Məzunlarının iş yerlərini öncədən

müəyyənləşdirən universitet

 

Artıq beşinci ildir ki, Azərbaycan Texnologiya Universitetinə bakalavr pilləsi üzrə tələbə qəbulu planının   ilbəil  artırılması  müşahidə olunur. Xüsusilə, son iki ildə bu artım daha qabarıq hiss edilir. Əgər beş il əvvəl, yəni 2010-ci ildə plan üzrə 550 tələbə qəbulu nəzərdə tutulmuşdusa, ötən il onun sayı xeyli artırılaraq 875-ə çatdırılmışdır.Maraqlıdır ki, qəbulun sayı artıqca müəllimlərin sayı nəinki artmış,  əksinə azalmışdır.O zaman universitetdə professor- müəllim heyətinin sayı 256 nəfər idisə, hazırda onların sayı 239 nəfərdir. Özlüyündə bu, yaxşı göstəricidir.

Doğrudur, universitetə yenə də nəzərdə tutulan qədər tələbə qəbul olunmamışdır. Lakin narahatlığa əsas yoxdur. Əvvəla, bu ali məktəbə marağın nəticəsidir ki,  tələbələrin sayında artım ilbəil çoxalır. Məsələn, 2011-ci ildə universitetə 427,  2013-cü ildə 569 nəfər, keçən il isə 700 nəfər qəbul olunmuşdur. Digər tərəfdən, Azərbaycan Texnologiya Universiteti beş-on il əvvəlki universitet deyil. Bu ali məktəbin istər maddi-texniki bazası, istərsə də tədrisin, imtahanların təşkili və keçirilməsi, professor- müəllim heyətinin hazırlığı, daha dəqiq desək, səviyyəsi, işə münasibəti çox dəyişib. Bəli, nöqsanlar var və bu barədə bir qədər sonra söhbət açacağıq. Lakin uğurlar da göz qabağındadır və bunu görməmək mümkün deyil.

Əslində, bu ali məktəb universitet kimi 15 ildir ki, fəaliyyət göstərir. Amma bir vaxtlar Azərbaycan Politexnik İnstitutunun Gəncə filialı kimi fəaliyyət göstərən tədris müəssisəsi sonradan elə həmin bazada Krasnodar Politexnik İnstitutunun Bakı filialı, həmçinin Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Şərabçılığın texnologiyası” ixtisasının birləşdirilməsı nəticəsındə yaradılmışdır.Ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü və köməyi ilə yaradılmış ali məktəb indiyədək minlərlə mütəxəssis yetişdirmiş, iqtisadiyyatın ən müxtəlif sahələri üçün kadrlar hazırlamışdır. Arıq 35 ildir ki,fəaliyyət göstərən dünənki filial, institutut və nəhayət, universitet indi respublikada öz yeri, çəkisi və səviyyəsi ilə sayılıb-seçilən bir ali məktəbə çevrilmişdir.

Universitetin 35 il əvvəlki ilk rektoru İsmayıl Sadıqov olub. Sonralar bu ali məktəbə mərhum Rəhim Rəhimov, daha sonra Tofiq Qocayev, Vidadi Məmmədov və başqaları rəhbərlik edib. Lakin son 12 il ərzində universitetin tədris işləri üzrə prorektoru rektoru əvəzləyib, başqa sözlə, ali məktəbin rektoru olmayıb. Belə bir vəziyyətin uzun illər davam etməsinin ali məktəbin işinə nə dərəcədə təsir edib-etməməsi başqa söhbətin mövzusudur. Təkcə onu deyə bilərik ki, Azərbaycan Respublikası Prezidentinin 13 mart 2013-cü il tarixli sərəncamı ilə universitetə rektor təyin edildikdən sonra tədris ocağının işində, necə deyərlər, dönüş başlanıb. Yuxarıdakı fikrimizə bir daha qayıdaraq qeyd etmək istəyirik ki, universitetin fəaliyyətində çatışmayan cəhətlər hələ az deyil. Lakin dönüş, islahatlar, yeni ixtisasların açılması istiqamətində aparılan işlər, xarici əlaqələrin olduqca genişləndirilməsi, tələbə, müəllim mübadiləsi, informasiya texnologiyalarına meydan verilməsi, tədrisin keyfiyyətinə diqqətin artırılması və başqa işlər universitet həyatını daha maraqlı və mənalı etmişdir.

