Çanaqqala – türkün zəfər savaşı

 

Avropa dövlətlərinin iki hərbi-siyasi bloku arasında uzun illərdən bəri davam edən mübarizə XX əsrin əvvəllərində kəskin ziddiyyətlər doğurmuşdu. 1871-ci ildə Prussiya kralı I Vilhelm Almaniya imperatoru elan olunduqdan sonra ölkə militarist siyasət yeritməyə başladı. Kansler Bismark Almaniyanın Avropada hegemonluğunu əsas məqsəd kimi qarşıya qoymuşdu. 1879-cu ildə Almaniya Fransa və Rusiya əleyhinə Avstriya – Macarıstanla gizli müqavilə imzaladı. 1882-ci ildə İtaliyanın onlara qoşulması ilə “Üçlər ittifaqı” yarandı. Müstəmləkə işğalına başlayan Almaniya artıq XX əsrin  əvvəllərində sənaye istehsalına görə Avropada 1-ci yerə çıxmışdı.  İnhisarlar dövləti dünyanı yenidən bölüşdürmək uğrunda müharibəyə təhrik edirdi.

 

İngiltərə – Almaniya münasibətlərinin kəskinləşməsi Böyük Britaniyanın Fransa və Rusiya ilə  toqquşmalarını arxa plana sıxışdırdı. İngiltərə 1904-cü ildə Fransa ilə, 1907-ci ildə isə Rusiya ilə saziş bağladı. Bu sazişlər “Antanta bloku”nun yaranmasını  rəsmiləşdirdi.

Almaniyanın hərbi-siyasi dairələri Böyük Britaniya, Fransa və Rusiyanı zəiflətmək, onların  müstəmləkələrinin bir hissəsini  ələ  keçirmək,  Avstriya – Macarıstan isə Balkanlarda möhkəmlənmək niyyətində idi.

Böyük Britaniya da qarşıdakı müharibənin qaçılmaz olduğunu anlayır, bu yolla Almaniyanı zəiflədəcəklərinə, onun müstəmləkələrini zəbt edəcəklərinə, Osmanlı imperiyasını bölüşdürəcəklərinə ümid edirdi. Fransa da bu fikirdə idi. Fransızlar, eyni zamanda, 1870 – 1871-ci ildə Almaniya ilə  müharibədə itirdikləri Elzas və Lotaringiyanı geri qaytarmağa çalışırdılar. Rusiya isə yaranmış vəziyyətdən bəhrələnərək Balkanlarda, Bosfor və Dardanel boğazlarında hökmranlıq etmək iddiasına düşmüşdü. Beləliklə, dünya o vaxta qədər misli-bərabəri olmayan qanlı bir savaş ərəfəsində idi. Milyonların həyatı, ölkələrin taleyi böyük dövlətlərin istilaçılıq siyasətinin girovuna çevrilmişdi. Müharibənin başlanması üçün bəhanə axtarılırdı.

Birinci dünya müharibəsi ərəfəsində Osmanlının Afrikadakı torpaqları İtaliya tərəfindən ələ keçirilmişdi, Balkanlarda  və Rumelidə türk hakimiyyəti sona çatmışdı. Hətta iş o yerə  gəlib çıxmışdı ki, bolqar orduları İstanbulu təhdid edirdi. Boğazlar və  İstanbul təhlükəyə məruz  qalmışdı.  Həm “Antanta”, həm də “Üçlər ittifaqı” Osmanlı dövlətinə  artıq ciddi qüvvə  kimi baxmırdılar. Lakin  Almaniya imperatoru Osmanlının Antanta qüvvələrinin bir qismini özünə  cəlb edəcəyini nəzərə alaraq, onu “Üçlər ittifaqı”na qoşmağa çalışırdı.

I Dünya  müharibəsi  başlananda Balkan dövlətləri  artıq iki yerə  parçalanmışdı. Yunanıstan, Rumıniya    Serbiya “Antanta”ya sığınmışdı. Bolqarıstan isə sonralar “Üçlər ittifaqı”na qoşuldu.

İngiltərə  və Fransa güclü Almaniyaya  qarşı  savaşda Rusiyanın insan potensialından, çoxsaylı ordusundan faydalanmaq üçün bu ölkəyə böyük miqdarda silah-sursat  və digər ləvazimat göndərirdi. Alman strateqləri  Qərb cəbhəsində  savaş gedərkən Türkiyənin Rusiya hərbi qüvvələrinin böyük bir hissəsini Qərbdən yayındıracağını düşünürdülər. Odur ki, Almaniya  Qərbdə düşməni  məğlub  edərək  sonra Rusiya üzərinə yerimək niyyətində idi.

