Ailə modelini qloballaşmanın

mənfi təsirlərindən necə qorumalı?

 

Azərbaycan xalqının milli-mənəvi dəyərləri sistemində ailə müstəsna rola malikdir. Şifahi xalq ədəbiyyatı nümunələrimizdə yüksək mənəvi keyfiyyətlərin daşıyıcısı kimi təsvir edilmiş ailə, eyni zamanda, ülvi və müqəddəs dəyərlərin ifadəçisi kimi tərənnüm olunmuşdur. Milli təfəkkürümüzdə ailə, dövlət və Vətən məfhumları arasındakı assosiativ əlaqə xalqımızın mənəvi kamillik səviyyəsinin parlaq təcəssümünə çevrilmiş, onun genefondunun saflığını təmin etmişdir.

“Kiçik dövlət” modeli olan ailənin möhkəmliyini təmin edə, bu müqəddəs birlikdə mənəvi-genetik bağlılığı qoruyub saxlaya bilməyən hansısa şəxsin cəmiyyətdə nüfuz sahibi olması mümkün deyildir. Yüksək əxlaqi keyfiyyətlərə, xalqın çoxminillik milli dəyərlərinə ürəkdən bağlı olan insanlar isə ailənin cəmiyyətdəki rolunu hər zaman düzgün dəyərləndirə bilmişlər. Bəşər övladı bütün zamanlarda cəmiyyətdə layiqli yerini tapmaq, özünün saf ideallarına qovuşmaq, dərdini, sevincini, xoş duyğularını bölüşmək üçün ruhi və cismani rahatlıq tapdığı bu mənəvi mühitə üz tutmuşdur. İnsanın yaşamaq həvəsi, sarsılmaz həyat eşqi həm də ailəyə, övlada olan saf məhəbbətdən, sevgidən, istəkdən irəli gəlmişdir.

Hər bir normal insan ailəsinin sosial rifahı, firavanlığı üçün hər cür zəhmətə qatlaşır, əzmlə çalışır. Ailəsi üçün bütün varlığı, əzmi, ruhu ilə çalışan insan, əslində, o qədər də fərqində olmadığı bir məqsədi də özü üçün hədəfləyir ki, bu da cəmiyyətin sağlam özəyini və gələcəyini formalaşdırmaqdır. Məhz buna görə də ailə institutu ictimai həyatı nizamlayan, onun ahəngdarlığını, həyatiliyini təmin edən bəşəri və milli dəyərləri yaşadır.

Müasir dövrdə hər bir dövlət milli mövcudluğunu, varlığını şərtləndirən ailə modelini qloballaşmanın kütləvi mədəniyyət təzahürlərinin mənfi təsirlərindən qorumaq üçün əlindən gələni edir. Hazırda xüsusən də Avropa ölkələrində ailə institutunun zəifləməsi, bəzi hallarda hətta sarsılması ilə bağlı narahatçılığın artması məsələnin həyati əhəmiyyətini, aktuallığını bir daha nümayiş etdirir. Avropa və Qərbdə ailə institutunun zəifləməsinin əsas səbəbləri sırasında psixoloqlar “Kaliforniya sindromu”nu önə çəkirlər. Bu neqativ sindrom insanların daha çox eqoistcəsinə davranmaları - iş, karyera, rahatlıq, sərbəstlik, əyləncə barədə daha çox düşünmələri, ailəni ikinci plana keçirmələri zəminində özünü göstərir. Eyni zamanda, Qərb mühitində gənc yaşlarından nikahdankənar münasibətlərin başlanması, “vətəndaş nikah”larının geniş yayılması ailə institutuna ciddi zərbə vurur. Boşanmaların çoxalması, doğuşun azalması demoqrafik problemlərin kəskinləşməsi ilə müşahidə olunur. Avropa Birliyinin rəsmi statistika komitəsi olan “Evrostat”ın hesablamalarına görə, bu quruma üzv dövlətlərdə boşanmalar orta hesabla 35-40 faiz təşkil edir. Bunun əsas səbəblərindən biri də gender probleminin şişirdilərək feminizm səviyyəsinə çatdırılması, ailə münasibətləri fonunda fərdi şəxsiyyət azadlığının ziyanlı stereotip kimi qabardılmasıdır.