Universitetin tədris işləri üzrə prorektoru, dosent Rövşən Əliyev söhbət zamanı dedi ki, indi bizim tədris müəssisəmiz dünyanın bir sıra tanınmış ali məktəbləri ilə eyni sırada dayana bilir, hətta bəzi sahələrdə nümunə göstərməyi bacarır.

Universitetin xarici əlaqələr şöbəsinin hesabatı qarşımdadır.Avropa ölkələrinin bir sıra tanınmış ali təhsil müəssisələri ilə imzalanmış müqavilələlər, elm və təhsil mərkəzləri, assosiasiyalar, təşkilatlar, şəbəkələrlə əlaqələri əks etdirən razılaşmalar, memorandumlar, “Erasmus+” proqramı çərçivəsində Avropa İttifaqına təqdim olunan layihələr və sair sənədlər bir daha sübut edir ki, Azərbaycan Texnologiya Universitetində yenilənmə, inteqrasiya işlərinə formal yanaşılmır və onlardan maksimum yararlanmağa çalışırlar. Təkcə Türkiyə Cümhuriyyətinin 19 universiteti ilə müqavilə bağlanıb.Rusiya Fedarasiyası Sankt-Peterburq Dövlət Telekommunikasiya Universiteti, o cümlədən Naberjnı Çelnı Dövlət Ticarət-Texnologiya İnstitutu, Həştərxan Dövlət Texniki Universiteti, Gürcüstanın, Belarusiyanın, Macarıstanın, Bosniya-Herseqovina Respublikasının, Pakistanın və digər ölkələrin ali məktəbləri ilə bağlanan müqavilələr diqqəti cəlb edir. Təbii ki, onların arasında Azərbaycanın da ali məktəblərindən olanları var.

Hazırda universitetin 5 tələbəsi “Mövlanə Mübadilə Proqramı” çərçivəsində təhsilini əvvəlcədən iki ali məktəb arasında bağlanmış müqaviləyə əsasən Türkiyənin müvafiq universitetində , 5 nəfər isə Bakıdakı Qafqaz universitetndə davam etdirir. Növbəti illərdə adıçəkilən proqram çərçivəsində belə tələbələrin sayının daha da artırılması nəzərdə tutulmuşdur. Maraqlıdır ki, “ Mövlanə Mübadilə Proqramı” çərçivəsində akademik mobilliyə cəlb olunan müəllimlərin də sayı artmaqdadır. Hazırda Rəcəb Tayyib Ərdoğan, Yüzüncü Yil və Giresin universitetlərinə on nəfərdən çox müəllim qəbul edilmişdir. Türkiyədəki univesitetlərdən də akademik mobillyə müəllimlər cəlb olunmuşdur. Yeri gəlmişkən, bir məsələni qeyd edək ki, universitetin yataqxanasının olmamaması bir sıra çətinliklər yaradır, o cümlədən də, əcnəbi tələbələrin və müəllimlərin qəbulu, onların müvafiq yerlə təmin olunması problem olaraq qalır. Biz hələ universitetdə təhsil alan 4 min nəfərdən çox tələbəni demirik.

Qeyd etmək lazımdır ki, Texnologiya Universitetinin beynəlxalq təhsil məkanına inteqrasiyası üçün xarici əlaqələr şöbəsinin yaradılmasına böyük ehtiyac duyulurdu və yaxşı ki, belə bir şöbə yaradıldı. İşin səmərəsi də göz qabağındadır. Məhz bu şöbə tərəfindən Boloniya prosesinin əsas sənədlərinin müntəzəm tərcüməsi, onun nəşri təşkil edilir. Bunun üçün dillər kafedrasının əməkdaşları da şöbənin işinə cəlb olunublar. İngilis, rus, alman və sair dillərdə olan müvafiq sənədlər Azərbaycan dilinə tərcümə olunur, eyni zamanda, sistemli lügətlər tərtib edilir. Artıq xarici ölkələrin 20 universiteti ilə memorandumlar imzalanmışdır.

