Nəriman Nərimanov Azərbaycanı Şərq üçün

nümunəvi respublikaya çevirmək istəyirdi

 

Nəriman Nərimanov— 145

 

(Əvvəli qəzetin 14 aprel 2015-ci tarixli sayında)

 

Nərimanovun milli cümhuriyyət xadimlərinə, onların ailələrinə, ziyalılara, cəmiyyətin nüfuzlu şəxslərinə qayğıkeş münasibəti onun burjua millətçisi kimi damğalanmasına əsas yaradırdı.

“Nərimanovun işi”ni təftiş etmək məqsədilə Bakıya gəlmiş komissiyanın təşkil etdiyi iclaslarda səslənən ittihamların sırasında bu məsələ də yaddan çıxarılmamışdı: “Bəs nə üçün Nərimanov demir, onun tərəfdarlarının nə qədəri açıq-aşkar müsavatçıdır?” ( Q. Orconikidze).

 

N. Nərimanovun əhatəsində olan insanlar da ona qarşı ittiham mövzusuna çevrilmişdilər. Müsəlman olmayan ən yaxşı işçilərin Azərbaycandan sıxışdırılıb çıxarılmasında, bununla yanaşı, öz ətrafında bir sıra “əclafların” isti yuva qurmasına imkan verməkdə təqsirləndirilirdi. Müsəlman və qeyri-müsəlman işçilər arasında “uçurum” yaratmaqda günahlandırılan Nərimanov məsul vəzifələrə olan təyinatlara olduqca ciddi münasibət bəsləyirdi. 1918-ci ildəki “sovet hakimiyyətinin” acı təcrübəsindən çıxış edərək “İlk vaxtlar erməni yoldaşları yüksək vəzifələrə təyin etməmək barəsində danışmağa” məcbur olduğunu deyirdi: “Mən bildirirəm ki, bu, ağılla düşünülmüş və düzgün hesablanmış bütöv bir plandır... Kommunizm bayrağı altında daşnaklar öz işlərini görürlər. Onun bu mövqeyini pozuculuq siyasəti kimi qiymətləndirənlər barəsində mərkəzə yazır (Nərimanov erməni kommunistlərini daşnak hesab edərək və bu fikri öz ətrafındakılara təlqin edərək kommunist ailəsində  antaqonizm yaradır (B. Şahtaxtinski), üzünə qarşı çıxış edirdilər: ”Nərimanov gəldiyi ilk gündən partiyanı parçalamağa cəhd etmiş, hamını milli əlamətlərə görə qruplaşdırmış, müsəlmanları ruslardan, ermənilərdən və başqalarından ayırmağa səy göstərmişdir" (M.Hüseynov).

Nərimanovun Mikoyana gizli nifrətindən, 1917— 1918-ci illərdə Şaumyanla kəskin ixtilaflarından bəhs edən azərbaycanlı kommunistlər bu tendensiyaya qarşı mübarizə apardıqlarını vurğulayırdılar. N. Nərimanovun əsas mübarizə hədəfi isə Mərkəzin ucqarlarda, konkret məzmunda Azərbaycanda yeritdiyi neqativ siyasət idi. Ucqarlara, o cümlədən Azərbaycana münasibətdə Mərkəzi hakimiyyətin mövqeyini özü üçün müəyyənləşdirən N. Nərimanov, B. Şahtaxtinskinin ifadə etdiyinə görə “Mərkəzi Komitə və Xalq Komissarları Sovetindən keçməli olan bütün məsələləri təkbaşına həll edirdi”. Həm də bəhs edilən qurumlarda heç bir halda icazə verilməyəcək formada həll edirdi.

Sağlığında, əsasən, V. Leninə, sonra isə İ. Stalinə yazdıqlarının nəticəsiz qaldığını gördüyündən “Mərkəzin cahanşümul istilaçı siyasətinə”

(N. Nərimanov) qarşı durmağın açıq və rəsmi formalarını (hərbi hakimiyyətlə əməkdaşlıq cəhdi, partiyanın Bakı Komitəsinin buraxılması, AK(b)P Mərkəzi Komitəsində çoxluğun, üstünlüyün ona dəstək verəcək səviyyədə təmin olunması haqqında tələbləri, mütəmadi mərkəzi orqanlara, rəhbər şəxslərə müraciətləri, ən çıxılmaz vəziyyətdə “istefa” silahından təzyiq vasitəsi kimi istifadə etməsi və s.) sınaqdan çıxarmış Nərimanov maksimum imkanlar daxilində müstəqil fəaliyyət yolunu seçdi. 1923-cü il iyunun 13-də “Nərimanovun işi” müzakirə olunanda Q.Orconikidze bildirmişdi ki, hər zaman Nərimanovu dəstəkləmişdir və başqalarını da buna məcbur etmişdir. “Nərimanov olduqca və olduqca çox tələb etməyə başladıqda” (Q.Orconikidze) Azərbaycan rəhbərliyində əngələ çevrilirdi. “Qeyri-məhdud diktatorluq səlahiyyətləri tələb etməkdə”, “hakimiyyətə iddialı olmaqda”  suçlu bilinən Nərimanov sovet hakimiyyətinin “əsas prinsipləri nöqteyi-nəzərindən böyük cinayətlər törətmiş” sayılırdı. B. Şahtaxtinski İ. Stalinə məktubunda N. Nərimanovun “cinayətlərini” bəndlər üzrə təsnif etmişdir: Mərkəzi Komitə və Xalq Komissarları Sovetinin xəbəri olmadan Bakı gömrükxanasını Xalq Maliyyə Nazirliyinin İdarəçiliyindən çıxardıb, bilavasitə özünə tabe etmiş, ixrac və idxal olunan bütün mallardan natura şəklində 10 faiz ayırmaları müəyyənləşdirib, həmin ayırmalara təkbaşına sərəncam vermişdir. Yüz milyardlarla rubl məbləğində olan bu ayırmaları paylamaq yolu ilə Nərimanovun özünə şöhrət qazandırması fikri yəqinləşdirilirdi.