Azərbaycan tarixən formalaşmış fundamental ailə dəyərləri ilə qloballaşmanın mənfi təsirlərini özünə yaxın buraxmamağa çalışır. Xalqın tarixən formalaşmış mental keyfiyyətlərini, mənəvi-əxlaqi dəyərlərini bu gün də yaşadan azərbaycanlı gənc ailənin onun həyatında oynadığı müstəsna rolu düzgün dərk edir. Azərbaycan xalqının ailə modeli nəinki Qərbdə, həm də Şərqdə unikal hesab olunan bir ailə modelidir. Respublikamızın Avratlantik məkana inteqrasiya prosesinin sürətlənməsi, mədəniyyətlərarası dialoqun, etnik-dini tolerantlığın mərkəzinə çevrilməsi, habelə iqtisadi planda modernləşmə strategiyasının uğurla reallaşdırılması, Azərbaycan qadınının ictimai həyatdakı rolunun güclənməsi fonunda, xalqımıza xas milli ailə modeli ənənəvi strukturunu, mahiyyətini, mənəvi təsir gücünü saxlayır. Hər zaman olduğu kimi, bu gün də Azərbaycan ailəsi özünün bütövlüyünü, saflığını, tarixdən süzülüb gələn milli adət-ənənələrə, mental dəyərlərə bağlılığını qoruyub saxlaya bilmişdir. Bu ailə modelində hər kəs öz yerini, mövqeyini, funksiyasını, məqsədini düzgün dərk edir. Ailədaxili münasibətlərin ciddi əxlaq meyarlarına söykənməsi - böyüklərə hörmət və ehtiram, kiçiklərə sevgi, mərhəmət və diqqət kimi ənənələr qədim zamanlardan bu günə kimi yaşayır.

Fransız filosofu Rene Dekart zamanında yazırdı ki, “Zaman dəyişir və biz də zamanla birlikdə dəyişirik”. Dəyişən zaman isə yeni həyat reallıqlarını diktə etməklə yanaşı, insanları yeni birgəyaşayış prinsiplərinə uyğunlaşmağa sövq edir. Cəmiyyət həyatındakı yeniliklərin mütərəqqi xarakteri bütün dövrlərdə ailənin yaşam tərzinə, məqsədlərinə, ümumilikdə prinsiplərinə də təsirsiz ötüşmür. Özlüyündə “kiçik dövlət” olan Azərbaycan ailəsi də zamanın reallıqlarına adekvat cavab verərək modernləşir, sosial, mədəni, iqtisadi mənafelərini təmin etmək üçün dövrün nəbzini tutmağa çalışır. Bu modernləşmə geyimdən tutmuş düşüncəyə, dünyagörüşünə qədər çox məsələləri əhatə etsə də, milli ailə modelinin fundamental prinsiplərində elə də ciddi dəyişiklik baş verməmişdir.

Bəzi ölkələrdə ailə münaqişəsinin, boşanmaların səbəbləri gender problemləri ilə bağlı olduğu halda, respublikamızda bu sahədə vəziyyət əsaslı şəkildə fərqlənir. Azərbaycanda qadın hüquqlarının qorunması üçün mükəmməl qanunvericilik bazası mövcuddur. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 fevral tarixli sərəncamı ilə gender sahəsində vahid dövlət siyasətini həyata keçirən komitənin adı dəyişdirilmiş, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılmışdır. Bu təşkilatın ümumən Cənubi Qafqazda gender bərabərliyi sahəsində ixtisaslaşmış fəaliyyət göstərən yeganə dövlət strukturu olduğu da xüsusi qeyd olunmalıdır.

