Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının

yeni və dinamik inkişaf mərhələsi

 

Aprelin 8-9-da İstanbulda Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə XVIII Avrasiya İqtisadi Zirvəsi keçirilmişdir. Zirvədə 50 ölkədən dövlət və hökumət rəhbərləri, hökumət üzvləri, digər rəsmi şəxslər, beynəlxalq qurumların, qeyri-hökumət təşkilatlarının nümayəndələri, diplomatlar, deputatlar, keçmiş dövlət və hökumət başçıları iştirak etmişlər.

 

XVIII Avrasiya İqtisadi Zirvəsində iştirak edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyə-Azərbaycan münasibətlərinin bütün dövrlərdə həm iki ölkə, həm də region üçün çox önəmli rol oynadığını bildirərək qeyd etmişdir ki, müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin çox mühüm tərkib hissəsidir. Hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumların rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynamış və bütün sahələrdə əlaqələr uğurla inkişaf edərək ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasına səbəb olmuşdur. Bununla yanaşı, Prezident Administrasiyasının rəsmisi  Azərbaycanın müstəqilliyinin ilk illərində Türkiyənin iki qardaş ölkə arasında qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini əsas tutaraq dövlət quruculuğu yolunda respublikamızın səylərini daim dəstəkləməklə, hərtərəfli əlaqələrin inkişafına geniş yardım göstərdiyini bildirərək, eyni zamanda, Azərbaycan torpaqlarının bir hissəsinin təcavüzkar Ermənistan tərəfindən işğal edilməsi faktının və xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasətinin ağır nəticələrini də zirvə toplantısının iştirakçılarının diqqətinə çatdırmışdır.

Ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın dünya birliyinə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında, ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə dövləti ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verərək bu istiqamətdəki kursun yüksələn xətt üzrə inkişafını təmin etmişdir. O dövrdən başlayaraq Azərbaycan regionda həyata keçirilən qlobal iqtisadi layihələrin həyata keçirilməsində Türkiyənin yaxından iştirakına daim xüsusi diqqət yetirir. Avropa ilə Şərq ökələri arasında nəqliyyat kommunikasiya əlaqələrinin yaradılması sahəsində mühüm əhəmiyyət kəsb edən “Avropa-Qafqaz-Asiya Transqafqaz” nəqliyyat dəhlizi (TRASEKA) proqramının dəstəyi ilə 1998-ci il sentyabrın 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın iştirakı ilə tarixi Böyük İpək yolunun bərpasına dair Bakıda keçirilmiş beynəlxalq konfrans Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlığın genişlənməsinə yeni stimul verdi. Bu layihə ilə yanaşı, digər iqtisadi layihələrin həyata keçirilməsi istiqamətində atılan addımlar, xüsusilə Xəzərin enerji resurslarının dünya bazarlarına nəql olunması sahəsində Azərbaycan-Türkiyə arasında davamlı əməkdaşlığın genişləndirilməsi hər iki dövlətin regionda siyasi-iqtisadi və strateji maraqlarının təmin edilməsinə xidmət edir.

Azərbaycanın neft strategiyasının həyata keçirilməsi regional sabitliyin möhkəmləndirilməsi və qonşu dövlətlərlə, xüsusilə, Türkiyə ilə strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsində mühüm əhəmiyyət kəsb edir. Xəzər regionunda fəal mövqeyi ilə seçilən və Azərbaycanın bütün məsələlər üzrə müttəfiqi hesab edilən Türkiyə dövləti əsas diqqətini respublikamızın neft ehtiyatlarının xarici bazarlara marşrutu üzərinə  cəmləşdirmişdir. Bu məqsədlə də Türkiyə hökuməti Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri marşrutunu irəli sürmüş və kəmərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bir sıra təkliflərlə çıxış etmişdir.

1999-cu il noyabrın 18-də İstanbulda keçirilmiş ATƏT-in Zirvə toplantısı çərçivəsində XX əsrin çox mühüm layihəsi hesab edilən və mübahisəli müzakirələrə səbəb olan “Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə Azərbaycan, Gürcüstan, Türkiyə ərazilərindən xam neftin nəql edilməsinə dair saziş”in Azərbaycan, Gürcüstan, Türkiyə və ABŞ prezidentləri tərəfindən imzalanması region ölkələrinin strateji əməkdaşlığı və Avropaya inteqrasiyası sahəsində mühüm addım oldu. Eyni vaxtda, adı çəkilən dövlətlərin prezidentləri tərəfindən bu qlobal layihəni müdafiə edən İstanbul bəyənnaməsinin qəbul edilməsi Azərbaycan dövlətinin, xüsusilə ümummilli lider Heydər Əliyevin yeni neft startegiyasının həyata keçməsi istiqamətində, eləcə də Türkiyə dövləti ilə dostluğun və əməkdaşlığın daimi olmasını təsdiq edən çox əhəmiyyətli bir sənəd idi.