Daha bir “cinayət” nümunəsi kimi B. Şahtaxtinski göstərirdi ki, Türkiyədən qayıdandan sonra Mərkəzi Komitənin qərarı ilə Xalq Maliyyə Komissarlığını təftiş etməyə başlamış, əməkdaşları ilə birgə mədaxil-məxaric kassasının anbarlarında qiymətli əşyalar olan yeşiklərə rast gəlmişlər. Xalq maliyyə komissarı Tağıyevin izahatından aydın olmuşdur ki, Zaqafqaziya respublikalarının birləşdirilməsi ilə əlaqədar Nərimanov bütün qiymətli əşyaları Naxçıvanın üzərinə yazdırmaq yolu ilə “Qoxran”ı təmizləmək və həmin əşyaları “Qoxran”dan mədaxil-məxaric kassasının anbarlarına apartdırmaq qərarına gəlmişdir. B. Şahtaxtinski bu “əməliyyatın” da Mərkəzi Komitə və Xalq Komissarları Sovetinin xəbəri olmadan həyata keçirildiyini yazırdı.

N. Nərimanov Azərbaycan əhalisindən zorakılıqla, qarətlə, təhqirlə müsadirə olunmuş sərvətin Azərbaycanda qalması üçün bu addımı atmışdı. Nərimanovun tövsiyə və xəbərdarlıqları əməli həllini tapmadığından və rədd edildiyindən, qısa müddətdə nəinki “orta sinif”, xırda burjuaziya da yeni hakimiyyətə ədavətli münasibətdə oldu. Bakı Komitəsinin qərarını AK(b)P nümayəndəsi də müdafiə etdikdə, N. Nərimanov siyasi fəaliyyətinin iqtidar dövrundə, partiya xəttindən ilk rəsmi narazılıq məktubunu yazdı. AK(b)P MK-ya, surətini isə Q. Orconikidzeyə göndərdi. Öz mövqeyindən dönməyəcəyini, əks təqdirdə, vəzifəsini davam etdirə bilməyəcəyini bəyan etdi. A. Mikoyan, V. Naneyşvili, L. Qoqoberidze, V. Lominadze, G. Sturua Bakıdan çağırılaraq yeni təyinat yerlərinə göndərildilər. Q. Kaminski isə Tuladan Bakıya ezam edildi. Beləliklə, büroların tərkibi kəskin dəyişildi.

Xırda burjuaziyaya, ziyalılara münasibətdə daha mülayim taktika tələb edən Nərimanov və tərəfdarları bir qrupu, əksini tələb edənlər isə digər qruplaşmanı əmələ gətirmişdi. Onlar arasındakı ixtilaflar İnqilabi Komitə, Xalq Komissarları Soveti çərçivəsindən çıxaraq partiyanın mərkəzi komitəsi səviyyəsində kəskinləşmişdi. Ən çox mübahisə və ixtilaflar doğuran müsadirə və mənzil məsələsi idi.

İ. Stalinin Bakıya gəlişi bir sıra təşkilati tədbirlərlə nəticələndi. Məsələlərin əməli həllini zəruri sayan Stalin təşviqat dövründə yaradıldığı mülahizəsi ilə Azərbaycan İnqilab Komitəsini təzələməyi və genişləndirməyi təklif etdi. Noyabrın 27-də RK(b)P MK Siyasi Bürosunun iclasında Qafqazdakı, xüsusən Azərbaycandakı durum müzakirə edilmiş, Stalinin məlumatına əsasən .Azərbaycan İnqilab Komitəsinə və Şərq xalqlarının I qurultayında seçilmiş Təbliğat və Fəaliyyət Şurasına ümumi siyasi rəhbərlik Q. Orconikidzenin üzərinə qoyulmuşdu. Q. Orconikidzenin, Mərkəzin ona həvalə etdiyi statusa güvənərək idarəetmə tərzini N. Nərimanov İ. Stalinə  göndərdiyi məktublarında “general-qubernator”a, “Qafqaz canişininə” xas davranış kimi səciyyələndirirdi.

 

Firdovsiyyə ƏHMƏDOVA,

Azərbaycan Respublikasının

Prezidenti yanında Dövlət İdarəçilik

Akademiyası  tarix kafedrasının müdiri, dosent

 

Xalq qəzeti.- 2015.- 15 aprel.- S.6.