2006-cı ilin dekabrında Milli Məclisin qəbul etdiyi “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunu da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Qanunda gender balansının qorunması ilə bağlı hüquqi tənzimləmə mexanizmi öz əksini tapmışdır. Qanunun əsas məqsədi kişi və qadınlar üçün ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlara sahib olmasının təmin edilməsi və cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasıdır. Qanun gender bərabərliyinin təmin edilməsi ilə bağlı dövlət siyasətinin əsas istiqamətlərini və vəzifələrini müəyyən etmişdir. Bütün bunlar Azərbaycan qadınının ictimai-siyasi fəallığını artırır, cəmiyyətimizin inkişafı, dövlət quruculuğu prosesində onların rolunu gücləndirir.

Onu da etiraf etməliyik ki, keçid dövrünün bəzi sosial-mənəvi, psixoloji çətinlikləri milli ailə institutunun əvvəlki statusuna təsirsiz ötüşməmişdir. Düşüncədə müasirlik, sosial tərəqqidə dinamizmin müsbət təsirləri ilə yanaşı, müəyyən problemlər də meydana çıxır. Dövlət səviyyəsində həyata keçirilən kompleks tədbirlərə baxmayaraq, yeni qurulan ailələrin təxminən 20 faizinin ömrü uzun çəkmir. Azərbaycanda 2013-cü illə müqayisədə 2014-cü ildə nikahların sayı azalıb, boşanmaların sayı isə artıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən il Azərbaycanda 12,1 min nəfər boşanıb. 2014-cü il ərzində Azərbaycanda rəsmi orqanlar tərəfindən 84,9 min nikah qeydə alınıb. Ötən il əhalinin hər 1000 nəfərin hesabı ilə nikahların sayı 9, boşanmaların sayı isə 1,3 olub. 2013-cü il ərzində Azərbaycanda 86,9 min nikah, 11,7 min boşanma qeydə alınıb. Təmsil etdiyim Binəqədi rayonunda isə 2013-cü ildə 1728 nikah, 495 boşanma, 2014-cü ildə 1097 nikah və 465 boşanma qeydə alınıb ki, bu göstərici də yeni qurulan ailələrdə boşanma meyillərinin artdığını düşünməyə əsas verir. (Xatırladım ki, Binəqədi rayonunda qeydiyyatda olan vətəndaşlar Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” Mərkəzinin xidmətlərindən istifadə edirlər. Belə ki, 2014-cü ildən nikah və boşanmalar eyni zamanda “ASAN xidmət” Mərkəzi tərəfindən də həyata keçirildiyi üçün yuxarıda göstərilən rəqəmlər yalnız Binəqədi VVAQ şöbəsindəki qeydiyyatı əks etdirir).

Aparılan rəy sorğuları göstərir ki, boşanmaların böyük qismi gənclərin ailə həyatına hazır olmaması, erkən nikahların sayının artması, valideynlərin bu prosesə ciddi və kobud müdaxiləsi, eyni zamanda bəzi sosial çətinliklər nəticəsində baş verir. Əlbəttə, müstəqilliyin ilk illəri ilə müqayisədə sosial problemlər hazırda boşanmaların başlıca səbəbi kimi çıxış etmir. Bu çətinliklərin böyük qisminin arxada qalması, yoxsulluğun səviyyəsinin aşağı düşməsi, insanların maddi rifah halının yüksəlməsi, iş yerlərinin yaranması nəticəsində son illərdə ailə quranların sayı da kəskin şəkildə artmışdır. Yeni qurulan ailələrin böyük əksəriyyətində işsizlik, mənzil problemləri əhəmiyyətli dərəcədə həllini tapır. Dövlət ipoteka kreditləşməsini həyata keçirir. Gənc ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əlavə tədbirlər görülür.

