2013-cü ilin Nobel mükafatı laureatları

 

Müasir dünyada il ərzində elm, ədəbiyyat və sülhün qorunması sahələrində baş verən ən əlamətdar hadisələrdən biri də həmin fəaliyyət sahələri üzrə ən uğurlu nəticələrə nail olmuş insanların Nobel mükafatına layiq görülməsidir. 1896-cı ildə vəfat etmiş görkəmli İsveç alimi, ixtiraçısı və sahibkarı, o zaman dünyanın ən zəngin adamlarından biri olan Alfred Nobelin vəsiyyətinə əsasən, onun bütün varidatı satıldı, toplanan vəsait xüsusi fond şəklində İsveç bankına qoyuldu və il ərzində yığılan faizlər beş bərabər hissəyə bölünərək yeni əsrin ilk ilindən - 1901-ci ildən fizika, kimya, təbabət (yaxud fiziologiya), ədəbiyyat və sülhün qorunması sahələrində ən böyük uğurlara görə mükafat kimi verilməyə başlandı.

1968-ci ildə İsveç Dövlət Bankı iqtisadiyyat üzrə də Nobel mükafatı təsis etdi. Rəsmən Nobel xarirə mükafatı adlanan bu ödül statusuna və məbləğinə görə Nobel mükafatına bərabər tutulsa da, Nobel Fondunun yox, İsveç Bankının vəsaiti hesabına ödənilir. İndiki valyuta kursu ilə mükafatın məbləği təxminən bir milyon ABŞ dollarına bərabərdir.

Bu ən nüfuzlu beynəlxalq mükafa layiq görülmüş şəxslərin adı mənsub olduqları sahələrin və təmsil etdikləri ölkələrin çağdaş tarixinə şöhrət gətirir. Onların xidmətləri bütün dünyada tanınır və ehtiramla qəbul edilir. Deyilən fikirlər eyni qayda ilə 2013-cü ilin Nobel mükafatı laureatlarına da aiddir.

Xatırladaq ki, 2013-cü ildə fizika üzrə Nobel mükafatına yeni elementar hissəciyin mövcudluğunu nəzəri olaraq isbat etmiş Britaniya alimi Piter Hiqqs və onun belçikalı həmkarı Fransua Enqler layiq görülmüşlər. P.Hiqqs 1929-cu ildə İngiltərənin Nyukasl şəhərində doğulmuşdur. London Universitetinin Kral kollecini bitirən alim 1954-cü ildə doktorluq elmi dərəcəsi almış, müxtəlif illərdə Britaniyanın London və Edinburq universitetlərinin professoru olmuşdur. 1983-cü ildən London Kral Cəmiyyətinin üzvüdür.

1964-cü ildə materiyanın kütləsini müəyyən edən elementar hissəciyin mövcudluğunu proqnozlaşdırmış, bu hissəcik onun şərəfinə “Hiqqs bozonu” adlandırılmışdır. P.Hiqqsin elmi fərziyyəsi özünü doğrultmuş, yüksək enerji daşıyıcısı olan bu hissəcik 1997-ci ildə praktik olaraq kəşf edilmişdir. Görkəmli alim Nobel mükafatından əvvəl də bir sıra nüfuzlu elmi mükafatlara layiq görülmüşdür.

Belçika alimi Fransua Enqler 1932-ci ildə dünyaya gəlmiş, 1956-cı ildə Brüssel Universitetini bitirmiş, 1959-cu ildə doktorluq elmi dərəcəsi almışdır. 1964-cü ildən Brüssel Universitetinin professorudur. 1980-1998-ci illərdə həmin ali məktəbin nəzdindəki Nəzəri Fizika İnstitutunun direktoru olmuşdur. Bir sıra beynəlxalq elmi mükafatlara layiq görülmüşdür.

Kimya sahəsində mükafat kimyəvi sistemlərin kompleks araşdırılmasına görə ABŞ alimləri Maykl Levitt, Ariye Uorşell və Martin Karplyusa verilmişdir.