Osmanlı dövləti 18-ci yüzillikdən başlayaraq xeyli zəiflədiyindən, təbii ki, bu  durum hərbi sahəyə də ciddi  təsir göstərmişdi. 1912 – 1913-cü illərdə Balkan savaşında, nəinki oradakı torpaqlar əldən çıxmışdı, həm də ən yaxşı  ordular çox ciddi itkilərə məruz qalmışdı.

Rusiya Osmanlı imperatorluğundakı vəziyyəti diqqətlə izləyir, yeni  istilaçılıq planları  hazırlayırdı. Xarici işlər  naziri Sergey Sazonov ingilislər  və fransızlarla görüşlərində Rusiyanın tələblərini açıq-aydın ifadə edirdi: müharibə qələbə ilə bitdikdən  sonra İstanbul  və boğazlar Rusiyanın olmalıdır.

Avstriya – Macarıstan ordusunun baş komandanı, taxt-tacın vəliəhdi Frans – Ferdinandın hərbi manevrlərdə iştirak edərkən Serbiyadan gəlmiş  terrorçu Qavrilo Prinsip tərəfindən  iyunun 28-də öldürülməsi militarist dairələri hərəkətə gətirdi. Elə həmin gün Avstriya — Macarıstan Serbiyaya müharibə elan etdi. Rusiya Serbiyanı müdafiə  etmək, Balkanlarda nüfuz sahibinə çevrilmək niyyətilə səfərbərliyə başladı. Almaniya məqamın yetişdiyini zənn edərək avqustun 1-də Rusiyaya, avqustun 3-də isə Fransaya müharibə elan  etdi. Avqustun 4-də Almaniyanın Belçikaya hücumuna cavab olaraq İngiltərə avqustun 5-də Almaniyaya müharibə elan etdi.

Beləliklə, şahzadə Frans–Ferdinandın ölümü dünya ağalığı, dünyanın yenidən bölüşdürülməsi uğrunda müharibənin başlanması üçün böyük  dövlətlərin əlində bəhanəyə çevrildi. Ümumilikdə, 1,5 milyard əhalisi olan 39 ölkə (o cümlədən, Böyük Britaniyanın 4 dominionu və Hindistan) müharibəyə qoşuldu. Hərbi əməliyyatlar Avropa, Asiya və Afrikada, bütün okeanlarda, bir çox dənizlərdə aparılırdı. Quruda  hərbi əməliyyatların başlıca cəbhəsi Qərbi Avropada Fransa, Şərqi Avropada Rusiya idi. Müharibəyə qoşulan dövlətlərdə 73,5 milyon nəfər səfərbərliyə alınmışdı.

1914-cü ildə Osmanlı dövlətinin “Üçlər ittifaqı”nın tərəfində müharibəyə qoşulmasından sonra oktyabrın 2-də Rusiya, 5-də Böyük Britaniya, 6-da isə Fransa Türkiyəyə müharibə elan etdi. Almanlar cəbhədə öz  vəziyyətlərini yüngülləşdirmək, Fransa və Böyük Britaniya qüvvələrini digər cəbhələrə yönəltmək məqsədilə Osmanlı dövlətini inandırırdı ki, türklər Şimali Afrikada müqəddəs müharibə elan etsin. Almaniya bu halda müsəlmanların ingilisləri Misirdən, fransızları Afrikadan qovacağına ümid bəsləyirdi.

“Antanta” dövlətlərinin əsas məqsədi imperatorluğun paytaxtı İstanbulu və Çanaqqala boğazlarını zəbt etmək, bununla da Rusiyadan ərzaq və əsgəri yardım gətirilməsinə nail olmaq, Almaniyanın müttəfiqlərindən biri kimi, Osmanlı dövlətini müharibənin ilk aylarında sıradan çıxarmaq idi. Çanaqqala ilk hədəf  kimi təsadüfi seçilməmişdi. 1914-cü ilin sentyabr ayında Birləşmiş Krallıqda Admirallığın birinci lordu Uinston Çörçillin Baş nazir Askvitə təqdim etdiyi planda donanmanın Çanaqqala boğazından keçərək İstanbulu ələ keçirməsi təklif olunurdu. Bu  plana uyğun olaraq, Britaniya və Fransa gəmilərindən təşkil olunmuş  donanma qüvvələri 1915-ci ilin fevralında boğaz istiqamətində geniş hücuma başladılar.

