Əsas vəzifə vətəndaşlara xidmət etməkdir

 

Xətai Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi  üzrə nümayəndəliyinin 2013-cü ilin yekunu ilə bağlı hesabat yığıncağı keçirildi. İcra hakimiyyətinin başçısı Razim Məmmədovun iştirak etdiyi yığıncaqda sahə inzibati ərazi dairəsi  üzrə nümayəndə Dəyanət Əzizovun məruzəsi dinlənildi.

D.Əzizov görülən işlər barədə məlumat verərək bildirdi ki, dövlət hakimiyyət orqanlarının əhaliyə yaxınlaşması, ərazidə fəaliyyət göstərən bütün idarə və təşkilatların fəaliyyətinin, idarəetmənin səmərəliyinin artırılması məqsədilə  Prezident İlham Əliyevin fərmanı ilə təsdiq olunmuş əsasnaməyə uyğun olaraq Xətai Rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən, 2012-ci ilin sonunda yaradılmış Xətai rayonu üzrə 4 Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik artıq  fəaliyyətinin birinci ilinə  yekun vurur.

Natiq həmçinin qeyd etdi ki,  hesabat dövründə 138 saylı ümumtəhsil orta məktəb əsaslı təmir edilmiş, Heydər Əliyev Fondu tərəfindən Zərifə Əliyeva adına 210 nəfərlik müasir tipli uşaq bağçası inşa edilərək istifadəyə verilmişdir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı  Mehriban xanım Əliyeva həmin bağçanın, həmçinin əsaslı təmirdən sonra 8 saylı uşaq bağçasının açılışında iştirak etmişdir. Bununla yanaşı, ərazidə olan 8 məktəb , 8 uşaq bağçası, 3 saylı körpələr evi, 6 və 7 saylı poliklinika  binaları əsaslı təmir olunmuş, 236 saylı uşaq bağçası və Protez Ortopedik  Bərpa Mərkəzi isə əsaslı təmir-tamamlanma mərhələsindədir.

Natiq 2013-cü il ərzində nümayəndəliyin ərazisində əsas və məhəllədaxili küçələrə asfalt döşənməsindən, ərazidə olan yaşayış binalarının su, qaz və istilik  təchizatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, abonentlərin “smart kart” tipli elektron sayğaclarla təchiz olunmasından, çoxmərtəbəli yaşayış binalarında yeni liftlərin quraşdırılmasından, məişət tullantıları üçün meydançaların inşa edilməsi və burada yeni tipli iri həcimli konteynerlərin yerləşdirilməsindən və həyata keçirilən bir çox yenidənqurma və təmir-tikinti işlərindən ətraflı məlumat verdi.

Hesabat məruzəsi ətrafında edilən çıxışlarda nümayəndəliyin işinin qənətbəxş hesab edilməsi təklif edildi. Sonra Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov çıxış edərək bildirdi ki, Azərbaycan Prezident cənab İlham Əliyevin rəhbərliyi altında 2013-cü ildə də ölkənin sosial-iqtisadi inkişafında  möhtəşəm uğurlara imza atılmaqdadır. R. Məmmədov ölkənin davamlı inkişaf prosesində paytaxtın iri rayonlarından biri kimi Xətai rayonunun da bir çox uğurlara qazandığını,  ölkənin, o cümlədən Bakının ümumi sosial-iqtisadi inkişaf tempində öz mövqeyini qoruyub saxladığını diqqətə çatdırdı.

Hesabat dövründə yeni yaradılmış sahə inzibati dairələrinin fəaliyyətlərini günün tələbləri səviyyəsində qurmasının vacibliyini qeyd edən R.Məmmədov ölkə Prezidenti İlham Əliyevə istinad edərək dedi:

-Dövlət başçısının “bizim siyasətimizin mərkəzində insan dayanır. Biz Azərbaycan vətəndaşına xidmət edirik,”  ifadəsi təkcə icra hakimiyyəti aparatı qarsında deyil, sahə inzibati ərazi dairəsi nümayəndələri qarşısında  da çox ciddi vəzifələr qoyur.  Məhz vətəndaşlara yüksək xidmətin təşkili məqsədilə rayon icra hakimiyyətində sahə inzibati nümayəndəlikləri ilə  işin səmərəli təşkilini təmin etmək üçün operativ idarəetmə mərkəzi yaradılmışdır.

1 saylı Sahə İnzibati Ərazi Dairəsi Nümayəndəliyinin fəaliyyətini müsbət qiymətləndirən R.Məmmədov qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün kollektivə müvafiq tövsiyə və tapşırıqlarını verdi.

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2014.- 23 yanvar.- S. 7.