20 Yanvar
xalqımıza dostlarını və düşmənlərini
tanıtdı
Dağlıq Qarabağ münaqişəsi ilk gündən dünyanın nəzərini Qafqazın iki xalqına yönəltdi. Siyasi dividend dairələri iki qonşu xalqı – azərbaycanlıları və erməniləri düşmənçiliyə, faciə və qana aparan yolun qarşısını kəsmək əvəzinə, münaqişəni qəsdən körüklədilər. Xalqımızın iradəsini qırmaq üçün hakim Moskva rəhbərliyi müxtəlif bəhanə və təxribatlarla 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya zəhmli hərbi qüvvə yeritdi, dinc insanların qanını axıtdı. O günlərdə xalqımıza olmazın böhtan və çirkab atılması bir yana, Azərbaycanın səsi də batırılmışdı. Buna baxmayaraq bütün mümkün yollarla törədilmiş misilsiz cinayət dünyaya çatdırılmışdı. Yazıçı-publisist, əməkdar jurnalist Vasif Səmədovun o günlərdə və aylarda gördüyü işlər, yazdığı yazılar düşmənləri tanımaq və tanıtmaq, haqq işimizə dəstək qazandırmaq baxımından olduqca gərəkli idi. Həmkarımızın o vaxt “Krasnaya zvezda” və “İzvestiya” qəzetlərində dərcinə nail olduğu silsilə yazılar dostlarımıza təsəlli oldu, düşmənlərimizi xar etdi.
– Vasif
müəllim, 20 Yanvar faciəsindən 24 il
keçir. O faciəli, ağrılı-acılı günləri
xalqımızla birlikdə biz jurnalistlər də
yaşamışıq. O günlərdə, həftə və aylarda dərdlərimizin
həddi-hüdudu, səddi-sərhəddi olmasa da,
qələmə sarılıb ittifaq dövləti rəhbərliyinin
qanlı cinayətinin mənzərəsini əlimiz yetən,
ünümüz çatan hər yerə yaydıq. Özümüz isə saxta
qardaşlığın son gecəsindən həqiqətin
ilk səhərinə göz açıb, milli
haqlarımıza üz tutduq. Siz o dövrdə respublika
mətbuatında, sonra isə “İzvestiya” kimi SSRİ-də və dünyada yayılan qəzetin, populyar
“Oqonyok” jurnalının səhifələrində
bu mövzuda çoxsaylı yazılar dərc etdirmisiniz.
Hələ kitablarınızı demirəm.
Qanlı faciənin 24-cü ildönümündə bu yazıların,
kitabların meydana gəlməsilə bağlı ən
mühüm məqamları,
dramatik anları, epizodları yada salaq.
– Bunlar bir deyil, iki deyil, beş deyil...
– Bilirəm. Heç
olmasa, bir-ikisini – ən təsirlisini xatırlayaq. Məsələn,
donanma admiralı Vladimir Çernavinlə müsahibəni,
“Müdaxilə” silsiləsini...
– 1988-ci
ildə Dağlıq Qarabağ münaqişəsi
başlayanda “Kommunist” qəzetində işləyirdim,
müxbir idim. Hadisələr gərginləşdiyi günlərdə
və aylarda mən də bir jurnalist kimi tez-tez “Azadlıq”
meydanında, ayrı-ayrı müəssisələrdə
olur, Sov.İKP-nin rəhbəri Mixail Qorbaçovun
apardığı riyakar və
ermənipərəst siyasətə, daşnakları, erməniləri
açıq-gizli himayə edən qüvvələrin
Qarabağda törətdikləri vəhşiliklərə qarşı günbəgün geniş miqyas
alan etiraz mitinqlərini, tətilləri imkan daxilində
işıqlandırmağa çalışırdım.
O vaxtkı müti respublika rəhbərliyi
Moskvanın fitnə-fəsadlarına uyaraq bizi yenə də
xalqlar dostluğunun sarsılmazlığından bəhs edən materiallar hazırlamağa məcbur edirdi.