Şübhəsiz, sevgi, inam, etimad kimi dəyərlər üzərində qurulan ailələr daha uzunömürlü olur. Bu halda, nikaha girən kişi və qadın qarşılıqlı mənəvi məsuliyyət hiss edir, güzəştlərə meyilli olur, meydana çıxan istənilən sosial-psixoloji problemi əzmlə dəf edirlər. Səmimi sevgi və istək, qarşılıqlı hörmət üzərində qurulmayan ailələrdə isə bir müddət keçəndən sonra anlaşılmazlıqlar, ziddiyyətlər, problemlər qabarıq şəkildə özünü göstərməyə başlayır. Belə ailələrdə gənclərin anlaşması, qarşılıqlı güzəştlərə getməsi çətin olur, çünki onları bir-birinə mənəvi tellər bağlamır. Bəzi hallarda valideynlərin müdaxiləsi ilə tədricən şiddətlənən ailə münaqişələri sonda boşanma haqqında qərarın verilməsi ilə nəticələnir. Bununla yanaşı, son illər sevgi hissinin də bayağılaşması özünü qabarıq göstərir. Sevgi adı ilə ailə ittifaqı quran gənclər çox vaxt müəyyən maraqlarını önə çəkirlər. Sirr deyil ki, ailə quracağı şəxsi onun maddi imkanlarına, karyerasına, biznes uğurlarına və s. meyarlara görə seçənlər, bunu sevgi kimi qələmə verənlər də az deyil. Təəssüf ki, belə ailələrin ittifaqı çox zaman qısa ömürlü olur.

Hər bir ailənin monolitliyinin təmin olunmasında və uzunömürlüyündə kişilərlə yanaşı, qadınların da üzərinə mühüm vəzifələr düşür. Ailə dəyərlərini uca tutan qadınlar üzərlərinə düşən vəzifələri yaxşı dərk edir, kişinin ailə başçısı, müəyyən mənada söz sahibi olduğunu qəbul edir, uşaqlarının təlim-tərbiyəsində, ailənin bu və digər probleminin həllində yaxından iştirak edirlər. Nikahdankənar münasibətlər nəticəsində doğulan uşaqların sayının artmasına gəlincə, bu daha çox Qərbin ziyanlı təzahürləri olan “vətəndaş nikahları”nın sayının artması ilə izah olunur. Azərbaycanın milli-mənəvi dəyərləri ilə bir araya sığmayan bu münasibətlər son nəticədə həm də atalığı müəyyən olunmayan uşaqların sayının çoxalması ilə nəticələnir. Son illərdə isə nikahdankənar doğulan uşaqların sayında əvvəlki illərlə müqayisədə azalma müşahidə olunur. Statistikaya nəzər salsaq, qeyri-rəsmi nikahdan doğulan uşaqların sayı 2011-ci ildə 30 min 983 nəfər, 2012-ci ildə 27 min 31 nəfər, 2013-cü ildə 25 min 69 nəfər olub. Binəqədi rayonunda isə 2013-cü ildə nikahdankənar doğulan uşaqların sayı 309 nəfər idisə, 2014-cü ildə bu rəqəm 195 nəfər təşkil edib. (Bu statistika da Binəqədi VVAQ şöbəsindəki qeydiyyatı əks etdirir). Statistikadan da göründüyü kimi, hər il müəyyən qədər azalma baş verir. Amma hələ də nikahdankənar doğulan uşaqların sayının hər il 25 mindən çox olması bu sahədə problemlərimizin olduğunun göstəricisidir. Rəqəmlərin azalması isə əsasən maarifləndirmə işinin təsirindən irəli gəlir. İnsanlar dərk edir ki, münasibətlərin rəsmiləşdirilməsi ailə üzvlərinin hüquqlarının tam şəkildə təmin olunmasıdır.

