İlk növbədə əhalini daha çox narahat edən problemlər aradan qaldırılır

 

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 9-da keçirilmiş Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2014- ildə qarşıda duran vəzifələrə həsr olunan iclasda əhalini daha çox narahat edən problemlərin aradan qaldırılması da prioritet vəzifə kimi qarşıya qoyulmuşdur. Dövlətimizin başçısının həmin iclasdakı tövsiyə və tapşırıqlarının yerinə yetirilməsi istiqamətində ciddi tədbirlər həyata keçirilir. Bununla əlaqədar keçirilən yığıncaqlarda ötən il görülmüş işlər bir daha müzakirə olunur və 2014-cü ildə qarşıya qoyulmuş vəzifələrin uğurlu icrası üçün müzakirələr aparılır.

Dünən Yasamal Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində də 2013- ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilmişdir. Ötən il görülmüş işlər barəsində məlumat verən Yasamal Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Cumar İsayev qeyd etdi ki, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2013-cü ilin sosial iqtisadi inkişafının yekunları və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunan iclasında da diqqətə çatdırıldı ki, ölkəmiz bütün sahələr üzrə sürətli inkişaf yolunda inamla irəliləyir. Bu da Azərbaycanın beynəlxalq aləmdə imicinin daha da möhkəmləndiirilməsində öz müsbət təsirini göstərmişdir. Qeyd olundu ki, bütövlükdə 2013- ildə Azərbaycanın uğurlu dinamik inkişafı təmin edilmişdir. İl ərzində qarşıda duran bütün vəzifələr icra edilmiş, iqtisadiyyat artmışdır. Respublikamızın iqtisadi inkişafını dünya ölkələrinin iqtisadiyyatı ilə müqayisə etsək görərik ki, Azərbaycan iqtisadiyyatı yüksək templə artır.

C.İsayev bildirdi ki, ötən il Yasamal Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi də abadlıq və quruculuq işlərində böyük fəallıq göstərmişdir. İlk növbədə əhalini daha çox narahat edən problemlərin aradan qaldırılması prioritet vəzifə kimi qarşıya qoyulmuşdu. Onun sözlərinə görə, bu gün sakinləri ən çox məmnun edən məsələ rahat yolların olması, elektrik enerjisinin və təbii qazın verilməsində problemlərin yaranmaması, istilik sisteminin işləməsidir. Bu istiqamətdə qarşıya qoyulan məsələlər öz müsbət həllini tapmışdır.

Nümayəndəlik fəaliyyətə başladığı vaxtdan əsasən sosial əhəmiyyətli işlərin icrası ilə məşğul olmuşdur. Bu barədə ətraflı məlunat verən C.İsayev dedi ki,ilk olaraq ərazidə olan yaşayış evləri və çoxmərtəbəli binalardakı mənzillər üzrə təsərrüfat başına uçot kitablarının, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin ev təsərüfatlarına baş çəkmək yolu ilə siyahısı dəqiqliklə aparılmışdır. Qeydiyyatı Bakı şəhəri Yasamal rayonu 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsində olan, lakin xaricdə, respublikanın müxtəlif yerlərində yaşayan, hərbi xidmətdə olanların, dünyasını dəyişənlərin siyahısı müvafiq dövlət qurumlarınıdan alınaraq seçki siyahılarında dəqiqləşdirmə aparılmışdır. Bunlarla yanaşı nümayəndəliyin ərazisində yerləşən Mənzil Tikinti Kooperativlərinin (MTK) binalarında yaşayan sakinlərin qeydiyyatının dəqiqləşdirilməsi də aparılmışdır.

Rayon icra hakimiyyəti başçısının təsdiq etdiyi qrafikə əsasən həftə ərzində nümayəndəliyin inzibati binasında mütəmadi olaraq qəbul günləri keçirilir, sakinlərin müraciətləri diqqətlə araşdırılır və operativ şəkildə həlli istiqamətində tədbirlər həyata keçirilir. Natiq bildirdi ki, ərazidə yaşayan vətəndaşlara dövlət tərəfindən ünvanlı sosial yardım göstərilməsi işini təşkil edərək hər bir ünvanda fərdi olaraq məlumat blankarının doldurulması işləri görülürYasamal Rayon Əhalinin Sosial Müdafiə Mərkəzi ilə əlaqəli aparılır. Fəaliyyətə başladığı dövrdən, 1 nömrəli SİƏD üzrə Nümayəndəlik tərəfindən ərazidə sakinlərlə dəfələrlə səyyar görüşlər keçirilmişdir.

C.İsayev diqqətə çatdırdı ki, payız-qış mövsümunə hazırlıqla əlaqədar olaraq nümayəndəliyin ərazisində yaşayan sakinlərin müraciətləri əsasında bəzi ünvanlarda binaların dam örtüklərində təmir işləri aparılmışdır Bunlardan əlavə Akim Abbasov küçəsi ev 2, ev 3, ev 12 mənzil 14-ün altında, Şərifzadə küçəsi ev 75A-nın zirzəmisində kanalizasiya xətləri təmir olunmuş və bəzi hissələri dəyişdirilərək yenilənmişdir. Dadaş Bünyadzadə küçəsində 200 paqonometr məsafədə yeni kanalizasiya xətti çəkilmişdir. Ümumiyyətlə, istilikkanalizasiya xətlərinin yenilənməsi daim diqqət mərkəzində olmuşdur.

Qarşıda duran vəzifələrdən danışan C.İsayev dedi ki, ilk növbədə sakinləri daha çox narahat edən problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görmək, vətəndaşların sosial əhəmiyyətli sifarişlərini öyrənərək rayon rəhbərliyinə məlumat verməkdir. Nümayəndəliyin fəaliyyətini təsdiq edən planında nəzərdə tutulan bütün işləri təşkil etmək, ərazidə mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirilməsi istiqamətində fəaliyyəti gücləndirməkdir.

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2014.- 29 yanvar.- S. 4.