Xalqda yerli hökumətə, ölkə rəhbərliyinə
inam qırılmışdı. Ehtiraslar getdikcə
qızışır, meydan cuşa gəlirdi. Qəzəb dalğası rayonlarımızı,
şəhərlərimizi, qəsəbə və kəndlərimizi
bürüməkdə idi. Xalq qarşısıalınmaz bir qüvvəyə
çevrilmişdi, artıq öz iradəsini diqtə edirdi. Hakimiyyət
dairələri çaş-baş qalmışdı. Bu nə qədər davam edə bilərdi? Yerli rəhbərlər onların hakimiyyətini təmin
edən Kommunist Partiyasının nüfuzunu, öz vəzifə
kürsülərini qorumağa
çalışırdılar. Beləliklə də
qanlı Yanvar faciəsi baş verdi. Oyanmış, haqqını tələb edən
xalqımızın üstünə açıq-aşkar
ordu yeridildi.
– Çox ağır günlər
idi. Yəqin ki, ömrümüz boyu unuda bilməyəcəyik
o qanlı günləri.
– O günlərdə mən də ayrı-ayrı
respublikaların jurnalist təşkilatlarına teleqramlar
vurdum, haray saldım, onları bizimlə həmrəy
olmağa çağırdım. İstəyirdim həmkarlarımız
səsimizə səs versin, başımıza gələn müsibətlər barədə dünya xəbər
tutsun. Bizim üçün rusdilli mərkəzi
mətbuatda həqiqəti demək çox çətin idi. Baş alıb gedən
ədalətsizliklər hamı kimi məni də yaman
sarsıtmışdı. Uzun müddət
çox acı hisslər yaşadım. 1991-ci ildə
iş elə gətirdi ki, “Kommunist” qəzetindən
“İzvestiya”ya
keçdim.
– Bununla
da həmin qəzetin Azərbaycana münasibətində istiləşmə
yarandı. Çox keçmədi ki, 20 Yanvar həqiqətləri
də qəzetə yol tapdı. Bundan əvvəl isə
siz bir sıra ciddi məqamlara özümüzdə
aydınlıq gətirmişdiniz...
– Yanvar
faciəsi baş verən kimi Bakıda, respublikamızın
bir sıra bölgələrində komendant saatı
qoyulmuşdu. Bununla yanaşı, mətbuatda hərbi senzura tətbiq
olunmuşdu. O zaman
hadisələr yalnız hərbi senzuranın ciddi nəzarəti altında
işıqlandırılırdı. Hərdən, çox nadir
hallarda cəsarətli jurnalistlərimizin həyatı bahasına,
böyük risk hesabına həqiqəti,
günün reallıqlarını
əks etdirən materiallar
çap etdirmək mümkün olurdu.
Faciənin ilk günlərində xalq, əsasən,
hadisələrin şahidi olan ayrı-ayrı adamlar vasitəsilə
həqiqəti öyrənirdi. Mən də bir jurnalist kimi, insan
kimi fikirləşirdim ki, nəyin bahasına olursa-olsun,
bu müsibətləri dünyaya
çatdırmaq lazımdır. Gecə-gündüz düşünür, baş
sındırır, yollar axtarırdım.
Yeri gəlmişkən deyim ki, o vaxt Lənkəranda da
ordu hissəsi ilə əhali arasında toqquşma olmuşdu. SSRİ müdafiə
nazirinin müavini, Sovet İttifaqı Qəhrəmanı,
donanma admiralı Vladimir Nikolayeviç Çernavin Lənkərandan
SSRİ Ali Sovetinə deputat seçildiyi üçün
onunla görüşmək istəyirdim. Məqsədim
Dağlıq Qarabağ hadisələri, 20 Yanvar faciəsi ilə
bağlı bu yüksək çinli hərbiçi və mötəbər
şəxsin mövqeyini öyrənmək, ondan müsahibə
alıb, Moskva qəzetlərinin birində dərc etdirmək
idi. Admiralla görüşüb söhbət etmək
üçün əlimdə kifayət qədər
materialım, faktlarım var idi.
