“İçərişəhər” İdarəsində 2013-cü ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir

 

Dünən Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin 2013-cü il üzrə fəaliyyəti barədə hesabat toplantısı keçirilmişdir.

İdarədən APA-ya verilən məlumata görə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev 2013-cü ildə idarənin əsas fəaliyyət istiqamətləri - abidələrin mühafizəsi, “İçərişəhər” və “Qala” qoruqlarının beynəlxalq standartların tələblərinə uyğun olaraq idarə olunması və dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə həyata keçirilmiş işlərdən danışmışdır. Qoruqların tarixi-memarlıq görkəminin qorunmasının milli-mədəni irsimizin təbliğindəki önəmini vurğulayan idarə rəisi bildirmişdir ki, 2013-cü ildə də dünya və ölkə əhəmiyyətli abidələrdə bərpa və konservasiya işləri idarənin əsas prioritetləri kimi qalmışdır. Belə ki, Qız Qalasında 2009-cu ildən başlayan konservasiya işləri tamamlanmış, abidənin daxilində beynəlxalq standartlara cavab verən yeni muzey ekspozisiyası yaradılmışdır.

Ötən ilin uğurları sırasında “İçərişəhər” DTMQİ-ninXarici ölkə tərəfindən ən əhəmiyyətli layihənin reallaşdırılması” nominasiyasında “Mədəni irsin qorunması və onun dəyərinin artırılmasına görə-”Italian Heritage Award" nüfuzlu beynəlxalq mükafata layiq görülməsi xüsusi qeyd edilmişdir. Bundan əlavə, UNESCO tərəfindən İçərişəhərə Şirvanşahlar Sarayı və Qız Qalası ilə birlikdə gücləndirilmiş mühafizə statusu verilmişdir ki, bu da  Azərbaycanın zəngin tarixi-memarlıq irsinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin göstəricisidir.

İclasda daha sonra idarənin tabeliyindəki qurumların rəhbər şəxsləri hesabatla çıxış edərək, öz sahələri üzrə il ərzində görülmüş işlərdən danışmışlar.

Yığıncaqda qarşıda duran vəzifələr ətraflı müzakirə olunmuşdur.

 

Xalq qəzeti.- 2014.- 25 yanvar.- S. 6.