Yarım əsr sözün xidmətində

 

Söz adamı haqqında söz

 

Jurnalist həmkarımız Hafiz Hüseynxanlının 70 illik ömrünün yarım əsri cəmiyyətin işığı, haqqın dayağı sayılan sözün xidmətində keçib. Gözünü dünyaya açandan, ağlı söz kəsəndən sözü hər şeydən ucada görüb.

Hafiz müəllim onun ömür yolunu müəyyən edən bu başlıca amildən söz açaraq deyir:

– Atamın ən yaxın dostları söz adamları idilər. Tez-tez işlədiyi rayonlara gələr, qonağı olardılar. Söhbətləri də həmişə düzlük, mərdlik, milli dəyərlər, şeir-sənət məsələləri üzərində qurulardı.

Elə bu mühit, bu həvəs Hafiz müəllimi təbii bir axarla qəzetçiik aləminə gətirib. Orta məktəbin sonunçu sinfində oxuyanda Beyləqan rayonunda nəşrə başlayan rayonlararası “Yüksəliş” qəzetinə işə qəbul olunub. O günləri qəribə bir kövrəkliklə xatırlayır:

– İmişlidə yaşayırdıq. Rayon qəzetinə gedib-gəlir, yazılar çap etdirirdim. Atamın yaxın dostu olanKommunist” qəzetinin o vaxtkı bölgə müxbiri, istedadlı jurnalist və gözəl ziyalı Qubad Süleymanov yazılarımı bəyənir, məsləhətlərini verir, məni qəzetçiliyə həvəsləndirirdi. İş elə gətirdi ki, o vaxt Azərbaycan KP MK-nın zona qəzetləri yaradıldı və Qubad müəllim Beyləqanda çıxmağa başlayan “Yüksəliş”in  redaktoru təyin olundu. Orta məktəbin son sinfində oxusam da, jurnalist təhsilim olmasa da Süleymanov özünəməxsus cəsarət və qayğıkeşliklə məni qəzetə işə götürdü. O, sonrakı illərdə “Azərbaycan pioneri” və “Azərbaycan gəncləri” qəzetlərində işləməyimə, universitetin jurnalistika fakültəsinin qiyabi şöbəsinə daxil olmağıma çox sevindi.

Uşaq və gənclər mətbuatı Hafiz müəllimin qələminin püxtələşməsində, imzasının respublika miqyasında tanınmasında böyük rol oynayıb. Hərbi xidmət zamanı isə ordu qəzeti ilə əməkaşlıq edib.  Dövlət Teleradiosunun Şimal bğölgəsi üzrə xüsusi müxbiri olmaq  ona kənd həyatını daha yaxından tanımaqda , qələmini püxtələşdirməkdə kömək edib. Jurnalist fəaliyyətinin bu dövründən danışanda Hafiz müəllim Azərbaycanın tanınmış adamları ilə görüşlərini, onlardan hazırladığı müxtəlif səpkili yazılarını şirin xatirələrlə yada salır: Süleyman Rəhimov, Süleyman Rüstəm, Mirzə İbrahimov, Rəsul Rza, Mustafa Topçubaşov, Mehdi Mehdizadə, Aslan Vəzirov... O dövrün əksər sənətkarları, alimləri, qəhrəmanları, ictimai xadimləri, yüksək vəzifə sahibləri ilə müsahiblikdən əlavə, yaxın dostluğu-tanışılığı da olub.

Artıq yetkin jurnalist kimi tanınan Hafiz Hüseynxanlı 1974-cü ildən 4 il “Azərbaycanfilm” Kinostudiyasında  redakorfilm direktoru, 1978-ci ildən Mətbuatda Dövlət Sirlərini Mühafizə edən Baş İdarədə baş redaktor işləyib. Bu illərdə o, yazarların yaddaşında senzordan daha çox, qəzet-jurnallarda, kitablarda milli maraqlarımızın sərbəst ifadə olunmasına “yaşıl işıq” yandıran, qadağan olunmuş məsələlərdən yazılmasına “göz yuman” təəssübkeş ziyaılı kimi qalıb. Bəxtiyar Bahabzadənin, Hüseyn Arifin, Məmməd Arazın, Musa Yaqubun, Fikrət Qocanın, Vaqif Səmədoğlunun, Şahmar Əkbərzadənin, Ramiz Rövşənin və başqa millətsevər şairlərin o illərdə dillərə düşən şeirlərini də ilk oxuculardan biri kimi mətbəə variantında əzbərləyib.

1985-ci ildə paytaxtdakı rahat işini, isti ocağını qoyub Cəbrayıl rayonunda çıxan “Xudafərin”qəzetinə redaktor gedən Hafiz Hüseynxanlı tezliklə yerli ziyalıları başına yığıb rayon rəhbərliyinin qəyyumluğundan yaxa qurtaran,  ətraf bölgələrə, hətta mərkəzə də səs salan bir qəzet buraxmağa nail olub. Həmin illərdə həm də Ali Partiya Məktəbinin qiyabi dinləyicisi olub, rəhbər kadr ixtisası alıb. 1991-ci ildə Bakıya qayıdaraq “Novruz” qəzetində baş redaktor müavini və AzərTAc-da redaktor işləyib. 1994-cü ildən 6 il Dövlət Plan Komitəsində və sonra İqtisadiyyat Nazirliyinində mətbuat katibi olub. Bu arada “Həmrəylik” qəzetinə də rəhbərlik edib. 2000-ci ildə doğma AzərTAc-a qayıdıb, daha 10 il burada çalışıb. 65 yaşında fəaliyyətini gənc davamçılarına tərk edərək təqaüdə çıxıb.

Göründüyü kimi,  Hafiz Hüseynxanlının qələmə, sözə bağlı  yarım əsrlik həyatı  jurnalistikanın bütün  sahələrini əhatə edib. Hər yerdə də vicdanla çalışıb, ümummilli maraqlara xidmət göstərib. Çeşidli kollektivlərdə çoxlu dostlar qazanıb, cəmiyyətdə tanıdıqlarının və onu tanıyıb hörmətini saxlayanların sayı- hesabı yoxdur.  Bilik və bacarığı, zirəkliyi, təmənnasızlığı, cəfakeşliyi, dost-yoldaşa  sədaqəti həmişə  və hər  yerdə ona nüfuz, başucalığı gətirib.

70 yaşın tamamında milli jurnalistikamızın inkişafında xidmətlərinə görə Azərbaycan Mətbuat Şurasının Diplomu ilə təltif olunub. Ömrünün yeddinci onilliyini şərəflə başa vuran Hafiz Hüseynxanlı  yaşından və yaşıdlarından xeyli cavan görünür, gümrah, şükrannikbindir. Bunu məhz həyatının jurnalistikada keçməsi ilə bağlayır.

Dəyərli həmkarımızı,  həmişə haqq sözün keşiyində vicdanla dayanmış  jurnalist dostumuzu ömrün müdriklik məqamı sayılan 70 yaşa çatması münasibətilə təbrik edir, ona möhkəm cansağlığı və mənalı istirahət arzulayırıq!

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2014.- 25 yanvar.- S. 6.