Məhəmməd Əmin Rəsulzadənin istiqlal şüarı – “Bir kərə yüksələn bayraq bir daha enməz”

 

Bu cümlə artıq hər bir azərbaycanlıya tanışdır. Təqribən bir əsrə yaxın tarixi olan bu fikir istər xalqımız, istərsə milli dövlətçilik məfkurəmiz üçün bir mayak rolunu oynamaqdadır. Dünyanın bütün ölkələrinə səpələnmiş azərbaycanlılar “bir kərə yüksələn bayraq bir daha enməyəcək” kəlamını duyduqda şübhəsiz ki, ilk növbədə M.Ə. Rəsulzadəni və Azərbaycan milli bayrağını xatırlayırlar.

Təqribən 70 il müddətində bu bayraq endirildi. Lakin endirilmək hələ tamam məhv olmaq demək deyil. Bu gün işğal olunmuş rayonlarımızda da Azərbaycan bayraqları endirilmişdir. Lakin bu o demək deyil ki, o torpaqlar bizə qayıtmayacaq və orada bayrağımız yenə dikəlməyəcək. Əlbəttə ki, dünyanın super gücü sayılan sovet dövlətinin dağılması ilə M. Ə. Rəsulzadənin nə qədər uzaqgörən olduğu bir daha aydın oldu. Onunmübariz silahdaşlarının yaratdığı milli üçrəngli bayrağımız yenidən dikəldərək müstəqilliyimizin simgəsinə çevrildi.

1920-ci ilin mənfur aprel işğalından sonra mühacirət edən M.Ə. Rəsulzadənin Varşavada Müsavat partiyasının qurultayında dediyi fikirlərə diqqət yetirərkən də onun nə qədər dönməz, istiqlal ideyalarına ürəkdən sarılan bir uzaqgörən siyasətçi olması gözümüzdə canlanır. O, “şəxslər müvəqqəti, ideologiya daimidirtezisini əsas tutaraq, siyasi mühacirləri istiqlal ideologiyasına sadiq olmağa çağırır və sovetlərin bir gün mütləq çökəcəyini bildirirdi.

 Qarşıdan Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, görkəmli ictimai-siyasi xadim, milli idelogiyamızın qurulmasında müstəsna xidmətləri olan şəxsiyyət, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi gəlir. Yubileyin dövlət səviyyəsində keçirilməsi üçün bu günlərdə Prezident İlham Əliyev xalqımız tərəfindən rəğbətlə qarşılanan bir sərəncam verdi. Sərəncamda göstərilir ki, xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi təmin edilsin. Bu, bir daha Azərbaycan dövlətinin cümhuriyyət dövrünə sahib çıxması və bir varis kimi üzərimizə düşən vəzifənin bir hissəsinin layiqincə yerinə yetirilməsi demək idi.

Görkəmli dövlət xadimi M. Ə. Rəsulzadənin həyatı və fəaliyyəti barədə xeyli araşdırmalar, məqalələr, kitablar vardır. Çünki onun çoxşaxəli ictimaisiyasi fəaliyyət dövrünü yetərincə araşdırmaq üçün bütöv bir elmi əsər ərsəyə gətirmək mümkündür. Onun elə təkcə milli bayrağımızla bağlı çıxışları və yazılarında bildirdiyi fikirlər olduqca təsirli və ayrıca tədqiqat mövzusudur.  Elə bir vətənpərvər tapılmaz ki, Rəsulzadənin bayraq sevgisi, müstəqillik sevgisi ilə bağlı fikirləri ilə tanış olmasın. Bu fikirlər hər bir vətəndaşımızda, soydaşımızda qürur hissi yaradır və gənc nəslin tərbiyələndirilməsində müstəsna əhəmiyyət daşıyır.