İxtisasca biofizik olan M.Levitt 1947-ci ildə Cənubi Afrika Respublikasında doğulmuş, 16 yaşında İngiltərəyə köçmüş, 1967-ci ildə London Kral Kollecinə daxil olmuş, sonra təhsilini Kembric Universitetində davam etdirmişdir. 1972-ci ildə doktorluq elmi dərəcəsi alan alim bir neçə il İsraildə, bir müddət Paris Universitetində, sonra yenidən Kembricdə molekulyar biologiya üzrə araşdırmalar aparmışdır.

1987-ci ildən Avropa Molekulyar Biologiya Cəmiyyətinin, 2001-ci ildən London Kral Cəmiyyətinin, 2002-ci ildən ABŞ Milli Akademiyasının üzvüdür. M.Levitt bioloji molekulların strukturunun kompyuter modelləşdirilməsi metodunun banisidir.

İsrail əsilli Ariye Uorşell 1940-cı ildə anadan olmuş, 1969-cu ildə oradakı Veysman İnstitutunda kimyəvi fizika üzrə doktorluq elmi dərəcəsi almış, bir müddət ABŞ-ın Harvard Universitetində, sonra Avropa Molekulyar Biologiya Cəmiyyətində çalışmışdır.

1981-ci ildən Cənubi Kaliforniya Universitetinin kimya və biokimya üzrə professorudur. 2008-ci ildən London Kral Cəmiyyətinin, 2009-cu ildən ABŞ Milli Akademiyasının üzvüdür.

Fiziologiya üzrə 2013-cü ilin Nobel mükafatına hüceyrələrarası tənzimləmə mexanizminin kəşfinə görə amerikalı Ceyms Rotman, Rendi Şekman və alman alimi Tomas Züdxof layiq görülmüşlər.

C.Rotman 1950-ci ildə ABŞ-ın Massaçusets ştatında doğulmuş, Harvard Universitetini bitirmiş, 1976-cı ildə həmin universitetdə doktorluq elmi dərəcəsi almışdır. Sonra Massaçusets Texnologiya İnstitutunda və Stenford Universitetində elmi tədqiqatlarla məşğul olmuşdur. Hazırda Yel Universitetinin professoru və hüceyrə biologiyası kafedrasının müdiridir.

R.Şekman 1948-ci ildə ABŞ-ın Minessota ştatında dünyaya gəlmiş, Stenford Universitetində 1959-cu ilin Nobel mükafatçısı Artur Kornberqin rəhbərliyi altında doktorluq dissertasiyası müdafiə etmişdir. Hazırda Kaliforniyadakı Berkli Universitetinin molekulyar və hüceyrə biologiyası kafedrasının professorudur.

T.Züdxof 1955-ci ildə Almaniyanın Hettingen şəhərində anadan olmuş, əvvəl tibb, sonra isə fiziologiya üzrə doktorluq elmi dərəcəsi almışdır.

2013-cü ildə iqtisadiyyat üzrə Nobel mükafatını “qiymətlərin və maliyyə aktivlərinin empirik təhlilinə görə” ABŞ alimləri – Çikaqo Universitetinin professorları Yucin Fam, Lars Piter Hansen və Robert Şiller qazanmışlar. Onların tədqiqatları uzunmüddətli birja əməliyyatlarının idarə olunmasına kömək edir.

Nobel sülh mükafatı isə son bir neçə ildə olduğu kimi, bu dəfə də ayrıca bir şəxsə yox, təşkilata verilmişdir. 2013-cü ildə bu mükafata kimyəvi silahların qadağan olunması üzrə beynəlxalq agentlik layiq görülmüşdür. Əsas arqument Suriyada bu silahın tətbiqinin qarşısının alınmasıdır.           Nəhayət, Nobel mükafatları içərisində geniş ictimaiyyət üçün daha populyar olan ədəbiyyat üzrə mükafatın laureatı haqqında bir qədər ətraflı məlumat vermək istərdik.

Oktyabrın 10-da İsveç Kral Akademiyasının təqdimatı, Nobel Mükafatları Komitəsinin qərarı ilə 2013-cü ilin ədəbiyyat üzrə Nobel mükafatı ingilis dilli Kanada yazıçısı, “müasir hekayə ustadı” xanım Elis Munroya verilmişdir.  E.Munro Nobel mükafatlarının 112 illik tarixində ədəbiyyat üzrə ən nüfuzlu beynəlxalq mükafata layiq görülən ilk Kanada yazıçısıdır. Eyni zamanda, o, həmin mükafatı qazanmış on üçüncü qadın yazıçıdır.

