Çanaqqalada nələr gördüm...

 

Türkün böyük zəfəri

 

(əvvəli qəzetimizin 12, 14 aprel 2015-ci il tarixli saylarında)

 

Çanaqqala və Azərbaycan: Dağlıq Qarabağ qələbəsinin parolu

 

Çanaqqala zəfəri türkün yeni doğuluşunun, tarixə köklənmiş dövlətçilik ənənəsinin və yadelli qüvvələrə qarşı nifrətinin ən yüksək zirvəsi olaraq, istər-istəməz, özünü dərk edən hər bir azərbaycanlının da könlünü riqqətə gətirir. Hələ o dövrdə bu hadisə böyük şair Məhəmməd Hadinin şeirində lirik bir ricətə cevrilmişdi:

 

Türkün tökülən qanları

             bihudə gedərmi?

Diqqətlə düşün, yoxsa bu qan

             həpsi hədərmi?

 

Bizdə bu döyüşləri vəsf edən musiqi əsərləri də yazılmışdır. Görkəmli bəstəkarımız Vasif Adıgözəlovun “Çanaqqala oratoriyası” bu zəfərin himni kimi səslənir.Türkiyədə bu əsərin ifası ilk dəfə 1996-cı ildə Çanaqqalada olub. Sonra Türkiyənin müxtəlif şəhərlərində, o cümlədən Çanaqqalada bu oratoriya dəfələrlə səsləndirilb.

100 illik ərəfəsində isə Çanaqqala savaşları ölkəmizdə ən çox bəhs edilən mövzulardan biridir. Türkiyə və Azərbaycan Çanaqqala zəfərinin 100 illiyini bu günlərdə birlikdə qeyd edir. Bu həm də ermənilər özlərinin uydurduqları qondarma soyqırımın 100 illiyinə birgə cavabdır.

Bu zəfər tarixi ilə öyünməyə azərbaycanlıların da haqqı var, bu döyüşlərdə iştirak edib şəhid olanlar sırasında bizim vətənpərvər və məğrur həmyerlilərimiz də olmuşlar. Qeyri Hökümət Təşkilatları İdarə Heyətinin sədri, hüqüqşünas Aydın Kərimov söyləyir ki, təkcə Naxçıvandan onlarca insan türk qardaşlarımızın bu fədakar mübarizəsində qəhrəmanlıqla iştirak etmişlər. Hətta onun anasının  iki dayısı Çanaqqala döyüşlərinin iştirakçısı olub.

İndi Gelibolu yarımadasındakı minlərlə şəhid qəbirləri sırasında azərbaycanlı şəhidlərin qəbirlərini də görmək olur. Amma bu torpaqlarda nə qədər azərbaycanlının vuruşması və onlardan neçəsinin şəhid olması hələ dəqiqləşdirilməyib. Bir sıra tarixi mənbələrə, o dövrü araşdıran araşdırmaçılara və elmi mərkəzlərə, o cümlədən Çanaqqala Universitetinin və bölgədə yerləşən onlarca müzeyin tədqiqatçı və əməkdaşlarına yönəltdiyim suallara verilən cavablar təsdiqləyir ki, Çanaqqala müharibəsində nəinki şəhid olanların, iştirak edən azərbaycanlıların sayı bizim KİV-lərdə göstərilən 3 min, 5 min, 10 min rəqəmlərinə uyğun deyil.

Əslində, bu mülahizələrin kökündə bir mühüm fakt dayanır: məgər, o zaman Azərbaycanın dövləti, nizami ordusu var idımi ki, onlar səfərbər bir şəkildə gəlib Çanaqqalada vuruşsunlar və şəhid olsunlar?! Şübhəsiz yaddan çıxmayan bir məsələ də var ki, zamanında Osmanlı Sultanı təkcə Türkiyənin yox, eyni zamada, bütün müsəlman dünyasının xəlifəsi sayılırdı. Onun bütün müsəlmanlara müraciət edərək cihada çağırışı olub. Hətta bu müraciəti satqıncasına dəyərləndirən bir sıra müsəlman dövlətlərinin adları da təəssüf hissi ilə xatırlanır.

Göründüyü kimi, soydaşlarımızın Çanqqalaya köməyi, bəzi rəqəmlərin dəqiqləşdirilməsi üçün ciddi araşdırmalar aparılmalıdır. Azərbaycanlıların Çanaqqala savaşında iştirak etməsi faktdır və bunu təkcə mənbələr yox, məzarlıqlarda gördüyümüz “Baku, Həsənoğlu İbrahim, doğum 1894, 18 yaşında” kimi lövhələr də təsdiq edir.

