Azərbaycanın xarici iqtisadi əlaqələri getdikcə genişlənir

 

Azərbaycan dövləti son illər ayrı-ayrı ölkələrlə ikitərəfli əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir. Artıq bu sahədə müsbət nəticələr əldə edilmiş, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün yeni istiqamətlər müəyyənləşdirilmişdir. Prezident İlham Əliyevin xarici dövlətlərə səfərləri, eləcə də Azərbaycanın və tərəfdaş ölkələrin müxtəlif səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı görüşləri hazırda bu işə güclü təkan vermişdir. Elə bunun nəticəsidir ki, Azərbaycanın beynəlxalq əlaqələrinin coğrafiyası ildən-ilə genişlənir. Ölkəmizin ikitərəfli əməkdaşlıqda qonşu dövlətlərlə əlaqələri mühüm əhəmiyyət daşıyır. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən rəsmi Bakı bu məqama xüsusi diqqət yetirmiş, mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsi naminə səyini əsirgəməmişdir.

Bu fikri Türkiyənin timsalında nəzərdən keçirək. Adı çəkilən qardaşdost dövlətlə əlaqələr daim yüksələn xətlə inkişaf edir. Həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verən Cənubi Qafqaz enerji dəhlizi, ilk növbədə, Azərbaycan və Türkiyənin siyasi iradəsi ilə gerçəkləşmişdir. Hazırda bu dəhlizi daha da gücləndirmək üçün yeni bir layihəyə başlanılmışdır. Başqa sözlə, Azərbaycandan nəql olunacaq təbii qazın Türkiyə üzərindən tranzit daşınması məqsədilə boru xəttinin inşasını nəzərdə tutan TANAP layihəsinə start verilmişdir. Həmçinin bu gün Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşdırılması da uğurla davam edir. Heç bir xarici şirkətin və beynəlxalq maliyyə təşkilatının iştirakı olmadan məhz Azərbaycanın təşəbbüsü ilə gerçəkləşdirilən bu layihə Şərq-Qərb nəqliyyat dəhlizinin fəallaşmasına, yükdaşımaların əhəmiyyətli dərəcədə artmasına və nəticə etibarilə regional inkişafın sürətlənməsinə gətirib çıxaracaqdır.

İkitərəfli əməkdaşlıqda qonşu Rusiya ilə olan münasibətlərə də mühüm önəm verilir. Azərbaycanın bu ölkə ilə müxtəlif sahələrdə əlaqələri ildən-ilə genişlənir. Hazırda Rusiya respublikamızın əsas ticarət tərəfdaşlarından biridir. Dövət Statistika Komitəsinin məlumatına əsasən, 2013-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2 milyard ABŞ dollarından çox olmuşdur. Onu da xatırladaq ki, Azərbaycan Rusiya Federasiyasının əksər subyektləri ilə birbaşa əməkdaşlıq əlaqələri yaratmış, onların bəziləri ilə hökumətlərarası sazişlər bağlanılmışdır. Bu gün qonşu ölkənin 70-dən artıq regionu Azərbaycanla əməkdaşlıq edir və qarşılıqlı ticarət dövriyyəsinin 70 faizindən çoxu həmin regionların payına düşür.

Azərbaycanda ixracın böyük bir qismini neft, neft məhsulları və qazın satışı təşkil etsə də, xarici ticarətdə qeyri-neft sektorunun payı getdikcə artır. Sözügedən sahədə inkişafı daha sürətləndirmək məqsədilə ölkəmizdə dünya bazarlarında rəqabət apara biləcək keyfiyyətli və beynəlxalq standartlara uyğun məhsulların istehsalı, müasir texnologiya əsasında müəssisələrin qurulması və ixracı stimullaşdıracaq tədbirlərin həyata keçirilməsi prosesi uğurla davam etdirilir. Bu istiqamətdə atılan ən mühüm addımlardan biri Nazirlər Kabinetinin 8 fevral 2011-ci il tarixli qərarı ilə “2011-2013-cü illər üçün qeyri-neft məhsullarının ixracının stimullaşdırılmasına dair Tədbirlər Planı”nın təsdiq edilməsidir. Həmin planda qanunvericilik bazasının təkmilləşdirilməsi, ixrac siyasətində koordinasiyanın gücləndirilməsi, ixrac malları istehsalının stimullaşdırılması, ixracın infrastruktur təminatının yaxşılaşdırılması, keyfiyyətə nəzarət sisteminin gücləndirilməsi, ixracın təşviqi və maarifləndirmə kimi vacib məsələlər öz əksini tapmışdır. Bundan başqa, Sumqayıtda Sənaye Parkının yaradılması, Gəncədə isə hazırda bu istiqamətdə işlərin aparılması rəqabətədavamlı və elmtutumlu istehsalın təmin edilməsi, başqa sözlə, qeyri-neft sektorunun inkişafı, o cümlədən qeyri-neft ixracının artırılması məqsədi daşıyır.

