Prezident İlham ƏLİYEV:

Ermənistan dövləti tarixi Azərbaycan

torpaqları üzərində qurulub

 

Ölkənin birinci şəxsindən bu sözləri, bu həqiqətləri eşitmək, əlbəttə, hər bir vətənpərvər azərbaycanlı üçün etibarlı istinad mənbəyi, mənəvi dayaqdır. Bu gün Azərbaycan Respublikası tarixi torpaqlarının bir qismində öz müstəqilliyini bərpa edib. Bu azmış kimi, üstəlik, hazırki hüquqi cəhətdən təsdiqlənmiş torpaqlarının 20 faizi də işğal altındadır.

Ötən əsrin əvvəllərindən etibarən xalqımıza qarşı yürüdülən məkrli siyasət nəticəsində tarixi Azərbaycan torpaqlarında qondarma Ermənistan dövləti yaradıldı və qədim şəhərimiz İrəvan onlara paytaxt olaraq verildi. Bundan sonra sovet imperiyası tərəfindən Zəngəzur, Göyçə, Dərələyəz, Vedibasar da Ermənistana birləşdirildi. Bütün bunlar azmış kimi, ermənilər həyasızcasına Qarabağ bölgəsinə də iddialar irəli sürür, bu əzəli yurdumuzu qondarma Ermənistana birləşdirmək istəyirdilər. Lakin istər cümhuriyyət, istərsə də sovet dövründə bəzi prinsipial dövlət xadimlərimizin sayəsində onların bu planı baş tutmadı. Hərçənd, onlar öz havadarlarının dəstəyi ilə Dağlıq Qarabağ Muxtar Vilayətini yaratmağa nail oldular. Bu minvalla da onlar müstəqilliyimizi bərpa etdikdən sonra Dağlıq Qarabağı və ətraf rayonları ələ keçirdilər.

O vaxt Azərbaycanda gedən siyasi proseslər, özbaşınalıq, ölkənin iqtisadi və hərbi cəhətdən zəifliyi, ermənilərin havadarlarının çox olması bizi müvəqqəti də olsa torpaq itkisi ilə üzləşdirdi. Lakin ermənilər Azərbaycan xalqının həm torpağını işğal etmiş, həm də həmin torpaqlarda yaşayan yerli əhaliyə qarşı misilsiz vəhşiliklər törətmişdilər. Bununla Azərbaycan heç vaxt barışmayacaq.  Bu gün Azərbaycan Prezidentinin, demək olar ki, bütün dövlət tədbirlərində, beynəlxalq arenalarda Dağlıq Qarabağla, tarixi Azərbaycan torpaqlarının geri qaytarılması ilə bağlı göstərdiyi fəaliyyət göz önündədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da bu məsələ diqqət mərkəzində oldu. Ənənəvi olaraq keçirilən belə iclaslarda, əsasən, ölkə iqtisadiyyatı, dövlətimizin siyasəti, sosial, enerji sahələrinə toxunulmaqla yanaşı, bu sektorlarda olan uğurlar və çatışmazlıqlar da səslənir. Bununla yanaşı, bütün çıxışlarında olduğu kimi, bu dəfə də ölkə rəhbəri Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsini, işğalçı ölkənin qeyri-konstruktiv mövqeyini, erməni lobbisinin, yalan təbliğat maşınının xalqımızın əleyhinə apardığı çirkin kampaniyanı çıxışının kəskin mövzusu etdi. Əlbəttə, müharibə vəziyyətində olan bir ölkənin Ali Baş Komandanının bunu etməsi təbiidir. Lakin, bu gün ölkəmizə qarşı beynəlxalq siyasi arenada tətbiq olunan  ikili standart siyasətinə, Qarabağ münaqişəsinin hərbi yolla həllindən çəkindirmək üçün bizə edilən təzyiqlərə baxmayaraq, Prezident İlham Əliyev  bu dəfə də qətiyyətli çıxış edərək Ermənistana və onun havadarlarına sərt mesajlar verdi və Azərbaycanın öz torpaqlarından heç bir halda imtina etməyəcəyini diqqətə çatdırdı.