1918-ci il 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyəti öz müstəqilliyini elan edərək Şərqdə ilk demokratik təsisatlara söykənən hüquqi dövlət olduğunu nümayiş etdirdi. Məhəmməd Əmin Rəsulzadə isə istiqlalımızı elan edən Milli Şuranın sədri idi.  Həmin il iyunun 21-də dövlət bayrağının  təsisi haqqında ilk qərar qüvvəyə minir və qırmızırəngli bayrağımızda üzərində rəngli aypara rəngli səkkizguşəli ulduz təsvir olunurdu. Bugünkü dövlət bayrağımız isə 1918-ci ilin noyabrın 9-da cümhuriyyət hökumətinin iclasında qəbul edilmişdir. Üçrəngli milli bayrağımız isə böyük milli ideoloqumuz Əli bəy Hüseyinzadənin vaxtılə irəli sürdüyüTürkçülük, islamçılıq və müasirlikideoloji düsturu əsasında hazırlandı. Milli bayrağımız göy, qırmızı, yaşıl və üzərində aypara və səkkizguşəli ulduz şəklində təsdiqləndi. İstiqlalımızın elan olunmasından, tanınmasından tutmuş, dövlət strukturlarının yaranması, milli atributların ərsəyə gəlməsi, xaric ölkələrə gənclərin təhsil almağa göndərilməsi, beynəlxalq konfranslarda ölkəmizi təmsil etməsi, sonralar diasporumuzun qurulması da daxil olmaqla bütün sahələrdə Məhəmməd Əmin Rəsulzadənin bir siyasi lider kimi fəallığı və həlledici təsiri olmuşbir sıra məsələlərdə hətta prinsipiallığı və qətiyyəti ilə seçilmişdir. Onun fəaliyyət istiqamətlərinə diqqət yetirdikdə  sabit və yüksələn xəttin bütün ömrü boyu onu izlədiyi üzə çıxır. Həmişə alovlu, arqumentli çıxışları ilə auditoriyanı ələ alan M. Ə. Rəsulzadə 1918-ci ilin dekabrın 7-də parlamentimizin təntənəli açılışında məşhur çıxışını etmişdemişdir: “... müstəqil Azərbaycanı təmsil edən o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış, türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidari-əhrarınəsini təmsil edən bu üç boyalı bayraq daima başlarımızın üstündə ehtizaz edəcəkdir. Bir dəfə qaldırılmış bayraq bir daha enməyəcəkdir”. Onu da qeyd edək ki, Rəsulzadə AXC parlamentində “Müsavat” və bitərəflər fraksiyasına başçılıq etmiş, digər istiqlalçı qüvvələrlə birlikdə Azərbaycanın milli və dövlət maraqlarına uyğun qərarların qəbul olunmasında həlledici rol oynamışdır.

“Əsrimizin Səyavuşu” əsəri Rəsulzadənin ən məşhur əsərlərindən biridir. Başdan-başa milli dəyərlərimizi təbliğ edən, istiqlalımızı ön plana çəkən əsərdə o ürək yanğısı ilə yazır:

“Azərbaycanlılar Mehdi zühuruna inanırlar. Bolşeviklərin bütün sərvət və zənginliyi dağıdaraq hər kəsi bir loxma çörəyə möhtac etmək siyasətinin, bir əlində silah, bir əlində çörək tutan bir şeytani siyasətin xalqı nə kimi vasitələrlə bolşevik etdiyini görüncə Azərbaycan xalqı həmin Dəccalın gəldiyini görür, bundan sonra tab edib Mehdinin gəlməsini gözləyir. Azərbaycan Mehdisi xalqının idealından, milli istiqlalından ibarətdir.

 

 Bolşevik Dəccalının müdhiş zalımlığından bezən xalq, duyuram ki, yanıq ürəklə:

 

- Ah, Mehdivaxt gələcək?–deyə soruşur.

 

 Çox diqqətlə dinləyirəm, yuxarıdan ilahi bir səs cavab verir ki:

 

- Azərbaycan Bayrağı təkrar açıldığı, təkrar dalğalandığı gün!

 

Əvət, o gün, böyük gün!

 

Fəqət indilik biz ümidimizi qırmayaq, o bayrağı qaldıracaq dəmirçiləri hazırlayaq.