Xeyli tərəddüddən
sonra qəti qərara gəldim. İşdən
icazə alıb, gedişimin məqsədini heç kimə
bildirmədən Moskvaya uçdum. Bir həftəyə
yaxın orada qaldım. Hər gün SSRİ Müdafiə Nazirliyinə
gedir, səhər saat ondan axşam saat səkkizə qədər,
bəzən də daha gec qəbul otağında gözləyirdim ki, deputatımız Vladimir Nikolayeviçlə görüşüm. Lakin buna nail ola
bilmirdim. Oradakı zabitlər Azərbaycandan gəldiyimi bildikləri
üçün hər dəfə bir bəhanə gətirirdilər:
“Çernavinin vaxtı yoxdur, işi çoxdur”.
– Bəs necə görüşə
bildiniz?
– Bir dəfə
onlarla lap əlbəyaxa oldum, əsəbi halda bildirdim ki, deputatımızla
mütləq görüşməliyəm, əks
halda buradan getməyəcəyəm! Növbətçi
polkovnik məni kabinetinə çağırdı. Ona
dedim: “Mən Bakıdan gəlmişəm, Çernavinin seçicisiyəm, həmin
bölgənin seçicilərinin
nümayəndəsi kimi gəlmişəm,
onunla mütləq görüşməliyəm”. Polkovnik nazir
müavininin köməkçisinə zəng etdi. Nə
cavab aldığını bilmədim. Mənə dedi
ki, bayıra çıx, yarım saat gözlə. Heç on
dəqiqə keçməmişdi ki, məni yenidən kabinetinə
dəvət etdi. Adıma buraxılış vərəqəsi
yazdılar. Sonra məni bir miçmanla qəbul otağına
qaldırdılar.
Polkovnik içəri keçib, məlumat verdi. Çernavin məni
öz seçicisi kimi qəbul etdi, çay, peçenye gətizdirdi.
Görüşümüz zamanı seçici
kimi deyil, “Kommunist” qəzetinin müxbiri kimi ondan müsahibə
almaq istədiyimi söylədim. Sözün
doğrusu, pis qarşılamadı.
– Deməli, tilsimi
sındırdınız? Bəs niyə məhz
Çernavindən başladınız?
– Bəli,
bu səbəbsiz deyildi. Çernavinin Lənkəranda baş
verə biləcək faciələrin qarşısının
alınmasında
təşəbbüs göstərdiyi barədə
ətraflı məlumatım var idi.
– Yəqin, sizi maraqlandırırdı
ki, onun bu hadisələrə münasibəti necədir?
– Şübhəsiz. Gəlişimin əsas
məqsədi hadisələrə onun münasibətini
öyrənmək idi. Donanma admiralı səmimi
cavab verməyə çalışırdı, bəzən də
“dövlət sirridir, filandır”– deyib sualdan
yayınırdı. O, başqalarından fərqli olaraq
mənə obyektiv, Azərbaycanın dərdlərinə,
faciələrinə yanan bir insan təsiri
bağışladı. Verdiyim sualları ,
əsasən, cavablandırdı. Beləcə,
söhbətimiz xeyli çəkdi. Mehmanxanada
yazını qaydaya saldım. Sonra zəng vurub, köməkçisindən
xahiş elədim
ki, imkanı varsa, məni yenidən qəbul etsin.
Fikrim bu idi ki, müsahibəni nazirliyin makina bürosunda
yazdırım. Nəhayət, çətinliklə də
olsa, onu çap etdirib özünün oxuması
üçün razılıq aldım. Nazir
müavini materialı diqqətlə oxudu, bəzi yerləri
düzəltdi. İkinci dəfə çapa göndərmək
istəyirdik ki, köməkçisi gəlib dedi ki, sizi filan general
gözləyir. Çernavin “qoy gəlsin”–dedi. Həmin adam milliyyətcə erməni idi. Qəribə bir vəziyyət
yarandı...
Məlum oldu ki, makinaçı erməni
qızıymış. O, həmin generala xəbər çatdırıb ki,
Çernavin Azərbaycan jurnalistinə müsahibə verib. O da bir bəhanə
ilə Çernavinin yanına gəlib. Hiss olunurdu ki, isti
münasibətləri var. Xeyli müddət nə barədə isə
üstüörtülü söhbət etdilər. Bu arada materialı gətirdilər.
