezidentinin otən illərdə həyata keçirdiyi sosial-iqtisadi siyasət milli maraqların qorunmasını təmin edir, xalqın mənafeyilə tam uzlaşır. Bəli, indi ölkəmizdə iqtidar xalq arasında sarsılmaz birlik, monolitlik mövcuddur. Başqa sözlə, xalq-iqtidar birliyinin möhkəm zəminə söykənməsi, əsaslı bazis üzərində qurulması ölkəmizin dinamik inkişafı, tərəqqisi ilə nəticələnmişdir.

Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi neft strategiyasının, dərindən düşünülərək hazırlanmış çoxsaylı dövlət proqramlarının yerinə yetirilməsi nəticəsində Azərbaycanda əhalinin həyat şəraiti, gəlirləri xeyli yüksəlmişdir. İnsan inkişafı indeksinin orta illik artım tempinə görə Azərbaycan MDB məkanında birinci yerə layiq görülmüş, “orta insan inkişafıölkələri qrupundanyüksək insan inkişafıqrupuna keçmişdir. Ümumiyyətlə, 2003-2013-cü illərdə İnsan İnkişafı İndeksinin artım sürətinə görə Azərbaycan orta dünya göstəricisini iki dəfə qabaqlayaraq planetin top-15-liyinə daxil olmuşdur. BMT yanında İnkişaf Artım Komissiyasının son məruzəsinə görə, 1950-ci ildən sonra yalnız 13 ölkədə belə sürətli inkişaf müşahidə edilmişdir. Avropa İttifaqının maliyyələşdirdiyiAvropa Qonşuluq Barometrisorğusunda bildirilir ki, 1000 respondentdən 920-si  Azərbaycan hökumətinə inanır...

 

Ələsgər QARAYEV,

iqtisad elmləri doktoru,

professor

 

Xalq qəzeti.- 2014.- 12 yanvar.- S.2.