Osmanlı dövləti avqustun 2-də Almaniya ilə imzaladığı sazişi döyüş hazırlığı bitənədək gizli saxlamaq niyyətində idi. Bu  sazişdən yalnız sədrəzəm və xarici işlər naziri  Sait Halim  Paşanın,  hərbi nazir Ənvər Paşanın, Məclisi-Məbusan  başqanı Xəlil bəyin, daxili işlər naziri Tələt Paşanın xəbəri vardı. Döyüş hazırlığı sona çatana kimi Osmanlı imperatorluğu neytral qaldığını nümayiş  etdirmək məqsədilə özünün bitərəfliyini elan etdi.

Rusiya ordularının Qalisiyada uğurlu əməliyyatları almanları  Qərb cəbhəsində çətin  vəziyyətə  saldı. Bu halda Almaniya Osmanlının  müharibəyə  girməsi ilə bağlı  təzyiqləri artırdı. Almaniya hesab edirdi ki, türk ordularının Süveyş kanalına doğru  hərəkəti və Qafqazda döyüşə başlaması Qalisiya  cəbhəsində  onun vəziyyətini yüngülləşdirəcək. Osmanlı  dövlətini dərhal döyüşə  başlamağa  məcbur etmək  üçün alman qərargahı planlar hazırlayırdı. Avqustun 4-də Almaniya Aralıq dənizi donanmasının  komandanı admiral Vilhelm Souxona iki müasir və sürətli  gəmi – “Goeben”  və “Breslau” gəmiləri ilə  İstanbula hərəkət etmək barədə şifrəli  teleqram göndərildi. Doqquz  gün  dayanmadan irəliləyən gəmilər, nəhayət ki, avqustun 10-da Çanaqqala boğazına yetişdi. Alman  baş komandanlığının nümayəndəsi baron Kress fon Kressentştayn Ənvər  Paşadan gəmilərin dərhal boğazdan içəri buraxılmasını, ingilis gəmilərinin boğaza yaxınlaşacağı halda sahil batareyaları  tərəfindən artilleriya atəşinə tutulmasını tələb etdi.  Ənvər Paşa  əvvəl  buna əməl etmək istəməsə də, baron Kressenştaynın təkidindən sonra  tələblər yerinə yetirildi.  Lakin beynəlxalq sazişlərə uyğun olaraq, alman gəmiləri ya 24 saat müddətində Osmanlının ərazi sularını tərk  etməli, ya da  tərksilah edilməli  idi. Vəziyyətdən  çıxış yolu kimi qərara  alındı ki, gəmilərin 80 milyon markaya Osmanlı dövləti  tərəfindən satın alınması elan edilsin. Bundan  sonra “Goeben” gəmisi “Yavuz”, “Breslau” isə “Midilli” adlandırıldı. Almaniya  yaxşı bilirdi ki, bu iki gəminin Qara dənizə çıxması ilə Osmanlı dövləti  Rusiya ilə  müharibəyə məcbur olacaq.

Sentyabrın 10-da Mərmərə dənizində atış təlimləri  və manevrlər başlandı. Osmanlı dövləti çətin duruma düşdü.  Rus donanmasının gəmiləri  Qara dənizdə İstanbula doğru hərəkətə gəldilər.  İngilis və  fransız gəmiləri isə digər tərəfdən Çanaqqala yaxınlığında  mövqe tutdular.  Ənvər Paşa  Çanaqqalanın  müdafiə hazırlıqları başa çatmadan, səfərbərlik yekunlaşmadan  və Bolqarıstanla razılaşma olmadan  gəmilərin Qara dənizə çıxmasının təhlükəli  olduğunu  bildirərək əməliyyatı bir qədər ləngitməyin  tərəfdarı olsa da, admiral Souxonun komandanlığı altında gəmilər sentyabrın 29-da  Qara dənizə girərək  rus donanmasına  məxsus gəmiləri, daha sonra Qara dənizin şimal sahilindəki Odessa, Sevastopol, Novorossiysk, Feodosiya limanlarını  atəşə tutdular.

