Müstəqillik illərində Azərbaycan iqtisadiyyatının ümumi inkişaf mənzərəsi

 

İki əsrə yaxın müstəmləkə şəraitində yaşayan Azərbaycanda keçən yüzilliyin 70-ci illərində və 80-ci illərinin birinci yarısında ümummilli lider Heydər Əliyevin dərin bilik və zəkası, cəsarətli fəaliyyəti nəticəsində mövcud məhdudiyyətlərin çoxu dəf edilərək respublika iqtisadiyyatının yüksək və hərtərəfli inkişafına nail olundu. Bu hadisə göstərdi ki, müstəmləkə rejiminin yaratdığı hər cür yasaqlara baxmayaraq, nəinki Azərbaycan iqtisadiyyatının artım imkanları böyükdür, hətta o, müstəqil yaşamaq üçün geniş resurs potensialına da malikdir.

Təbii ki, bütün hallarda  ən sahmanlı iqtisadiyyatın yaranması təkmil elmi əsaslara və  düzgün strategiyaya söykənməklə yanaşı, çoxlu vəsait və resurs, uzun vaxt tələb edir. Həm də bu iqtisadi proses əksər hallarda müxtəlif çətinliklərlə üzləşir. Tarixdə belə faktlar çox olub, bəzən ən mükəmməl iqtisadi durum məsuliyyətsiz və səriştəsiz əllərə düşərək sürətlə dağılır. Belə ağır bəla  Azərbaycandan da yan keçməyib. Sovet İttifaqının dağılması ərəfəsində və müstəqilliyin ilk illərində respublika rəhbərliyinin yarıtmaz  fəaliyyəti nəticəsində  Azərbaycan iqtisadiyyatı ciddi tənəzzülə uğradı. 1993-cü ildə 1990-cı ilə nisbətən ÜDM-in orta illik həcmi 4 dəfə azaldı, o cümlədən iqtisadiyyatın əsas sahələri olan sənaye və kənd təsərrüfatının hər birində istehsalın həcmi 2 dəfə aşağı düşdü. Ölkədə yüzlərlə istehsal sahəsi dağıdıldı, ya da fəaliyyətini dayandırdı. Minlərlə insan  öz yerini itirdi, nəticədə onların həyat səviyyəsi fəlakətli dərəcədə pisləşdi.

Heç şübhəsiz, keçən əsrin 70-80-ci illərində Azərbaycanda yaradılan iqtisadi potensial qorunub saxlanılsaydı, o zaman bazar münasibətlərinə keçid çox sürətlə və daha rahat baş tutardı. Lakin təəssüflər olsun ki, vaxtilə böyük çətinliklərlə yaradılmış bu zəngin sərvətin dağıdılması nəticəsində iqtisadiyyatın böhranlı vəziyyətə düşməsi  hər yerdə həyat səviyyəsini iflic etdi, ağır maddi rifah halı hətta əhalinin yüksək təbii artımına da  uzun müddət öz mənfi təsirini göstərdi. Belə ki,  keçən əsrin 70-80-ci illərində  Azərbaycanda iqtisadiyyatın ümumi dirçəlişi dövründə  orta illik təbii artım  98 min nəfər təşkil edirdisə, müstəqilliyin ilk illərində  əhalinin ümumi sayı əvvəlki dövrə nisbətən iki dəfə artsa da bu göstərici 89,5 min nəfərə düşmüşdü.