Donanma
admiralı materialı oxuduqca səhifələri üst-üstə qoyurdu. Erməni
generalı müsahibə ilə tanış
olmaq arzusunu bildirdi, Çernavin etiraz etmədi. O, hərdən
başını yelləyir, nazir müavininə xeyirxahlıq etmək istəyirmiş
kimi ən obyektiv, kəskin məqamları dəyişdirməyi
ona tövsiyə edirdi: “Siz bu
cür desəniz milli münasibətlərdə gərginlik
yarana bilər, nə bilim filan olar”.
Çernavin
isə onun dediklərinə məhəl qoymadan dedi: “Yoldaş
general, jurnalist
mənim fikrimi, mövqeyimi öyrənməyə gəlib,
sizin yox. Xahiş edirəm qəbul
otağında gözləyin. Sonra özüm sizi
çağıraram.” erməni generalı qapıdan
çıxar-çıxmaz Çernavin başını yellədi:
“Belə hallar çox olur, fikir verməyin.”
Materialı oxuyub sona çatanda
Çernavin soruşdu:
– Mənə dair başqa bir
qulluğunuz varmı?
Dedim:
– Xahişim budur ki, hər səhifəyə
qol çəkib, nazirliyinizin möhürü ilə təsdiq
edəsiniz. Belə olmasa, hərbi senzura Bakıda müsahibənin
dərc olunmasına etiraz edəcək .
Bir az fikrə getdi. Sonra bütün səhifələrə
imza atıb, köməkçisinə göstəriş verdi
ki, imzanın yanına
möhür vurdursun. İmzalı,
möhürlü materialı alıb, təşəkkürümü bildirdim. O, sözarası hansı
mehmanxanada, hansı otaqda qalmağımla, Bakıya nə vaxt
qayıdacağımla maraqlandı. Köməkçisini
çağırıb, məni maşınla mehmanxanaya yola
salmaq barədə göstəriş verdi...
Mehmanxanada təhlükəsizliyim baxımından nələr
baş verdiyini söyləmək istəməzdim. Nə isə... Bir neçə saat sonra məni hərbi komendaturaya
gətirdilər, bilet aldılar. Təyyarə tərpənənə
qədər oradan
aralanmadılar. Bərk-bərk
tapşırdılar ki, Bakıya çatan kimi Çernavinə
zəng vurum. Çernavin öz vizit kartını mənə
vermişdi. Çatan kimi ona zəng vurdum.
Sevindiyini bildirdi:
– Çox şadam ki, sağ-salamat
gedib çatmısan.
Vaxt itirmədən
müsahibəni “Azərinform”un (AzərTAc) əməkdaşları
Sevinc Abdullayeva və Vaqif Rüstəmovun yaxından köməyilə
respublika qəzetləri
üçün hazırladıq. Şübhəsiz
ki, MK-nın icazəsi, hərbi komendantın
razılığı olmadan müsahibəni dərc etdirmək
mümkün deyildi. Azad Şərifov müsahibənin tərcüməsini
orijinalla birgə
MK-ya göndərdi. Təxminən
iyirmi günədək material qaldı orada.
– Səbəb nə idi?
–
Süründürməçilik, qorxaqlıq, nə bilim daha
nə... Axır ki, materialı geri qaytardılar, xatalı
iş saydılar. Yenidən uçdum Moskvaya.
– Çernavinin yanına?
