Lənkəran: əbədi ehtiram duyğuları ilə

 

Ölkəmizin hər yerində olduğu kimi, Lənkəranda da 20 Yanvar şəhidlərinin xatirəsi daim əziz tutulur. Bununla əlaqədar olaraq rayonda  silsilə tədbirlər keçirilmişdir.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüşmüşdür. Görüşün əvvəlində  şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. İcra başçısı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının törətdiyi qətliamdan danışaraq demişdir ki, bu, SSRİ-nin o vaxtkı rəhbəri M.Qorbaçovun tapşırığı ilə Azərbaycan xalqına qarşı törədilən misli görünməmiş qanlı faciə, terror və soyqırımı idi. Həmin hadisələr zamanı Lənkəranda da beş nəfər şəhid olmuşdur.

Natiq sonra AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə bu faciəyə zəruri siyasi, hüquqi qiymət verilmədiyini vurğulamışdır. Yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra onun qətiyyəti və iradəsi ilə bu qanlı faciə hüquqi qiymətini almışdır.

T.Qaraşov daha sonra Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsinin Prezident İlham Əliyevin sərəncamı ilə hər il Ümumxalq  Hüzn Günü kimi ehtiramla qeyd edilməsindən bəhs etmişdir.

“20 Yanvar” cəmiyyəti Lənkəran rayon şöbəsinin sədri Yusif Abdullayev, görüşdə iştirak edən şəhid ailələrinin üzvləri onlara və əlillərə göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmiş, şəxsi xahişləri ilə İcra başçısına müraciət etmişlər. Rayon rəhbərliyi tərəfindən onların problemlərinin operativ həlli üçün əlaqədar qurumlara  tapşırıqlar verilmişdir.

Görüşdə iştirak edən şəhid ailələrinin üzvlərinə və əlillərə icra hakimiyyəti tərəfindən maddi yardım və ərzaq bağlamaları paylanmışdır.

 

* * *

 

Qanlı şənbə faciəsinin 24-cü ildönümü münasibətilə N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında “Qanlı Yanvar nağılı” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.

Əməkdar artist Adil Zeynalovun ssenarisi əsasında və onun quruluşunda səhnələşdirilmiş kompozisiya tamaşaçılar tərəfindən rəğbətlə, maraqla qarşılanmışdır . Rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri tədbirdə iştirak edirdilər.

 

* * *

 

20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad etmək üçün  şəhər  ictimaiyyəti  Şəhidlər Xiyabanında anım tədbirində iştirak etmişdir. Mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyəti adından “Şəhidlər” Xatirə Kompleksinin önünə əklil qoyulmuşdur. Şəhidlərin məzarı önünə qərənfil dəstələri düzülmüş, onların ailə üzvlərinə başsağlığı verilmişdir.

Onu da qeyd edək ki, yanvarın 20-də rayon ərazisində matəm əlaməti olaraq Azərbaycanın Dövlət Bayrağı endiriləcək, gündüz saat 12.00-da Lənkəranın bütün ərazilərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, nəqliyyat vasitələrində səs siqnalları veriləcək.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2014.- 19 yanvar.- S. 6.