Xalqın təkidli tələbi ilə ikinci dəfə respublika rəhbərliyinə qayıdan ümummilli lider Heydər Əliyev yaranmış ağır vəziyyətdən çıxış yolunu ictimai-siyasi sabitliyə nail olmaqda və ölkə iqtisadiyyatının təxirəsalınmaz problemlərinin həllində görürdü. Öz qeyri-adi düşüncə və bacarığı ilə ən ağır vaxtlarda belə düzgün qərar qəbul edən ulu öndər bu dəfə də uçuruma yuvarlanmaqda olan iqtisadiyyatın inkişaf istiqamətlərini düzgün müəyyənləşdirdi. Heydər Əliyev dünya iqtisadi həyatındakı mövcud vəziyyəti, beynəlxalq nüfuzlu şirkətlərin iqtisadi maraqlarını, qabaqcıl Avropa ölkələrinin və ABŞ-ın Azərbaycanla əməkdaşlıq etmək meyillərini, habelə qardaş Türkiyənin və həmsərhəd Gürcüstanın imkanlarını nəzərə alaraq respublikada iqtisadiyyatın  uzunmüddətli inkişaf strategiyasını işləyib hazırladı. 1994-cü ilin sentyabrında dünyanın nəhəng şirkətlərinin iştirakı ilə imzalanan “Əsrin müqaviləsi“” Azərbaycan iqtisadiyyatının sürətli inkişafının əsasını qoydu, həm də onun cari problemlərinin həllinə ciddi təkan verdi. Bu layihə əsasında bir sıra müəssisələrin bərpa edilməsi, müstəqil ölkənin inkişafı üçün zəruri olan yeni istehsal sahələrinin yaradılması və neft hasilatının artırılması tezliklə respublika iqtisadiyyatının canlanmasını təmin etdi. Yeri gəlmişkən, ötən ilin sonlarında “Şahdəniz-2” layihəsinə dair sənədlərin imzalanması Azərbaycanın dünyada qaz ölkəsi kimi əhəmiyyətini xeyli artıracaqdır.

Yeni şəraitə uyğun olaraq normativ - hüquqi baza yaradıldı və iqtisadiyyatda genişmiqyaslı islahatlar və özəlləşdirmə proqramları həyata keçirildi. Torpaq islahatları nəticəsində fermer təsərrüfatları sistemi formalaşdırıldı, əkin sahələrinin qismən bərpası təmin edildi, nəticədə bir sıra sahələrdə (taxılçılıq, meyvəçilik, tərəvəzçilik, bostan məhsulları və s.) əvvəlki yüksək yığım səviyyələrindən də artıq məhsul istehsal edildi. Nəqliyyatda, tikintidə, xidmət sahələrində özəlləşdirmənin nəticələri istehsalın həcmini xeyli artırmaqla yanaşı, əhalinin məşğulluq səviyyəsini də  yüksəltdi. Maliyyə, pul - kredit siyasəti, vergigömrük əməliyyatlarının bazar iqtisadi sisteminə uyğunlaşdırılması iqtisadiyyatın təkmilləşdirilməsinə  səbəb oldu, ölkədə  sahibkarlıq fəaliyyəti daha da genişləndi.

Beynəlxalq iqtisadi əməkdaşlıq Azərbaycanda məhsuldar qüvvələrin ən vacib inkişaf amillərindən birinə çevrildi. Nəticədə 1993-2002-ci illərdə bütün maliyyə mənbələri hesabına Azərbaycanın sosial-iqtisadi inkişafına 8,2 milyard manat (yəni 36,3 dəfə çox) əsas vəsait qoyuldu ki, bunun da 62 faizə qədəri qeyri-dövlət mülkiyyətində olan qurumların payına düşürdü. Son dərəcə mürəkkəb ictimai-siyasi daxilixarici şəraitdə Azərbaycan iqtisadiyyatının  inkişafına böyük həcmdə investisyaların cəlb edilməsi ölkə rəhbərliyinin düşünülmüş fəaliyyətinin parlaq qələbəsi idi.

Beləliklə,  qısa zaman kəsiyində, yəni 90-cı illərin ikinci yarısından respublika iqtisadiyyatında geriləmə prosesi dayandırıldı və onun müntəzəm artım meyli başladı. Nəticədə 1996-2002-ci illərdə ölkədə ümumi daxili məhsul 1,7 dəfə, o cümlədən sənaye istehsalı 1,2 dəfədən çox, təxminən bir o qədər də kənd təsərrüfatı  məhsulu istehsal edildi.  Azərbaycanın ümumi gəlirləri  1993-cü ilə nisbətən 2002-ci ildə 85 dəfə çoxaldı, onun xərclərində sosial müdafiə və sosial təminat 1993-cü ildəki 8,5 faizdən 2002-ci ildə 20,4 faizə qaldırıldı. Qısa müddətdə (1995-2002-ci illər) orta aylıq əməkhaqqı 5 dəfədən çox artırıldı. Əhalinin rifahının ilbəil yaxşılaşmasının ən yaxşı göstəricilərindən biri ondan ibarət oldu ki, artıq yeni əsrin əvvəllərində respublikada 400 mindən artıq şəxsi minik avtomobili və 250 mindən çox mobil telefon əhalinin istifadəsində idi. Ümumiyyətlə,  ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi ikinci dövr tarixə dağıdılmış iqtisadiyyatın bərpası, yenidənqurulması və dirçəldilməsi mərhələsi kimi daxil oldu. Bu mərhələnin başlıca mahiyyəti ondan ibarətdir ki, ölkənin gələcək güclü inkişafı üçün elmi əsaslara  söykənən, dərin düşünülmüş inkişaf strategiyasının gerçəklənməsini təmin edən möhkəm zəmin yaradıldı.

