Azərbaycanın dəmir yolu nəqliyyat sistemi yüksək standartlara uyğun qurulur

 

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illəri Azərbaycan dəmir yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. 1969-cu ildə ilk dəfə respublika rəhbərliyinə gələn ümummilli liderimizin müdrik siyasəti sayəsində iqtisadiyyatın bütün sahələrində olduğu kimi, dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklərə və köklü inkişafa təkan verildi.

Təkcə bir faktı demək lazımdır ki, Azərbaycan dəmir yolunda işə salınan  mühüm obyektlərin böyük əksəriyyəti məhz dahi rəhbərin təşəbbüsü və ciddi nəzarəti sayəsində istismara verilmişdir. Ümummilli liderin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi hazırda Prezident İlham Əliyev tərəfindən daha intensiv şəkildə reallaşdırılır. Ölkəmiz beynəlxalq və regional layihələrin, o cümlədən “Bakı-Tbilisi-Qars” və “Şimal-Cənub” nəqliyyat layihələrinin reallaşması prosesində fəal iştirak edir.

Azərbaycanda son illər dəmir yolu nəqliyyatı sisteminin inkişafının beynəlxalq standartlar səviyyəsinə çatdırılması məqsədilə bir sıra mühüm qərarlar qəbul edilmişdir. Prezident İlham Əliyev 20 iyul 2009-cu il tarixdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalamışdır. Bununla da dəmir yolunun tarixində yeni dövr başlanmışdır. Ölkə başçısı 6 iyul 2010-cu ildə Azərbaycan Respublikasının sosial-iqtisadi həyatında mühüm əhəmiyyətə malik olan dəmir yolu nəqliyyat sisteminin daha da inkişaf etdirilməsini, əhalinin və iqtisadiyyatın dəmir yolu nəqliyyatı xidmətlərinə olan tələbatlarının ödənilməsini, daşımaların təhlükəsizliyini, onun infrastrukturunun yeniləşdirilməsini, ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətinin yüksəldilməsini, tranzit daşımaların həcminin artırılmasını, dəmir yolu sahəsi üçün kadrların hazırlanmasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalamışdır. Bu tarixi bir sənəddir. Çünki həmin sənəddə Azərbaycan dəmir yolu nəqliyyatının sürətli inkişafını təmin edən bütün məqamlar öz əksini tapmışdır. Vaqonlokomotiv parkının yeniləşdirilməsi, yol, elektrik təchizatı, işarəvermə və rabitə və s. təsərrüfatların əsaslı təmiri, sabit cərəyandan dəyişən cərəyana keçid, texniki vasitələrin modernləşdirilməsi və digər mühüm vəzifələr Dövlət Proqramında öz əksini tapmışdır.

Hazırda  nəqliyyat naziri Ziya Məmmədovun və “Azərbaycan Dəmir Yolları”  QSC-nin sədri Arif Əsgərovun rəhbərliyilə yuxarıda adıçəkilən Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik  dəmir yolu xəttinin xeyli hissəsi  beynəlxalq standartlar səviyyəsində qurulmuşdur. “Azərbaycan Dəmir Yolları”nın   Ekspress” qatarının vaqonları Slovakiya Respublikasının “Sazvrudkizavodunda əsaslı bərpa edilərək respublikamıza gətirilmişdir. Eyni zamanda,  Ukraynanın Dnepropetrovsk Vaqon Təmiri Zavodunda 60 sərnişin vaqonuRusiya Federasiyasının Voronej şəhərindəki müəssisədə isə 16 vaqon təmir olunaraq Bakı-Tbilisi və Bakı - Moskva istiqamətində xəttə buraxılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2011-ci il noyabrın 24-də Bakı dəmir yolu stansiyasında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Slovakiyada əsaslı təmir edilərək paytaxta gətirilmiş sərnişin vaqonları ilə, 2012-ci il dekabrın 15-də isə Füzuli rayonuna səfəri çərçivəsində dəmir yolunun Horadiz stansiyasında sərnişin vağzalı binasının əsaslı təmirdən sonrakı vəziyyətilə tanış olmuş, görülən işləri yüksək qiymətləndirmişdir.