Müharibə şiddətlə alovlandı. Oktyabrın 1-də rus ordusu Qafqazdan keçərək Osmanlı torpaqlarına soxuldu. İngilis gəmiləri isə  İzmirə, Qırmızı dənizdəki Akabe limanına hücum əmri aldı. İki ingilis, iki fransız gəmisi isə Çanaqqala boğazını atəşə tutdu. Osmanlı imperatorluğu ölüm-dirim savaşına cəlb olundu. Böyük dövlətlərin çoxdan gözlədiyi fürsət ələ keçmişdi. Çoxları Osmanlı dövlətini yağlı tikə kimi asanca həzm-rabedən keçirəcəyini düşünsə də, Qərb dövlətləri Osmanlıya  qarşı tək hərəkətə keçməyə cəsarət etməmişdi.  Türkləri Avropadan  və Anadoludan vurub çıxararaq onun torpaqlarını bölüşdürmək arzusu çoxlarına rahatlıq vermirdi. Hələ XVIII əsrin əvvəllərində rus çarı I Pyotr vəsiyyətnaməsində tövsiyə edirdi ki, Hindistana  və İstanbula mümkün qədər yaxınlaşmaq lazımdır. Buralara hökm edən  şəxs dünyanın gerçək hökmdarı olacaq.

Napaleon Bonapart da eyni fikirdə idi: İstanbul bir açardır. İstanbula hakim olan dünyaya hökm  edəcəkdir. Əsl  məsələ də budur: İstanbula kim hakim olacaqdır? I Pyotrun və Napoleon Bonapartın nəvə-nəticələri  belə hesab  edirdilər ki, artıq  məqam yetişib.  Lakin səhv edirdilər. Görünür, türkün  qüdrətinə yaxşı bələd deyildilər.

“Yavuz”  və “Midilli”nin Rusiyanın Qara dəniz limanlarını bombalamasından sonra “Antanta” dövlətləri Osmanlıya etirazını bildirdi. Rusiyanın ardınca noyabrın 2-dən sonra İngiltərə, Fransa, Yaponiya, Belçika Osmanlı dövlətinə müharibə elan etdilər. Noyabrın 3-də Çanaqqala boğazını hədəfə  almış ingilis donanması Seddulbahir və Qumqalanı bombalamağa başladı. Boğazın müdafiəsini gücləndirmək məqsədilə Albay Cavad Paşa müdafiə işlərinin rəhbəri təyin olundu.

Böyük dövlətlərin Osmanlı torpaqlarını bölüşdürmək niyyəti Yunanıstanı da şirnikləndirmişdi. Yunanıstanın Baş naziri Venizelos ölkəsinin də müharibəyə qatıla biləcəyini bəyan edərək bir plan hazırlayıb ingilislərə təqdim etmişdi. Yunanların şərtlərinin  və gözləntilərinin həddən artıq olması ingilislərin bu planı rədd etməsinə  səbəb oldu. Amma bu  planda Bolqarıstanın da “Üçlər ittifaqı”na qarşı savaşa girməsi məsələsi qoyulmuşdu. Bu  məqam ingilislərin ciddi marağına səbəb oldu. Çünki Almaniyanın  Osmanlı dövləti ilə əlaqəsi  məhz Bolqarıstan ərazisindən keçməklə mümkün idi. Osmanlıya göndərilən yardımın çatması Bolqarıstan dəmir yolu olmadan müşkülə çevrilirdi.

İngiltərə Baş  nazirinin yanında keçirilən toplantıda dəniz işləri naziri Uinston Çörçill əsas  qüvvələri Balkanlar üzərindən Osmanlının ən zəif nöqtələrinə, Çanaqqala boğazından keçməklə İstanbul üzərinə yeritməyi təklif etmişdi. Lakin sonrakı müzakirələrdə İngiltərənin müdafiə naziri cəbhədə Fransanın  ağır  vəziyyətə düşməsi üzündən  Çanaqqalaya əlavə qoşun göndərilməsinə etiraz etdi. Fransa  Baş  komandanlığı  da  Qərb cəbhəsindən qoşunun  başqa istiqamətlərə göndərilməsinə  qarşı  çıxdı.

Çörçill öz planından  geri  durmaq istəmirdi.  1915-ci il yanvanın 3-də o, Ağ dənizdəki admiral Qardenə boğazlara dəniz  qüvvələri ilə hücum planını incələməyi tapşırdı. Qarden  əlavə  qüvvələr olmadan bu  hücumun uğur  qazanacağına inanmadığını bildirdi. Lakin yanvarın 13-də Yüksək Müdafiə Şurasının toplantısında Dəniz İşləri Nazirliyinə Çanaqqala boğazına yalnız donanma qüvvələri ilə hücuma icazə verildi.

