Pirallahıda “Vətən uğrunda” abidə kompleksi açılmışdır

 

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş qanlı faciənin iyirmi dördüncü ildönümü Pirallahı rayonunda geniş qeyd edilmişdir. Bu məqsədlə hələ 2013-cü il dekabr ayında Tədbirlər Planı hazırlanaraq Pirallahı Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş və 2014-cü il yanvarın 10-dan onun icrasına başlanmışdır.

Rayonun idarə və müəssisələrində 20 Yanvarın Azərbaycanın istiqlaliyyəti, ərazi bütövlüyüsuverenliyi uğrunda mübarizənin rəmzi kimi qeyd edilməsi ilə əlaqədar tədbirlər təşkil olunmuş, rayonun təhsil müəssisələrində Qara Yanvara həsr edilmiş xüsusi dərslər keçilmişdir. Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində, Pirallahı qəsəbə kitabxanasında, 29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində, digər mədəniyyət ocaqlarında 20 Yanvar hadisələrinin mahiyyətini əks etdirən mühazirələr, kitab, rəsm və foto sərgiləri təşkil edilmiş, filmlər nümayiş olunmuşdur. 20 Yanvar faciəsi zamanı xəsarət alanların sayı dəqiqləşdirilmiş, rayonun bütün şəhid ailələri və 20 Yanvar faciəsinin qurbanı olmuş əlillər humanitar yardımla təmin olunmuşdur.

Yanvarın 20-də Pirallahı qəsəbəsində ucaldılmış “Vətən uğrunda” abidə kompleksinin açılışı və 20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümü ilə əlaqədar anım mərasimi keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov və aparatın məsul əməkdaşları, Milli Məclisin deputatı Aydın Mirzəzadə, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “20 Yanvar Cəmiyyəti”nin sədri Soltan Əzimzadə, BŞİH-in nümayəndəsi, rayon fəalları və ictimaiyyətin nümayəndələri iştirak etdilər. “Vətən uğrunda” abidə kompleksinin önünə toplaşan tədbir iştirakçıları tərəfindən Azərbaycanın azadlığı, istiqlaliyyəti və suverenliyi yolunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Rayon icra hakimiyyətinin başçısı Vasif İmanov açılışı simvolizə edən əbədi məşəli alovlandırdı. Tədbir iştirakçıları abidə-kompleksin önünə al qərənfillər düzdülər.

“Vətən uğrunda” abidə-kompleksin ümumi sahəsi 2800 kvadratmetrdir. Kompleks aypara formasında inşa edilib və yuxarıdan baxdıqda aypara və səkkizguşəli ulduz şəklində görünür. Qəsəbənin mərkəzində yerləşən bu abidədə 36 şəhidin mərmər lövhə üzərində şəkilləri, həmçinin ad və soyadları həkk olunub. Abidənin ön hissəsində Pirallahı rayonunun Milli Qəhrəmanlarının - Yavər Əliyev və Rasim İbrahimovun şəkilləri yerləşdirilmişdir.

Tədbir iştirakçılarına müraciət edən Vasif İmanov qeyd etdi ki, 20 Yanvar qırğını nə qədər faciəli olsa da Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olanlar, eyni zamanda, Qarabağ cəbhələrində şəhidlik zirvəsinə ucalan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifələr yazdılar.

Anım tədbirində çıxış edən Milli Məclisin deputatı Aydın Mirzəzadə, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “20 Yanvar Cəmiyyəti”nin sədri Soltan Əzimzadə, Milli Qəhrəman Rasim İbrahimovun atası Səxavət İbrahimov, şəhid anası Gülnisə Əliyeva, veteran-neftçi Səməd Əhmədov 1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllərin insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə yazıldığını bildirdilər.

Daha sonra Pirallahı rayonunun  orta məktəblərinin şagirdləri 20 Yanvara və şəhidlərə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirdilər və şeirlər söylədilər. Tədbirin sonunda Pirallahı məscidinin axundu şəhidlərin ruhuna dualar oxudu.

 

Ə. BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 22 yanvar.- S. 13.