Suraxanı rayonunda Gənclər Günü qeyd edilmişdir

 

Suraxanı rayonundakı  Qurban Abbasov adına Mədəniyyət Sarayında 2 fevral-Gənclər Günü ilə əlaqədar görüş  keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə   Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər.

Rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov Suraxanı gənclərinin ötən il əldə etdikləri uğurlar haqqında məlumat vermişdir.

Canlı diskussiya formasında təşkil olunmuş görüşdə rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov gəncləri 2 fevral-Gənclər Günü münasibətilə təbrik edərək bildirmişdir ki, hazırda ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə düşünülmüş və məqsədyönlü gənclər siyasəti uğurla həyata keçirilir. Bu siyasətin təməlində Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin tövsiyələri dayanır. 1993-cü ildən başlayaraq bütün sahələrdə olduğu kimi, gənclər siyasəti istiqamətində  uğurlu nəticələr əldə edilmişdir. Bunun  nəticəsidir ki, hazırda  Azərbaycan gəncləri böyük uğurlara imza atır, cəmiyyətdə mühüm rol oynayırlar. Gənclərin sorağı beynəlxalq konfranslardan , ölkələrarası debatlardan, intellektual bilik yarışlarından gəlir.

Gənclərlə bağlı müxtəlif layihələr, proqramlar icra edilir. “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı" qəbul edilmişdir. Gənclərin təklifini nəzərə alan Prezident İlham Əliyev Azərbaycan Gənclər Fondunun yaradılması ilə bağlı sərəncam imzalamışdır. Təbii ki, bu, gənclərə olan münasibətin parlaq təzahürüdür.

Gənclərlə görüşdə Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov ölkəmizdə gənclərlə sahəsində görülən tədbirlərdən danışmışdır.

Tədbirdə  rayonun ictimai həyatında fəal iştirak etmiş bir qrup gəncə rayon icra hakimiyyəti başçısının, YAP Suraxanı rayon təşkilatının fəxri fərman və hədiyyələri təqdim olunmuş, YAP sıralarına yeni daxil olmuş bir qrup gəncə partiya vəsiqələri verilmişdir.

Sonda Səttar Bəhlulzadə və Qurban Abbasov adına mədəniyyət saraylarının bədii kollektivləri konsert proqramı ilə çıxış etmişlər.

 

V.BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 31 yanvar.- S. 4.