Fransa hökuməti də  admiral Queprattenin komandanlığı altında dördü zirehli, dördü sualtı olmaqla, 26 gəmidən ibarət bir donanmanı Çanaqqalaya göndərdi.

Birləşmiş Krallığın donanma komandanı Lord Fişer quru qoşunları tərəfindən dəstəklənmədən dəniz qüvvələrinin döyüşə girməsini “xətalı bir macəra” adlandırsa da, “Antanta” Dövlətlərinin Müharibə Şurası  1915-ci il yanvarın 28-də donanmanın hərəkət planını bəyəndi. Qısa hazırlıqdan sonra fevralın 19-da “Antanta”nın dəniz qüvvələrinə döyüş  əmri verildi. Minatəmizləyən gəmilər boğaza doğru yolu  açmağa başladı. Boğazlardan  döyüşərək qısa bir zamanda keçəcəklərinə inanan “Antanta” qüvvələri sərt bir müqavimətlə rastlaşıb yanıldıqlarını anladılar. Vətən inancına və  inamına sarılan türk  əsgəri Çanaqqalada insan  olmağın şərəfini anladırdı düşmənə.

Dünyanın ən yaxşı təchiz olunmuş və ən hazırlıqlı dəniz qüvvələrinə sahib olan ingilislər Fransanın  dəstəyi ilə o vaxta qədər dənizlərdə görünməmiş bir qüvvə  ilə Osmanlını məğlub edərək Süveyş kanalının  və Hindistana gedən yolun təhlükəsizliyini təmin etmək üçün tezliklə Fələstini  də ələ keçirəcəyini düşünürdü. Fransa Livan, Suriya və Kilikiyanı öz nəzarəti altına alacağı günü gözləyirdi. İtalyanlar özlərini Antalyanın sahibi kimi görürdülər. Qılınc və  qələmlə yüz illər boyu tarix yazmış türkün  nəyə  qadir olduğunu yetərincə anlamışdılar onlar. Tarix boyu  qanlı savaşlara şahidlik etmiş  bu yerlər yenə müharibə alovuna bürünmüşdü. İki boğaz, sadəcə, Aralıq dənizini Qara  dənizə, Avropanı Asiyaya bağlayan keçid deyildi. Dünya  tarixi burada yenidən yazılacaqdı.

1915-ci il martın 15-nə qədər Antantaya məxsus gəmilər Çanaqqala yaxınlığındakı istehkamları güclü top  atəşinə tutdular. Martın 18-nə qədər boğazın girişində Rumeli yaxasındakı Səddülbahir  və Ərtoğrul, Anadolu yaxasındakı Kumqala və Orxaniyyə istehkamları çətin  durumda idi. Boğaza giriş qapıları ciddi təhlükə qarşısında olsa da, sonra nələr olacağı məlum deyildi.Mart ayında admiral  Qardenin yerinə təyin  edilən admiral De Robek yeni planla gəlmişdi.

“Antanta”nın  boğazın önündəki üç tümənindən birincisinə admiral Robek özü komandanlıq edirdi. “Queen Elizabet”, “Aqamemnon” və “Lord Nelson” döyüş gəmiləri  və birinci tümən səhər tezdən boğazdan içəri keçdi. Onların əsas hədəfləri Məcidiyyə, Namazgah və Rumeli Həmidiyyə istehkamları idi. Şiddətli  hücum ara vermirdi. Gəmilərə  qədər məsafə uzaq olduğundan türk batareyalarının atəşi hədəfə çatmırdı. Birinci  tümənin ardınca dörd fransız gəmisinin dəstəyi ilə hücuma keçən  admiral Queprattenin komandanlığı altındakı ikinci tümən türk batareyalarının atəşinə baxmayaraq plan  üzrə öz yerini tutdu. Az sonra üçüncü tümən  də hərəkətə gələrək Rumeli Məsudiyyə və Yıldız istehkamlarını  hədəfə  aldı.

Rumeli Mərkəz və Rumeli Məcidiyyə istehkamları mərmi  yağışı altında ağır itkilər verdi. İkinci və  üçüncü tümənlər yaxınlaşaraq Namazgah və  Rumeli Həmidiyyə istehkamlarını bombaladılar. Lakin  gəmilər Anadolu Həmidiyyə istehkamının atəşi altına düşmüşdü. Lord De Robek ikinci tümənə geri çəkilmək əmri verdi. Gəmilərdən ikisi geri  çəkilərkən gecə ikən “Nüsrət” mina  gəmisinin düzdüyü minalara toxundu. Düşmən böyük  itkiyə məruz qaldı.

