Fərdi və ictimai maraq problemi

 

Kooperativ, yaxud kollektiv təsərrüfat nəzəriyyəsinin ikinci mərhələsi ümumiyyətlə kəndli və kənd təsərrüfatı ilə hərtərəfli məşğul olan V.İ.Leninlə bağlıdır. Əgər onun əsərlərinin tam külliyatının 45-ci cildində “Kooperasiya haqqında” məqaləsinə baxsanız, orada görərsiniz ki, o, kollektivləşməyə, yaxud kooperasiyaya çox ehtiyatla yanaşır və onu indiki dildə desək, pilot layihə ilə, sınaqla, təcrübə ilə həyata keçirməyi məsləhət bilir. Onun fikrincə, belə təsərrüfatlar elə təşkil edilməlidir ki, özünün məhsuldarlığı ilə nümunə göstərsin, o zaman kəndli bu təsərrüfatın üstünlüyünü görərək özü kooperativə gələcək. Bu, düzgün mövqedir və həmin təcrübədən istifadə etmək faydalı olar.

Kooperasiya nəzəriyyəsinin və praktik halda həyata keçirilməsinin üçüncü mərhələsi Kommunist Partiyasının XV qurultayının (1927) qərarı ilə bağlıdır. Adətən “kollektivləşmə qurultayı” adlanan bu qurultayda total kollektivləşmə qərara alındı və yerlərdə bolşevik məmurlar kollektiv təsərrüfat yaratmaqda bir-biri ilə yarışa girməyə başladılar. Beləliklə, Marksın iqtisadi, Leninin mədəni-psixoloji və siyasi nəzəriyyəsi təhrif olunaraq bir kənara atıldı. Hətta o yerə çatdı ki, o zaman bolşeviklərin lideri olan İ.V.Stalin kollektivləşmə prosesində ciddi nöqsanlara yol verildiyinə görə “Pravda” qəzetində (1930) “Müvəffəqiyyətdən başgicəllənmə” adlı məqalə ilə çıxış etdi. Lakin bu məqalə kollektivləşmə nəticəsində viran qoyulmuş kəndli təsərrüfatı nəticəsində kütləvi narazılığın qarşısını almaq, kəndliləri sakitləşdirmək üçün idi. Çünki 1920-ci illərin sonu və 1930-cu illərin əvvəllərində zorən kollektivləşdirmə nəticəsində kütləvi aclıq baş verməyə başladı. Zorla kolxoza cəlb olunan, hər şeyi əlindən alınan kəndli kolxoza nifrət edir, onun zorakılığa əsaslanan prinsipləri ilə razılaşmır və kolxozda işləməkdən imtina edirdi. Əslində, kəndli təsərrüfatı, kəndlinin tarixən formalaşmış təsərrüfatçılıq psixologiyası genosidə məruz qalmışdı. Güclü bolşevik təbliğatı, eləcə də kütləvi həbslər, sürgünlər, güllələnmələr işə o qədər də kömək etmirdi. Daha çox əsl təsərrüfatçılar, təsərrüfatı qurmağı bacaranlar qolçomaq adı ilə təsərrüfat vasitələrindən məhrum olunur, həbs edilir, sürgünə göndərilirdilər. Özülü zorakılıqla qoyulan bu təsərrüfat sistemi təxminən 60 il davam etməsinə baxmayaraq, özünü doğrulda bilmədi və nəticədə dağıldı. Çünki mayası düz qoyulmamışdı.

Kooperasiya nəzəriyyəsinin tarixindən və təcrübəsindən ona görə bir qədər çox bəhs etdim ki, məsələnin mahiyyəti, nədən söhbət getdiyi qaranlıq qalmasın, aydın olsun. Buna görə də indiki konyuktura üçün qətiyyən dəbdə olmayan Marksdan, Lenindən, Stalindən, bolşeviklər partiyasından bəhs etməli oldum. Mənim nəzərimcə, pozitiv olan tarixi hadisəyə müraciət etdim. Çünki istəyib-istəməməyimizdən asılı olmayaraq, uzun illər bolşevik imperiyasının tərkibində olmuşuq və həmin dövrdə imperiya daxilində gedən proseslər bizə də aid olub.

Kənd təsərrüfatında yaradılması lazımlı olan kooperasiya (təsərrüfat birliyi, yaxud kollektiv təsərrüfat) sovet dövründə zorla yaradılan kollektiv təsərrüfatdan (kolxozdan) köklü surətdə və keyfiyyətcə fərqlidir. İlk növbədə, bu təsərrüfat yuxarıdan zorla deyil, torpaq payı olan kəndlilərin öz istəyi və təşəbbüsü ilə yaranır. Əlbəttə, bunun üçün çox sadə dildə, hamı üçün aydın olan təbliğat lazımdır. Bu təbliğat, hər şeydən əvvəl, iqtisadi baxımdan, gün-güzəran baxımından lazımdır. Belə təsərrüfata başçılıq edən şəxs kooperativ üzvlərinin özləri tərəfindən seçilməli və işgüzar, məsuliyyətli, vicdanlı adam olmalıdır. Kəndlilər bir-birini yaxşı tanıyırlar. Müvafiq dövlət qurumları kooperativin daxili quruluşunaonun işinə qarışmadan, bu təsərrüfatın formalaşmasına  və inkişafına hər cür kömək və qayğı göstərməlidir. Bu isə, ilk növbədə, su, gübrə və texnika baxımından olmalıdır.