Yeni doğulmuş körpənin atasının müəyyən olunmaması təkcə sosial və hüquqi deyil, həm də əxlaqi aşınmaya yol açan ciddi problem kimi diqqəti çəkir. Biz hələ gələcəyimiz saydığımız bu körpələrin atasının naməlum qalmasının sonralar onlarda doğuracağı mənəvi-psixoloji sarsıntıları, “natamamlıq kompleksi”ni demirik. Yarımçıq ailələrdə böyüyən uşağın layiqli insan və şəxsiyyət kimi yetişdirilməsi, onun sosial-mənəvi ehtiyaclarının dolğun şəkildə ödənilməsi də son dərəcə çətin olur.

Azərbaycanda özünü göstərən ciddi problemlərdən biri də erkən nikahlardır. Təəssüf ki, nikah yaşına çatmayan qızların ərə verilməsi halları ilə hələ də qarşılaşırıq. Nəinki nikah yaşına çatmamış, bəzən orta məktəbi bitirməmiş yeniyetmə qızların ailə qurması hallarına da rast gəlinir. Şübhəsiz, bu da valideynlərin məsuliyyətsizliyi üzündən baş verir. Bu valideynlər övladlarının xoşbəxtliyini istədikləri halda, özləri də bilmədən onları risk altına qoyurlar. Erkən yaşlarında ailə quranlar, bir qayda olaraq, ailənin yükünü üzərlərinə götürməyə psixoloji baxımdan hazır olmurlar. Elə bu səbəbdən də erkən yaşlarda qurulan ailələrin dağılması hallarına daha çox təsadüf olunur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 10.1 maddəsinə görə, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunmuşdur. Buna baxmayaraq, bəzi rayonlarda - əsasən də cənub bölgəsində 14-16 yaşlarında qızların ərə verilməsi “ənənəsi” hələ aradan qalxmamışdır. Bu, müəyyən mənada ailə institutu ilə bağlı yetkin təsəvvürlərin olmamasından, savadsızlıqdan, cəhalətdən irəli gəlir. Erkən nikahlar həm də ərlə arvadın qanuni nikaha girmədən birgə yaşamasına, son nəticədə sosial-psixoloji və məişət problemlərinin qabarmasına gətirib çıxarır. Belə nikahlar körpələrin fiziki və psixi xəstəliklərlə dünyaya gəlməsinə səbəb olur. Bütün bunlar son nəticədə qanuni, möhkəm, bünövrəli ailə modelinə zərbə vurur. Sözsüz ki, belə nikahlar hüquqi baxımdan qeydə alınmır və doğulan uşaqlar da nikahdankənar doğulmuş hesab edildiyindən uşaqlara müvafiq sənədlərin alınması da əlavə çətinliklər yaradır.

Qan qohumluğu da Azərbaycan ailəsinin genefondunun sağlamlığı baxımından ciddi problemlərdən biridir. Son vaxtlaradək əhalinin bununla bağlı yetərli məlumatı yox idisə, hazırda tibb elmi bunun fəsadlarını cəmiyyətə lazımi səviyyədə izah edir. Bir çox xarici ölkələrdə belə hallara qanunvericilikdə qadağa qoyulmuşdur. Azərbaycanda belə nikahların qarşısını almaq üçün ən yaxşı yol əhali arasında maarifləndirmə və izahat işlərinin genişləndirilməsidir. Müşahidələr göstərir ki, bəzən qan qohumları arasında boşanmaların sayı daha çox olur.

Bununla belə, gənclərin ailə qurarkən valideynlərinin “xeyir-dua”larını almaları son dərəcə mütərəqqi ənənədir. Valideynlərin həyat təcrübəsi, dünyagörüşü, gerçəkliyi dəyərləndirmək bacarığı gənclərin seçiminə yaxşı mənada təsirsiz ötüşmür. Bunu əsla gənclərin seçiminə müdaxilə kimi dəyərləndirmək lazım deyil. Müşahidələr də göstərir ki, valideynlərinin iradəsinə zidd olaraq ailə quran, bəzən hətta evdən qaçan cütlüklərin ailə həyatı uzun sürmür.

