“Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə Bakı Dövlət Universiteti arasında memorandum imzalanmışdır

 

Yanvarın 24-də “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə Bakı Dövlət Universiteti   (BDU) arasında “Təhsil, elm və təlim-tədris sahəsində əməkdaşlığa dairmemorandum  imzalanmışdır. Sənəd “Azərsu” ASC-nin  müvafiq ixtisaslı mütəxəssislərlə təmin olunması, işçilərin peşəkarlığının artırılması, təhsil, elm, istehsalat sahələrində qarşılıqlı maraq doğuran əməkdaşlığı nəzərdə tutur.

İmzalanma mərasimində çıxış edən BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Azərbaycanda ilk ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin milli təhsil sisteminin inkişafına verdiyi töhfələrdən danışmış, bu təhsil ocağında tədrisin keyfiyyətinin artırılması, kadr hazırlığı sahəsində qazanılan uğurlardan bəhs etmişdir. Ölkə rəhbərliyi tərəfindən təhsil və istehsalat  müəssisələri arasında əlaqələrin genişləndirilməsinin prioritet elan edildiyini xatırladan rektor “Azərsu” ASC ilə bu sahədə əməkdaşlığı yüksək qiymətləndirmişdir. Qeyd olunmuşdur ki, son illər əhalinin içməli su təchizatının yaxşılaşdırılması, eləcə də kanalizasiya infrastrukturlarının yenidən qurulması istiqamətində mühüm işlər görən “Azərsu” ASC layihələrin icrasında ən son texnologiyaların tətbiqinə üstünlük verir. Rektor ötən il Bakıda keçirilmiş birinci Xəzər beynəlxalq su texnologiyaları sərgi və konfransına  dünyanın 23 ölkəsinin alim və şirkətlərinin qatıldığını tədbirə olan maraqdan irəli gəldiyini diqqətə çatdıraraq konfransın işində  universitet əməkdaşlarının da yüksək səviyyədə təmsil olunduğunu bildirmişdir. Bakı Dövlət Universitetində “Azərsu” ASC-nin  fəaliyyətinə uyğun bir sıra ixtisasların mövcudluğunu bildirən A. Məhərrəmov bunun əməkdaşlıq  baxımdan hər iki tərəf üçün faydalı olacağını vurğulamışdır.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması sahəsində görülən işlər barədə məlumat verərək bildirmişdir ki, hazırda Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də ölkənin 38 şəhər və rayon mərkəzində və 350-yə yaxın kənddə layihələr icra olunur. Natiq bildirmişdir ki, həmin layihələrin icrası nəticəsində ölkə Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Azərbaycan vətəndaşları dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunacaqlar. Həmin  işlərin keyfiyyətlə yerinə yetirilməsi üçün ixtisaslı kadrlara böyük ehtiyac duyulduğunu diqqətə çatdıran Q. Hüseynov “Azərsu” ASC-nin bu baxımdan  Bakı Dövlət Universitetinin imkanlarından maksimum istifadə etmək niyyətində olduğunu bildirmişdir.

“Azərsu” ASC ilə Bakı Dövlət Universiteti arasında  “Təhsil, elm və təlim-tədris sahəsində əməkdaşlığa dairmemorandumu “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov  Bakı Dövlət Universitetinin rektoru akademik Abel Məhərrəmov imzalamışlar. Yeri gəlmişkən, tədbirdə “Azərsu” ASC-nin sədri Qorxmaz HüseynovUniversitetin dostu” mükafatına layiq görülmüşdür.

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2014.- 25 yanvar.- S. 3.