Prezident İlham Əliyev münaqişənin həll olunmamasının başlıca səbəbi kimi, Ermənistanın status-kvonu saxlamaq istəyinə toxunaraq bildirdi ki, bu ölkə sülh istəmir: “Baxmayaraq, Minsk qrupuna həmsədrlik edən dövlətlərin başçıları dəfələrlə bildirmişlər ki, status-kvo qəbuledilməzdir. Ermənistan buna məhəl qoymur və bu dövlətlər bu bəyanatlardan başqa, heç bir konkret addımlar da atmırlar. Ona görə bu bəyanatlar havada qalır və beləliklə, münaqişə uzanır, öz həllini tapmır. Keçən ilin ortalarından həmsədr ölkələrin başçıları tərəfindən fəallıq göstərilirdi. Avqust, sentyabr, oktyabr aylarında Rusiya, Amerika və Fransa rəhbərləri zirvə görüşləri keçirmişlər ki, biz vəziyyətdən çıxış yollarını tezliklə tapaq və münaqişəyə son qoyaq.

Azərbaycan, əlbəttə ki, bu fəallığı dəstəkləyir. Çünki, həmişə qeyd etdiyim kimi, münaqişənin həll edilməsində ən maraqlı tərəf məhz Azərbaycandır. Ancaq Ermənistan bu görüşlərdə qeyri-səmimi mövqe nümayiş etdirir, hər vəchlə çalışırdı ki, danışıqların mahiyyəti kənarda qalsın və hansısa etimad tədbirləri haqqında daha da çox söhbət aparılsın. Biz buna etiraz etmirdik. Etimad tədbirləri də önəmlidir, ancaq işin mahiyyəti işğala son qoyulmasıdır. Buna baxmayaraq, Paris görüşündən sonra biz şifahi olaraq razılaşdıq ki, hər iki tərəf təmas xəttində gərginliyi azaltmağa çalışacaq və bəlkə bu, danışıqlar prosesinə müsbət təsir göstərə bilər. Ancaq Ermənistanın riyakar siyasəti bir daha özünü büruzə verdi. İki həftə keçməmiş Ağdam rayonunda genişmiqyaslı hərbi təlimlərə başladılar. O təlimlərin bir məqsədi var idi – Azərbaycanı təxribata çəkmək və danışıqlar prosesini pozmaq. Biz bu təxribatlara bir neçə gün dözərək ondan sonra düşmənə layiqli cavab verdik və beləliklə, onlara öz yerini göstərdik. Onlar isə bundan istifadə edərək, Azərbaycanı aqressiv davranışda ittiham etməyə başladılar.”

Etiraf edək ki, əvvəllər Azərbaycanın göstərdiyi yüksək təmkin və diplomatik siyasət ermənilərdə və havadarlarında müəyyən mənada, hətta, arxayınlıq yaratmışdı. Onlar Azərbaycanın bu siyasətlə barışacağını və torpaqlarından imtina edəcəyini düşünürdülər. Lakin son vaxtlar baş verən hadisələr, cəbhənin ermənilərlə təmas  xəttində düşmənin hərbi vertolyotunun məhv edilməsi, erməni diversant basqınlarının qarşısını məharətlə almağımız və hər dəfə basqınçı erməni əsgərinin öldürülməsi həm işğalçı ölkənin cəmiyyətində kriminal Sarkisyan rejiminə, həm də onu xaricdən maliyyələşdirən, siyasi dəstək verən qüvvələrə qarşı inamsızlıq yaratdı.