Bundan əlavə, İstanbul Zirvə toplantısında regionda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində Azərbaycanın və Türkiyənin iştirakı ilə “Qafqaz paktı” yaradılması ideyası irəli sürüldü. Bu ideyanın həyata keçirilməsi üçün Azərbaycanın regional təhlükəsizliyə dair daha bir təşəbbüsü 2002-ci il aprelin 29-30-da Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin Türkiyənin Trabzon şəhərində keçirilən zirvə görüşündə reallaşdı. Görüşün nəticəsi olaraq 3 dövlət arasında “Terrorizm, mütəşəkkil cinayətkarlıq, qanunsuz narkotik, psixotrop maddələrin qaçaqmalçılığı, silah, insan alveri və digər mühüm cinayətlərlə mübarizə haqqında müqavilə” imzalandı. Bununla yanaşı, “Şahdəniz” yatağından hasil olunan təbii qazın Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Türkiyəyə nəql olunması üçün qaz boru kəmərinin də inşasının həyata keçirilməsi haqqında qərar qəbul edildi. Heç şübhəsiz ki, bu layihənin reallaşması Azərbaycan və Türkiyənin sosial-iqtisadi inkişafında, regional təhlükəsizliyin möhkəmlənməsində, qarşılıqlı əlaqələrin genişlənməsində və hər iki dövlətin dünya birliyinə hərtərfli inteqrasiyası istiqamətində mühüm əhəmiyyət kəsb edir.

Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu novatorcasına, dinamik şəkildə, eləcə də çox uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev qardaş Türkiyə dövləti ilə münasibətləri yüksələn xətt üzrə inkişaf etdirərək starteji müttəfiqlik səviyyəsinə qalxmasında əhəmiyyətli rol oynadı. Belə ki, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında Prezident İlham Əliyevin 2004-cü il aprelin 13-15-də dövlət başçısı kimi ilk rəsmi səfəri zamanı iki dövlət arasında Birgə Bəyanat, mülki aviasiya və mədəniyyət sahələrində əməkdaşlığa dair protokollar, ümumilikdə isə 5 mühüm sənəd imzalandı.

2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan limanında Şərq-Qərb enerji dəhlizinin mühüm qolunu təşkil edən və ulu öndər Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. Bu hadisə ümummilli liderin uzaqgörən və düşünülmüş siyasətinin, eləcə də uğurlu neft strategiyasının nəticəsi və vaxtilə bəzi mütəxəssislərin inanmadığı “üç dənizin əfsanəsinin” reallığa çevrildiyi gün kimi tarixə düşdü.

Ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik inkişafının göstəricisi olan qlobal iqtisadi layihələr —Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri regionda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verməklə yanaşı, xalqlarımızın rifah halının yaxşılaşdırılması baxımından da böyük əhəmiyyətə malikdir. Bu mənada 2008-ci il iyulun 24-də Azərbaycan Prezident İlham Əliyevin Türkiyəyə səfəri zamanı Qars şəhərində Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə hissəsinin təməlinin qoyulması mərasimindəki nitqində dövlət başçısı Azərbaycanın beynəlxalq enerji və nəqliyyat dəhlizi ölkəsi olaraq yüksək potensialını göstərməklə yanaşı, bu dəmir yolunun ümumən regionda əməkdaşlığın genişlənməsi üçün çox önəmli layihə olduğunu bildirdi. Hazırda regionun ən böyük və mühüm layihələri hesab edilən hər üç layihənin Bakıdan başlanması təkcə Azərbaycanın neft və qaz ehtiyatlarına malik olması deyil, eləcə də ölkəmizin regionda ən böyük iqtisadi potensiala, gücə və  həmin layihələrin reallaşmasını diktə etmək imkanına sahib olması deməkdir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu il iyunun 7-8-də Türkiyəyə işgüzar səfəri zamanı iki dövlət arasında enerji sahəsində əməkdaşlığa dair bir sıra mühüm sənədlər imzalandı. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Türkiyənin BOTAŞ şirkəti arasında Azərbaycandan Türkiyəyə və Türkiyə ərazisindən təbii qazın satışı və nəqlinə dair Bəyannamə, Azərbaycan Sənaye və Energetika Nazirliyi ilə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi arasında təbii qazın satışı və nəqlinə dair Anlaşma Memorandumunun imzalanması ölkələrimizin enerji sahəsində əməkdaşlığının yeni bir mərhələsi kimi qiymətləndirilir. Bu hadisə indiyə kimi iki qardaş dövlətin qlobal enerji və nəqliyyat layihələrinin reallaşdırılması istiqamətində birgə göstərdikləri səylərin və əməkdaşlığın daha da genişlənməsinin göstəricisidir. Türkiyəyə səfər çərçivəsində iyunun 8-də İstanbulda keçirilən və ətrafında 22 dövləti birləşdirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin üçüncü Zirvə toplantısında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə başlamış və uğurla həyata keçirilən layihələrin geniş regional əməkdaşlıq üçün möhkəm əsas yaratdığını, eləcə də enerji təhlükəsizliyinə aid olan bu layihələrin hazırda bütün iştirakçılara fayda verən çox mühüm regional əməkdaşlıq nümunəsi olduğunu bildirdi. Eyni zamanda, dövlət başçısı Azərbaycanın Tarixi İpək Yolunun bərpasına töhfə verdiyini qeyd edərək, hazırda ölkəmizin iştirakı ilə həyata keçirilən və Asiya ilə Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin regionda yaşayan xalqlara rifah gətirəcəyini diqqətə çatdırdı.

Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi dövlətimizin xarici siyasətinin çox mühüm tərkib hissəsidir. Bu günədək “bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edən münasibətlərin yüksək səviyyədə olduğunu bildirən Azərbaycan Prezidenti İlham Əliyev hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərinin ikitərəfli siyasi və iqtisadi əməkdaşlığın inkişafında əhəmiyətli rol oynadığını bildirərək  qeyd etmişdir ki, “Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr çox uğurla inkişaf edir. Bu əlaqələr dostluq-qardaşlıq əsasında qurulubdur. Bizim çox zəngin birgə tariximiz, ortaq dəyərlərimiz vardır. Bu gün Türkiyə ilə Azərbaycan arasında əlaqələr bu möhkəm təməl əsasında qurulur. Son iyirmi ilə yaxın müddətdə Türkiyə ilə Azərbaycan arasında əlaqələr daim yüksək səviyyədə olmuşdur. Bu gün bu gözəl ənənələr davam edir və bütün məsələlərdə əməkdaşlığımız yaxşı nəticələr verməkdədir”.

Hər iki dövlətin irəli sürdüyü yüksək səviyyədə Strateji Əməkdaşlıq Şurasının qurulması istiqamətində verilən qərar da Türkiyə-Azərbaycan arasında gələcəyi əhatə edən və ikitərəfli münasibətlərdə atılan ən mühüm addımlardan biridir. 2010-cu il avqustun 16-da imzalanmış “Türkiyə ilə Azərbaycan strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə”, eləcə də  “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında Birgə Bəyannamə”nin imzalanması mühüm əhəmiyyət kəsb edir. Şübhəsiz ki, Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında adı çəkilən sənədin imzalanması çox düzgün və gələcəyə hesablanmış bir addım oldu.  Azərbaycan  Prezidenti  İlham Əliyev qardaş ölkə ilə imzalanmış bu müqavilənin böyük əhəmiyyət kəsb etdiyini bildirmişdir: “Bu gün imzalanmış  strateji tərəfdaşlıq və qarşılıqlı  yardım haqqında müqavilə böyük tarixi əhəmiyyətə malik olan bir sənəddir. Bu müqavilə gələcək fəaliyyətimizi müəyyən edir və bundan sonra onilliklər ərzində Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərini müəyyən edəcəkdir”.

2011-ci il iyulun 27-də Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı Türkiyə-Azərbaycan əlaqələrinin hazırda ən yüksək səviyyədə olduğunun bir daha şahidi olduq.  Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı zamanı söylədikləri fikirlər bunu bir daha təsdiq edir. Azərbaycan Prezidenti İlham Əliyev bu əlaqələrin strateji xarakter daşıdığını, dostluq və  qardaşlıq prinsiplərinə əsaslandığını bildirdi: “Bizi birləşdirən həm tarixi köklər, həm mədəni əlaqələr, bizim keçmişimiz və bugünkü siyasi maraqlarımızdır. Biz çox şadıq ki, Türkiyə-Azərbaycan əlaqələri sürətlə inkişaf edir”.

Bununla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə əlaqədar danışıqların son durumu haqqında müzakirələrin aparıldığını qeyd edən dövlət  başçısı İlham Əliyev bu məsələ ilə bağlı tutduğu mövqeyə görə Türkiyəyə Azərbaycan xalqı və Azərbaycan dövləti adından minnətdar olduğunu və bunu çox yüksək qiymətləndirdiyini bildirdi. Baş nazir Rəcəb Tayyib Ərdoğan da Dağlıq Qarabağ məsələsində Türkiyənin hər zaman Azərbaycanın yanında olduğuna diqqəti çəkərək dedi: “Dağlıq Qarabağ mövzusundakı mövqeyimiz, düşüncəmiz, mübarizəmiz eynidir. Azərbaycan üçün Dağlıq Qarabağ mövzusu necə bir qanayan yaradırsa, bilinməlidir ki, bizim üçün də elə qanayan bir yaradır. Bundan fərqli bir düşüncə bizdə əsla ola bilməz. Bu məsələni də sona qədər təqib edirik və bundan sonra da təqib etməkdə davam edəcəyik”.

 

(ardı var)

 

Elçin ƏHMƏDOV,

Azərbaycan Respublikasının

Prezidenti yanında Dövlət İdarəçilik

Akademiyasının dosenti

 

Xalq qəzeti.- 2015.- 15 aprel.- S.6.