İqtisad elminin aktual problemləri

 

İqtisadi fəaliyyət digər fəaliyyət növlərindən daha dəqiqliyi ilə fərqlənir. İqtisadi hadisə və prosesləri, bunların əhatə olunduğu iqtisadi fəaliyyət sahələrini öyrənən iqtisad elmi digər elmlər kimi qarşısına çıxan problemləri həll etmək üçün, ilk növbədə, onun şərtlərini tapmağa çalışır. İqtisad elmləri doktoru, professor İrşad Kərimlinin yenicə işıq üzü görən “İqtisad elmi: aktual problemlər və real yanaşmalar” adlı kitabı qarşıya çıxan problemlərin araşdırılması və onların real həlli yollarının tapılması mövzusuna həsr edilmişdir. Kitab müasir iqtisadi problemləri sistemləşdirərək onların daha kəskin xarakter alanlarının həll edilməsinin ilkin və real şərtlərinin göstərilməsi baxımından xüsusi dəyərə malikdir.

Müəllif düzgün olaraq qeyd edir ki, digər cəmiyyət elmlərindən fərqli olaraq iqtisad elminin həll edəcəyi məsələlərin şərtləri onun öyrəndiyi obyektə daxil olan real faktlardan, arqumentlərdən, statistik göstəricilərdən və nəticələrdən daha çox asılı olur. Bu isə iqtisadi maraqlara üstünlük verməklə bərabər, onun iqtisadi hadisə və prosesləri irəlicədən təyin etmək qabiliyyətini açıqlayır. Kitabda iqtisad elminin digər cəmiyyət elmləri ilə müqayisədə dəqiq tədqiqat metodlarının tətbiqinə böyük imkanlar açan spesifik sahə elmlərinə də malik olması xüsusi olaraq qeyd edilir.

Kitabda iqtisadiyyatın mövcud vəziyyətinin bütün gerçəkliyi ilə öyrənilməsi üçün yalnız faktları və dəlilləri toplayıb onlarla işə başlamağın kifayət etməməsi  vurğulanır və qeyd edilir ki, hər halda faktlar öz-özlüyündə heç nə izah etmir. Müəllifin fikrincə, “əsaslı təhlil üsulları ilə tamamlanan, həqiqi və sağlam iqtisadi ümumiləşdirməni özündə birləşdirməklə konkret faktların, arqumentlərin və formulların sistemləşdirilməsinə əsaslanan nəticələrə gəlmək” çox vacibdir. Qeyd olunur ki, müəyyən konkret şəraitdə insanların istehsal-təsərrüfat fəaliyyətini xarakterizə edən prosesləri və meylləri ifadə edən qanunlar yalnız müəyyən əlverişli iqtisadi mühitin mövcudluğunu tələb edir. Bu və ya digər fikirləri, əldə olunan nəticələri əsaslandırmaq üçün kitabda iqtisad elminin öyrəndiyi proseslər təbiət elmlərinin öyrəndiyi proseslərlə müqayisə olunur və xüsusi vurğulanır ki, iqtisad elmi üçün öyrənilən mühiti və şəraiti formalaşdırmaq, ümumiləşdirmək daha çətin və məsuliyyətlidir.

Kitabda diqqəti cəlb edən cəhətlərdən biri də iqtisadiyyatın öyrənilməsi istiqamətində aparılan araşdırmaların yalnız təcrübi məqsədlər hesabına qurulmaması ideyasının əsaslandırılmasıdır. Müəllif qeyd edir ki, araşdırmalarda təcrübi məqsədlərə çatmağa səy göstərilsə də, hər halda son məqsəd elmin öyrəndiyi mühitin özünün məzmununa uyğun gəlməsidir. Çünki bu proses elmin özü üçün fasiləsiz bilik əldə etməsindən, ən vacibi, elmin təcrübi məsələlərin həllinə yol açmasından irəli gəlir. Doğrudan da hər bir araşdırmaya başlayarkən onun təcrübədə tətbiqinin hansı nəticəni verə biləcəyi əvvəlcədən məlum olmalıdır. Lakin kitabda qeyd edildiyi kimi, heç də vacib deyildir ki, bütün iş bilavasitə onun təcrübədə tətbiqinə yönəldilsin. Əgər araşdırmalardan əldə edilən nəticə təcrübədə əsas məqsəd hesab edilərsə, onda fikrin məntiqi inkişafının dayanmaq təhlükəsi yaranar, bununla da əvvəlcədən nəzərdə tutulan konkret məqsədlə birbaşa əlaqə qırılar.