Sarsılmaz siyasi iradə və böyük bacarıqla ölkə Prezidenti cənab İlham Əliyev bu sınanılmış sosial-iqtisadi inkişaf istiqamətini uğurla davam etdirdi. Bu mərhələnin inkişafı üçün əvvəldə qeyd etdiyimiz kimi, möhkəm təməl yaradılmışdı. Bakı-Tbilisi-Ceyhan əsas neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin işə salınması Azərbaycanın iqtisadi inkişaf imkanlarını xeyli artırdı. Yanacaq resurslarının çıxarılmasının dəfələrlə artması (neft hasilatının 2010-cu ildə 1990-cı ilə nisbətən 4 dəfədən çox artırılaraq 50,8 milyon tona, qaz hasilatının isə 2,7 dəfə artırılaraq 26,3 milyard kubmetrə çatdırılması) Azərbaycanın  maliyyə imkanlarını xeyli genişləndirdi.

Həm də neft amili Azərbaycanın iqtisadi qüdrətini artırmaqla bərabər, qeyri-neft sektorunun inkişafını da təmin etdi. Əsas diqqət paytaxtın hüdudlarından kənarda yeni istehsal və xidmət sahələrinin yaradılmasına yönəldildi. Ölkə Prezidenti cənab İlham Əliyevin respublika rəhbərliyinə başladığı ilk günlərdə məhsuldar qüvvələrin sürətli artımını nəzərdə tutan 2004-2008-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı haqqında sərəncam imzaladı. 2009-cu ilin aprelində isə  regionların sosial-iqtisadi inkişafı haqqında ikinci Dövlət Proqramı qəbul olundu. Bundan başqa, ölkə başçısı tərəfindən  ayrı-ayrı regionların inkişafı ilə əlaqədar onlarca əlavə sərəncamlar imzalandı.

Regionlarda həyata keçirilən tədbirlərin əsas məqsədi yerlərdə iqtisadiyyatın mühüm sahələrinin inkişafı üçün  zəruri infrastrukturun yaradılması və əhalinin rahat yaşaması üçün əlverişli sosial şəraitin təmin edilməsi idi. Bu gün böyük fərəhlə deyə bilərik ki, birinciikinci dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin reallaşması nəticəsində respublikanın bütün rayonları yenidən qurularaq abadlaşdırılmış, elektrikləşdirmə işləri başa çatdırılmış, ən ucqar dağ kəndlərinin qazlaşdırılması işləri isə yekunlaşmaq üzrədir. Hazırda avtomobil yolları genişləndirilir, qəsəbələr və kəndlərarası yeni yollar salınır, onlarca təzə məktəb binaları, səhiyyə ocaqları, mədəniyyət mərkəzləri və idman kompleksləri tikilir və təmir edilir.

Regionların tükənməz sərvəti olan turizmin, xüsusilə beynəlxalq turizmin inkişafı üçün Bakı, Gəncə və Naxçıvan hava limanları müasirləşdirilməklə yanaşı,  Lənkəranda, Zaqatalada, Qəbələ və Yevlaxda dünya standartlarına tam cavab verən  yeni hava limanları tikilib istifadəyə verilmişdir.Bu dövrdə Azərbaycanın iqtisadi inkişafının ən böyük nailiyyətlərindən birimüasir iri müəssisələri olan mühüm hərbi sənaye kompleksinin yaradılmasıdır.

