Böyükşor gölü: Yeni həyatın astanasında

 

Möhtərəm Prezidentimiz İlham  Əliyevin Böyükşor gölünün bərpa edilməsi, mühafizəsi və istifadəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi” haqqında 26 dekabr 2013-cü il tarixdə imzaladığı fərmanından mən də hədsiz dərəcədə məmnun oldum. Uzun illər Böyükşor gölünün problemləri ilə məşğul olan bir ziyalı kimi sevinirəm ki, nəhayət, ölkə rəhbəri bu məsələnin həllinə lazımi diqqət göstərdi.

1994-cü ilin may ayında Binəqədi Rayon İcra Hakimiyyətinə başçı təyin ediləndə bu problemin kəskinliyi mənə daha dərindən bəlli oldu. Bundan əvvəl də Milli Məclisin üzvü olarkən Böyükşor gölünün problemləri ilə  öz təşəbbüsümlə məşğul olmağa başlamışdım. 1992-ci ilin payızında Novxanıdan bağdan evə qayıdarkən Binəqədi ilə Rəsulzadə qəsəbələri arasında Böyükşor gölü ərazisində mazutlu qamışlıqda şiddətli yanğının şahidi oldum. Bir an içərisində maşının qabaq şüşəsi yanğından qaçıb canını qurtarmaq istəyən çəyirtkələrin, həşəratların qanına boyandı. Dəhşətli bir vəziyyət yaranmışdı. “Niva” markalı maşınla belə küləkli havada, suluqardan su basmış yolla getmək çox çətin idi. Ərazidəki vəziyyət, sanki müharibəni xatırladırdı: canlıların yaşamaq uğrunda mübarizəsi fəlakətlə üzləşmişdi. Təbii ki, bu mənzərə mənə çox pis təsir etmişdi. Bu hadisədən sonra asudə vaxtlarımda bir ziyalı kimi bu problemlə maraqlanmağa başladım. Gördüm ki, Bakı şəhəri üçün çox böyük fəlakət yaranıb və bu getdikcə geniş miqyas alır. Mən icra başçısı təyin olunandan sonra bu işlə dərindən, hərtərəfli məşğul olmağa başladım. Təbii ki, buna həm səlahiyyətim, həm də imkanım var idi. Müəyyən etdim ki, XX əsrin ikinci yarısından başlayaraq, şəhərətrafı ərazidə məhsuldar qüvvələrin kortəbii yerləşdirilməsi nəticəsində Adsız, Qırmızı, Hacıhəsən, Mirzaladı, Böyükşors. göllər, eləcə də onların ətrafında bataqlıqlar, gölməçələr yaranmışdır. Təkcə Böyükşor gölündə suyun qalxması, daşması və çirklənməsi səbəbindən dövlətə külli miqdarda (köhnə məzənnə ilə təxminən bir trilyon manatadək) ziyan dəymişdi. 1988-ci ildə Binəqədi Neft və Qazçıxarma İdarəsinin 2 saylı sahəsində 250-dən çox quyu suyun altında qalmış, dövlətə milyardlarla manat ziyan dəymişdi. Quyuların bərpasına külli miqdarda dövlət vəsaiti xərclənmişdi. Həmin ərazidə 5 işlək vəziyyətdə olan nefttutma məntəqəsi də suyun altında qalmışdı. Nəticədə 700 hektaradək sahə mazutlu suların altında qalaraq, yararsız vəziyyətə düşmüş, dövlətə külli miqdarda maddi ziyan vurulmuşdu.      Burada suyun səviyyəsini aşağı salmaq məqsədilə keçən əsrin ikinci yarısında 4 güclü nasosdan ibarət stansiya qurulmuşdur. Böyükşordan suyun Mirzaladı gölməçəsinə vurulması yeni gölün yaranmasına və torpaq sahələrinin sıradan çıxarılmasına səbəb olmuşdu. Aydınlaşdırdıq ki, Böyükşor gölünə ətraf yaşayış məntəqələrindən, sənaye obyektlərindən, ümumiyyətlə, 13-dən çox mənbədən çirkab, kanalizasiya suları axıdılır. Bu gölün altında 2 böyük qəbiristanlıq da qalmışdı. Biz Böyükşor gölünün çirkabkanalizasiya sularından yaranmış süni göl olduğunu sübut etdik.

Həmin ərazi çox kəskin bir üfunət zonasına çevrilmişdi. Gölün suyu kimyəvi tərkibi etibarilə yararsız, təhlükəli  və xəstəlik mənbəyi idi. Elmi təşkilatlarda isə belə bir ideya hökm sürürdü ki, bu göl, guya, təbii yaranmışdır və onun qalxmasının qarşısını heç cür almaq mümkün deyil. Biz bu yanlışlığı aradan qaldırmağa nail olduq.    Araşdırma zamanı o da məlum oldu ki, yaxınlıqdakı yaşayış məntəqələrində 15 yaşlı uşaqlar arasında ölüm faizi şəhərin başqa ərazilərinə nisbətən təxminən iki dəfə yüksəkdir.

