Şərəfli adın məsuliyyəti

 

Bu dünyada hər kəs bir ömür yaşayır. Elə insanlar var ki, bir əsrə yaxın və daha çox ömür sürurlər, ancaq bəzən belələrinin dünyada olub-olmaması nəzərə çarpmır. Necə deyərlər, bir gün gəlir, bir gün də kölgə kimi bu dünyadan gedirlər.

İnsan da var ki, qisa ömür yolu ilə bir dastan yaradır, möcüzələrlə dolu iz qoyub gedir özündən sonra. Belə insanlardan biri mənim həyat idealım olan babam İzzət Həmidovdur. Altmış ilə yaxın ömur sürmüş bu sadə insan zəngin həyat kitabı yaradıb bizim üçün.

Uşaqlığı qanlı-qadalı müharibə illərinə təsadüf edən babam, deyilənə görə, yaşıdlarından seçilib. Nümunəvi davranışı, qeyrəti, təmkini onu tay-tuşundan, ətrafdakılardan həmişə fərqləndirib.

Onun gəncliyi də kəşməkəşli olub. Ümumiyyətlə, babam həmişə çətin işin qulpundan yapışıb və bir qayda olaraq, öhdəsindən gəlib. Ən çətin, əzablı peşəni seçib özünə. Neft Akademiyasının geoloji-kəşfiyyat fakültəsini bitirərək,gərəkli mütəxəssis olub, məsul vəzifələrə yüksəlib. Harada olubsa, ən uca zirvədə dayanıb.

Bəli, mənim qəhrəman babam öz ölümüylə də ən yüksək, müqəddəs şəhidlik zirvəsinə yüksəlib.

Qanlı Yanvar gecəsi evdə duruş gətirə bilməyən bu cəsur insan qorxu-hürkü bilmədən yüzlərlə soydaşımız kimi, küçələrə çıxaraq sinəsini sovet tanklarına sipər etdi. Azadlıq eşqi ilə yaşayan xalqa divan tutulan gecənin səhərisi günü günorta çağı Salyan kazarmasının yaxınlığında vəhşicəsinə güllələndi.

Bu itki nə qədər ağır olsa da, babamın qəhrəmanlığı mənim üçün nümunə, böyük fəxarətdir. İzzət babamdan örnək götürməli çox şey var. Lakin bunlardan ən yüksəkdə dayananı şərəfli adıdır. Mən onun əziz adının daşıyıcısıyam. Bu adın boynuma qoyduğu məsuliyyəti ləyaqətlə daşımağa çalışıram. Gələcəyin polis zabiti və hüquqşünası kimi, Vətənimin keşiyində ayıq-sayıq durmağa, müstəqil xalqımın asayişini daim qorumağa and içirəm.

 

İzzət HƏMİDOV,

 

Azərbaycan Respublikası DİN Polis Akademiyasının 5-ci kurs müdavimi, 20 Yanvar şəhidi İzzət Həmidovun nəvəsi

 

Xalq qəzeti.- 2014.- 22 yanvar.- S. 14.