Yeri gəlmişkən, son illər ölkəmizdə rəqabət qabiliyyətli məhsulların istehsalı xeyli artmışdır. Artıq həmin məhsullara dünya bazarlarında maraq getdikcə güclənir. Təsadüfi deyil ki, bu vacib məqama toxunan Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir: “Ərzaq təhlükəsizliyinin təmin edilməsi proqramı icra edilir. Son illərdə bu istiqamətdə böyük addımlar atılmışdır, idxaldan asılılığımız böyük dərəcədə azalmışdır. Bu gün Azərbaycanda bütün əsas ərzaq məhsulları istehsal edilir, bəzi məhsulların istehsalı tələbatımızı tam ödəyir, bəzi sahələrdə hələ ki, idxaldan asılıyıq. Ancaq bildiyiniz kimi, mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim. Bu gün də demək istəyirəm ki, Azərbaycanda bütün əsas ərzaq məhsulları tam şəkildə öz tələbatımızı təmin etməlidir. Yəni bizdə istehsal olunan ərzaq məhsulları tam şəkildə tələbatımızı təmin etməlidir. Biz buna yaxınlaşırıq və çalışmalıyıq ki, növbəti 5 il ərzində, bəlkə də ondan da tez bir müddətdə 3-cü Regional İnkişaf Proqramının icrası başa çatanda artıq ərzaq təhlükəsizliyi ilə bağlı olan bütün məsələlər öz həllini tapsın”.

Onu da deyək ki, artıq rəqabət indeksi göstəricisini ilbəil yaxşılaşdıran Azərbaycan Respublikasında xarici ticarət dövriyyəsinin tərkibində mühüm dəyişikliklər baş vermişdir. Belə ki, ölkəmizdə yeni istehsal sahələrində buraxılan məhsullar daxili bazarda satılan analoji xarici malları tədricən sıxışdırıb çıxarmış, hətta bəzi hallarda ixraca da yönəldilmişdir. Bu da son nəticədə daxili bazarın idxaldan asılılığının azaldılmasına imkan yaradır. Ümumiyyətlə, son vaxtlar Azərbaycanın qeyri-neft məhsullarının xarici bazarlara ixrac imkanlarının daha da genişləndirilməsi məqsədilə mühüm işlər görülmüşdür. Belə ki, qanunvericilik bazası təkmilləşdirilmiş, ixrac mallarının istehsalı stimullaşdırılmış, ixracın infrastruktur təminatı yaxşılaşdırılmışdır. Sənaye şəhərciklərinin, ixrac bazarı ölkələrində Azərbaycan ticarət evlərinin yaradılması sözügedən istiqamətdə görülən mühüm işlər sırasındadır.

Azərbaycan məhsulları xarici ölkələrdə təşkil olunan sərgilərdə də uğurla nümayiş etdirilirböyük maraqla qarşılanır. Almaniyanın Berlin, Fransanın Leql, Belçikanın Brüssel, Rusiyanın Moskva və Həştərxan şəhərlərində reallaşdırılan sərgilərdə ölkəmiz geniş çeşidli məhsullarla təmsil olunmuşdur.

İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitkiheyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında qida məhsulları, qara metallaronlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil etmişdir.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2013-cü ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının rezidentləri dünyanın 148 ölkəsinin hüquqifiziki şəxslərilə ticarət əməliyyatları həyata keçirmiş, 102 ölkəyə əmtəə ixrac olunmuş, 140 ölkədən idxal olunmuşdur. Xarici ticarət dövriyyəsi iştirakçılarının 29-u Amerika, 49-u Avropa, 38-i Asiya ölkələri və digərləridir.

On bir ay ərzində xarici ticarət dövriyyəsi 39,7 milyard ABŞ dolları təşkil etmiş və 2012-ci ilin eyni dövrü ilə müqayisədə 4 faiz artmışdır. Dövriyyənin 30 milyard dolları ixracın, 9,7 milyard dolları idxalın payına düşmüş, nəticədə 20,3 milyard dollarlıq müsbət saldo yaranmışdır.

Qeyri-neft məhsullarının ixracı 2012-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 7,4 faiz artaraq 1,6 milyard dollar təşkil etmişdir. Adambaşına düşən qeyri-neft məhsullarının ixracı 10,1 dollar artaraq 172,9 dollara bərabər olmuşdur.

Azərbaycanda dövlət səviyyəsində reallaşdırılan bir sıra zəruri tədbirlər, strateji məhsulların idxalında və ixracında bütün fizikihüquqi şəxslərin bərabər hüquqlarının təmin olunması və inhisarçılığın qarşısının alınması istiqamətində görülən işlər, daxili bazarın marketinqinin düzgün qurulması, gömrük əlaqələrinin sadələşdirilməsi, xarici ticarətin liberallaşdırılması, eləcə də əlverişli investisiya mühitinin yaradılması və s. məsələlər, şübhəsiz, xarici iqtisadi əlaqələrin həcminin və coğrafiyasının bir qədər də genişlənməsinə səbəb olacaqdır. Bundan başqa, 2020-ci ilə qədər Azərbaycanın iqtisadi inkişaf konsepsiyasında qeyri-neft sektorunun həcminin adambaşına 1000 ABŞ dollarına və yaxud ümumilikdə 10 milyard dollara qədər artacağı hədəf olaraq müəyyənləşdirilmişdir. Eyni zamanda, 2020-ci ildə ölkəmizin qeyri-neft ixracının ümumi idxala bərabər olacağı da proqnozlaşdırılır. Bu isə Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişlənməsində, neft hasilatının tükəndiyi dövrdə ticarət saldosundakı üstünlüyün qorunub saxlanmasında müsbət rol oynayacaqdır.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 15 yanvar.- S. 1.