Cinayətkar Sarkisyan hakimiyyətinin psevdopatriot siyasət sərgiləməklə erməni cəmiyyətini ac-susuz saxlamaq cəhdlərinin bir növ maskası cırıldı. Ermənistan cəmiyyəti gördü ki, Azərbaycan bütün sahələrdə, o cümlədən, hərbi sahədə onlardan dəfələrlə üstündür. Bunu Prezident İlham Əliyev də çıxışında təsdiqlədi: “Məsələnin həll olunmamasını Ermənistan istəyir. Çünki torpaqlarımızdan çıxmaq istəmir. Keçən ilin sonlarından Ermənistan tərəfi daim bizim mövqelərimizə hücumlar çəkir, bu, bu il də davam edir. Bu hücumlar nəticəsində onlarla erməni öz həyatını itirmişdir. Bizdə olan məlumata görə, son 3-4 ay ərzində 50-dən çox işğalçı təmas xəttində məhv edilmişdir. Bunun günahkarı kriminal Ermənistan rejimidir, onun başçılarıdır, Ermənistanda hökm sürən diktatura rejimidir. Bu barədə mən artıq öz fikirlərimi bildirmişəm. Əgər ölmək istəmirsinizsə, Azərbaycan torpaqlarından rədd olun!”

Sonuncu cümlə isə bütün sülh istəməyən ermənilərə sillə kimi dəydi.  Bu cümlə həm də ermənilərə onların yaşamaq şansının öz əllərində olduğunu xatırlatmaq idi. Yəni yaşamaq istəyirsizsə, torpaqlarımızı tərk edin. Bu fikir həm də Azərbaycan gəncliyini, cəmiyyətini ruhlandıran, ona torpaqlarından düşmən qüvvələri təmizləmək üçün xatırladılan bir vətənpərvər şüar idi.

Dövlət başçısı İlham Əliyev qətiyyətlə bildirdi ki, Azərbaycan öz prinsipial mövqeyindən əl çəkməyəcək. Biz bu mövqeyi müdafiə edəcəyik. Ermənistan isə bu işğalın əvəzini ödəyir – həm iqtisadi tənəzzül, həm müstəqillik qalıqlarının tamamilə itirilməsi, təmas xəttindəki itkilər, Ermənistan ordusunda artan fərarilik halları. İndi Azərbaycan tərəfinə keçən erməni əsgərləri qeyd edirlər ki, belələrinin sayı kifayət qədər çoxdur. Sadəcə olaraq, qorxurlar, çünki orada əmr verilib ki, əgər kimsə Azərbaycan tərəfinə keçmək istəyərsə, onlar onu arxadan güllələyib öldürməlidirlər.

Azərbaycan Prezidenti bu gün erməni cəmiyyətinin əsas probleminə – miqrasiyaya, ölkəni tərketmə hallarına və ümidsizliyinə toxunaraq vacib nüansları vurğuladı. Bildirdi ki, biz Ermənistana qarşı daha fəal mübarizə aparmalıyıq, aparırıq, bütün beynəlxalq, regional layihələrdən onları təcrid etmişik. Onların rəsmi statistik məlumatlarına görə, əhalinin 30 faizi yoxsulluq, səfalət içində yaşayır. Amma real məlumat 50-60 faizdir. Onların rəsmi məlumatlarına görə, hər il ölkədən 60-70 min insan həmişəlik köçür. Amma bizdə olan məlumat onu göstərir ki, bu rəqəm 100 minə yaxındır. Yəni, bir neçə ildən sonra artıq Ermənistan dövlətində, tarixi Azərbaycan torpaqlarında yaradılan bu dövlətdə erməni əhalisi qalmayacaq.