Amma mənim üçün bu döyüşlərdə neçə azərbaycanlının iştirakından çox, bu hadisələrin ibrət dərslərı daha vacibdir. Bu ibrət dərslərindən çıxarılan nəticələr təkcə gələcək nəsillərin şüurunun formalaşmasında deyil, həm də günümüz üçün önəmlidir. Bu barədə danışan Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli bildirdi: “Çanaqqala zəfərinin 100 illiyinin təntənə ilə qeyd edilməsi Türkiyədə və ümumən türk dünyasında müstəqil dövlətçiliyin, torpaq və vətən ideallarının daha da qüvvətlənməsinə təkan verəcək mühüm hadisə olacaqdır. Çanaqqala zəfərinin yüksək səviyyədə anılması həmin tarixi proseslərdə əsl qardaşlıq nümunəsi göstərmiş, bu böyük qurtuluş savaşında könüllü olaraq iştirak etmiş və Anadolu torpaqlarında şəhid olmuş Azərbaycan oğullarının da xatirəsinə ehtiramın ifadəsidir.

Ümumiyyətlə, Çanaqqala zəfərinin 100 illiyinin təntənəsi prosesində nümayiş etdiriləcək Azərbaycan – Türkiyə birlik və həmrəyliyi bizi Dağlıq Qarabağdakı əzəli torpaqlarımızın geriyə alınacağı günə daha da yaxınlaşdırır. Bütövlükdə, Türkiyə Cümhuriyyətində Çanaqqala zəfərinin 100 illiyi nümayişləri Azərbaycanın Dağlıq Qarabağda qələbəsinin paroludur."

 

Türkün Çanaqqala ruhu

 

Çanaqqalada gördüklərim ilk günlər mənim üçün çox qəribə hisslər doğursa da, az bir vaxtda hər şey, sanki, qaydaya düşdü. Bir anlıq fikirləşdim ki, bəlkə, görüb-eşitdiklərim mənim üçün adiləşir deyə bu hisslər məni də özününkü edir. Amma əslində, Çanaqqala ruhu ilə birləşən duyğularım məni bu torpağa daha böyük bir vurğunluqla bağlamaqda idi. Bəlkə, bu hər addımda eşitdiyim “Çanaqqala ruhu” deyilən bir əzəmətin nə demək olduğunu anlamaq üçün idi?!

Hər halda nəydi Çanaqqala ruhu? Bu böyük sualın cavabını 100 il bundan əvvəl baş verən qəhrəmanlıq tarixinin olaylarında axtarmaq fikrinə düşdüm. Haradan başlayım? Əslində, Çanaqqala haqqında yazılanların hər bir cümləsi də bu ruhun bir nişanəsi ola bilər. Amma bu deyim çox ümumiləşdirilmiş oldu. Konkret danışılası faktların sayı isə ən azı bu torpağa düşən güllələrin, mərmilərin sayı qədərdir... Bu say isə bilinmir!

...Əvvəlki yazıda  Çanaqqalanın döyüş tarixinə şanlı bir səhifə kimi daxil olan “Nüsrət” gəmisinin bir gecədə gördüyü qəhrəmanlıqdan danışmışdıq. Dəniz sularının 4,5 metr dərinliyində yerləşdirilən 26 mərmi döyüşlərin taleyini həll edir. Bir sisgin, zülmət və soyüq gecədə ölümlərini göz önünə alan vətənpərvər ogulların bu igidlik nümunəsi, şübhəsiz ki, elə Çanaqqala ruhudur. Hətta minadüzənlər orada bir təhlükə ilə üzləşirlər. Anadoludan – türklər tərəfində yuxarıda yanan güclü projektor düşmən tərəfin projektorları ilə uz-uzə durduğundan gəminin qaranlıqda görünməsini mümkünsüz edirdi. Qəfildən Anadolu tərəfdə projektorun sönməsi bir anda hər şeyi məhv edə bilərdi, amma xoşbəxtlikdən işıq heç bir usta-filan müdaxiləsi olmadan öz-özünə söndüyü kimi, öz-özünə də yanır. Adamlar bunu Allahın lütfü kimi təqdim edir. Çanaqqala ruhu, doğrudan da, bir Allah işi idi...

Çanaqqala döyüşlərinin adi bir topcusu olan Qoca Seyid Onbaşı haqqında yazılanlar da həqiqətdən çox əfsanəyə bənzəyir, amma bu hadisə də olan və təsdiqini tapan bir həqiqətdir. Qoca Seyid Onbaşı kim idi? 1889-cu ilin sentyabrında Balıkəsirin Havran bölgəsinin Çamlık (Manastır) kəndində dünyaya göz açmışdı. Balkan müharibəsinin iştirakçısı olmuşdu. Birinci Dünya müharibəsi başlayanda topçu kimi Çanaqqala cəbhəsinə göndərilmişdi. Düşmən atəşləri türk topunun zəncirini qırıb sıradan çıxardığından 215, bəzi mənbələrə görə, 275 kiloqram ağırlığında mərmini qundağa qoymaq mümkün deyildi. Düşmən gəmiləri isə sürətlə tabora yaxınlaşmaqda idi. Gecikmək ölümə bərabər idi. Topcu Seyid Əli özündən də dəfələrlə ağır olan top mərmisini kürəyinə alaraq topa yerləşdirdi və atəş açdı.

