Vəzifələri yerinə yetirmək etimadı doğrultmaqdır

 

Xətai Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2013-cü ilin yekunu ilə bağlı ilk hesabat yığıncağı RİH başçısı Razim Məmmədovun iştirakı ilə keçirildi. Ərazi dairəsi üzrə nümayəndə Məhəmməd Hüseynov geniş hesabat məruzəsində icra strukturunda yeni olan qurumun fəaliyyəti və görülən işlər barədə ətraflı məlumat verdi.

M.Hüseynov qeyd etdi ki, rayon icra hakimiyyəti başçısının təsdiq etdiyi planına əsasən, ərazi üzrə yaşayış binalarının, mədəniyyət, təhsil, səhiyyə və sosial təyinatlı müəssisələrin, həmçinin dövlət obyektlərinin su, qaz, elektrikistilik enerjisi ilə normal təchizatı üçün xidmət sahələrinin işlərinə, mühəndis-kommunikasiya xətlərinin işlək vəziyyətdə saxlanmasına ciddi nəzarət olunmuşdur. Küçə və meydanların, park və xiyabanların abadlaşdırılması, məhəllədaxili abad həyətlərin salınması, ərazinin sanitar təmizliyinin qorunması üçün müvafiq tədbirlər görülmüş, ərazidə fəaliyyət göstərən mənzil kommunal istismar sahələrinin iştirakı ilə yaşıllıqların salınması məqsədilə vaxtaşırı iməciliklər keçirilmiş, ehtiyac olan yerlərdə gülağac kolları əkilmiş və onların becərilməsi təmin olunmuşdur.

Məruzədə qeyd olundu ki, ötən il rayonda aparılan genişmiqyaslı abadlıq, quruculuq və yenidənqurma işləri çərçivəsində R.Quliyev küçəsindən başlayaraq Ukrayna dairəsinə qədər mərkəzi yolun kənarına yaşıllıq zolaqları salınmışdır. Qeyd olundu ki, ərazi nümayəndəliyi bir-çox ünvanlarda yaşayış binalarının ətrafında zəbt olunmuş sahələrin yöndəmsiz çəpərləri sökülmüş və həmin sahələr abadlaşdırılaraq istirahət üçün sakinlərin istifadəsinə verilmişdir. İməcilik yolu ilə binaların həyətlərində salınmış istirahət guşələri və xiyabanlar sakinlər tərəfindən razılıqla qarşılanır.

Natiq daxil olan ərizə və şikayətlərə vaxtında baxılması, vətəndaşların müraciətlərinə operativ cavab verilməsinin də nümayəndəliyin əsas işlərindən biri olduğunu diqqətə çatdırdı.

Hesabat məruzəsindən sonrakı çıxışlarda bir yaşlı qurumun ötən müddət ərzində səmərəli fəaliyyət göstərdiyi, işini günün tələbləri səviyyəsində qurduğu qeyd edildi və 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin fəaliyyətinin qənaətbəxş qiymətləndirilməsi təklif olundu.

Yığıncaqda çıxış edən Xətai Rayon İcra Hakimiyyətinın başçısı Razim Məmmədov görülən işlərə münasibət bildirərək qeyd etdi ki, ölkə Prezidentinin Bakının rayonlarında bu qurumları yaratmaqda əsas məramı məhz icra hakimiyyəti strukturlarının vətəndaşlara daha yaxın olması, onların qayğılarını operativ və vaxtında həll edilməsini təşkil etmək olmuşdur. Yığıncaqda qeyd olunanlar bir daha göstərdi ki, möhtərəm Prezidentimizin dövlət qurumlarının, xüsusilə icra strukturlarının xalqla sıx təmasda işləməsinə xüsusi diqqət yetirməsinin böyük əhəmiyyəti var.

R.Məmmədov daha sonra dedi: – Burada qeyd olundu ki, ötən müddətdə inzibati ərazidə küçə ticarətinə qarşı mübarizə tədbirləri gücləndirilmiş, müxtəlif dövlət qurumları ilə müntəzəm reydlər keçirilmişdir. Ticarət və iaşə obyektlərində vurulan reklamların ana dilimizdə olması, məhəllələrin abadlaşdırılması və səliqə-sahmanı ilə bağlı tədbirlər görülür. Bu tədbirlər davam etdirilməlidir. Rayonumuzun ərazisində “Bakı-Ağ şəhər” layihəsi həyata keçirilir. Bakı Prezidentimizin diqqət və qayğısı, hətta deyərdim ki, onun qətiyyəti sayəsində dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir. Belə olan halda biz yerli icra hakimiyyəti strukturları da bu ümumi işə öz töhfəmizi verməli, öhdəmizə düşən vəzifələri, dövlət başçısının tövsiyə və tapşırıqlarını vaxtında və yüksək səviyyədə yerinə yetirməliyik.

İcra hakimiyyətinın başçısı yekunda onu da qeyd etdi ki, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin fəaliyyətini və şəraitini yaxşılaşdırmaq üçün inzibati binaların inşasına başlanmışdır və ən yaxın vaxtlarda onların tikintisi başa çatdırılacaq.

 

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2014.- 24 yanvar.- S. 5.