Azərbaycan Texnologiya Universiteti Təhsil Nazirliyinin tövsiyəsi əsasında Dünya Bankı ilə birgə  ali təhsilin inkişafı layihəsini  həyata keçirməyi nəzərdə tutmuşdur. Vacib layihə “Regional işçi qüvvəsinin uyğunlaşdırılması” adlanır. Hazırda bu sahədə işlərin davam etdirilməsi üçün universitet tərəfindən tədbirlər planı hazırlanır. Universitet istehsalat yönümlü ali məktəb olduğu üçün regionda yerləşən müəssisələrlə birgə fəaliyyət proqramı işləyib hazırlayıblar. Əslində, ən vacib işlərdən birinin təməli qoyulub desək, yanılmarıq. Bu, universitet rəhbərliyinin son vaxtlar həyata keçirdiyi ən vacib işlərdən biridir. Elə son illər texnologiya universitetinə getdikcə artan marağın bir səbəbi də həmin amilin önə çəkilməsidir. Axı sirr deyil ki, məzunun qarşılaşdığı bir nömrəli problem onun iş yeri ilə bağlıdır. Gəncə və ətraf rayonlarda yerləşən müəssisələrlə əməkdaşlığa başlanması,müqavilələrin imzalanması vacib işə ciddi yanaşmadan xəbər verir. Artıq “Gəncə DET-AL” Alüminium Kompleksi ilə müqaviləyə əsasən həmin müəssisə universitetin  baza müəssisəsi olmalı, universitet isə onlar üçün kadrlar hazırlamalıdır. Qeyd edək ki, “Gəncə Det-Al” Alüminium Kompleksinin təməli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulmuş, 2011-ci ilin oktyabrında onun ilk 50 min tonluq istehsal gücünə malik 1-ci fazası işə başlamışdır. 2014-cü ilin yanvar ayında ölkə Prezidenti kompleksin yarımfabrikat istehsal edən zavodlarının açılışında iştirak etmişdir. Yaxın zamanda bu nəhəng müəssisənin istehsal gücünün ildə 200 min tona çatdırılması gözlənilir. İndi özünüz fikirləşin,  belə bir baza müəssisəsi olan ali məktəb yüksək ixtisaslı kadr yetişdirmək üçün görün dünənki kimi işləyə bilərmi?!Təsadüfi deyil ki,keçən ildən universitetin ixtisaslar təsnifatına 4 yeni ixtisas, o cümlədən, metallurgiya və kimya mühəndisliyi də əlavə olunmuş və beləliklə də onların sayı 17-dən 21-ə çatdırılmışdır. Hazırda daha çox maraq göstərilən müasir ixtisasların da açılması Azərbaycan Texnologiya Universitetinə yaxın gələcəkdə daha çox axının olacağından xəbər verir.2014-2015-ci tədris ilindən adlarını çəkdiyimiz ixtisaslarla yanaşı, kompüter mühəndisliyi və kompüter elmləri ixtisaslarına da tələbə qəbulunun başlanması təsadüfi deyil.

Əməkdaşlıq Gəncə Avtomobil zavodu, “Lalə-Tekstil” MMC, “Ağsu AzGranata” MMC və bu kimi digər müəsisələrlə də aparılır. Bu günün tələbəsi artıq bilir ki, sabah onu harada, hansı iş gözləyir, perspektivi nədir və sair. Bu ilin fevralında universitetdə Azərbayan Polad İstehsalı Kompleksinin işçi qrupunun “Sənayedə müasir texnologiyaların tətbiqi və təhsildə yüksək mühəndis kadrların hazırlanması paralelliyi ” mövzusunda professor- müəllim və tələbələrlə görüşü məhz Gəncə şəhərində istifadəyə verilməsi nəzərdə tutulan, 2500 nəfər işçi qüvvəsinə malik olacaq Mettallurgiya zavoduna kadrların hazırlanmasına həsr edilmişdir.