Nəinki dünyada, hətta Azərbaycanda da bir sıra insanlar var ki, Ermənistan dövlətinin bizim torpaqlarımızda yarandığından xəbərsizdirlər. Doğrudur, bu, tarix kitablarında yazılıb. Lakin hər kəs tariximizi doğru-dürüst oxuyub, mənimsəyirmi ? Əlbəttə ki, yox. Belə olan təqdirdə ölkə başçısının bunu vurğulaması təqdir olunmalıdır. Prezident bu dəfə də gənc nəslimizi və cəmiyyətimizi təlimatlandıraraq qeyd etdi: “Mən bunu dəfələrlə demişəm, bizim cəmiyyətimiz, xüsusilə gənc nəsil heç vaxt unutmamalıdır ki, Ermənistan dövləti tarixi Azərbaycan torpaqları üzərində qurulub. Bu, bizim tarixi dədə-baba torpaqlarımızdır. Bütün toponimlər Azərbaycan mənşəlidir. Bunu bilmək üçün XX əsrin əvvəllərində çar Rusiyasında tərtib olunan xəritələrə baxmaq kifayətdir. Orada bir dənə də erməni toponimi tapmaq mümkün deyil. İndiki Ermənistanda bütün kəndlərin 80 faizi Azərbaycan mənşəli adlar daşıyır. Yəni, bu, bizim tarixi torpaqlarımızdır və biz mütləq o torpaqlara qayıdacağıq. Başqa cür mümkün deyil. Bu, bizim strateji hədəfimizdir və biz bu hədəfə çatmaq üçün çalışırıq, çalışacağıq.”

Burada bir məsələyə xüsusi diqqət yetirilməlidir. Ermənistan Respublikasının azərbaycanlılar komkakt yaşayan rayonlarında da muxtariyyət məsələsi gündəmə gəlməli və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ ermənilərinə yüksək hüquqlar vəd etdiyi kimi, bizi də bu hüquqdan məhrum etməməlidirlər. Çünki, ermənilərdən fərqli olaraq, bu, bizim təbii, tarixi hüququmuzdur.

Düzdür, münaqişə beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Lakin ölkə başçısının da vurğuladığı kimi, ikili standartlara son qoyulmalıdır. Ölkəmizin ərazi bütövlüyü başqa ölkələrin ərazi bütövlüyündən az əhəmiyyət daşımır. Əgər Qərb dünyası postsovet məkanında münaqişələrin ərazi bütövlüyü çərçivəsində həll olunmasını tələb edirsə, bizim münaqişə də öz həllini bu prinsiplər üzərində tapmalıdır. Əks-halda, Azərbaycan öz qanuni hüququndan istifadə edərək torpaqlarını güc yolu ilə azad edə bilər.

Prezident İlham Əliyevin iclas keçirdiyi gün Silahlı Qüvvələrin bütün qoşun növlərinin cəlb olunması ilə aprelin 5-dən başlanan irimiqyaslı birgə gecə təlimlərinin aparılması çox mətləblərdən xəbər verir. İlk dəfə idi ki, Azərbaycan Ordusu gecə hərbi təlimləri keçirirdi. Baxmayaraq ki, bu, çox çətin bir təlimdir. Lakin ordumuz bu dəfə də öz peşəkarlığını isbatlamağı bacardı. Xatırladaq ki, gecə vaxtı və məhdud görmə şəraitində keçirilən birgə təlimlərin bütün elementləri dəqiq və peşəkarlıqla yerinə yetirilib. Təlimlərdə 15 min nəfərədək şəxsi heyət, 200-dək zirehli texnika, raket və artilleriya qoşunlarının 300-dən artıq qurğusu, Hərbi Hava Qüvvələrinin 12 ədəd döyüş helikopteri və 8 ədəd döyüş təyyarəsi, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə bölmələri və zenit-raket birləşmələri iştirak ediblər.

Bütün bunlar sübut etdi ki, Azərbaycan Prezidentinin açıqlamalarının əsasında ciddi məqsədlər dayanır. Əgər ermənilər “səbr kasamızı” doldurarsa, bu, onlara baha başa gələ bilər. Çünki ordunun gücü ilə Ali Baş Komandanın bəyanatları üst-üstə düşür və bir-birini tamamlayır. Ermənilər və onların havadarları yaxşı düşünməli və işğalçı, talançı əməllərindən daşınmalıdırlar.

 

Anar TURAN

 

Xalq qəzeti.- 2015.- 18 aprel.- S.1.