Kitabda milli iqtisadi artımı və inkişafı sürətləndirməkdə təbii resurslardan  iqtisadi resursların istifadəsinə üstünlük verilməsi əsaslandırılır. Sonuncu istiqamət prioritet olsa da müəllifin fikrincə,  bütün hallarda insana, onun yaradıcı və innovativ əməyinə öz-özlüyündə deyil, daha çox insan kapitalına çevrilmək meylinin açıqlanmasıdır. Burada  kollektiv fəaliyyət, kollektiv əmək və kollektiv səy diqqətə çatdırılmalıdır. Kitabda qeyd olunur ki, Azərbaycanda milli istehsal-təsərrüfat fəaliyyətinin   maddi-maliyyə şərtlərinin artması və güclənməsi, daxili təsərrüfat əlaqələrinin sıxlaşması, ümummilli məqsədə çatmaqda kollektiv fəaliyyətin miqyası durmadan genişlənir. Genişlənmə ölkədə milli daxili gücün təsiri altında baş verir. Bu mənada kitabda istehsal-təsərrüfat vahidlərinin (firmaların, şirkətlərin, fermer və kəndli təsərrüfatlarının və s.) konkret peşə yönümü, məşğuliyyət növü müəyyən edilməklə yerlərdə ayrı-ayrı təsərrüfatlardan başlamış, inzibati-ərazi birliklərinə (müəyyən inzibati rayonlara), bir neçə rayonu birləşdirən ərazilərə (müəyyən iqtisadi bölgələrə), habelə bütövlüklə ölkə ərazisinədək iqtisadi əlaqələrin təmin olunması öyrənilir.

Müasir iqtisadiyyat haqqında mühəndis,  həkim, texnoloq,  hər hansı iş adamı iqtisadçıdan daha yaxşı danışa bilər. Lakin real faktları, statistik göstəriciləri toplayıb təhlil aparmaq, düzgün  nəticə çıxarmaq və reallığı açıb göstərmək qabiliyyəti yalnız iqtisadçıya xas olan keyfiyyətdir. Kitabda iqtisadiyyatı və iqtisadi inkişafı əhatə edən proseslərin kəmiyyət dəyişikliklərinin dəqiqləşdirilməsinə, daha çox onun iqtisad yönümlü fənlərlə öyrədilməsinə müəyyən münasibət bildirilir.

Müasir şəraitdə ən mükəmməl iqtisadi biliklərə yiyələnməyin çox vacib olduğunu əsaslandıran müəllif respublikamızda təhsil müəssisələrinin profilindən asılı olaraq iqtisad elminin nəzəriyyəsinin tədrisində daha təkmil istiqamətlərdən istifadənin mümkünlüyünün zəruriliyini xüsusi vurğulayır. Bu yolda səmərəli istiqamətlərin çox olmasına baxmayaraq müasir tələblərə daha çox uyğun gələn üç başlıca istiqamətdə iqtisad elminin tədrisini təşkil etməyi diqqətə çatdırır. Müəllifin fikrincə, ən əvvəl iqtisadçı kadr hazırlığı istiqamətində bütün təhsil müəssisələrində iqtisad elminin nəzəriyyəsi (iqtisadi nəzəriyyə) müstəqil fənn kimi tədris olunmalıdır. Lakin mövcud təcrübənin baza prinsipləri saxlanılsa da, bütün hallarda mövzuların seçimi, hər bir mövzu üzrə öyrəniləcək sualların quruluşu yalnız normativ iqtısadiyyatla deyil, daha çox onların iqtisadi reseptlərini, modellərini və bunlardan irəli gələn mühakimələrin doğurduğu nəticələri öyrətmək istiqamətində şərh olunmalıdır.

İkincisi, iqtisad yönümlü təhsil müəssisələrində iqtisad elminin nəzəriyyəsi ilə yanaşı, onun sahə (məsələn, sənaye, tikinti, ticarət, nəqliyyat və s.) elmləri və spesifik funksional (məsələn, statistika, mühasibat, audit, bank işi, sığorta, təhlil, maliyyə, demoqrafiya, iqtisadi riyaziyyat və s.) elmlər də müstəqil fənlər kimi tədris olunmalıdır.

Üçüncüsü, bu istiqamətdə yeni yanaşmanın zəruri olduğunu qeyd edən müəllif qeyri-iqtisad yönümlü ixtisaslar üzrə hazırlanan müasir mütəxəssislərin, məsələn, həkimlərin, mühəndislərin, müəllimlərin, aqronomların, zootexniklərin, rejissorların və s. başqalarının bütövlükdə iqtisadiyyat haqqında biliyə, dünyagörüşünə malik olmalarını müasir dövrün vacib tələbləri hesab edir.

Müəllifin fikrincə, qeyri-iqtisad yönümlü təhsil müəssisələrində iqtisadiyyatın əsaslarının öyrənilməsi vacibdir. Dünya təcrübəsində (inkişaf etmiş ABŞ, Yaponiya və Qərbi Avropa ölkələrinin universitetlərində) ixtisas yönümündən asılı olmayaraq bütün təhsil müəssisələrində iqtisadiyyat fənni tədris olunur.

Bu yazıda “İqtisad elmi: aktual problemlər və real yanaşmalar” kitabında qaldırılan aktual iqtisadi problemlərdən, onların həlli yollarından yalnız bəziləri barədə  öz fikrimizi bildirdik. Yəqin ki, oxucular kitab haqqında, orada irəli sürülən problemlər və onların həllinə müəllif tərəfindən edilən yanaşmalar barədə öz münasibətlərini bildirəcəklər.

 

İsa ALIYEV,

 

AMEA İqtisadiyyat  İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor

 

Xalq qəzeti.- 2014.- 23 yanvar.- S. 6.