XXI əsrin birinci onilliyində Azərbaycanda keçid dövrü uğurla başa çatdırıldı. Bazar iqtisadi münasibətlərinin tam formalaşması və milli sahibkarlıq fəaliyyətinin geniş vüsət alması regionlarda qeyri-neft sektorunun çoxşaxəli inkişafını sürətləndirdi. Məhz yanacaq sənayesi ilə yanaşı, qeyri-neft sektorunun da güclü inkişafının nəticəsidir ki, son on ildə iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün əsas kapitala 84  milyard manat, o cümlədən qeyri-neft sektorunun inkişafına 52,1 milyard manat (11,1 dəfə çox) vəsait qoyulmuşdur, Azərbaycan iqtisadiyyatı 3,4 dəfə, ölkə büdcəsi və onun xərcləri 20 dəfə artmışdır, təqribən 3 dəfəyə yaxın artan valyuta ehtiyatları indi artıq 50 milyard dollara yaxındır. Ölkədə 14 elektrik stansiyası, 7 aeroport, 726  kilometr uzunluğunda yeni avtomobil yolları tikilmişdirs.

Çox əlamətdardır ki, zəruri infrastruktur sahələrinin regionlarda güclü inkişafı hesabına qeyri-neft sektorunun sənaye istehsalı istiqamətləri onların böyük əksəriyyətinin yüksək səviyyədə sənayeləşməsinə güclü təkan vermişdir. Keçən 10 ildə respublikanın regionlarında qara və əlvan metallurgiyanın, maşınqayırmanın, tikinti, yüngülyeyinti sənayesi sahələrinin fəaliyyətdə olan 120-dən artıq mühüm müəssisəsi yaradılmışdır. Onlardan Gəncə alüminium kompleksini, Gədəbəy qızıl-misçıxarma və emalı zavodunu, Qəbələ liftpiano zavodlarını, Naxçıvan və Ağstafa sement zavodlarını, Naxçıvan avtomobil zavodunu, yerli elektrik enerjisi istehsalında əhəmiyyətli rol oynayan Astara, Şəki, Şamaxı, Quba, “Şahdağ”, Naxçıvan, Şirvan elektrik stansiyalarını, Füzuli, Biləv, Arpaçay, Taxtakörpü su elektrik stansiyalarını və s. göstərmək olar.

Beləliklə, müstəqillik dövründə dövlətin iqtisadi inkişaf sahəsində müəyyən etdiyi hədəflərdən biri olan qeyri-neft sektorunun yüksək inkişafını təmin etmək vəzifəsi inamla həyata keçirilir. Nəhayət, bu gün böyük iftixarla deyə bilərik ki, son zamanlar iqtisadiyyatımızın ümumi artımı 5-6 faiz olduğu halda, qeyri-neft sektorunda artım 10 faiz, bəzən daha çox olur. Azərbaycanın hərtərəfli inkişafının nəticəsidir ki, ölkə iqtisadiyyatına yönəldilən daxili investesiyalar xarici investesiyaları üstələyir. Bu o deməkdir ki, ölkə özünə zəruri olan istehsal sahələrini vaxtında və daha səmərəli şəkildə inkişaf etdirmək imkanı qazanır. Daxili investisiyaların əsas kapitala yönəldilmiş vəsaitinin həcmi 12,3  dəfə artaraq 52,1 milyard manat təşkil etmişdir.

Azərbaycanda iqtisadi potensialın hazırkı yüksək səviyyəsi sənayedə daha təkmil inkişaf meyllərinə şərait yaradır. Bunlardan ən mütərəqqisi ölkə ərazisinin müxtəlif hissələrində texnoparkların yaradılmasıdır. Qaradağ rayonunda Gəmiqayırma zavodunun açılış mərasimində ölkə başçısı İlham Əliyev demişdir: “Mən əvvəlki çıxışlarımda da qeyd etmişəm ki, Azərbaycanın bir neçə əsas sənaye mərkəzi olmalıdır. Bakının Qaradağ rayonu, Gəncə, Sumqayıt və Mingəçevir şəhərləri. Əlbəttə ki, digər şəhər və rayonlarımızda da sənaye işləri gedəcəkdir....”

Bu sənaye mərkəzlərində iri müəssisələr səmərəli fəaliyyət göstərməklə istehsalın müvafiq ərazi hissələrinin ümumi sosial-iqtisadi inkişafının həlledici amillərindən birini təşkil edir. Hazırda iri sənaye mərkəzlərinin Şirvanda, Naxçıvanda və digər şəhərlərdə də yaradılması istiqamətində ciddi tədbirlər görülür.

