Kayrat İMANALİYEV: Azərbaycan mədəniyyəti ümumtürk dəyərlərinin ən mükəmməl nümunələrinə malikdir

 

Səudiyyə Ərəbistanı Krallığına səfərimiz zamanı görüşüb həmsöhbət olduğumuz siyasətçi, diplomat, elm- mədəniyyət xadimlərindən biri də Qırğız Respublikası Dövlət Teleradio Korporasiyası baş direktorunun müavini, Qırğızıstanın əməkdar mədəniyyət xadimi, dramaturq Kayrat İmanaliyev idi. Müxtəlif beynəlxalq təşkilatların sifarişi ilə bir sıra ssenari və pyeslər yazmış həmsöhbətimiz indiTÜRKSOY-un sifarişi ilə Koroğlu mövzusunda ədəbi əsər üzərində işləyir:

- Açığını desək, TÜRKSOY-un bu sifarişini alana qədər, bir az da dəqiqləşdirsək, türkdilli xalqların Koroğlu mövzulu əsərləri ilə yaxından maraqlanana qədər mən Azərbaycan mədəniyyəti ilə o qədər də tanış deyildim. Bu, bəlkə də mənim bağışlana biləcək qəbahətim idi. Ancaq Şərq opera sənətinin ən dəyərli nümunələrindən olan Koroğlu operasına son illərə qədər tamaşa etməməyim o qədər də bağışlanası səhv deyil. Mən bu əsərə tamaşa edərkən bütövlükdə türk dünyasındakı Koroğlu obrazlarının hamısının ən kamil cizgilərinin cəmləşdiyi bir obraz gördüm . Libretto müəllifi olan mərhum yazıçı Məmməd Səid Ordubadi Koroğlu mühitinə bəli, türk xalqlarının şifahi ədəbiyyatında, xüsusən , dastanlarımızda Koroğlu obrazı ilə yanaşı, Koroğlu mühitimövcuddur - nə qədər dərindən bələd imişsə, müsəlman Şərqinin ilk operasının müəllifi olan Üzeyir bəy Hacıbəyli də bir o qədər möhtəşəm musiqi yaradıcısı imiş. Təkcə bu operanın üvertürasında türk xalqlarının keçdiyi bütöv bir tarix səsləndirilir.

Mən bilirdim ki, Üzeyir bəy ötən əsrin birinci onilliyində ilk operasını böyük türk- Azərbaycan şairi Məhəmməd Füzulinin əsəri əsasında, üstəlik, muğam üzərində qurmuşdu. Ancaq bilmirdim ki, həmin dahiyanə yaradıcılıqdan 30 il sonra bilavasitə həmin bəstəkar aşıq musiqisi üzərində daha möhtəşəm və daha mükəmməl bir opera yaradıb. Buradakı daha mükəmməl ifadəsini izah etməyə ehtiyac hiss edirəm. Çünki Leyli və Məcnun operası konkret bir əsər üzərindədir və həm də, opera tarixində çox işlənmiş məhəbbət mövzusundadır. Yəni, söhbət iki qəhrəmanın arzu-istəyindən gedir. Bundan başqa, bilavasitə türk xalqlarına deyil, ümumilikdə Şərqə xas mövzudur. Koroğlu operası isə kokret bir mövzu üzərində deyil, türk xalqlarının demək olar ki, hərəsində bir variantı olan ümumi obraz ətrafında, əvvəlkindən fərqli olaraq sadəcə əsər qəhrəmanlarının deyil, xalqın arzu-istəyinin reallaşdırıması ideyası əsasında, qəhrəmanlıq mövzusundadır və həm də aşıq musiqisi üzərindədir. Burada ortaya qoyulan məqsədə nail olmaq nə qədər əhəmiyyətli olsa da, bir o qədər də çətin və ilk baxışdan mümkünsüz idi.

Bəstəkarın bu işin öhdəsindən necə ustalıqla gəldiyini söyləməyə ehtiyac yoxdur. Onsuz da musiqi xiridarlarının hamısı həmin operaya heyran olub. Birki, bizim az qala 75 il dünyanı dolaşan bir əsər haqqında təqdiredici fikir söyləmək fikrimiz yoxdur. Demək istədiyimiz odur ki, Azərbaycan mədəniyyəti ümumtürk dəyərlərinin ən mükəmməl nümunələrinə malikdir.

Mən hələ bir neçə il əvvəldən bilirdim ki, Azərbaycanın birinci xanımı, ölkənizdəki Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva xalqınızın qeyri-maddi mədəniyyət nümunələrinin qorunub saxlanılması və inkişafı üçün böyük layihələr reallaşdırılmasını təmin edir. Koroğlu operasına tamaşa edəndən sonra bildim ki, həmin qədrşünas insanlarüçün Azərbaycan mədəniyyətinə bu qədər himayədarlıq edirlər. Həqiqətən qədrşünaslıq nümunəsidir.

Mən sizin ölkənizin postsovet məkanındakı sürətli inkişafından da xəbərdaram. Türk xalqlarının böyük dostu olan Heydər Əliyevin müasir tarixinizdə oynadığı rolu da yaxşı başa düşürəm, bu il keçirdiyiniz prezident seçkilərində xalqınızın ortaya qoyduğu iradəni də bilirəm. Bütün bunlar - türk həmrəyliyinə verilən töhfələr, mədəni dəyərlərə münasibətdə qədrşünaslıq, ictimai həyatda qətiyyət və siyasi ayıqlıq bir ünvandan qaynaqlanır - xalqın mədəniyyətindən. Bir daha deyirəm, Azərbaycan xalqı ümumtürk mədəniyyətinin ən kamil nümunələrinə malikdirsiz onunla fəxr edə bilərsiniz.

 

İttifaq MİRZƏBƏYLİ

Xalq qəzeti.- 2014.- 15 yanvar.- S. 6.