Fərdi və ictimai maraq problemi

 

2015-ci il Azərbaycanda kənd təsərrüfatı ilidir

 

Fərdi və ictimai maraq cəmiyyətşünaslıqla məşğul olan alimlərin həmişə diqqət mərkəzində olmuşdur. Bəziləri bu məsələni əxlaqi-etik normalar, bəziləri fərdi və ictimai şüurun əlaqəsi, bəziləri maddi sərvətlərin ədalətli bölgüsü müstəvisində araşdırmağa çalışmışdır. Əslində, elə cəmiyyət həyatına aid liberal, radikal-inqilabi, mühafizəkar nəzəriyyələr də bu problemin həllinə müxtəlif mövqelərdən yanaşmalar əsasında yaranmışdır. Şübhəsiz ki, bunların hər biri real həyati faktlara, həm də onların təhlilinin ümumiləşdirilməsindən çıxarılan məntiqi nəticələrə əsaslanmışdır. Buna görə də lazım olduqca idrak nəzəriyyəsinin özünə və onun strukturunu təşkil edən məntiqə yenidən baxmışlar.

 

Çünki həm fərdi, həm də ictimai maraq öz genezisi etibarilə insanın şüuru, onun düşüncəsi, bu şüur və düşüncənin məzmunu, onun hüdudu və nəyə istiqamətllənməsi ilə bağlıdır. Şübhəsiz ki, burada psixoloji və mənəvi-əxlaqi keyfiyyətlər də əhəmiyyətli rol oynayır. Təsadüfi deyil ki, şüur probleminin tədqiqi ilə məşğul olan tanınmış rus alimi D.İ.Dubrovski şüurun dörd aspektdə nəzərdən keçirilməsini irəli sürür: 1) qnesoloji; 2) ontoloji; 3) aksioloji; 4) praksioloji. Çünki insanın fəaliyyətində və həyat tərzində bunların hamısı iştırak edir. Bu cəhətlər vəhdət halında insanın dünyaya baxışını, onun həyat kredosunu müəyyənləşdirir. Həyat tərzi əsasında formalaşan dünyabaxışını özlüyündə fenomenologiya, subyektiv təcrübə, yaxud subyektiv reallıq da adlandırmaq olar. Bu subyektiv reallıq hər bir insanın həyat tərzində və fəaliyyətində buya diər səviyyədə onun özü üçün olan obyektiv reallığa, yaxud gerçəkliyə çevrilir.

Lakin bu heço demək deyildir ki, insanın və cəmiyyətin  həyatında hansısa ümumi, universal, hamı üçün eyni olan normalar, prinsiplər, qanunauyğunluqlar yoxdur. Sadəcə olaraq, bütün bunlar təkcənin, xüsusininümuminin vəhdəti prinsipinə əsaslanır və cəmiyyət üçün bu ümumiləşmiş zəruri əhəmiyyətə malik olur. Əgər bu ümumi prinsiplər olmasaydı, heç cəmiyyətin özüyarana bilməzdi. Bu prinsiplər insanların yaşamaq üçün bir-birinin koməyinə, yardımına olan ehtiyacı üzündən yaranmışdır. İnsanların birliyi ilə başqa canlıların birliyi arasındakı fərq də elə buradan meydana gəlir. Əgər başqa canlıların birliyi onların təbii instinktlərinə, əvvəldən verilmiş təbii mexanizmlərə əsaslanırsa, insanların birliyi onların buya digər məzmunda və formada irəli sürdükləri və qəbul etdikləri, hamı üçün  yerinə yetirilməsi vacib olan prinsiplərə əsaslanır. Başqa sözlə, hər bir insan özlüyündə sosiumdur. Çünki o, insanlar arasında, onlarla müxtəlif münasibətlər sistemində yaşayır. İnsanın sosium olması onun başqa insanların da qəbul etdiyi ümumi normaları qəbul etməsi və onlara əməl etməsi ilə bağlıdır. Bu normalar cəmiyyət həyatının bütün sahələrində: iqtisadi, sosial, siyasi-hüquqi, mənəvi-əxlaqi və s. sahələrdə olan normalar sistemidir. Bunlar isə tədricən insanların və cəmiyyətin həyatında baş verən dəyişikliklərə uyğun olaraq dəyişir. Lakin mövcud normalara uyğun olaraq yaşamaq həmişə öz sabitliyini saxlayır və saxlamalıdır.

