İstiqlalımızı qorumağa çağırış

 

Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, görkəmli dövlət xadimi, publisist Məmməd Əmin Rəsulzadənin 130 illik yubileyi respublikamızda yüksək səviyyədə qeyd edilir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü il noyabrın 22-də imzaladığı sərəncama əsasən baş tutan bu tədbirlərdə bir daha qeyd olunur ki, Məmməd Əmin Rəsulzadə xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadimdir. Onu da deyək ki, bu tədbirlər Mədəniyyət və Turizm Nazirliyi, Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən M.Ə.Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi ilə bağlı hazırlanmış tədbirlər planı çərçivəsində baş tutur. Bu çərçivədə professor Şirməmməd Hüseynovun tərtib etdiyi M.Ə.Rəsulzadənin seçilmiş əsərlərindən ibarət çoxcildliyin nəşri də nəzərdə tutulur.

Şirməmməd müəllimin araşdırmaları arasında görkəmli dövlət xadimipublisistin Birlik lazımdır sərlövhəli məqaləsi də yer alıb. Professor bu məqalənin yazılmasına səbəb olan hadisəni belə izah edir ki, Sovet Rusiyası tərəfindən Azərbaycanın işğalına başlanan gün, yəni 1920-ci il aprelin 27-də Azərbaycan parlamentinin təcili fövqəladə axşam iclasında milli istiqlal hərəkatının lideriideoloqu, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması işinə başçılıq etmiş Müsavat Partiyasının başqanı M.Ə.Rəsulzadə hakimiyyətin kommunistlərə verilməsi ilə əlaqədar son sözündə deyirdi: Bizim fraksiyamız təslim olmağın əleyhinədir. Fəqət, firqələrin əksəriyyətinin tələbinə görə və cəmaətimizin arasında daxili müharibə salmamaq üçün və əlavə, bugünki kommunist firqəsinin müstəqilliyimizi müdafiə edəcəklərini nəzərə alaraq bütün ixtiyarın onlara verilməsinin tərəfdarıyam, bu şərtlə ki, kommunistlər istiqlaliyyət, millət və məmləkətimizi layiqincə müdafiə etsinlər. Əgər bunlara əməl olunmazsa ixtiyarımızı geri alaraq həqqimizi özümüzdə saxlayacağıq.

Aprelin 28-də Azərbaycan qəzetinin sonuncu - 85-ci (443-cü) nömrəsində M.Ə.Rəsulzadənin Vətənində də sonuncu məqaləsi işıq üzü görmüşdü. Bu, Birlik lazımdır sərlövhəli dövrün və keçilən istiqlal hərəkatı yolunun qısa elmi təhlili və gələcək vəzifələrə həsr olunmuş məqalə idi. Bu günümüz və gələcəyimiz üçünböyük tarixi dəyərini nəzərə alaraq onu Xalq qəzetinin oxucularına təqdim edirik.

 

Birlik lazımdır

 

Bulunduğumuz vəziyyətin, keçirdigimiz dəmlərin ciddiyyət və məsuliyyəti hər zamandan daha ziyadə bizi tənbeh etməsi birtərəfdə, aramızdakı cərəyanların salim və əmin bir istiqamətdə durmamaları digər tərəfdə, artıq hər birimiz üçün bir şüarı, bir vəzifəyi bütün əhəmiyyəti ilə bərabər təlqin ediyor: Birlik lazımdır!

Tarix müşkül vəziyyətləri, möhlik (təhlükəli-red.) dəmləri hər zaman təkrar etmiş və hər təkrarda millətlərə bir təcrübə və təcrübə ilə bərabər həqiqi bir vəzifəyi də əmr eləmişdir.

Bir millətin hali-rəşadətdə olduğu bir cəmaətin müqtədir və vəzifəşünas bulunduğu o zaman məlum olur ki, o millət mucibi-tənqiddəmlərdə əql və mühakiməsini itirmədən müəyyən bir yol ilə səlamət və istiqbalına təmas edən məsələlərə hakim oluyor.

Macəraçuluğun nəticədə daima müvəffəqiyyətsizlik və peşimançılıq hüsula gətirdigi bizim bu Rusiya dövri-inqilabında bizzat öz həyatımızda dəxi görüb bildigimiz bir həqiqətdir.

