Tomris AZƏRİ: Sistemli şəkildə, vahid orqanizm kimi fəaliyyət göstərməyə çalışmalıyıq

 

Bu gün Azərbaycan diasporu özünün ən yüksək inkişaf dövrünü yaşayır. Dünyanın müxtəlif ölkələrində yaşayan və fəaliyyət göstərən soydaşlarımız əvvəlki dövrlərə nisbətən daha ciddi şəkildə təşkilatlanmağa doğru gedirlər. Şübhəsiz ki, xalqımızın yaşadığı acı faciələri unutmamaq, baş verən hadisələri dünyaya çatdırmaq üçün soydaşlarımızın daha mütəşəkkil və əlaqəli fəaliyyət göstərməsi vacibdir.

Azərbaycan xalqının XX əsrdə yaşadığı ən qanlı faciələrdən biri də 1990-cı ilin 20 yanvar tarixində sovet qoşunlarının törətdiyi qətliam günüdür. Artıq 24 - ildönümünü andığımız bu faciə barədə həqiqətlərin dünyaya çatdırılmasında xaricdə yaşayan soydaşlarımızın nə qədər fəal olduğunu, təbliğatımızın hansı səviyyədə aparıldığını öyrənmək niyyəti ilə ABŞ-da fəaliyyət göstərən diaspor təşkilatımızın rəhbəri ilə əlaqə saxladıq. Müsahibimiz Amerika Azərbaycanlıları Cəmiyyətinin sədri Tomris Azəridir.

Tomris xanım, xalqımızın haqq səsinin dünyaya çatdırılmasında rəhbəri olduğunuz diaspor təşkilatının fəaliyyətini necə qiymətləndirirsiniz?

Bildiyiniz kimi, bu gün ABŞ-da xeyli azərbaycanlı yaşamaqdadır. Nəzərə alsaq ki, güneyli soydaşlarımız da bizim diasporun tərkibinə daxildir, onda haqlı olaraq ABŞ-ın böyük diasporlarından biri olmaq iddiasında buluna bilərik. Çünki bu gün ABŞ-da əslən güney azərbaycanlıların sayı kifayət qədər çoxdur. Biz hazırda milli məqsədlərə xidmət edən fəaliyyətimizi güneyli soydaşlarımızla birgə qurmağa çalışırıq. Əslində, atalarımız “güc birlikdədir” deməkdə heç vaxt yanılmayıb. Bu gün Azərbaycan diasporu nə etməyə çalışırsa bunu birliyə, həmrəyliyə güvənərək edir. Hələ nə qədər soydaşlarımız da var ki, bu birlikdə kifayət qədər təmsil olunmurlar. Təşkilat olaraq əsas vəzifələrimizdən biriodur ki, milli amallar ətrafında bütün soydaşlarımızın fəaliyyətini hiss etdirək və mütəşəkkil şəkildə haqq səsimizin eşidilməsində israrlı olduğumuzu sübut edək.

Amerika Azərbaycanlıları Cəmiyyəti bu il 20 Yanvar faciəsinin təbliğ olunması ilə bağlı nə kimi tədbirlər gördü?

– 20 Yanvarla bağlı biz iki həftədən çox məktub kampaniyası apardıq. Dövlət strukturlarına, nüfuzlu ictimai təşkilatlara, mətbuat nümayəndəliklərinə məktublar ünvanlanmaqla bir daha bu günün mahiyyəti, azərbaycanlılar üçün dəyəri barədə həmin qurumlar məlumatlandırılmışdır. Biz mütəmadi olaraq konqresmenlərlə, senatorlarla, KİV-nümayəndələri ilə görüşlər keçirir və Azərbaycanın qarşılaşdığı haqsızlıqlar barədə məlumat veririk. Artıq Amerika mediasında bu barədə saysız-hesabsız materiallar dərc olunub. Bu, Amerika Azərbaycanlılar Cəmiyyətinin 55 illik təcrübəsində müşahidə olunan amildir. Biz həmişə milli maraqlarımızı hər şeydən üstün tutmuşuq yenə tutacağıq.

Ümumiyyətlə, ABŞ ictimaiyyətinin Azərbaycan həqiqətləri ilə bağlı mövqeyi necədir?

Təbii ki, bu barədə bizim ədalətli mövqeyimizi müdafiə edən xeyli ABŞ vətəndaşı var. Onları başımıza gətirilən müsibətlərlə tanış etdikdən sonra dəhşətə gəlmişlər.

Açıq şəkildə bizi müdafiə etmişlər. Biz, demək olar ki, qarşımıza çıxan hər bir amerikalı ziyalıya, jurnalistə, fəal vətəndaşa öz dərdlərimizi izah edirik, istər 20 Yanvar, istər Xocalı soyqırımı, istərsə də işğal olunmuş torpaqlarımızda ermənilər tərəfindən törədilmiş vəhşiliklər barədə məlumatlar ötürürük. Məlumdur ki, 2012-ci ilin mart ayında Nyu-York ştatının Senatı diasporumuzun tarixində ilk dəfə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününü rəsmi şəkildə tanıdı. Bu, Azərbaycanın, diasporumuzun qələbəsi idi. İnanıram ki, gələcəkdə bir sıra ştatlar və ABŞ dövləti də Azərbaycan həqiqətlərini tamamilə tanıyacaqlar. Çünki burada əzilən tərəf, haqsızlığıa məruz qalan tərəf bizik. Bu uğurun özü ABŞ ictimaiyyətinin münasibətinin bir hissəsi idi.

– Nə etmək lazımdır ki, Azərbaycanın haqq səsi daha aydın eşidilsin?

Bilirsiniz, erməni lobbisi ABŞ ictimaiyyətinin başını öz cəfəngiyatları ilə elə yorub ki, onlara inananlar çoxdur. Təbii ki, azacıq məlumat əldə edərək bunun bir saxtakarlıq olduğunu dərk edənlər də kifayət qədərdir. Əvvəllər erməni diasporu öz məqsədlərini daha asan həyata keçirə bilirdi. Çünki onların ABŞ-da həm sayı, həm də təşkilatlanma səviyyəsi bizdən artıq idi. Lakin hazırda diasporumuzun və təbii ki, dövlətimizin antiazərbaycan qüvvələrə qarşı göstərdiyi layiqli müqavimətdən sonra erməni yalanları əhəmiyyətli dərəcədə azalmışdır. ABŞ-ın ictimai-siyasi xadimləri bizi dinləyirlər və bu onların həm də borcudur. Çünki biz onlara səs veririk. Biz vətəndaşlıq borcumuzu layiqincə yerinə yetirməyə çalışırıq. Dünya azərbaycanlılarının birliyinə nail olmağa, sistemli şəkildə, vahid orqanizm kimi fəaliyyət göstərməyə çalışmalıyıq. Yalnız bundan sonra ümummilli hədəflərimizdə hansısa nailiyyətə imza ata bilərik.

 

Anar TURAN

 

Xalq qəzeti.- 2014.- 22 yanvar.- S. 14.