Başqa cür olarsa, onda cəmiyyət həyatında xaos və hər şeydən əvvəl, əxlaqi-mənəvi pozğunluq yaranar ki, bu da hər cür neqativ halların yaranmasına və cəmiyyətin geriləməsinə səbəb olur. Bəziləri isə ümumi norma və prinsiplər hər bir adamın guya öz dünyası və dünyagörüşü olması haqqındakı şizofrenik yanaşma ilə əvəz etməyə çalışırlar. Burada dialoq, poliloq və tolerantlıq kimi anlayışları ümumi dekadensapatiya ilə qarışdırmaq olmaz. Dekadensapatiya kimi hallar insan həyatı üçün nizamlayıcı olan sosial normativlər kompleksinin tənəzzülü və itirilməsidir. Bu, hər şeydən əvvəl, konkret cəmiyyətə aid olan konkret mədəniyyətin və onun dəyərlərinin itirilməsidir. Çünki mədəniyyət və cəmiyyət bir medalın iki üzüdür. Bütün dövrlərdə cəmiyyətin inkişaf səviyyəsi bütövlükdə onun ümumi mədəniyyətinin inkişaf səviyyəsi ilə ölçülür. Bu isə istehsal sahəsindən tutmuş tərbiyəyə, mənəvi mədəniyyətə qədər bütün sahələri əhatə edir. Buna görə də mədəniyyət özlüyündə matrisadır və bu matrisadan istənilən tərəfi  götürüb ayrılıqda nəzərdən keçirmək olar. Lakin bu sahə istər-istəməz digər sahələrlə də korrelyasiya olunur. Buna görə də mədəniyyəti sosial orqanizm olan cəmiyyətin genizisi də adlandırmaq olar. Lakin burada irsiliklə yanaşı, mutasiyadan ibarət təkamül prosesi gedirbu proses psixologiyaşüur sahəsini də əhatə edir. Təsadüfi deyildir ki, XVII əsrdə tərəqqi anlayışı elmi dövriyyəyə daxil edən fransız flosofları bu tərəqqini şüurun, elmi təfəkkürün, mədəniyyətin inkişafı hesab edərək, ona cəmiyyət inkişafının başlıca şərti, ətraf aləmin öyrənilməsinin mühüm amili kimi baxmışlar. Məhz bu öyrənmənin, dərketmənin cəmiyyətin inkişafı üçün başlıca şərt olduğunu göstərmişlər. Eyni zamanda, düzgün tərbiyəni də buraya daxil etmişlər. Bu tərbiyəni isə daha çox ictimai şüur sahəsinə aid etmişlər. Onlar düzgün tərbiyə dedikdə cəmiyyətin silki mükəlləfiyyətdən hamı üçün eyni olan vətəndaş cəmiyyətinə və vətəndaş hüququna keçməyi nəzərdə tutmuşlar.

Onlar göstərmişlər ki, ətraf mühitdə baş verə biləcək dəyişikliklərin hamısı ağlın, zəkanın irəli sürdüyü,işləyib hazırladığı elmi biliklər və onların həyata keçirilməsi zəminində mümkündür. Həm də ağıl, zəka pozitiv sosial mahiyyət daşımalı və hamı üçün faydalı olmalıdır. Bu faydalılıq isə, hər şeydən əvvəl, heç kimə qərəzli ziyan vurmamaqdadır. Hüquq da, əxlaqi və mənəvi dəyərlər də, siyasət də bu başlıca imperativ əsasında qurulmalıdır.

