“Azərbaycan Dəmir Yolları” QSC-də Gənclər Günü

 

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin gənclər haqqında fikirlərini əks etdirən videoçarxa baxmışlar.

YAP “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ərazi ilk partiya təşkilatının sədri Xeyrulla Hümbətov çıxışında bildirmişdir ki, 1997-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə fevralın 2-si Azərbaycanda Gənclər Günü elan olunmuşdur. Bu sərəncam ümummilli liderin siyasi xəttində gəncliyə verdiyi önəmin bariz nümunəsi idi. Əlbəttə, bu, hər şeydən əvvəl, Heydər Əliyevin gənclərə olan yüksək etimadı və güvənindən irəli gəlirdi. Ulu öndərin siyasi xəttində gənclərə olan yüksək diqqət və qayğı daim özünü bariz şəkildə göstərmişdir. Dahi rəhbər hakimiyyəti illərində gənclərin ictimai-siyasi həyatda fəal rol oynamalarına xüsusi diqqət yetirərdi. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması bir tərəfdən Azərbaycan gəncliyinin vahid rəhbərlik altında birləşdirilməsi üçün düşünülmüşdüsə, digər tərəfdən gənclərin hərtərəfli dövlət qayğısı və dəstəyi ilə əhatə olunması üçün idi.

Xeyrulla Hümbətov daha sonra demişdir ki, bu gün hər bir Azərbaycan gənci ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycanın modernləşdirilməsi istiqamətində yürütdüyü siyasətdə fəal iştirak edir. Azərbaycan Prezidenti yanında Gənclər Fondu yaradılması da dövlət başçısının gənclərə göstərdiyi qayğının bariz ifadəsidir.

Xeyrulla Hümbətov daha sonra dedi ki, hazırda Azərbaycanın gələcəyi gənclik üçün qurulur və hər bir gənc də dövlətin quruculuq istiqamətindəki fəaliyyətində yaxından iştirak edərək özünü göstərməlidir.

Tədbirdə çıxış edən Nəqliyyat Nazirliyi YAP Gənclər Birliyinin sədri Fuad Rəsulov, “Azərbaycan Dəmir Yolları” QSC Qadınlar Şurasının sədri Jalə Əfəndiyeva, fəal gənclərdən Gülü Namazəliyeva, Ziya Zakiroğlu, Aysel Talıbzadə, Cavid Nəzirzadə bu gün Azərbaycanın nəqliyyat sistemində əldə edilən uğurlara görə Azərbaycan Prezidenti İlham Əliyevə öz dərin təşəkkürlərini bildirmiş və respublikamızın parlaq gələcəyi naminə fəaliyyətində ölkə rəhbərini daim dəstəkləyəcəklərini xüsusilə qeyd etmişlər.

Gənclərə göstərilən dövlət qayğısından danışan natiqlər Prezident İlham Əliyevin Azərbaycan gəncələrinin hərtərəfli inkişafı, onların fiziki və mənəvi cəhətdən sağlam böyümələri üçün böyük işlər gördüyünü və hazırda gənclər siyasətinin dövlətimizin prioritet istiqamətlərindən biri olduğunu vurğulamışlar.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 31 yanvar.- S. 3.