Bibiheybət: köhnə qəsəbənin yeni həyatı

 

Səbail Rayon İcra Hakimiyyəti başçısının Bibiheybət Qəsəbə Nümayəndəliyinin 2013-cü ilin yekunlarına həsr olunmuş hesabat yığıncağında ötən ilin sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələr diqqət mərkəzində olmuşdur. Toplantıda bildirilmişdir ki, ölkə rəhbərliyinin Bakıya  onun qəsəbələrinə olan diqqət və qayğısının artması nəticəsində Səbail rayonunda, eləcə də şəhərin ən qədim yaşayış məntəqələrindən olan Bibiheybətdə bir sıra işlər həyata keçirilmişdir.

Hesabat məruzəsi ilə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti Başçısının Bibiheybət qəsəbəsi üzrə nümayəndəsi Fariz Xəlilov bildirmişdir ki, ərazidə 2350 nəfər əhali yaşayır, 360 nəfər də məcburi köçkün məskunlaşmışdır. 2013-cü ildə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”ının və Əlavə Tədbirlər Planının icrası ilə bağlı qəsəbə mədəniyyət evində və kitabxanada əsaslı təmir-möhkəmləndirmə işləri aparılmış, yeni sahə tikilmiş, istilik sistemi qurulmuşdur. Qəsəbədəki 70 saylı uşaq bağçası üçün ikimərtəbəli 1 musiqi zalı və 3 yardımçı otağı olan korpus tikilmiş, köhnə bina əsaslı təmir olunmuşdur. Rayon icra hakimiyyəti başçısına sakinlərin müraciəti nəzərə alınaraq qəsəbədə  yeni poçt məntəqəsi yaradılmışdır.

2013-cü il ərzində RİH-nin köməyi ilə Muxtarov yaşayış sahəsindən “Şıx” çimərliyinə qədər olan ərazidə hasarlar ağardılmış, ətrafda abadlıq işləri aparılmış, Məktəb və N.Quliyev küçələrinə asfalt salınmışdır.  Salyan yolu boyunca istinad divarlarının üzlənməsi, tikililərin rənglənməsi başa çatdırılmışdır. Salyan şossesində, “Dostluq parkı”ndan Lökbatan dairəsinə kimi ərazidə iməciliklər keçirilmiş, qazonlar salınmış, yeni asfalt örtüyü çəkilmişdir. Namiq Quliyev küçəsində də abadlıq işləri aparılmış, 300 yeni ağackol əkilmişdir.

Qəsəbədəki xeyir- şər evi əsaslı və tibb məntəqəsinin dam örtüyü cari təmir olunmuşdur. Səbail Rayon MKTB-nin köməyi ilə Məktəb küçəsində yerləşən fərdi yaşayış evlərinin fasadları ağardılmışdır. Məcburi köçkünlərin məskunlaşdığı “Şıx” sanatoriyasında kanalizasiya sistemi əsaslı, su xətləri cari təmir olunmuşdur. Salyan şossesində magistral su kəməri, kanalizasiya yenisi ilə əvəz olunmuş, kabelləşdirmə başa çatdırılmış, abonentlər tam sayğaclaşdırılmışlar.

NovruzRamazan bayramları, 20 Yanvar və Xocalı soyqırımı, digər tarixi günlərlə  bağlı tədbirlər keçirilmiş, ərazidə yaşayan aztəminatlı və qaçqın ailələrinə RİH-in yardımları paylanmışdır.

Yığıncaqda çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qəsəbədə görülməli işlərdən danışmışdır. Başçı Prezident İlham Əliyevin Bakı şəhərinin qəsəbələrinə göstərdiyi diqqət və qayğıdan söz açmış, qeyd etmişdir ki, ölkə başçısının tapşırıqlarına əsasən hazırda Bakı Bulvarının Bibiheybət qəsəbəsinə kimi uzadılması işləri həyata keçirilir. RİH tərəfindən görülən işlərdən əlavə, digər məhəllələr də abadlaşdırılacaq, qəsəbədaxili yollar, sukanalizasiya sistemi yenidən qurulacaq, küçələr asfaltlaşdırılacaq və işaqlandırılacaq.

Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılmışdır.

 

R.TAHİR

 

Xalq qəzeti.- 2014.- 14 yanvar.- S. 3.