Tofiq Məlikli: Hacı Murad həm avar xalqının, həm də bütün Qafqaz xalqlarının ləyaqətli oğludur

 

Moskvadakı Millətlər evində tanınmış rusiyalı tarixçi Rudolf İvanovun avar xalqının rəhbəri və sərkərdəsi Xunzaxlı Hacı Murada həsr olunmuş “Hacı Murad haqqında həqiqət” kitabının təqdimatı keçirilmişdir.

Tədbiri  Ocaq” Azərbaycan Mədəniyyəti Cəmiyyətinin sədri türkoloq Tofiq Məlikli açmışdır. O, Rudolf İvanovun həyat və yaradıcılığı barədə məlumat verərək qeyd etmişdir ki, bu yazıçının yaradıcılığına dərindən bələd olduqca onun xarakteri daha parlaq şəkildə üzə çıxır.

Tofiq Məlikli tədbir iştirakçılarına bildirmişdir ki, öz əsərləri ilə ictimaiyyəti sevindirməkdə davam edən Rudolf İvanov 20-dən çox elmi işin müəllifidir. Onun sözlərinə görə, Azərbaycanı ürəkdən sevən Rudolf İvanov bir sıra aktual tarixi məsələlər barəsində öz tutarlı fikrini söyləyən tarixçidir.

T.Məlikli demişdir: “Rudolf İvanovun bütün əsərləri Azərbaycan və Rusiya tarixinə böyük töhfədir. Onun təsvir etdiyi maraqlı və hələ də sona qədər məlum olmayan faktlar tarix elmində bəzən hədsiz uydurmaların, hətta saxtakarlıqların qarşısını almaqda bizə kömək edir. Rudolf İvanovun yazdıqlarında hətta yarımçıq həqiqətlərə də yer yoxdur: o, yalnız faktlara, sənədlərə və arxiv materiallarına əsaslanır”.

T.Məliklinin fikrincə, bu kitab da yaddaşımızı təzələyəcək, biliklərimizi zənginləşdirəcəkdir. O demişdir: “Hacı Murad Azərbaycanda, Şəkinin yaxınlığında öldürülmüş və elə orada dəfn edilmişdir. Lakin onun başı kəsilmişdir. Hacı Murad həm avar xalqının, həm də bütün Qafqaz xalqlarının ləyaqətli oğludur. Onun kəlləsi Sankt-Peterburqda saxlanılır və heç kəsə göstərilmir. Bu, hər bir dinə, eləcə də insanlığa tamamilə zidd olan səhv hərəkətdir”.

Tədbirdə çıxış edənlər tarixçi Rudolf İvanovun toplu formasında yazdığı əsərini yüksək qiymətləndirmiş, kitabın tarixi əhəmiyyətini vurğulamışlar. Nəşrə təxminən 200 tarixi material, o cümlədən 10 ensiklopedik məqalə, Qafqaz ordusunun sərkərdələrinin yazışmalarına və raportlarına aid 110 sənəd və rəsmi məlumat, 30 tarixi oçerk, habelə tarixi ədəbiyyatdan çıxarışlar, 40 bioqrafiya, bioqrafik qeydlər və başqa materiallar daxildir. Mətn 208 illüstrasiya ilə müşayiət olunur.

Tədbirdə Azərbaycanın tanınmış şairləri, “Ocaq” Azərbaycan Mədəniyyəti Cəmiyyətinin üzvləri Nəsib Nəbioğlu və İlham Bədəlbəyli, Rusiya Vəkillər Kollegiyasının üzvü Vladislav Şvetsov, şairə Afaq Şıxlı və başqaları çıxış etmişlər. Onlar görkəmli tarixçinin əsərini yüksək qiymətləndirmiş, onun kitabının əhəmiyyətini vurğulamışlar.

Təqdimat mərasimində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin nümayəndələri, Azərbaycanın və Rusiyanın siyasət, elm, ədəbiyyat və mədəniyyət xadimləri, ictimai təşkilatların üzvləri iştirak etmişlər.

 

 

Fəridə ABDULLAYEVA

 

Xalq qəzeti.- 2014.- 28 yanvar.- S. 5.