Sumqayıt Dövlət Universiteti

 

Yanvarın 17-də Sumqayıt Dövlət Universitetində 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.

 Anım mərasimi universitetin həyətində 20 Yanvar şəhidlərinin əziz xatirəsinə ucaldılmış memorial abidənin ziyarəti ilə başladı. Tədbiri açan SDU-nun rektor əvəzi, dosent Elxan Hüseynov 20 Yanvar faciəsinin acı tarixindən və xalqımızın azadlığı uğrunda göstərdiyi mübarizəsindən danışdı. Qeyd etdi ki, hər bir xalqın milli azadlıq tarixinin qanla yazılan qəhrəmanlıq dolu səhifəsi olur. Bu mənada 20 Yanvar Azərbaycan xalqının milli azadlıq və milli özünüdərk tarixində unudulmaz səhifələrdəndir. 1905-1918-ci illərdə daşnak bolşevik birləşmələrinin ölkəmizdə həyata keçirdiyi soyqırımlardan sonra xalqımız 1918-ci ilin mayında Şərqdə ilk Demokratik Cümhuriyyəti qurdu. 1990-cı ilin 20 Yanvarından sonra da Azərbaycan xalqı azadlıq uğrunda mübarizə apararaq, istiqlaliyyətə qovuşdu.

Rektor həmçinin onu da qeyd etdi ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin göstərişi ilə Azərbaycan xalqına qarşı terror aktı keçirildi. Həmin müdhiş gecədə keçmiş Sovet ordusunun hərbi qoşun birləşmələri  Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə yazılmış qanlı 20 Yanvar faciəsini törətdi.  Bu gün eyni zamanda tariximizə şanlı səhifə kimi daxil oldu. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini  qıra bilmədi. Həmin gecədə həlak olan Vətən övladları Azərbaycan tarixinə parlaq səhifə yazdılar. Onlar öz qəhrəmanlıqları ilə xalqın milli azadlığına, müstəqilliyinə məşəl oldular.

Tədbirdə o da vurğulandı ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verildi və törədənlərin cəzalandırılması tələb olundu.

 Azərbaycan tarixi kafedrasının müdiri, dosent Əmirxan İsayev “20 Yanvar faciəsinə aparan yol”, sosiologiyapolitologiya kafedrasının müəllimi Zahid Bunyadov “20 Yanvar faciəsi Azərbaycan xalqının qəhrəmanlıq və özünüdərk tarixidir” mövzularında məruzə edərək hadisənin mahiyyəti barədə tədbir iştirakçılarını bilgiləndirdilər.

Natiqlər qeyd etdilər ki, Qanlı Yanvar hadisəsi Azərbaycan xalqının müstəqilliyinə qovuşmaq əzmini bir daha nümayiş etdirdi. 1991-ci ildə Azərbaycan xalqı öz müstəqilliyini bərpa edərək istiqlala qovuşdu.

Tədbirin sonunda 20 Yanvar faciəsinə və milli qürur günümüzə həsr olunmuş “İnsanlıq faciəsi” adlı sənədli film nümayiş olundu.

 

Əfsanə BAYRAMQIZI

 

Xalq qəzeti.- 2014.- 18 yanvar.- S. 10.