Kooperativ təsərrüfatlar tam könüllülük əsasında yaranmalı, bunu istəməyən fermerlər məcbur edilməməli və öz təsərrüfatlarını saxlamalıdır. Təsərrüfatın fərdi və icma forması tarixən əvvəllər də mövcüd olmuşdur. İndiki zamanda həm xüsusi, həm də fermer təsərrüfatlarının xeyli hissəsində müasir səviyyədə aqrotexniki xidmət olmadığı üçün məhsuldarlıq aşağı səviyyədədir. Bu təsərrüfat sahibləri müasir aqrotexniki biliklərə malik olmadıqları üçün, əsasən, elə ata-babadan qalma təcrübəyə, emprik biliklərə əsaslanırlar. Torpağın strukturu öyrənildikdən sonra orada hansı məhsulun əkilməsinin daha yararlı olması müəyyənləşdirilməli, həmin məhsulun, yaxud məhsulların əkilib-becərilməsinin daha gəlirli olması müəyyənləşdirilməlidir. Azərbaycanda on bir iqlim qurşağının olması nəzərə alınmalıdır. Çünki iqlim qurşağı, bütövlükdə, təbii şəraitə, torpağa, bitkiyə, hətta mal-qaraya və digər təsərrüfat sahələrinə də təsir göstərir.

Azərbaycanın dağlıq rayonlarında mart ayından başlayaraq dekabr ayına qədər müxtəlif gül-çiçək və meyvələr olur, çoxlu sayda çeşmə, bulaq var. Arının səkkiz kilometr məsafəyə qədər uça bildiyini nəzərə alsaq, onun şirə ilə tam təminatı var. Bu ərazilərdə, ixtisaslı mütəxəssislərin iştirakı ilə iri arıçılıq kooperativləri yaratmaq olar. Bal isə faydalı ərzaq məhsulu olmaqla yanaşı, həm də sağlamlıqdır. İndi bununla ayrı-ayrı adamlar məşğul olur və onların da əksəriyyəti bu işdə ibtidai, bəsit biliklərə əsaslandıqlarından lazımi səviyyədə xidmət göstərə bilmir, nəticədə məhsul azalır, ya da müxtəlif xəstəliklər üzündən arılar qırılır. Bəlkə də Azərbaycan təmiz, xalis balın ən baha olduğu yerdir. Belə ki, xalis balın kiloqramı 30-35 manatdır və buna görə də çox adam almaq imkanına malik olmur. Belə təmiz balın istehsalı kooperativlər halında təşkil olunsa, bu, həm məhsulun bolluğunu, həm də uyğun  olaraq onun qiymətinin aşağı olmasını və ondan hamının istifadə edə bilməsini təmin etmiş olar. Biz mənəvi durumdan, şüurdan, əxlaqdan nə qədər danışsaq da, cəmiyyət üçün başlıca məsələ iqtisadi, daha doğrusu, insanların gündəlik tələbatının buya digər səviyyədə ödənilməsi məsələsidir. Düzdür, bu tələbatın ödənilməsində homosapiens (şüurlu insan) həm homoekonomkins (təsərrüfatçı, istehsalçı insan), həm də homokultures (mədəni insan) olmalıdır. Yəni şüuru, mədəniyyəti təsərrüfat həyatından kənarda götürmək olmaz. Burada söhbət mədəniyyətin ayrı-ayrı sahələrindən deyil, ümumi orta mədəniyyətin səviyyəsindən gedir. Buna görə də ayrı-ayrı mədəniyyət nümunələri ilə cəmiyyətin orta mədəni səviyyəsini eyniləşdirmək düzgün deyildir. Bu orta mədəni səviyyə özünü şüurda, fəaliyyət sahəsində və həyat tərzində göstərməlidir. Bu sahədə hələ bizim təhsil və tərbiyə sahəsində görməli işlərimiz çoxdur. Həmin işləri görmədən, yerinə yetirmədən, çox vaxt rast gəldiyimiz kimi, özümüzü, ölkəmizi tərifləməklə məşğul olmaq o qədər də fayda verməz. Hərçənd ölkəni tanıtmaq, xalqımızı ruhlandırmaq üçün bu da lazımdır.