Seyid Əli, ilk iki atəşdə  fransız zirehlisi “Bouvet”ə yüngül zədələr yetirsə də, üçüncü atəşdə dəyən zərbə çox ağır oldu. Mərminin partlayış təsirindən gəmi anındaca yana əyilərək batmağa başladı. Daha sonra “Nusrət” gəmisinin qoyduğu minalara çırpılaraq, çox qısa bir dönəmdə dənizin dibinə batmağa başladı. Bu qəhrəmanlığından sonra Seyid Əliyə Onbaşı rütbəsi verildi.

Çanaqqala savaşından sonra Seyid Əli Onbaşıdan top mərmisini kürəyinə götürərək foto çəkdirməyi istədilər. Seyid Əli Onbaşı nə qədər güc versə də 215 kiloqramlıq top mərmisini qaldıra bilmədi. Seyid Onbaşı ona Böyük Allahdan verilən bu güçün nə olduğunu anlamasa da, bircə bunları soylədi: “Yenə savaşa çıxsın, yenə qaldırım!” Bundan sonra ancaq taxtadan hazırlanan maket bir mərmi ilə onun fotosu çəkildi.

Müharibədən sonra doğma kəndlərinə dönən Seyid Əli ömrünün sonuna kimi Çamlıqda yaşadı, meşəçilik və kömürçülüklə məşğul oldu. Qoca topçunun qəhrəmanlığından xəbərdar olan Mustafa Kamal Paşa Balıkəsirdə olarkən onu tapdırıb görüşür, nə istədiyini soruşur. Qoca Seyid tədarük etdiyi kömürü satmaq üçün bir dükan yeri istəyir. Amma bu istəyin onun qəhrəmanlığı önündə çox kiçik bir şey olduğunu söyləyən Atatürk  Seyid Əliyə məvacib kəsdirir. Amma günü-güzaranı çox pis olsa da Seyid Əli bundan da imtina edir, gördüyü işin bir Vətən borcu olduğunu söyləyir.

Sadə bir insan olan Qoca Seyidin bu hekayəti də daim qəlblərdə, daha sonrasa kitablarda yaşayan, heç vaxt ölməyən bir Çanaqqala ruhu idi.

O zaman polkovnik rütbəsində olan Mustafa Kamal Atatürkün döyüşdən apardığı qeydlərdən kiçik bir parçaya diqqət yetirək: “Səngərlər arasındakı məsafə cəmi 8 metrdir, yəni ölüm labüddür. Birinci səngərdəkilərin hər biri xilas olmadan yerə sərilir. İkinci səngərdəkilər ildırım kimi onların yerinə keçirlər. 20 düşmənə qarşı hər səngərdə bir nəfər süngü ilə çarpışır, ölür, öldürür. Bəli, bu türk əsgərindəki ruhi qüvvəni göstərən, dünyanın heç bir əsgərində olmayan ehtirama layiq bir nümunədir. Əmin olmalısmız ki, Çanaqqala müharibəsində qələbə qazandıran bu yüksək ruhdur”.

 

Bəli, Çanaqqala ruhu məhz bu idi!

 

Çanaqqala zəfərinin tarixi əhəmiyyətini qiymətləndirən ingilis baş komandanı general Hamilton İngiltərə Hərbi Nazirliyinə Mustafa Kamalın böyük komandirliyindən belə yazırdı: “Türk ordusunun və polkovnik Mustafa Kamal kimi dahi bir komandirin qarşısında dayanırıq. Bunu heç bir zaman unutmayaq.”

Bu da bir Çanaqqala ruhu idi, Atatürk ruhu idi!

General Hamilton sönralar türk ordusunun və əsgərinin döyüş şücaətinə çox böyük dəyər verərək yazmışdı: “Çanaqqala döyüşlərində biz türk mehmetciyi ilə yox, onun Allahı ilə vuruşduğumuzu da anladıq!”

Bəlkə, general Hamiltonun dediyi Allah özü də bir Çanaqqala ruhu idi!...