– Bəli, Çernavinin yanına. Zəng elədim, birbaşa özü ilə danışdım. Ondan xahiş etdim tapşırsın ki, materialı “Krasnaya zvezda” dərc etsin. Səbəbini də belə izah etdim: hərbi senzura rusdilli oxucular üçün müsahibənin Azərbaycanda dərcinə razılıq vermir. Dedi ki, telefonda gözlə. Kiminləsə danışdı. Razılıq əldə olunmuşdu. Getdim “Krasnaya zvezda” qəzetinin baş redaktoru general Panovun yanına. O, məni çox səmimiyyətlə qarşıladı. Müsahibəni alıb oxumağa başladı. Baxdı, gördü ki, hər səhifədə Çernavinin imzası möhürlə təsdiqlənib. Deyəsən, bu onun yamanca xoşuna gəldi. Belə olanda əsas məsuliyyət Çernavinin üzərinə düşürdü. Xeyli söhbətdən sonra dedi: “Müsahibən yaxın günlərdə dərc ediləcəkdir”.
Bilirsiniz, necə sevinirdim!
Üç gün idi ki, Bakıya qayıtmışdım. Dedilər ki, “Krasnaya zvezda” qəzetində müsahibən dərc olunub. Sən demə, müsahibə çıxan kimi Moskvada böyük hay-küyə səbəb olub, Azərbaycan nümayəndəliyi də dərhal qəzeti Bakıya – MK-ya göndərib. Çap olunan tarixə diqqət edin: 22 may 1990-cı il. Azərbaycanın ən təlatümlü günləri idi o vaxt.
Bu, bəlkə də, mənim həyatımda ən böyük qələbəm idi. Respublika qəzetləri də onu iki dildə - Azərbaycan və rus dillərində dərc etdilər. Bütöv halda isə müsahibəni Sabir Rüstəmxanlı “Azərbaycan” qəzetində verdi. O vaxt, doğrudan da, əhali arasında böyük çaşqınlıq yaranmışdı. MK-da da qorxu var idi.
– Bəs
“Müdaxilə” necə ərsəyə gəldi ?
– O vaxt hamı deyirdi ki, xata məndən uzaq olsun. “Krasnaya zvezda”da material çıxandan sonra MK-da mənimlə maraqlandılar. Sonra mənə “İzvestiya” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri vəzifəsinə getməyi təklif etdilər.
Nə isə... Bir müddət “Krasnaya zvezda”da məqalələr çap etdirdim. Sonra “İzvestiya”da işə başladım. “İzvestiya”da erməni lobbisi möhkəm kök salmışdı. İstədiklərini eləyirdilər. Xoşbəxtlikdən az müddət ərzində kollektivlə dil tapa bildim. Yanvar faciəsini isə unuda bilmirdim. Qarşıdan onun birinci ildönümü gəlirdi. Bilirdim ki, bu barədə təkbaşına özüm məqalə yazsam, əngəllərlə üzləşəcəyəm. “İzvestiya” qəzeti kimi çox böyük oxucu auditoriyası olan qəzetin tribunasını itirmək olmazdı. Hər an sayıqlıq tələb olunurdu. Həyatımızın, humanist dəyərlərin təqiblərə məruz qaldığını nəzərə alsaq, xalqımızın yanvar faciələrini bütün dünyaya car çəkmək məqamı yetişmişdi. Mən bunu açıq-aydın hiss edirdim. Odur ki, müstəqil jurnalist təhqiqatı aparıb, silsilə material hazırlamaq üçün əməkdaşlardan birinin Azərbaycana ezam edilməsini redaksiya rəhbərliyindən xahiş etdim. Təklifim çox çətinliklə də olsa bəyənildi. Siyasi icmalçı Valeri Vıjutoviçlə Bakıya ezam olunduq. 20 Yanvarın ildönümü günü idi. Şəhidlər Xiyabanını ziyarət etmək üçün xalq axınına qoşulduq. İstəyirdim ki, bu qəm, kədər dənizini, sonu görünməyən insan axınını seyr etdikcə mənim xalqım, millətim kimi o da sızıldasın, o da bu faciəni qəlbən duyub yaşasın. Mən şəhidlərimizin baş daşlarındakı yazılar barədə jurnalist dostuma məlumat verdikcə onun gözlərindəki qəzəbi, sifətindəki nifrəti açıq-aşkar duyurdum. O, çox kövrəlmişdi, gördüyü dəhşətli mənzərələrdən sarsılmışdı. Biz məzarları ziyarət eləyə-eləyə, ağır addımlarla irəliləyirdik. Yavaşca pıçıldadı:
– Biz nə qədər yanılmışıq. Nə həqiqəti bilmişik, nə də ki, həqiqəti yazmışıq. Bax, indi gördüklərimizdir əsl həqiqət! Ziyarəti başa vurub, gəldik mehmanxanaya. Əvvəlcədən topladığım materiallarla onu tanış etdim. Bir çox faktları götür-qoy etdik, düşündük-daşındıq. İki həftə müddətində biz şahidlərlə, zərərçəkənlərlə, bir sıra rəsmi şəxslərlə, hərbçilərlə, mütəxəssislərlə görüşdük. Neçə gün audiokasetləri dinlədik, videokasetlərə baxdıq. Bunlarla yanaşı, arxiv və istintaq sənədlərilə tanış olduq.