 

Bunun üçün hər şeydən əvvəl: Yalan söyləməyin ruhumuza verdiyi qorxunu düzəldən yalan, fitnə çıxaracaq doğrudan daha yaxşıdır"” - fəlsəfə əxlaqının xarakterimizə verdiyi dözümü, ölüm qorxusunun iradəmizə verdiyi zəifliyi uzaqlaşdırıb bədbəxt olmayaq!”

Bu əsər Məhəmməd Əmin Rəsulzadənin nə qədər dərin düşüncə sahibimüdrik, vətənpərvər baxışlara malik olduğunu bir daha sübut edir. Azərbaycan bayrağı hər mövzuda hər addımında onun üçün müstəqillik idealı, azadlıq çırağıdır. Ümumiyyətlə Azərbaycanda siyasi publisistikanın ən görkəmli nümayəndələrindən biri də məhz Rəsulzadədir. Onun təkcə 1903-1920-ci illərdə dövri mətbuatda 1200-dən artıq müxtəlif məqalələri dərc olunmuşdur. Onun dahi şair Nizami Gəncəvi barədə ərsəyə gətirdiyi mükəmməl əsər əminliklə deyərdim ki, ayrıca bir tədqiqat-müdafiə mövzusudur.

O, ədəbi-publisistik fəaliyyətini  siyasi mühacirət illərində də davam etdirmiş, Azərbaycan xalqının tarixi və ədəbiyyatı ilə bağlı çoxsaylı məqalələr dərc etdirmişdir. Bu dövrdə “Yeni Qafqaziya” (1923), “Azəri Türk” (1928) “Odlu Yurd” (1929), “Qurtuluş” (1934), “Müsavat bülleteni” (1936), “Azərbaycan” (1952) jurnallarını, “İstiqlal” (1932) qəzetini nəşr etdirmiş və Azərbaycan mühacirət nümayəndələrinin bir araya gəlməsində, xaricdə yaşayan azərbaycanlıların maarifləndirilməsində və milli birliyinin təmin olunmasında mühüm rol oynamışdır. Məhəmmədəmin Rəsulzadə ömrünün sonunadək sözün həqiqi mənasında Azərbaycan davası aparmış, müstəqillik, azadlıq ideyalarının yayılmasında böyük fədakarlıq nümayiş etdirmişdir. 1955-ci ildə qardaş Türkiyədə Azərbaycan niskili ilə gözlərini əbədi yummuş və Ankaranın Əski qəbiristanlığında böyük hörmətlə dəfn olunmuşdur.

Onun milli dövlətçilik ideallarına, milli rəmzlərə, xalqa, vətənə olan bağlılığı Azərbaycan gəncliyinə olan müraciətlərində də daim özünü qabarıq göstərmişdir.  Bu böyük şəxsiyyətin  gənclərimizə müraciəti bu gün də cümhuriyyət tarixinə sevgi aşılanması baxımından olduqca əhəmiyyətli və təsiredicidir.

O, “Əsrimizin Səyavuşu” əsərinin sonunda yazdığı “Gəncliyə Xitabə”sində deyir: “Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki: “Bir kərə yüksələn bayraq bir daha enməz!”.

Bunu deyərkən o, bugünkü öksüzanə mənzərəni hesaba almamış deyildi. Bu, onun tərəfindən təsəvvür olunmuşdu. O, sənin o zaman bu bayrağı gənc çiyinlərinə alıb məsumanə bir tərzdə küçə-küçə dolaşaraq: “irəli, irəli, Azərbaycan əsgəri” deyə əsgər kimi addım atmağını görmüşdübu sözü cəsarətlə söyləmişdi.

Əlbəttə ki, sən onun bu ümidini qırmayacaq, bu gün parlament binası üzərindən Azərbaycan türklərinin yanıqlı türkülərinə mövzu olmuş, ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə dikəcək, Böyük Dəmirçinin geri dönüşünü görüncə onun tərəfinə keçəcək, ya qazi, ya da şəhid olacaqsan!.

 

Anar TURAN

 

Xalq qəzeti.- 2014.- 31 yanvar.- S. 5.