Ənənələrə söykənən Azərbaycan ailəsinin simasına xələl gətirən, hətta onu zəiflədən amillərdən biri də milli-mənəvi dəyərlərə zidd olan yabançı davranış normalarının efir vasitəsilə ictimai şüura sırınmasıdır. Tədqiqatçıların fikrincə, XXI əsrdə ailə institutuna şəhərləşmədən sonra ikinci ən çox təsir göstərən amil məhz televiziya olmuşdur. Cəmiyyətin obyektiv informasiya ilə təminatında, maariflənməsində, saf məqsəd və ideallar ətrafında səfərbər olunmasında, ümumilikdə, ictimai düşüncənin düzgün inkişafında əvəzsiz imkanlara malik televiziya və radioların efir vaxtının hazırda bayağı, bəsit şou-biznes proqramları ilə doldurulması insanlarda ikrah doğuran bir həddə çatmışdır. Açıq deməliyik ki, bu proses Azərbaycanın tarixən formalaşmış ailədaxili münasibətlər sisteminə zərbə vurur. Evlilik və boşanma kimi şəxsi məsələlərini canlı efirdə müzakirəyə çıxaran, abır-həya bilmədən hamiləliyini “gözə soxan”, övladının atasının “anonimliyini qoruyan” səviyyəsiz “şou-bazar” nümayəndələrinin efirdə “at oynatması” müasir Azərbaycan gəncinin milli ailə ruhunda formalaşmasına, ümumilikdə mənəviyyatına zərər vurur. Son vaxtlara qədər efirdə olan evlənmə verilişlərinin milli mənəviyyata vurduğu zərbənin təsirlərini hələ uzun illər hiss edəcəyik.

Belə yabançı və mənəviyyata zidd “təbliğat formaları” bəzi Azərbaycan kişilərində qadınlarla bağlı yanlış təsəvvürün formalaşmasına gətirib çıxarır. Müşahidələr göstərir ki, respublikada ailə münaqişələrinin əsas səbəblərindən biri də bəzi hallarda Azərbaycan kişisinin qadının hüquqlarına qısqanclıqla yanaşması, onu mətbəxdən kənarda təsəvvür edə bilməməsi kimi primitiv yanaşmadan doğur. Şübhəsiz, müasir qadınlarımızın əksəriyyəti hərtərəfli təhsil alan, layiqli şəxsiyyət kimi formalaşan, cəmiyyətin ictimai həyatında fəal iştirak edən, ailə dəyərlərinə üstünlük verərək onun üçün əzmlə çalışan fədakar insanlardır. Köhnəlmiş təsəvvürlərlə qadını ali təhsil almaq, işləmək, hətta avtomobil idarə etmək kimi hüquqlardan məhrum etmək, onu dar çərçivəyə salmaq heç bir normal düşüncəyə sığmır. Ailədə yalnız kişinin işləməsi kimi ziyanlı təsəvvürün formalaşması, qadının rəyinin, maraqlarının nəzərə alınmaması son nəticədə boşanmalara və ailə münaqişəsinə yol açır. Bu baxımdan bəzi kişilərin yanlış təsəvvürlərinin dəyişməsinə, onların öz xanımına hörmətlə, qarşılıqlı anlaşma və etimadla yanaşmasına ehtiyac var.

İnformasiya texnologiyaları yeni dünya nizamında inkişafın əsas meyarlarından birinə çevrilsə də, bu prosesin müəyyən neqativ təsirlərinin mövcudluğunu da etiraf etmək lazımdır. İnternetin hər bir ailəyə daxil olması, sosial şəbəkələr vasitəsilə ünsiyyət imkanlarının genişlənməsi bütün mütərəqqi cəhətləri ilə yanaşı, bəzən insanların həyatına, əxlaqına və mənəviyyatına mənfi təsir göstərir. Sosial şəbəkələr bəzən cəmiyyətdə müəyyən mənfi çağırış və meyillər üçün tribunaya çevrilməklə yanaşı, ailə münaqişələrinin əsas səbəblərindən biri kimi çıxış edir, ailə institutunun monolitliyini dağıdır.

Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da “Facebook”, “Twitter”, “Odnoklassniki” və digər sosial şəbəkələrdən istifadə edənlərin sayı sürətlə artır. Təəssüf ki, bəzən bu şəbəkələrin imkanlarından düzgün istifadə olunmaması hətta ailələrin dağılmasına, ailə zorakılıqlarına gətirib çıxarır. Son vaxtlar bəzi ailələrdə kişi və qadın internetdə virtual ünsiyyətə geniş maraq göstərdikləri halda, real həyatda bir-birinə az diqqət ayırırlar. Nəticədə ailədə soyuqluq, biganəlik, qarşılıqlı etimadsızlıq güclənir. Təəssüflə vurğulamaq lazımdır ki, bəzən sosial şəbəkələr vasitəsilə qurulan arzuolunmaz ünsiyyətlər sonda ailə xəyanətlərinin də əsas səbəblərindən birinə çevrilir. Son vaxtlar məhz bu zəmində bəzi ağır cinayətlərin baş verməsi ilə bağlı KİV-də məlumatlar yayılır. Bu saytlardan tanışlıq məqsədilə istifadə olunması Azərbaycanda milli-mənəvi dəyərlərə, ailə əxlaqına da böyük zərbədir. İstənilən halda, sosial şəbəkələrdən çat (ünsiyyət forması) kimi istifadə olunması ailədə qısqanclıqlara, münaqişələrə, etimadsızlığa və son nəticədə boşanmalara gətirib çıxarır.

Bundan əlavə, sosial şəbəkələr insanların həyatında öz mövqeyini dərinləşdirdikcə, insanlar real ünsiyyətdən uzaqlaşır və sosial şəbəkədə daha çox ünsiyyətdə olurlar. Səmimiyyət, diqqət daha da zəifləyir. Bəzən sosial şəbəkələrdə qurulan ünsiyyət xəyanət kimi dəyərləndirilərək boşanmalara səbəb olur. Bütün bunları deməkdə məqsədimiz sosial şəbəkələrin əhəmiyyətini azaltmaq deyildir. Sadəcə, bu sosial şəbəkələrdən düzgün istifadə etmək, əxlaqi dəyərləri qorumaq ailənin hər bir üzvünün borcudur. İnternetin həyatımıza daxil olması boşanmaların sayının artmasına stimul verməyib. Çünki internetdən hər kəs öz maraq dairəsinə və səviyyəsinə uygun istifadə edir. Yəni internetdən əxlaqsız məqsədlər üçün istifadə halları da var. Əxlaqsızlıq isə həmişə olub və bu gün də var. Elmi-texniki tərəqqinin yüksək nailiyyəti kimi meydana çıxan internetin “bol imkan”ları isə sadəcə olaraq bu əxlaqsızlığın ifşa olunmasını tezləşdirir.

Azərbaycanlı adət-ənənələrinə, milli dəyərlərinə tapınan, dini inancları rəhbər tutan ailələrdə hər kəs öz yerini, rolunu, funksiyasını çox yaxşı bilir. Qarşılıqlı anlaşma, təmiz məhəbbət üzərində qurulan belə ailələrdə məişət zorakılığı hallarına da rast gəlinmir. Bununla belə, təfəkkürdə geridə qalan, yüksək mənəvi-insani dəyərlərdən, humanizm hissindən məhrum olan, “natamamlıq kompleksi”ndən qurtula bilməyən bəzi şəxslərin ailə münasibətlərini zorakı vasitələrlə tənzimləmək istəyi son nəticədə arzuolunmaz halların, faciələrin, boşanmaların çoxalmasına gətirib çıxarır. Belə hallara qarşı bəzən yaxın qohumların, qonşuların, tanışların müdaxiləsi, qınağı da nəticəsiz qalır.