 

Könüllərdə və həyatda ucaldılan abidə

 

Bu diyarı gəzib amansız müharibə, amma hər bir türk üçün zəfər himni olan Çanaqqala döyüşləri haqqında eşitdikcə insanın nə qədər dəyanət və gücə sahib olduğuna, ən azı, heyrət etməyə bilmirsən. Həqiqətən, Çanaqqala savaşında olanlar, insanların Vətən, Bayraq, Ləyaqət uğrunda göstərdikləri igidliklər bu gün bir xatirə kimi anılır və əziz tutulur. Çanaqqalanın zəfər tarixi bütün Türk xalqlarının həyatında, ictimai-siyasi aləmində və düşmənlərimizə qarşı mübarizədə şanlı bir örnək olacaqdır.

Çanaqqala Şəhidlər abidəsi də, əslində, bu örnəyin möhtəşəm bir heykəlidir. Bu Çanaqqala müharibəsində şəhid olan 250 mindən çox türk insanının şərəfinə ucaldılan abidələrin ən görkəmlisi hesab edilir. Abidə hər kəsin qəlbində gələcəyə inam əks etdirən, türk millətinin ən çətin dövründə, yüz minlərlə şəhid bahasına olsa belə, Vətən torpaqlarını əbədi qoruyacağını göstərən bir əsərdir.

1954-cu ildə Çanaqqala Şəhidlər abidəsinin inşasına başlanmışdır. Ancaq müxtəlif səbəblərdən fasilələrlə inşaat işləri dayandırılır. Ən nəhayət, “Milliyyət” qəzetinin açdığı xeyriyyəçilik kampaniysında toplanan böyük vəsait hesabına 1960-cı ildə abidənin tikintisi başa çatdırılır. 20 avqust 1960-çı il tarixində rəsmi açılışı elan edilir.

İnşaat işlərində təbii Kayseri daşından istifadə edilmişdir. Abidənin sahəsi 625 kvadratmetrdir. Hər biri 7,5 metr olmaqla 4  sütun ayaq üstündə yerləşdirilib. Ayaqlar arasındakı məsafə 10 metrdir. Abidənin hündürlüyü 41,7 metrdir. Niyə məhz 41,7 metr? Bir dəfə Atatürkün yaxın dostu olan jurnalist Ruşan Əşrəf bəy, “Paşam, Gelibolu yarımadasına bir şəhidlər abidəsi qursaq, sizcə boyu nə qədər olsun?”-deyə soruşur. O, isə “Siz orada 40 metr boyunda bir abidə tiksəniz belə şəhidlərimizin haqqını ödəyə bilmərik!”-deyir. Bundan sonra Ataturkün “40 metr” sözünə rəğmən 40 metrlik bir abidə tikilməsinə qərar verilir və daha sonra “haqqını ödəyə bilməz” dediyi üçün də üstünə Atatürkün boyunun uzunluğu – 1,7 metr də əlavə edilir. Beləliklə, bu möhtəşəm abidənin hündürlüyü 41,7 metr olur.

Dörd sütun üzərində qurulan abidə türk millətinin sağlam təməllərə söykəndiyini və yıxılmaz olduğunu göstərən rəmzi bir məna daşıyır. Uzaqdan baxanda “Mehmetcik” sözünün baş hərfi olan “M” hərfi şəklində görünür. Abidənin tavanında mozaikadan Türk bayrağı işlənmişdir. Kompleksdə 25 metr hündürlüyü olan bürünc bayraq dirəyi yerləşir. Bu bürünc dirək Amerikada yaşayan türk soydaşımız Nəzmi Cəlal tərəfindən hədiyyə edilmişdir. Eyni bayraq dirəyindən Ankarada Anıt Qəbirdə də var. 2005-ci ildə təmir edilərək yenidən qurulan abidənin 2007-ci ildə olduğu sahədə yeni şəhidlik inşa edilərək son şəklini almışdır.

Çanaqqala şəhidlər abidəsinin bağçasında türk bayrağı şəklində simvolik 131 məzar daşı var. Məzar daşlarında şəhid olmuş insanların adları, yaşadıqları məkanın adı, bəzilərində isə fotolar belə əksini tapır. Diqqəti cəlb edən bir bilbord da Azərbaycanın Turkiyə Respublikasındakı səfirliyi tərəfindən qoyulub. Şəhidlərin şərəfinə bir ehtiram nişanəsi kimi qoyulan bu lövhə hər bir türk oğlunun fəxr edə biləcəyi bu böyük tarixi, sanki, yenidən yada salır, əbədi və daimi olan birliyimizi nişan verir.

Çanaqqala zəfəri, doğrudan da, hər bir türk oğlunun fəxr edə biləcəyi bir tarixidir. Böyük Atatürk demiş: 100 il öncə belə bir tarix yazıldı, bu əbədi qalan bir tarixdir!..

 

Namiq ƏHMƏDOV

Bakı – Çanaqqala – Bakı

 

Xalq qəzeti.- 2015.- 23 aprel.- S.6.