Ərazidə bütün tikinti işləri, demək olar ki, yarımçıq qalmış, fabrik və zavodların əksəriyyəti öz fəaliyyətini qismən və ya tamamilə dayandırmış, kommunikasiyalar suyun altında qalmışdır. Böyükşor gölünün suyu daşanda Rəsulzadə qəsəbəsindən Binəqədi kəndinə getmək, demək olar ki, müşkülə çevrilirdi. Ərazidə çox acınacaqlı vəziyyət yaranmışdı. Əməli tədbirlər həyata keçirmək üçün vəsait yox idiheç bir əlavə köməklik də göstərilmirdi. Hətta  Bakı Şəhər İcra Hakimiyyəti dövlət əhəmiyyətli bu böyük işin həllinə kömək etməli olduğu halda, əksinə,  həyata keçirdiyimiz tədbirləri “Nadirovun bataqlıq əməliyyatı” adlandıraraq maneçilik törədirdi. Lakin həyat bu dözülməz vəziyyətdən çıxmağı bizdən təkidlə tələb edirdi.

Biz bütün təbliğat və təşviqat vasitələrindən istifadə edərək əhaliyə bu işlərin görülməsinin vacib olduğunu izah etdik. Dövlət vəsaiti sərf edilmədən, əsasən iməcilik yolu ilə bu işi həll etməyi qərara aldıq.Bu təşəbbüsün əhəmiyyətini dərindən  dərk edən rayonun idarə və təşkilatları könüllü olaraq işə öz köməkliklərini göstərməyə başladılar. Biz ilk növbədə 1974-cü ildən tikintisi yarımçıq qalmış 4 saylı nasos stansiyasını istifadəyə verdik. Biləcəridən axan bütün çirkab sularını mərkəzləşdirilmiş qaydada böyük ölçülü  borularla 4 saylı stansiyaya ötürən kanalizasiya xətti çəkdik. Rayon ərazisindən Böyükşor gölünə axıdılan sular əsasən ram edildi.  Yeni istifadəyə verilmiş 4 saylı nasos stansiyası vasitəsi ilə sular Hövsana—təmizləyici qurğuya ötürüldü.

İki yerdə quraşdırılmış ölçmə qurğusu vasitəsi ilə suyun səviyyəsinin enməsinə nəzarəti həyata keçirirdik. Torpaq daşınaraq qurudulmuş sahələrə tökülürdü. Aparılan işlər nəticəsini tezliklə göstərdi. İşlər müsbət mənada o qədər yüksək əks-sədaya səbəb oldu ki, Azərbaycan Dövlət Televiziyası hazırda qızıl fonda daxil edilən–1995-ci ildə  “Binəqədi”, 1996-cı ildə “Böyükşor gölü”, 1997-ci ildə isə “Canlanan torpaq” adlı–sənədli filmlərini çəkdi. Hətta burada görülən işlər 1996-cı ildə BMT-nin “Azərbaycanda İnsan İnkişafı Haqqında” hesabatına daxil edildi. Azərbaycan MEA-nın o zamankı rəhbərliyi–akademiyanın prezidenti, akademik Eldar Salayev, akademiklər Asəf NadirovUrxan Ələkbərov burada görülən işlərlə ətraflı tanış olduqdan sonra böyük elmi-praktiki əhəmiyyətini nəzərə alaraq həyata keçirilən tədbirlərlə əlaqədar mənə dissertasiya müdafiə etməyi məsləhət gördülər.

Görülmüş işlərin nəticəsində 20-dək quyu, 5 nefttutma məntəqəsi suyun altından çıxarılaraq istifadəyə verilmişdir. 2000 hektara qədər sahəni əhatə edən gölün, təxminən  yarısı qurudulmuş, çirkab sulardan təmizlənmiş, ekoloji cəhətdən sağlamlaşdırılmış və orada yeni qəsəbə salınmışdır. 300 milyon manatadək iqtisadi səmərə əldə edilmişdir.

Bu gün Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm ki, orada yarımçıq qalan işlərin davam etdirilməsi və ətrafın abadlaşdırılması üçün fərman vermişdir. Mən dövlət başçısının bu məramını ürəkdən alqışlayıram. Tam əminəm ki, bir çox nadir abadlıq və quruculuq işlərinə imza atmış cənab Prezident bu işlərin də yüksək səviyyədə həyata keçirilməsinə nail olacaqdır. Mənim Boyükşor gölü ilə bağlı arzum da tam həyata keçəcəkdir.

 

 İnqilab NADİROV,

 

 iqtisad elmləri namizədi, ekoloji elmlər üzrə fəlsəfə doktoru, Avropa Təbiət Elmləri Akademiyasının akademiki

 

Xalq qəzeti.- 2014.- 23 yanvar.- S. 4.