Təcrübə göstərir ki, normal ailədə böyümüş, düzgün tərbiyə, təhsil almış gəncin qurduğu ailə də möhkəm olur. Deməli, gənclərin erkən yaşlarından milli ruhda tərbiyə alması, yaxşı oxuması, bilikli, intellektli olması, işləmək, çalışmaq, karyera qurmaq vərdişlərinə yiyələnməsi ailənin monolitliyi baxımından vacib amillərdir. Biz indi bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Bazar münasibətləri cəmiyyətin ümumi ruhuna, inkişaf harmoniyasına hakim kəsilib. Bazar iqtisadiyyatı şəraitində işgüzar insanların qanuni yolla varlanması, yaxşı yaşaması üçün daha geniş imkanlar var. Bacarıqlı, çalışqan insanlar öz potensiallarından istifadə edərək sosial təminatlarını yaxşılaşdırır, bizneslərini qururlar. Bu cür imkanlı insanlar, iş adamları, səlahiyyət sahibləri öz övladlarının sağlam ruhda böyüməsinin, zəhmətə qatlaşmasının, halal və qanuni yolla varlanmasının qeydinə daha çox qalmalıdırlar. Təəssüf ki, bəzən zəhmət çəkmədən, oxumadan, gəlir əldə etmədən, sadəcə valideyn hesabına yaxşı yaşamaq, bahalı maşın sürmək, malikanədə yaşamaq istəyən, meşşan həyat tərzinə meyilli olan, harınlayan gənclərə də rast gəlirik. Onlara elə gəlir ki, pulla bütün dəyərləri ala və sata bilərlər. Belələri ailə məsuliyyətini çəkməyə qətiyyən hazır olmur, evləndikdən sonra da valideynlərinin himayəsinə sığınırlar.

Heç bir dövlətdə cəmiyyət yekcins deyil: biz istəsək də, istəməsək də, boşananlar həmişə olub, var və olacaq. Əsas məsələ mümkün qədər boşanmalara səbəb olan amilləri aradan qaldırmaq, bu, mümkün olmadıqda isə nikahların pozulması ilə bağlı yaranan hüquqi-psixoloji problemləri qanuni müstəvidə həll etməkdir. Amma təəssüf ki, bizdə bəzən ən böyük problem də məhz boşanmalardan sonra başlayır. Məhkəmə çəkişmələri, qarşılıqlı iddialar canüzücü teleseriallar kimi uzanır. Bundan başqa, bəzən qadınından ayrılan kişi uşaqları üçün aliment verməkdən belə boyun qaçırır, müxtəlif saxta üsullara əl atır. Belə hallara qarşı da hüquqi müstəvidə mübarizənin gücləndirilməsi son dərəcə vacibdir. Bir sıra ölkələrdə boşanmanın qarşısının alınması üçün bəzən sərt tədbirlərə, məhdudlaşdırıcı addımlara da əl atılır. Azərbaycanda boşanma hallarının qarşısının alınması üçün ən təsirli “silah” maarifləndirmənin gücləndirilməsi, Azərbaycan ailə modelinin üstünlüklərinin təbliği, gender bərabərliyinin hüquqi mahiyyətinin cəmiyyətə səbatsız, qeyri-hüquqi, qeyri-əxlaqi, ailə institutunun mənafeyinə uyğun olmayan formada “təqdimat”ına son qoymaq, valideyin məsləhəti və “xeyir-duası”nın zərurətini anlatmaq, hüquqlar kimi vəzifələrin də unudulmamasının əxlaqi dəyərə çevrilməsinə çalışmaq, yaxın qohumların, dostların qınağı və köməyi ola bilər.

Bütün bu problemlərə, qayğılara, çətinliklərə baxmayaraq əsl azərbaycanlı kişisi və qadını üçün ailə həmişə müqəddəs olub, əminəm ki, bundan sonra da belə olacaq.

 

Rafael CƏBRAYILOV,

Milli Məclisin deputatı

 

Xalq qəzeti.- 2015.- 17 aprel.- S.6.