Məzun yarmarkaları da yuxarıda qeyd etdiyimiz məqsədə xidmət edir. Artıq 6-cı ildir ki, keçirilən belə yarmarkalarda təklif olunan iş yerlərinin sayı ibəil artır. 2009-cu ildə məzunlara 70 iş yeri təklif olunmuşdusa, keçən il bu rəqəm 130-u keçmişdir. Universitetin innovasiya, ixtiraçılıq və patent-lisenziya fəaliyyəti son illər xeyli gücləndirilmişdir.

Keçən il bu ali məktəbin professor-müəllim heyəti Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən 3 ixtiraya müsbət rəy almış və komitəyə ixtira üçün bir iddia sənədi göndərmişdir.

Son illər universitetdə bir sıra yeniliklərin tətbiqi, maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər bütövlükdə tədrisin keyfiyyətinə müsbət təsir etməyə başlamışdır. Ali məktəbin idman zalı, yeməkxanası, tədris korpusları təmir olunmuş və ən müasir avadanlıqla təchiz edilmişdir. Bütövlükdə hiss olunur ki, Texnologiya Universitetinin rəhbərliyi ölkədə, onun hüdudlarından kənarda yaxşı, səmərəli nə varsa, tətbiq etməyə çalışır. Universitetin rektoru,texnika elmləri doktoru, professor, Əməkdar müəllim Akif Süleymanov özü təşəbbüskar, işgüzar, yüksək təşkilatçılıq qabiliyyətinə malik bir kadrdır.İxtiraçıdır, patentləri var və sair.Burada çalışdığı iki il ərzində kollektivdə sağlam əhval-ruhiyyə yarada bilib. Lakin nöqsanlar da var. Onların ən başlıcası hələlik semestr imtahanlarında lazımi nəticənin əldə olunmaması, onun təşkili və keçirilməsi ilə bağlı nöqsanların aradan qaldırılmaması ilə bağlıdır.Dogrudur, imtahanlar test üsulu ilə keçirilir. Lakin aşkarlıq çatışmır ki, bu da müəyyən narazılıqlara gətirib çıxarır. Tələbələrin seçilib həvəsləndirilməsi işi istənilən səviyyədə deyil. Bu sahədə müəyyən təcrübədən, lap elə yaxınlıqdakı Aqrar Universitetin təcrübəsindən yararlanmaq mümkündür axı.

Yuxarıda qeyd etdik.Kollektiv son vaxtlar çox iş görüb. Sadəcə, onun təbliği işi zəifdir. İdeoloji işə diqqət artırılmalıdır. İki il qabaq inzibati, tədris korpuslarında istilik sistemi işləmirdi. Otaqlarda, auditoriyalarda lazımi şərait yox idi, internetə qoşulmaq müşkül məsələyə çevrilmişdi. Amma indi tamamilə başqa bir mənzərədir.Tələbələr özləri hətta dərsdən sonra evə tələsmir, istirahət edir, növbəti günün dərslərinə hazırlaşırlar. Çünkü şərait var.

Universitetin təsərrüfat işləri üzrə prorektoru Aslan Quliyev söhbət zaman özü etiraf etdi ki, 19 ildir bu vəzifədə işləməsinə baxmayaraq, heç vaxt abadlıq, yenidənqurma işlərinə bu qədər önəm verilməyib.

...Azərbaycan Texnologiya Universiteti həm də sabahın universitetidir. Burada professor-müəllim heyəti də,tələbələr də bunu bilir və daim yeniliyə can atır, ulu öndərin 35 il qabaq onlara yaratdığı bu imkandan maksimum yararlanmağa çalışırlar.

 

Hamlet QASIMOV

 

Xalq qəzeti.- 2015.- 8 aprel.- S.4.