Azərbaycan Maliyyə Nazirliyi və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) arasında Azərbaycan Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi çərçivəsində dəmir yolunun Bakı - Böyük Kəsik sahəsində elektrik təchizatı sisteminin sabit cərəyandan 25 kv-luq dəyişən cərəyanlı dartı sisteminə keçməsinin reallaşdırılmasına başlanılmışdır.  Bundan başqa, ötən il Saloğlu-Poylu mənzilinin 73 kilometrliyində  Kür çayı üzərindəki yeni ikinci körpünunkörpü üzərindən keçən dəmir yolu xəttinin tikintisi, Çarxı-Sarvan mənzilinin 2508 kilometrliyində Vəlvələçay üzərində yerləşən dəmir-beton körpünün və Saatlı-Becar mənzilinin 98 kilometrliyində Araz çayı üzərində yerləşən metal körpünün rekonstruksiyası ilə bağlı böyük həcmdə görülmüşdür.

Dəmir yollarının saz vəziyyətdə saxlanılması məqsədilə Avstriyadan alınmış yeni “GSM 09-32”, “RM-80” və “USP-2000”  markalı yol təmiri maşınlarının yerləşdirilməsi üçün Biləcəridə anqar tikilmişdir. Artıq 24 saylı Salyan Rels-Qaynaqlama Qatarında 800 metrlik uzunölçülü relslərin hazırlanıb daşınmasına başlanılmışdır. Qızılca qırmadaş zavodun ikinci istehsal xətti və yeni bunkeri istismara verilmişdir. Bakı sərnişin stansiyasında gediş sənədlərinin (biletlərinin) dəyərinin plastik kartlardan istifadə etməklə bilet kassalarında quraşdırılmış pos-terminallar vasitəsilə nağdsız ödənişi tətbiq edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci ildə imzaladığı “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanının dəmir yolunda icrası məqsədilə işçi qrupu yaradılmışdır. İşçi qrup hazırda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində  yeni elektron xidmət növlərinin müəyyənləşdirilməsi və tətbiqi istiqamətində gərgin aparır.

Ötən ilin uğurlarından danışarkən, Azərbaycanın ictimai-siyasi həyatında çox mühüm bir hadisəni də xatırlatmaq istərdim.  Bu, 2013-cü ildə  respublikamızda keçirilən prezident seçkiləridir. Seçkilər Azərbaycan xalqının ali iradəsini ifadə etməklə xalq-hakimiyyət birliyini növbəti dəfə nümayişinə çevrildi.  Prezident İlham Əliyev ötən il oktyabrın 9-da keçirilən prezident seçkilərində seçicilərin 84,54 faizinin dəstəyini qazanmaqla növbəti möhtəşəm qələbəyə imza atdı. Bu, əslində, Azərbaycanın son 10 ildə keçdiyi yola, qazandığı uğurlara, daxilixarici siyasət kursuna, bu kursu həyata keçirən Prezident İlham Əliyevin fəaliyyətinə verilən ən yüksək qiymət idi.

Ümumiyyətlə, cənab İlham Əliyevin prezident seçkilərində böyük üstünlüklə qalib gəlməsinin əsasında xalqın iradəsi, inamı və seçimi dayanır. Siyasi plüralizm, şəffaf, ədalətli, demokratik şəraitdə baş tutan seçkilərin nəticəsi xalqın öz gələcəyini güclü, müstəqil, hərtərəfli inkişafa malik rifah dövlətinin yaradılmasının qarantına - Prezident İlham Əliyevə etibar etdiyini göstərdi. Əminliklə demək olar ki, öz yolunda inamla irəliləyən Azərbaycanda növbəti 5 ildə də davamlı inkişafın, yeni nailiyyətlərin şahidi olunacaq.

Dəmiryolçular əldə olunan nailiyyətləri bundan sonra daha da artıracaq, dövlətimizin və hökumətimizin qarşımızda irəli sürdüyü vəzifələrin uğurla yerinə yetirilməsi üçün bütün potensial imkanlardan səmərəli istifadə edəcək, onlara göstərilən etimadı əməli işlərlə doğruldacaqlar. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası nəticəsində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti  dünyanın inkişaf etmiş ölkələrinin dəmir yolları arasında özünün layiqli yerini tutacaqdır.

 

Xeyrulla HÜMBƏTOV,

 

YAP “Azərbaycan Dəmir Yolları”  QSC ərazi ilk partiya təşkilatının sədri

 

Xalq qəzeti.- 2014.- 29 yanvar.- S. 6.