Qeyd edək ki, ədəbiyyat üzrə Nobel mükafatına namizədlər vermək  hüququna İsveç Akademiyasının, eləcə də digər ölkələrin analoji qurumlarının üzvləri, ədəbiyyat, yaxud dilçilik üzrə elmlər doktorları, əvvəlki illərin laureatları, ədəbiyyat qurumlarının nümayəndələri (təşkilatlar yox, məhz nümayəndələr)  malikdirlər. Hər il oktyabrın sonlarında İsveç Akademiyası dünyanın ən nüfuzlu 600-700 müvafiq qurumuna namizədlərin irəli sürülməsi üçün təklif göndərir. Namizədlərin adları yanvarın 31-nə qədər təqdim olunmalıdır. İlkin mərhələdə onlardan iyirmi, ikinci mərhələdə isə beş nəfəri seçilərək oktyabrın əvvəlində keçirilən yekun səsverməsinə buraxılır. Hər iki mərhələdə namizədlərin adları məxfi saxlanılır. Namizədlərin ümumi siyahısı yalnız əlli ildən sonra rəsmi olaraq açıqlanır.

Bu ilə qədər ədəbiyyat üzrə Nobel mükafatına Avropadan - 83, Şimali Amerikadan - 11, Asiyadan - 6, Latın Amerikasından - 4, Afrikadan - 4, Avstraliyadan - 1 nəfər layiq görülmüşdür. Laureatların 13 nəfəri qadın, 94 nəfəri isə kişidir.

XXI əsrin əvvəlindən bəri hər il Nobel mükafatına əsas namizəd kimi dünya şöhrətli yapon yazıçısı Xaruki Murakaminin adı çəkilir, ancaq mükafatı almaq ona nəsib olmur. Bu il mükafatın favoritləri sırasında ondan başqa belorus yazıçısı Svetlana Aleksiyeviç, italiyalı postmodernist Umberto Eko, macar dramaturqu Peter Nadaş, rus şairi Yevgeni Yevtuşenko, israilli nasir və publisist Amos Oz və digər yazıçıların da adları çəkilirdi. Son illər E.Munro da  əsas iddiaçılardan sayılırdı. Və bu dəfə tale onun üzünə güldü. Elis Enn Munro 1931-ci il iyulun 10-da Kanadanın Ontario əyalətinin Uingem qəsəbəsində doğulub. Atası fermer, anası orta məktəb müəllimi olub. O, bədii yaradıcılığa yeniyetmə yaşlarından başlamış, ilk hekayəsini 1950-ci ildə, universitetin filologiya fakültəsində oxuyarkən çap etdirmişdir. Qızlıq famili Leydlou olan Elis universitet təhsilini başa vurmadan Ceyms Munro ilə ailə qurur və Vankuver şəhərinə köçür. Bununla da yaradıcılığına on beş illik fasilə verməli olur. Bu nikahdan üç qızları dünyaya gəldikdən sonra ailə Viktoriya şəhərinə köçür və Elis burada kitab mağazası açır. Bir neçə ildən sonra Ceymsdən ayrılan E.Munro yenidən Ontarioya qayıdır və peşəkar yaradıcılıq fəaliyyətinə başlayır. Onun 1968-ci ildə nəşr olunmuş “Xoşbəxt kölgənin rəqsi” adlı ilk kitabına daxil edilmiş kiçik hekayələr ədəbi ictimaiyyət tərəfindən yüksək qimətləndirilir və Kanada general-qubernatorunun mükafatına (faktiki olaraq, Kanadanın dövlət mükafatına) layiq görülür.

1971-ci ildə nəşr olunmuş “Qızların və qadınların həyatı” kitabı onun ədəbi uğurlarını daha da artırdı. Yazıçının xatirə-roman janrında yazılmış, formaca bir neçə hekayənin sintezini xatırladan yeganə irihəcmli bu əsərinin bir çox epizodları müəllifin öz bioqrafiyası ilə üst-üstə düşür. 1972-ci ildə nəşr olunmuş “Sən özün kimsən, axı?” adlı ikinci hekayələr toplusuna görə E.Munro yenidən general-qubernator mükafatı alır.