İndiki informasiya şəbəkəsi elədir ki, kimin nəyi varsa, kim nəyi bacarırsa və nə edirsə hamıya məlumdur. Buna görə də hər şeyə ciddi və məsuliyyətlə yanaşmaq lazımdır. Elə bunun özü də mədəniyyət məsələsidir. Yadda saxlamaq lazımdır ki, insanın və cəmiyyətin həyatı iki müxtəlif müstəvidə mövcuddur. Bunlardan biri təbiət, ikincisi isə mədəniyyətdir. Bunların arasında əlaqə yaratmaq isə artıq şüurun məzmun və səviyyəsindən asılıdır. Burada mədəniyyətin orta səviyyəsi məsələsi meydana çıxır. Cəmiyyətin inkişafı da bu orta səviyyədən asılıdır. Orta səviyyə isə zaman keçdikcə yüksələn xətlə getməlidir. Mədəniyyətin orta səviyyəsi o deməkdir ki, hər bir adam bacarıq və qabiliyyətindən asılı olaraq öz həyatını ləyaqətlə yaşayır. Belə olduqda gündəlik ehtiyacların ödənilməsi baxımından varlılarla əhalinin digər hissəsi arasında fərq o qədər də uçurumlu olmur. Varlılara kin və nifrət yaranmır. Hamı bilir ki, varlı yüksək səviyyədə qura bilməyinə, şəxsi bacarıq və qabiliyyətinə görə varlıdır. O, doğrudan da kreativ düşüncəyə malikdir. Qanunlardan və mənəvi-əxlaqi normalardan kənarda yığılan hər cür sərvət isə kin, nifrət, ədavət, qəzəb doğurur. Hamı bilir ki, filankəsin yığdığı var-dövlət dələduzluq, fırıldaqçılıq, oğurluqkorrupsiya hesabınadır. Deməli, abır-həyadan, qanundan, mənəviyyat və əxlaqdan kənardır. Bu isə fərdi mənafe çərçivəsində yaşamaq deməkdir, böyük şairimiz Mirzə Ələkbər Sabir demişkən “mən salim olum, cümlə-cahan batsa da batsın” psixologiyası və düşüncəsi ilə yaşamaqdır. Kreativ düşüncə bacarığına, təşəbbüskarlığa, işi təşkil edə bildiyinə görə fərqlənən adamlar, şübhəsiz ki, öz zəhmətlərinin, eyni zamanda, cəmiyyətə verdikləri ümumi faydaya görə özləri də var-dövlət, sərvət sahibi olmalıdırlar. Bu gün heç kim ABŞ-da elektrik sənayesinin əsasını qoyanbunu sürətlə inkişaf etdirən Edissonun, sənayedə ilk dəfə konveyer üslubunu tətbiq edən Teylorun, ilk kütləvi avtomobil istehsalı təşkil edən Fordun, eləcə də İngiltərədə, Fransada, Almaniyada ölkələrin inkişafına xidmət edən onlarca milyonçumilyarderin qazandığı pula, var-dövlətə paxıllıq edə bilməz. Çünki bu adamlar nəinki təkcə öz ölkələrinin, hətta bütövlükdə dünyanın tərəqqisinə təkan vermişlər. İndi adına dünyada ən nüfuzlu mükafat olan Alfred Nobel dünyaya dinamit kimi bir maddəni vermişneftin sənaye istehsalını və daşınmasının təşkili işində xeyli yeniliklərə nail olmuşdur. Əlbəttə, heç də hamı belə nəhənglərdən ola bilməz. Lakin məşhur misalda deyildiyi kimi, bütün əsgərlər general olmurlar, ancaq general olmaq arzusu bütün əsgərlərə döyüş sənətini mükəmməl mənimsəmək və döyüş zamanı fərdi taktika seçə bilmək qabiliyyəti verir.

Həqiqi vətənpərvərlik Vətən haqqında uzun-uzadı danışmaqdan ibarət  deyil, hər şeydən əvvəl, onun iqtisadi və mədəni-mənəvi gücünü artırmağa çalışmaq deməkdir. Bu iqtisadi güc isə ayrı-ayrı adamların izafi dəbdəbəyə malik mülklərində, pullarında, zinət əşyalarında, bir neçə bahalı avtomobil kolleksiyasında deyil, məhz ölkənin müasir tələblərə cavab verən istehsal gücündədir. Əldə edilən pullar da belə istehsal sahələrinə, onun təşkilinə sərf edilməlidir. Burada bizə, doğrudan da, kreativ düşüncəyə, ictimai şüura malik adamlar lazımdır. Təhsili, elmi iqtisadiyyatı, idarəetməni müasir səviyyədə qurmadan, bütün istiqamətlərdə düşünülmüş, ağıllı və ictimai əhəmiyyəti olan islahatlar aparmadan buna nail olmaq son dərəcə çətindir. Bunlar, şübhəsiz ki, tez bir zamanda həll olunan məsələlər deyil. Onları tədricən, təmkinlə, gərgin əmək, düşüncə ilə həll etmək olar. Bunu ona görə yazdım ki, bizdə tələskənlik və hadisələrə nağılvari inanmaq meyilivar. İstəyirik axşam yataq, səhər durub görək ki, bütün problemlər həll olunub, bizə isə xırda-xuruş, məişət səviyyəli məsələlər qalıb. Miflərə inanmayaqmifik düşüncələrə aludə olmayaq. Hər şey yalnız bizim düşünə bilmək bacarığımız və praktik işimizlə həll oluna bilər.

 

Aydın ŞİRİNOV,

Professor

 

Xalq qəzeti.- 2015.- 19 aprel.- S.6.