Müstəqilliyin ilk illərindən həmişə öz dinamikliyi ilə seçilən kənd təsərrüfatı hazırda inkişafının yüksək zirvəsinə qalxmışdır. Onun maddi-texniki bazasının möhkəmləndirilməsi, suvarma sisteminin genişləndirilməsi, heyvandarlığın yem təchizatının və mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, ümumiyyətlə, əkinçilik mədəniyyətinin yüksəldilməsi istiqamətində aparılan tədbirlər nəticəsində Azərbaycanda əsas kənd təsərrüfatı məhsulları üzrə (taxıl, şəkər çuğunduru, kartof, tərəvəz, bostan məhsulları, meyvə, ət, süd, yumurta, un) istehsal həcmi rekord  səviyyəyə qaldırılmış və ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm nailiyyətlər əldə edilmişdir.

İqtisadiyyatın durmadan davamlı artımı nəticəsində əhalinin maddi rifahının da yaxşılaşması davam edir. Son 10 il ərzində pensiyalar 9 dəfə, əhalinin orta əməkhaqqı 6 dəfədən çox artmışdır. Hazırda əhalinin orta aylıq nominal əməkhaqqı 423 manat olmaqla, onun intellektual səviyyəsi xeyli yüksəlmiş və mədəni-məişət şəraiti yaxşılaşmışdır. Hazırda ölkədə minik avtomobillərinin sayı bir milyondan çoxdur və hər 100 ailəyə 46-dan çox minik avtomobili düşür. Eyni vəziyyəti mobil telefonlar barəsində də demək olar. Ölkədə hazırda mobil telefon nömrələrinin sayı 10 milyondan artıqdır.

Ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşmasının çox vacib yekunlaşdırıcı göstəricilərindən biri kimi əhalinin ümumi sayının artımı da xüsusi qeyd olunmalıdır. Respublikada 2002-2013-cü illərdə əhalinin sayı 1087,3 min nəfər və ya orta illik artım 112 min nəfər olmuşdir ki, bu da 1990-2000-ci illərlə müqayisədə 1,4 dəfə çoxdur. Respublikada əhalinin çoxalması, əsasən, onun təbii artımının aşağı düşməsi meylinin qarşısının alınması və yüksələn xətlə çoxalması hesabına təmin edilmişdir. Əhalinin illik təbii artımı 2003-cü ildəki 64,5 mindən 2013-cü ildə 119,5 minə qalxmış və ya təqribən 1,9 dəfə artmışdır. Həm də  bu artım bütün iqtisadi regionlar üçün səciyyəvi olmuşdur. Bütövlükdə təbii artım əksər regionlarda 2 dəfə və daha  çox təşkil etmişdir.

Təqdirəlayiq haldır ki, bütün regionlarda sosial-iqtisadi həyatın yaxşılaşması, xüsusən yeni yerlərinin açılması nəticəsində əhali əsasən doğulduğu məkanda məskunlaşır. Bu da, ilk növbədə, onların paytaxt da daxil olmaqla Abşeron iqtisadi regionuna kütləvi axınının qarşısını alır. Nəticədə respublikada  yüksək artıma baxmayaraq, Abşeron iqtisadi regionu sakinlərinin sayı ümumi ölkə əhalisinin tərkibində 1990-cı ildəki 30,1 faizdən 2012-ci ildə 28,7  faizə enmişdir. Həmin dövr ərzində bu iqtisadi regionda təbii artım hesabına əhalinin sayı 25,3 faiz çoxalmışdır.

Dünyanı cənginə almış və ağır fəsadlara səbəb olmuş maliyyə böhranı şəraitində Azərbaycanın iqtisadi uğurları beynəlxalq aləmin diqqətini cəlb etmişdir. Neçə illərdir ki, etibarlı beynəlxalq reytinq agentlikləri, qabaqcıl ölkələr, nüfuzlu maliyyə mərkəzləri Azərbaycanda gedən iqtisadi inkişafı yüksək qiymətləndirirlər. Dünya İqtisadi Forumunun  son reytinq cədvəlində Azərbaycan 7 pillə irəliləyərək 148 ölkə arasında 39-cu yerə qalxmışdır. Belə beynəlxalq qiymətləndirmələr həddən artıq çoxdur, sadəcə olaraq xüsusi tədqiqatlar aparıb onları ümumiləşdirmək lazımdır.