1979-cu ildən 1982-ci ilə qədər E.Munro pedaqoji fəaliyyətlə məşğul olaraq Kanadanın, eləcə də Çin, Avstraliya və Skandinaviya ölkələrinin müxtəlif universitetlərində ədəbiyyatdan mühazirələr oxumuşdur. Ötən əsrin 80 - 90-cı illərində, hər dörd ildən bir E.Munronun müntəzəm olaraq yeni hekayə kitabları nəşr edilirdi. “Yupiterin peykləri”(1982), “Sevgi yolu”(1986), “Gənclik dostum”(1990), “Açıq sirlər”(1994), “Seçilmiş hekayələr”(1996), “Yaxşı qadının sevgisi”(1998) bu dövrün məhsullarıdır. 2002-ci ildə onun böyük qızı Şeyla da ədəbi yaradıcılığa başlayaraq anasının 70 illiyi şərəfinə yazdığı kitabı nəşr etdirir.

E.Munronun əksər hekayələri bir çox xalqların dilinə tərcümə olunmuş və müəllifinə  dünya şöhrəti qazandırmışdır. Təəssüflə qeyd etmək lazımdır ki, Nobel laureatlarının çoxu kimi E.Munronun da heç bir əsəri Azərbaycan dilinə tərcümə olunmayıb və haqqında ölkəmizdə heç nə yazılmayıb (yalnız Nobel mükafatı alandan sonra bir hekayəsi Azərbaycan dilində elektron KİV-də yayınlandı). E.Munronun yaradıcılığını yüksək qiymətləndirən mütəxəssislər onu hekayə ustası kimi böyük rus yazıçısı A.P.Çexovun davamçısı adlandırırlar. Bu, onun sənətinə verilən ən yüksək qiymətdir.

2009-cu ildə E.Munro nüfuzuna görə dünyada Nobeldən sonra ikinci ədəbiyyat mükafatı sayılan Buker mükafatına layiq görülmüşdür. 1969-cu ildə təsis olunmuş Buker mükafatı müxtəlif ölkələrin ingilis dilində yazan yazıçılarına verilir. Bu mükafatı almış yazıçılardan bəziləri sonra Nobel mükafatına da layiq görülmüşlər. İndi E.Munro da bu şərəfli ənənəni davam etdirənlər sırasındadır. 2005-ci ildən başlayaraq bu mükafatı başqa dillərdə yazan yazıçılara da verirlər.

E.Munronun əksər hekayələrinin baş qəhrəmanı mürəkkəb, ziddiyyətli və emosional xarakterli qadınlar, mövzusu isə qadın taleyidir. Demək olar ki, bütün əsərlərində hadisələr yazıçının öz Vətənində – Ontario əyalətində cərəyan edir.

Onun şöhrət çələnginə yeni rənglər əlavə etmiş son əsərlərindən “Nifrət, dostluq, məhəbbət və nikah”(2001), eləcə də “Qaçqın”(2007) hekayələri müasir cəmiyyətin qadınları dözülməz iztirablara məruz qoyması probleminə həsr olunub.

Müasir dünya ədəbiyyatında hekayə janrının ən məşhur ustalarından sayılan yeni Nobel laureatı ümumilikdə iyirmiyə yaxın kitabın müəllifidir. Sonuncu kitabı 2009-cu ildə nəşr edilmiş “Xoşbəxtlik həddindən artıq çoxdur” adlı novellalar toplusudur. Hələlik, axırıncı mətbu hekayəsi ötən ilin yayında dərc edilmiş qocaman nasir - “Yəqin ki, bu, mənim son hekayəm olacaq” - fikrini söyləmişdi. Bundan sonra qələmini yerə qoyan E.Munro həyat tərzini də dəyişərək özünü dünyadan təcrid etmişdi. Heç kimlə ünsiyyət saxlamır, televizor və kompyuterə baxmır, hətta telefon zənglərinə belə cavab vermirdi. Bir sözlə, xanım Elis həyatla vidalaşmağa hazırlaşırdı. Ancaq ümid etmək olar ki, yazıçı şöhrətinin zirvəsi sayılan ali mükafatla təltif olunması ona yeni həyat və yaradıcılıq enerjisi verəcəkdir.

 

İlham ABBASOV

 

Xalq qəzeti.- 2014.- 14 yanvar.- S. 6.