Çox çətinliklə də olsa, “Müdaxilə” silsiləsini “İzvestiya”nın səhifələrinə çıxara bildik. “Müdaxilə” böyük sensasiya yaratdı... Sonra ona ön söz yazıb Azərbaycan və rus dillərində yüksək tirajla “Müdaxilə” adı ilə kitab şəklində çap etdirdim.
Nəşrlərin ikisi də böyük uğur qazandı. Bakıdan dünyanın müxtəlif ölkələrinə uçan təyyarə reyslərinə verirdim ki, “Müdaxilə” də, “Vtorjeniye” də daha çox oxucu qazansın. Qazandı da. Bunu aldığım çoxsaylı məktublar da deyir.
Yazı təkcə yanvarın 20-də Bakıda baş verən faciəli hadisənin səbəblərini deyil, həmçinin məqsədini, belə bir müsibəti törətməkdə əli və iradəsi olan kəslərin məkrli fəaliyyətini də açıqlamışdı. Əlbəttə, üç qəzet yazısında (“İzvestiya” 13,14,15 fevral, 1992-ci il ) bunları təhlil, təsdiq etmək asan olmamışdı. Ancaq, hər halda, ictimaiyyətin fikrini düzgün istiqamətləndirmək, hətta siyasi komissiyaların və istintaq işçilərinin təhqiq və tədqiq yollarına müəyyən qədər işıq salmaq, şəksiz, mümkün olmuşdu.
– Aradan illər keçdikcə o vaxt baş vermiş hadisələr daha aydın görünür. Siz necə fikirləşirsiniz, o vaxt Bakıda nə baş vermişdi?
Bir həqiqət aydındır: o vaxt ərazi bütövlüyünün qorunmasını tələb edən, əslində, suverenliyinə sahib çıxmaq istəyən xalqı cəzalandırmaqla başqalarını da bu yoldan çəkindirmək, onlara ibrət dərsi vermək əsas götürülmüşdü. Məqsəd sovet imperiyasını yaxınlaşmaqda olan iflasdan qorumaq, sütunları laxlamış totalitar rejimi onun sınaqdan çıxmış üsulu ilə – zorla qoruyub saxlamaq olmuşdu. O vaxt Bakı hadisələrindən sonra digər yerlərdə baş verən faciələr də bir zəncirin halqaları olduğunu təsdiqlədi. Belə güman edirəm ki, Qarabağda törədilən sonrakı soyqırım faciələri də, Xocalı qətliamı da xalqımızı cəzalandırmaq siyasətinin davamı idi. Güman ki, düşmən bu niyyətinə nöqtə qoymayıb.
Ordu o vaxt Bakıda totalitar rejimi, Sov.İKP-nin hakimiyyətini, sovet imperiyasını, eyni zamanda, mərkəzin ermənipərəst marağını qorumuşdu. Oxucuya bunun üçün uydurma sübut-dəlillər təqdim olunurdu. Biz Qara Yanvar hadisələri barəsində mərkəzi KİV-in yaratdığı yanlış təsəvvürdən, əlverişsiz ictimai rəydən sonra insafən, istəyimizə nail olduq. O vaxt bu yazılar dostun dostluğunu, düşmənin isə düşmənliyini göstərməkdə çox təsirli oldu.