İnsanda onun həyatının əsasını təşkil edən bir neçə başlanğıc var. Bu başlanğıclar sırasında istehlakçılıq və istehsalçılıq daha üstün əhəmiyyətə malikdir. İstehlakçılıq və istehsalçılıq arasındakı fərq isə bundan ibarətdir ki, istehlakçılıq daha çox fiziolojifiziki tələblərlə bağlıdırsa, istehsalçılıq daha çox ağıl və mədəniyyətlə bağlıdır. Hərçənd bu sonuncular elə istehlakçılığa da aiddir. Lakin ontogenezdə bu, bir qədər gec başlayır. Yəni uşaqlar və yeniyetmələr hələ istehsal etmədən istehlak edirlər. İndiki dövrdə bunu 18-19 yaş həddinə qədər götürmək olar. Bu yaş həddindən sonra gənc azya çox dərəcədə özünü təmin etməyə çalışmalıdır. Məsələn İngiltərənin sabiq Baş naziri Toni Bleyerin oğlu Oksford Universitetinin təsəbəsi yay tətili zamanı marketlərin birində işləməyə başlayır. Bunu bilən jurnalistlər ona sual verdikdə ki, atan Baş nazir ola-ola sən nə üçün marketdə yükdaşıyan işləyirsən? O, cavab vermişdi ki, mən atamdan asılı olmadan özüm-özümü dolandırmaq istəyirəm. Bu, sözün əsl mənasında, özünü dərketmədir, yüksək ağıl, əxlaq və mədəniyyət nümunəsidir. Psixifiziki cəhətdən sağlam olan adam artıq 22-23 yaşlarından sonra özü-özünü təmin etməyə keçməli və bütövlükdə, maddi cəhətdən valideynin, yaxud hər hansı bir digər himayədən çıxmalıdır. Bu yaşa qədər  müəyyən sənət, peşə sahəsinə yiyələnməli və işləyərək qazanmağa başlamalıdır. Bu  isə iqtisadiyyatın aqrar, yaxud sənaye sahəsi ola bilər. Yaxud, xidmət sahəsi (həkim, müəllim, müxtəlif dövlət strukturları, informasiya vasitələri, ticarət və s.) də ola bilər.

Məlum faktdır ki, hər hansı bir ölkənin inkişafı bilavasitə onun iqtisadiyyatının inkişafı ilə bağlıdır. Yerdə qalan bütün amillər (elm, texnika, idarəetmə və s.) buna xidmət etməlidir. Bu, heç də yalnız iqtisadi determinizm mövqeyində durmaq deyildir. Eyni zamanda, ictimai inkişafda iqtisadiyyatın əhəmiyyətini də heç cür azaltmaq olmaz. Hələlik Azərbaycan əsasən aqrar təsərrüfat ölkəsi olduğundan burada aqrar təsərrüfata xüsusi diqqət və qayğı olmalı, mövcud torpaq, su və hətta hava şəraitindən rasional səviyyədə istifadə olunmalıdır və dövlət də bu istiqamətdə aparır. Azərbaycanın ərzaq məhsullarına olan ehtiyacını özünün ödəyə bilməsi potensialı olduğu halda, bu məhsulların kənardan gətirilməsi hamını düşündürür və düşündürməlidir də. Məsələn, bizdə istehlak olunan yağın 48 faizi xaricdən gətirilir. Bu, eləcə də müəyyən faiz dərəcələri ilə digər ərzaq məhsullarına da aiddir. Məhz torpaq sahələrindən rasional istifadə olunmamanın nəticəsidir ki, dağ rayonlarındakı torpaq sahələrinin bir hissəsi imtiyazlı və varlı adamlar tərəfindən çəpərlənmiş, hasarlanmış və ildə 1-2 ay istirahət üçün dəbdəbəli villalar tikilmişdir. Halbuki, həmin yerlərdə kəndlilərin mal-qarası üçün isə otlaq yeri çatışmır. Buradan əkin, bağçılıq, otlaq yerləri kimi istifadə olunması daha çox fayda verə bilərdi.