Müstəqil Azərbaycan dövlətinin çox möhtəşəm inkişafı hələ qabaqdadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev prezident seçkilərinin ilkin nəticələri ilə bağlı xalqa müraciətində demişdir: “...Azərbaycanın çox möhtəşəm inkişafı hələ qabaqdadır... . Azərbaycan bundan sonra da inamlı inkişaf yolu ilə gedəcək, beynəlxalq müstəvidə öz yerini möhkəmləndirəcəkdir və bütün beynəlxalq təşəbbüslər Azərbaycan xalqının maraqlarını müdafiə edəcəkdir... Sahibkarlığın inkişafı ilə bağlı siyasətimiz davam etdiriləcəkdir. Bütün istiqamətlər - yeni yerlərinin açılması, yoxsulluğun, işsizliyin azaldılması, idxalın əvəz olunması üzrə bizim konkret proqramlarımız vardır.

Növbəti illərdə biz bütün bu istiqamətlər - iqtisadi islahatlar, sosial siyasət, enerji siyasəti, xarici siyasət üzrə ancaqancaq irəliyə gedəcəyik. Biz daha da güclü Azərbaycan, daha da güclü dövlət quracağıq ki, bu dövlətdə hər bir vətəndaş özünü rahat hiss etsin, sülh, əmin-amanlıq şəraitində yaşasın...".  Bu möhtəşəm inkişafın artıq etibarlı təməli qoyulmuşdur. Ölkə başçısı cənab İlham Əliyevin imzaladığı “Azərbaycan 2020: gələcəyə baxış” konsepsiyası respublikanın qarşısında duran problemlərin ardıcıl olaraq həyata keçirilməsini təmin edəcəkdir. Bu dövr ərzində Azərbaycan iqtisadiyyatının həcmi 2 dəfədən çox artacaqdır. Qeyri-neft sektoruun şaxələndirilməsi davam edəcək, ölkənin sənaye potensialını gücləndirmək məqsədilə onun imkanlarına və tələblərinə uyğun mühüm sənaye sahələrinin inkişafı təmin ediləcəkdir.

Yeni əkin sahələrinin mənimsənilməsi və iri fermer təsərrüfatlarının yaradılması hesabına bütün əsas kənd təsərrüfatı məhsulları artırılacaq və  yerli istehsal hesabına ölkənin ərzaq təhlükəsizliyi təmin olunacaqdır. Nəqliyyat vasitələrinin zəruri inkişafı təmin ediləcək, xüsusən yaşayış məntəqələri arasında avtomobil yolları genişləndiriləcək və müasirləşdiriləcəkdir. Kosmosa ikinci Azərbaycan peykinin buraxılması ilə informasiya-kommunikasiya texnologiyalarının əhatə dairəsi xeyli genişləndiriləcəkdir.

Ölkədə turizmin inkişafı istiqamətində tədbirlər davam etdiriləcəkdir. Mütəxəssislərin qənaətinə görə, Azərbaycanda turizmin imkanlarının dolğun və səmərəli istifadəsi nəticəsində əhalinin məğqulluğunun 10 faizə qədəri bu sahənin hesabına təmin edilə bilər. Yeni, 2014-2018-ci illəri əhatə edəcək regionların üçüncü sosial-iqtisadi inkişafı dövlət Proqramı onların tarazlı inkişafında böyük dönüş mərhələsi olacaqdır. Xüsusən, regionların sənayeləşməsinin səviyyəsi xeyli yüksələcək, əhalinin rifahı daha da yaxşılaşacaq, məşğulluq səviyyəsi xeyli artacaq, yoxsulluq, demək olar ki, tam aradan qaldırılacaqdır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikilməsinin başa çatması ilə Azərbaycanın beynəlxalq iqtisadi əməkdaşlığı daha da genişlənəcək. Yeri gəlmişkən, dövlət başçısı İlham Əliyevin məlum sərəncamı ilə 2014-cü ilin Azərbaycanda “Sənaye ilielan edilməsi ölkəmizin iqtisadi qüdrətinin bir qədər də artıracaq. Bütün bunların nəticəsində isə Azərbaycan dünyanın inkişaf etmiş qabaqcıl ölkələrinin səviyyəsinə qalxacaqdır.

 

 

Asəf NADİROV, akademik

 

Xalq qəzeti.- 2014.- 28 yanvar.- S. 3.