Ölkə mediasının həyatında Mətbuat Şurasının rolu artır

 

Azərbaycan Mətbuat Şurasının 2013-cü ildə gördüyü işlərə dair hesabat İdarə Heyətinin geniş iclasında açıqlandı. MŞ sədri Əflatun Amaşovun məruzəsində və şura komissiyaları sədrlərinin məlumatlarında son 1 ildə həyata keçirilmiş layihələr, medianın özünütənzimləməsi, ictimaiyyətlə və dövlət orqanları ilə əlaqə sahəsində görülmüş işlər bərədə KİV təmsilçilərinə ətraflı məlumat verildi.

Mətbuat Şurasının sədri Əflatun Amaşov hesabatı açıqlayaraq bildirdi ki,  ötən il rəhbərlik etdiyi quruma, ümumilikdə, 610 müraciət daxil olub. Bunun 423-ü bilavasitə Kütləvi İnformasiya Vasitələrində gedən materiallardan şikayətlərdir. 192 müraciət ayrı-ayrı vətəndaşlardan, 123-ü dövlət idarə, müəssisə və təşkilatlarının təmsilçilərindən, 56-sı özəl müəssisələrdən, 21-i ictimai qurumlardan, 19-u isə siyasi partiyalardandır. Şikayətlərin 241-i katiblikdə həllini tapıb, 182-nə isə komissiyalarda baxılıb. Bunlardan 105-i şikayətlər, 48-i reket jurnalistikaya qarşı mübarizə, 8-i mətbuatla dövlət qurumları arasında problemlərin həlli, 11-i internet media resursları, 10-u sosial-iqtisadi komissiyalarda araşdırılıb. Şuranın İdarə Heyəti 2013-cü ildə, ümumilikdə, 17 qərar çıxarıb, ayrı-ayrı KİV-lərlə bağlı  xəbərdarlıq edilib. 10 qərarda KİV-lərə peşə prinsiplərinə etinasızlıqdan  nəticə çıxarmaq tövsiyə olunub. 2 qərarda cavabdeh nəşrin adı “qara  siyahı”ya salınıb.

Mətbuat Şurasının 2013-cü ildə növbəti fəaliyyət istiqaməti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı əsasında jurnalistlər üçün inşa edilmiş yaşayış binasındakı mənzillərin sahiblərinin müəyyənləşdirilməsi prosesində iştirakdır. Bu, Azərbaycan dövlətinin şuraya göstərdiyi böyük etimad kimi dəyərləndirilir. Mətbuat Şurası iyun ayında 237 namizədin adını Prezident Administrasiyasına təqdim etdi. Redaksiyaların təqdim etdiyi jurnalistlərin ümumi sayı 143, fərdi müraciət sahiblərinin sayı isə 94 nəfər oldu. İyul ayının 22-də, ümumilikdə, 156 jurnalist mənzillə təmin olundu.

Sonra Ə.Amaşov ötən il Azərbaycan jurnalistlərinin VI qurultayının keçirilməsi, şuranın İdarə Heyətinin yenidən seçilməsi, qurumun Nizamnaməsinə edilən dəyişiklik, Milli Mətbuat Gününün təntənə ilə qeyd edilməsi ilə bağlı gerçəkləşdirilən tədbirlər barədə məlumat verdi. MŞ sədri bildirdi ki, qurumun növbəti fəaliyyət istiqaməti jurnalist hüquqları ilə bağlı olub. O bu baxımdan aksiyalar zamanı KİV təmsilçilərinin peşə fəaliyyətlərini yerinə yetirmələrinin monitorinqinin aparıldığını, ayrı-ayrı jurnalistlərlə əlaqədar təşkilatlara müraciətlər ünvanlandığını, 9 oktyabr prezident seçkisini maneəsiz işıqlandırmaq üçün müvafiq şəraitin yaradıldığını vurğuladı.

Mətbuat Şurası sədri rəhbərlik etdiyi qurumun 2013-cü ildə qəzetlərin yayımı sahəsindəki problemlərin aradan qaldırılması istiqamətində intensiv apardığını da diqqətə çatdırdı. Qurumun bu məqsədlə ayrıca komissiyası yaradılıb, müvafiq araşdırmalar aparılıb və yekunlar ölkə rəhbəriyinə təqdim olunub. Noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin “Jurnalistlərin dostu” mükafatının təqdim edilməsi mərasimində səslənmiş təkliflərdən söz açan Ə.Amaşov MŞ-nin bunlarla bağlı araşdırmalar apardığını söylədi. MŞ sədri yeni layihələr, xarici səfərlər, müsabiqələr və s. istiqamətlərlə bağlı da geniş məlumat verdi.

MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədri Yusif Kərimov  şuranın ötənilki fəaliyyətinin kifayət qədər məhsuldar olduğunu vurğulayaraq, qurumun ömrünü-gününü jurnalistikaya həsr etmiş insanları  unutmadığını da  diqqətə çatdırdı. O, yaşlı qələm adamlarının mövcud qayğılarının həlli ilə bağlı işlərin səmərəliliyini artırmaq üçün müvafiq təkliflər planının hazırlandığını bildirdi.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, MŞ İdarə Heyətinin üzvü  Vüqar Səfərli bildirdi ki, ötən illərlə müqayisədə şikayətlərin sayının azalması şuranın mexanizminin səmərəliyindən  xəbər verir.  Lakin reket jurnalistika ilə mübarizə daha da intensivləşdirilməlidir. Jurnalistlərin təlimlərə cəlb edilməsinə, onların peşəkarlıqlarının artırılmasına dəstək göstərilməsi də zəruridir.

Qurumun 2013-cü ildəki fəaliyyətini müsbət dəyərləndirən MŞ İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Aqil Abbas internet medianın durumuna da toxundu. O, mövcud sahədə bir sıra problemlərin qaldığına baxmayaraq, seçilən internet media resurslarının mövcudluğunu söylədi. O əlavə etdi ki, həmin resurslara da ənənəvi media vasitələri kimi dövlət tərəfindən maliyyə dəstəyi göstərilə bilər.

MŞ İdarə Heyətinin üzvü, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas şuranın hesabatının kifayət qədər əhatəli hazırlandığını, medianın bütün spektrini əhatə edən tənzimləyici tədbirlərin gərəkliyini, jurnalistlərin peşə prinsiplərinə riayət etmələri istiqamətində ardıcıl aparılmasının zəruriliyini söylədi. Baş redaktor onu da bildirdi ki, jurnalistlərin həmkarlar ittifaqı qurumu tezliklə işlək hala gətirilməlidir.

MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirdi ki, 2012-ci illə müqayisədə ötən il şuraya daxil olan şikayətlərdə azalmanın müşahidə edilməsinə baxmayaraq, mövcud sahədə tənzimləməyə daha ciddi diqqət ayırmaq, internet mediaya həssas yanaşmaq zəruridir. Belə  media vasitələrinin sayı artır və bu sahəyə qeyri-peşəkarların da axını güclənir. Nəticə etibarilə neqativ halların şahidi oluruq. Mətbuat Şurasının sistemli işi gələcəkdə bununla bağlı müsbət nəticələrin əldə edilməsində həlledici rol oynayacaqdır.  İl ərzində reket jurnalistikaya qarşı mübarizə komissiyası ilə yanaşı, apellyasiya qrupu da  fəaliyyət göstərib. Qrup adı “qara siyahı”ya düşən media orqanlarının müraciətlərini araşdırıb. V.Rəhimzadə MŞ-nin qəzet yayımını normallaşdırmaq sahəsindəki fəaliyyətindən söz açdı, bununla bağlı yaranmış komissiyanın paytaxtın yaşayış məntəqələrində apardığı monitorinqin nəticələrini də açıqladı.

MŞ İdarə Heyətinin üzvü, Orta Asiya və Cənubi Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət isə çıxışında şuranın ötən il kifayət qədər məhsuldar fəaliyyət göstərdiyini açıqladı və bununla bağlı konkret misallar çəkdi. MŞ İdarə Heyətinin üzvü, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu şuranın qəzet yayımı ilə bağlı məsələlərin yoluna qoyulmasında faydalı  rol oynadığını qeyd etdi, təkliflərini söylədi. Mətbuat Şurasının 2013-cü ildə kifayət qədər səmərəli fəaliyyət göstərdiyini  bildirən MŞ İdarə Heyətinin üzvü, “Bakı  xəbər”qəzetinin baş redaktoru Aydın Quliyev də qəzet yayımı ilə əlaqədar yaranmış problemlərin həllinin zəruriliyindən danışdı.

MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli hazırda ölkədə mətbuatla bağlı məhkəmə proseslərinin 70 faiz azaldığını dedi və əlavə etdı ki, bu rəqəmin əldə edilməsində şuranın tənzimləyici rolu şəksizdir. İnternet media resursları ilə bağlı komisssiyanın yaradılması, ümumən, bu formada ictimai tənzimləmənin mövcudluğu hələlik virtual məkan üçün model sayıla bilər.

MŞ İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin professoru Nəsir Əhmədli Mətbuat Şurasının mediada ana dilimizin qorunması sahəsində sistemli apardığını bildirdi  bu nəzarətin  ardıcıl davam etdirilməsini vacib saydı. Toplantıda ölkəmizdə KİV-in inkişafının ahəngdarlaşdırılması, medianın vətəndaşlıq mövqeyinin yüksəldilməsi və problemlərin həlli ilə bağlı geniş fikir mübadiləsi də aparıldı, suallar cavablandırıldı.

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2014.- 28 yanvar.- S. 5.