Macəraçuluğa bir siyasət xəyalda, əməldə nə qədər dadlı olsa, nə dərəcə cazib bulunsa da həqiqətdə bir çox acılıqları, bir çox xəsaratlıqları mucibdir ki, bir məmləkətin və bilxassə bizim kibi yeni və gənc bir dövlətin həyat və istiqbalına ancaq mənfi bir təsir yapar.

Bu gün bizə bir Şimal təhlükəsi bütün vüzuhilə vardır. Bu təhlükənin faidəsini təsəvvür edənlər, bu təhlükədən istifadə etməyi düşünənlər bugünkü millətlər siyasətinin, dövlətlər ahənginin həqiqi simasına az vaqif olan, gərək əqldə, gərəksə məntiq cəhətincə zəif bulunduqlarındandır ki, iştə biz bunlara da bütün səmimiyyət və ciddiyyətimizlə deyiriz: Birlik lazımdır! Birligimiz bir qüvvət, bir müdafiə sipəri meydana çıxara biləcəyi halda birliksiz, bərabərsizlik zəifiyyət, ricətdən başqa bir nəticə hüsula gətirəməz.

Bütün siyasi firqələr Müsavat, İttihadSosialist, Əhrar və hər əqlli-başlı, siyasətdən, zamandan xəbərdar şəxslər şimdi möhkəm bir qalahasar kimi cəmaət və məmləkəti əhatə etməli bir şüar, bir fikir, bir vəzifə ilə də hökumətimizə pişrov olmalıdır.

Bugünki vəziyyət bizim üçün bir müdafiə vəziyyətidir. Bu müdafiə nə qədər intizam və qaidə ilə, nə dərəcə inzibatintizam ilə olursa, o qədər də halistiqlaldan əmin qala biləriz.

Şimdi hər vətəndaş kəndi bacara biləcəgi vəzifə ilə müttəhid bir qüvvət halında hazırlanmalı və hökumətimizin bütün əmrlərinə, bütün qərarlarına riayət edərək bir müdafe halında gözükməlidir. Biz əminiz ki, bu birliklə bugünki vəziyyətdən biz zərərsiz, xəsarətsiz çıxa bilər və istiqlal tariximizin bugünki səhifəsini də qurtarıb yolumuzda iləriləriz.

İstiqlal tarixi filhəqiqə bizə bir çox müzahim (çətinləşdirici-red.) və müşkülatı çıxardı. Fəqət hər bir zamanda biz bu müzahim və müşkülatı iqtisam etdik (paylaşırıq-red.). Yenə yüksələn bir bayrağı göz bəbəgi kimi, hifz edilən istiqlalı aslan kimi mühafizə və müdafiə etdik; bizim qüvvətimiz həqqimizdir. Həqq yoluna imanımız istiqlalımızda ən baş bir şüarı olduğu kibi bütün müvəffəqiyyətlərimizin də bir ələmdarıdır.

Bu cəhətlə şimdi hər vətəndaş vəzifə başına şitab etməli (tələsməli-red.), vəzifəsinə sadiq qalan vətəndaşın istiqlal və Vətənə də müdafexadim ola biləcəyini iman etməlidir.

İman, iman! İştə bu günün ən qüvvətli müdafei, ən qüvvətli amili budur.

Əvvəlbaəvvəl məmləkətimiz daxilində asayiş və intizamı xələldar edəcək ünsürlərə qarşı Vətənini sevən hər azərbaycanlı təyəqqüz (gözüaçıq-red.) durmalıdır ki, daxildə kiçik bir intizamsızlığın xaricdəki əhvala əksi bir təsiri yapması məmuldur (arzu edilən-red.).

Qalayı daxildən zəbt edərlər deyərlər. Filhəqiqə qalanın daxili hər zaman hər dürlü hiylə və intriqalara bir zəmin olur. Qalayı daxildə haman mühafizə etməklədir ki, bugünki vəziyyətimizi lehimizə çevirə biləriz. Bizim qalanın ən çox zərərverici ünsürləri macəraçular, macəraçuluq olduğuna görə bittəbii əvvəl baəvvəl bunlardan təhəffüz etməlidir (qorunmalıdır-red.). Binaənileyh bütün vətəndaşlar sükunintizamla bərabər bir şüar ilə də amal olmalıdır ki, o da: Birlik! Birlik!

 

Rauf KƏNGƏRLİ

 

Xalq qəzeti.- 2014.- 28 yanvar.- S. 4.