“Bəhlul Əfəndi Behcət: Xanlıq üsyanı”

 

Son vaxtlar 30-cu illərin repressiya qurbanları haqqında əsl həqiqətlərin üzə çıxarılması istiqamətində işlər uğurla davam etdirilir. Taleyi bu xalqın taleyi ilə qırılmaz surətdə bağlı olan Bəhlul Əfəndi Behcət də repressiya qurbanlarındandır. Sovet hakimiyyətinə qarşı cihad elan etmiş mübariz üsyançı, ictimai xadim, məşhur folklorşünas, bir sıra tədqiqatları ilə filologiya elmimizi zənginləşdirən istedadlı alim, tərcüməçi Bəhlul Behcətin həyat və yaradıcılıq yolunun araşdırılması da son illərin tədqiqatlarında əhəmiyyətli yer tutur.

Bu tədqiqatların aparılmasında onun ali ruhani təhsili almış nəvəsi Hacı Həmdullah Əfəndiyevin mühüm xidmətləri olmuşdur. O, Bəhlul Əfəndi haqqında bir neçə kitabın müəllifidir. Bu yaxınlarda isə onun Bəhlul Əfəndi haqqında “Bəhlul Əfəndi Behcət: Xanlıq üsyanı” kitabı işıq üzü görmüşdür.

Əsərdə deyilir: “ Bu kitabda istedadlı bir alimin, mübariz bir insanın müasirlərimizə nümunə ola biləcək taleyindən söhbət açılır. Ədəbi ictimaiyyət bu gün Bəhlul Behcətin adını böyük hörmət və məhəbbətlə yad edir. M. Müşfiq, H. Cavidonlarla klassiklərlə dostluq və əməkdaşlıq etmiş bu istedadlı folklorşünas alimin yaradıcılığının ciddi tədqiq olunmasına bu gün böyük ehtiyac duyulur”.

Kitabda ilkin olaraq Bəhlul Behcət haqqında nəşr olunmuş məqalə və kitablara münasibət bildirilir və göstərilir ki, bu vaxta kimi bu tədqiqatlar pərakəndə şəkildə aparılmış, amma buna baxmayaraq bir sıra müəlliflər onun haqqında qiymətli materiallar ortaya çıxara bilmişlər. Tədqiqatçı Məti Osmanoğlu, jurnalistlərdən Gülməmməd Məmmədzadə, Əmir Hacıyev, Namiq Fərəcov, Lətif Şükür, Hacı Nərimanoğlu, Səbahəddin Eloğlu, professorlar Məhərrəm Qasımlı, Nizaməddin Şəmsizadə və başqalarının müxtəlif dövrlərdə nəşr olunmuş məqalələri barədə burada ətraflı məlumatlar verilmişdir.

Kitabda “Xanlıq üsyanı” adlı xüsusi məqalə verilmişdir. Bu məqaləni Nuru Paşanın sifarişi ilə Mirzə Möhsün bəy yazmışdır. Məqalədə Xanlıq kəndində cihad bayrağı qaldıran Bəhlul Əfəndinin sovet hakimiyyətinə qarşı mübarizəsinin tarixçəsi açıqlanır. Orada deyilir: “Bəhlul Əfəndi Behcət Xanlığa ilk dəfə gələndə Xanlıq camaatı qarşısında cihad bayrağı qaldırmaqda məqsədini bəyan etdi: “Tarixi beşiyimiz olan Zəngəzur, Qarabağonlara bitişik mahallar 12 yüz ildir ki, Azərbaycanın əsas tərkib hissəsidir. Ancaq bu gün özünün bu torpaqda yaşamaq hüququ olmayan, ancaq bu məsələni silah gücünə həll etməyə cəhd göstərən Andranikonun daşnak qoşunları bu torpaqları bizim əlimizdən almaq fikrindədirlər. Onlar bu yolda bütün vasitələrdən istifadə edirlər... Cihad bayrağı qaldırmaqda məqsədimiz doğma torpaqlarımızı düşmənlərdən azad etməkdir. Vətən, din, torpaq, İslam yolunda cihad etmək hər müsəlman üçün böyük şərəfdir”.

Qeyd olunur ki, bolşeviklərin köməyi ilə bu üsyan 24 oktyabr 1922-ci ildə yatırıldı. Bəhlul Əfəndi “Qarabağ tarixi” əsərində bu üsyan haqqında ətraflı bəhs etmişdir. Kitabda Bəhlul Əfəndinin bir filoloqfolklorşünas alim kimi də fəaliyyəti barədə məlumat verilir. Onun şair Nəbati haqqında tədqiqatları, nəşr olunmuş “Sarı Aşığın bayatıları” kitabı ilə bağlı kitabda materiallar vardır. Ancaq o, Bakıda həbs olunanda evindəki qiymətli əlyazmaları yandırılmışdır.

Hacı Həmdullah Əfəndiyevin bu kitabı təkcə Bəhlul Əfəndinin həyat və yaradıcılığı haqqında məlumat vermir. Burada həmçinin XIX əsrin əvvəllərində Azərbaycanın Qarabağ və Zəngəzur bölgələrində baş vermiş ictimai-siyasi hadisələrin geniş mənzərəsi əks olunur.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2014.- 24 yanvar.- S. 6.