Kənd təsərrüfatı məhsullarının çoxalması, torpaqdan daha səmərəli istifadənin mühüm səbəblərindən biri də kəndlilərdə maraq oyatmaq üçün xaricdən gətirilən ərzaq məhsullarına qoyulan gömrük rüsumlarının həcmini artırmaq olar. Bu, indi başqa ölkələrdə də istifadə olunan təcrübədir. Ölkə özünü təmin edəcək məhsulların istehsalını artırmaq üçün xaricdən gətirilən mallara yüksək rüsum qoymaqla bu məsələni həll edə bilər. Bu, digər sahələr üçün də belədir. Lakin Azərbaycanda hələ sənaye sahəsi zəif olduğundan, şübhəsiz ki, bunu hələlik tətbiq etmək mümkün deyildir. Lakin sosioloji tədqiqatlar və hesablamalar yolu ilə buya digər sahədə kvotalardan istifadə etmək olar. Ümumiyyətlə, xarici ticarət məsələsində gömrük orqanlarının fəaliyyəti mühüm əhəmiyyət kəsb etməli və bütün fəaliyyəti ilə yerli istehsalın artmasına yardım etməlidir. Başqa sözlə, gömrük orqanı yerli istahsalla xarici ticarət arasında nizamlayıcı rol oynamalıdır.

Aqrar təsərrüfatın inkişafı üçün kooperativlərin təşkili günün vacib məsələlərindən biridir. Kooperativ təsərrüfat dedikdə adamlar çox vaxt əvvəlki kolxozları düşünür, lakin onların arasında olan böyük iqtisadi və təşkilat fərqinə o qədər də fikir vermirlər. Hətta indiictimai, əslində isə, dövlətə məxsus olan mülkiyyət formasından xüsusi mülkiyyətə (burada müəyyən sahələrdə dövlət mülkiyyəti qalır və qalmalıdır da), keçməkdən ibarət olan bazar iqtisadiyyatı dövründə də kooperativ təsərrüfat heçöz əhəmiyyətini itirməyib və Azərbaycanın aqrar təsərrüfatında onun inkişafı üçün optimal şərait vardır. Məhz  bu yolla kənd təsərrüfatı üçün aqrotexniki bazaona lazım olan mütəxəssis (aqromon, zootexnikbaytar) xidməti göstərmək olar. Məhz bu bazanın və xidmətin zəif olması səbəbindəndir ki, məhsuldarlıq istənilən səviyyədə olmur. İnkişaf etmiş ölkələrdə işləyən əhalinin cəmi 5-10 faizi aqrar təsərüfatla məşğul olaraq, bütün ölkəni ərzaq məhsulları ilə tam təmin edireyni zamanda, ixrac da edir. Azərbaycanda isə əhalinin 38 faizi aqrar təsərrüfatla məşğul olur, lakin özümüzü ərzaqla təxminən 70-80 faiz təmin edə bilirik.  Aydın olsun deyə göstərmək lazımdır ki, kooperasiya nəzəriyyəsi üç tarixi mərhələdən keçmişdir. Birinci mərhələ K.Marksın “Kapital” əsərində onun iqtisadi cəhətdən son dərəcə faydalı olmasının əsaslandırılmasıdır. Əgər bu əsərin birinci cildinin on birinci fəslinə baxsanız bunu aydın şəkildə görəcəksiniz. Yeri gəlmişkən onu deyim ki, “Kapital” əsəri hələ indidünya miqyasında iqtisadi nəzəriyyə ilə məşğul olanların diqqət mərkəzindədir və 2009-cu ildə Almaniyada onun yeni nəşrinin nüsxələri qısa bir müddətdə satılıb qurtarmışdır. Əsər, bir növ, bestseller olmuşdur.

 

(ardı var)

 

Aydın ŞİRİNOV,

professor

 

Xalq qəzeti.- 2015.- 10 aprel.- S.6.