Ərazi Dairəsi üzrə Nümayəndəlik hesabat verdi

 

Ölkə Prezidenti İlham Əliyevin 2012-ci il noyabr ayının 2-də imzaladığı fərmanla təsdiq olunmuş “Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının  Qanununa müvafiq olaraq Bakı şəhərinin rayonlarında yaradılmış sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər artıq işlək bir quruma çevrilmiş, sakinlərin sosial problemlərinin həllinə mühüm töhfələr verməyə başlamışlar.

Artıq rayon icra hakimiyyətlərində həmin qurumların hesabatları dinlənilir, görülmüş işlərə nəzər salınır, qarşıda duran mühüm vəzifələr müəyyənləşdirilir.

Dünən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 2013-cü ildəki fəaliyyəti ilə bağlı hesabat yığıncağı keçirildi. Nərimanov Rayon İcra Hakimiyyəti və 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin rəhbərliklərinin, əməkdaşların və sakinlərin iştirak etdikləri tədbiri giriş sözü ilə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev açaraq son bir ildə rayon ərazisində həyata keçirilən sosial layihələr, abadlıq-quruculuq işləri və yol infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı görülən tədbirlər haqqında qısa məlumat verdi. Natiq, həmçinin Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı yeni qəbul olunmuş Dövlət Proqramında Nərimanov rayonu ilə bağlı nəzərdə tutulmuş tədbirlər barədə geniş məlumat verdi  sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin yaradılmasının əhaliyə daha keyfiyyətli xidmət göstərilməsi  sahəsində əhəmiyyətli rolundan danışdı. A. Fərzəliyev dövlət başçısının məlum sərəncamı ilə təsdiq olunmuş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda paytaxtın Nərimanov rayonu üzrə həlli vacib məsələlərin də öz əksini tapdığını diqqətə çatdırdı.

Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Elmar Abbasov yığıncaqda hesabat məruzəsi ilə çıxış edərək qeyd etdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı qanuna və Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən, Nərimanov rayonunu inzibati ərazi vahidi tərkibində 1, 2 və 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklər yaradılmışdır. Nümayəndəliklərin  fəaliyyətinin rayon icra hakimiyətinin başçısı tərəfindən təsdiq edilmiş perspektiv planı əsasında təşkil edildiyini diqqətə çatdıran E.Abbasov bildirdi ki,  Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin ərazisi 7,35 kvadratkilometr, əhalisi isə 72861 nəfərdir. Qeyd olundu ki, ərazidə yaşayış evi və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə ev təsərrüfatlarının sayı 21225 ədəd təşkil edir.  Ötən il dövlət başçısı İlham Əliyevin altı dəfə Nərimanov rayonuna  gəldiyini, Dədə Qorqud parkında aparılan işlərlə tanış olduğunu, “Kitabi-Dədə Qorqud” abidəsinin və yeni salınan parkın açılışında, “Qələbə meydanı” müxtəlif səviyyəli tunel tipli yol qovşağı" layihəsi çərçivəsində inşa edilən beş tunelin açılış mərasimində, həmçinin yeni ilin ilk günlərində  Azərbaycanın ən böyük tibb müəssisəsi olan Bakı Sağlamlıq Mərkəzinin açılışında iştirak etdiyini Nərimanov rayonuna göstərilən qayğı və diqqətin bariz nümunəsi kimi dəyərləndirdi.

Rayonlarda yaradılmış yeni nümayəndəliklərin əsas vəzifələrinin “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada vətəndaşların qəbulunu həyata keçirmək, onların  ərizə, şikayət və təkliflərinə baxmaq, lazımi tədbirlər görmək və nəticəsi barədə vətəndaşlara məlumat vermək, ərazidə yaşayan sakinlərə onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar vermək, digər vəzifə və səlahiyyətləri  həyata keçirməkdən ibarət olduğunu bildirən natiq ötən il  Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin ərazisində yüzlərlə sakinin iştirakı ilə 9 səyyar qəbul və görüşün keçirildiyini, həmin tədbirlərdə vətəndaşlar  tərəfindən edilən 69 müraciətin qeydə alındığını və qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görüldüyünü diqqətə çatdırdı. Qeyd olundu ki, keçirilən səyyar görüş və qəbullarda qaldırılan məsələlər, əsasən,  küçə və məhəllədaxili yolların təmiri, maddi yardım, dam örtüyünün dəyişdirilməsi, məhəllələrin abadlaşdırılması, işə düzəlmə, kommunal problemlərlə, təhsil, səhiyyə  müəssisələrinin təmiri, tikintisi, mənzil şəraitinin yaxşılaşdırılması və sosialyönümlü məsələlərlə bağlı olmuşdur. 2012-2013-cü tədris ilində nümayəndəliyin ərazisində yerləşən 36 və 200 nömrəli orta məktəblər, eləcə də 69 nömrəli uşaq bağçası və 23 nömrəli musiqi məktəbi əsaslı təmir olunmuş, Məktəb Lisey Kompleksində əlavə tədris korpusu inşa edilmişdir. Natiq, həmçinin bildirdi ki, il ərzində K.Rəhimov küçəsindən akademik Həsən Əliyev küçəsinədək olan ərazidə yaşıllıq zolağı salınaraq sakinlərin istifadəsinə verilmişdir.

Yığıncaqda çıxış edənlər hesabatla bağlı təklif və fikirlərini bildirdilər, onları narahat edən məsələlərdən söhbət açdılar, yeni yaradılmış nümayəndəliklərin daha işlək bir quruma çevrilməsinin vacibliyini önə çəkdilər.

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2014.- 31 yanvar.- S. 4.