– Vasif müəllim, gələcək
planlarınız barədə nə
deyə bilərsiniz?
– Təxminən iki ilə yaxındır ki, həmkarım Rövşən Vəlizadə ilə birgə çox mühüm bir mövzu – Xocalı faciəsi ilə bağlı elmi axtarışlar, jurnalist təhqiqatları ilə məşğuluq.
Uzun illər azərbaycanlılara qarşı ermənilərin törətdikləri terrorlar, cinayətlər, işğal etdikləri torpaqlarımızda maddi, mənəvi, mədəni sərvətlərimizi məhv etmələri, mənimsəmələri faktlarını araşdırıb qiymət verərkən, diqqətimizi Leyla xanım Əliyevanın şəxsində Heydər Əliyev Fondunun “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilən fəaliyyətləri cəlb etdi. Bu istiqamətdə də araşdırmalarımızı davam etdirdik. Nəticə ümidverici və sevindirici idi.
Leyla xanım Əliyevanın “Xocalıya ədalət!” çağırışı artıq beynəlxalq aləmdə erməni separatizminə, beynəlxalq terrorun bir qolu olan erməni terroruna qarşı ən ciddi, inandırıcı bir mübarizə forması kimi nüfuz qazanmaqda idi.
Nəhayət, qərara gəldik ki, erməni vandalizmini, terror aktlarını, Ermənistanın işğalçı dövlət olduğunu sübut və ifşa edən materialları bir yerə toplayıb, onlara qarşı beynəlxalq aləmdə mübarizə kampaniyasına başlamış Leyla Əliyevanın “Xocalıya Ədalət!” çağırışının uğurlu nəticələrini ümumiləşdirib kitab yazaq. Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində bu mövzuda yazdığımız “Leyla Əliyevanın “Xocalıya Ədalət!” çağırışı beynəlxalq erməni terroruna qarşı mübarizədə yeni strateji modeldir” adlı iki cildlik kitab artıq hazırdır və yaxın günlərdə nəfis tərtibatda nəşr ediləcəkdir.
Kitabda qeyd etdiyimiz kimi, Leyla xanım Əliyevanın “Xocalıya Ədalət!” beynəlxalq kampaniyası terrora məruz qalmış insanların haqlarının müdafiəsində dünya xalqlarını, dünya birliyini humanizmə, ləyaqətə, nəcibliyə, vicdana, haqqa, ədalətə, yüksək mənəvi dəyərlərə səsləyən strateji bir model kimi bütün xalqlar üçün bəşər tarixində rolu əvəzolunmaz olacaqdır. Yaşadığımız yüzillikdə dünyamızın bu cür çağırışa ehtiyacı olduğunu gələcəkdə tarix özü təsdiqləyərək dəyərləndirəcəkdir. İki cildlik bu kitabda beynəlxalq terrorun bir qolu olan erməni terrorçularının müxtəlif dövrlərdə Azərbaycan torpaqlarında, xüsusilə ötən əsrin son illərində Ermənistan və onların havadarlarının köməyi ilə işğal olunmuş Dağlıq Qarabağ ərazisində, o cümlədən Xocalı yaşayış məntəqəsində törətdikləri kütləvi qırğınlardan, vəhşiliklərdən, soyqırımdan bəhs edilir. Kitabda Heydər Əliyev Fondunun vitse-prezidenti, fondun RF-dakı Nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın “Xocalıya Ədalət!” kampaniyası çərçivəsində beynəlxalq aləmdə həyata keçirdiyi təqdirəlayiq tədbirlərdən söhbət açılır.
Şübhəsiz , zəngin fakt və sənədlərlə, sübutlarla əhatələnmiş bu kitab dünyada terrora və zülmə, işgəncəyə və amansız qətliamlara qarşı mübarizədə tarixi həqiqətlərin önəmli bir toplusu kimi oxucuların diqqət mərkəzində olacaqdır.
– Maraqlı müsahibəyə görə sağ olun. Sizə gərəkli fəaliyyətinizdə uğurlar arzulayırıq.
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2014.- 19 yanvar.- S. 5.