Antantadonanması vahimə içində idi. İtkilər  getdikcə artırdı. Döyüşün gedişi “quru qoşunlarının dəstəyi olmadan donanma uğur qazana bilməz” – deyə xəbərdarlıq edən Lord Fişerin haqlı olduğunu sübut etsə də, dəniz işləri  naziri  Çörçill və  admiral De Robek  uğursuz  hücumları davam etdirir, yeni planlar hazırlayırdılar. Halbuki, savaşın nəticəsi çox ağır olmuşdu. İngilislərin  “HMS Ocean”, “HMS İrresistible”, fransızların “Bouvet” döyüş  gəmiləri batırılmış, fransızların “Suffren” və “Qaulois” gəmiləri ağır zədələr almışdı.

Donanma qüvvələri ilə nə Çanaqqala boğazını keçə, nə də İstanbula girə biləcəyini anlayan “Antanta” dövlətləri quruda əməliyyatlara qərar verdi. Çünki düşmən donanması gəmilərin artıq üçdən birini itirmişdi.  Bir müddət sonra “Antanta”ya məxsus “Solgat” zirehli gəmisi türk gəmisi, “Triumf” və “Majestik” isə alman sualtı qayıqları  tərəfindən batırıldı.

“Antanta” dəniz donanmalarına qarşı dənizdən dəstək  almadan döyüşən qəhrəman türk topçularının şücaətinin misli-bərabəri yox idi. O qəhrəmanlardan biri Havranlı Seyid idi. Rumeli Məcidiyyə istehkamındakı əsgərlərdən 14 nəfəri şəhid olmuş, qalan 24  nəfər ağır yaralanmışdı. Ayaqda qalan tək topun da mərmi vinci  pozulmuşdu.  Aldığı  ağır  yaralardan sonra gözünü açıb özünə gələn Seyid onbaşı 275 kiloqramlıq top mərmisini təkbaşına qaldıraraq lüləyə vermiş, sərrast atəşlə “Okean” gəmisinə ağır zədə vurmuşdu. Bu top hazırda Hərbiyyədəki Əsgəri Muzeydə nümayiş olunur.

Quruda gedən döyüşlərdə uğur qazanmağa çalışan “Antanta” komandanlığı Gelibolu yarımadasına və Arıburnu cəbhəsinə beş tümən çıxardı, üstəlik, əlavə qüvvələr cəlb etmək üçün tədbirlər gördü.

Müttəfiq orduların quruda hücumu aprelin 28-də başlandı. Türklərin müdafiədə çətin anlar yaşadığı bir  məqamda yarbəy Səbri bəy iki taburluq qüvvə ilə qəfil əks-hücuma keçərək müttəfiqlərin cəbhəsini yardı. Günün sonunadək türklərin itkisi 2380 nəfər, müttəfiqlərin itkisi isə 3000 nəfər idi.

Müttəfiqlərin ikinci hücumu mayın 8-nə planlaşdırılmışdı. Hücumun zərbə qüvvəsi sol cinahdakı ingilis birləşmələri idi. Şiddətli hücum güclü müqavimətlə üzləşdi. İkinci gün mərkəzdən, üçüncü gün yenə  sol cinahdan başlayan hücumların  qarşısı qəhrəmanlıqla alındı.  Təpələrdən  atəş  açan türk toplarını nə qədər çalışsa da susdura bilməyən düşmən dayanmağa məcbur oldu. Böyük qüvvə ilə  hücuma keçən rəqiblər üç gün ərzində 500 metr belə  irəliləyə bilməmişdi. Türklər 2000, müttəfiqlər 6500 əsgər və zabit itirmişdi.

1915-ci  il iyunun 4-də başlanan  hücum zamanı  fransız  birlikləri  sol, ingilislər  isə sağ cinahdan türk səngərlərinə girmişdilər. Lakin ikinci topçu batareyasının komandanı Arif Tanyeri 150 nəfər əsgərlə irəli çıxıb cəbhənin yarılmasının qarşısını aldı. Arıburnu cəbhəsində yarbay Hasan Askerinin komandanlığı altında olan 9-cu türk tüməni hücuma keçərək xeyli  irəliləməyə  nail oldu. Türklər üçüncü Kirte döyüşündə 4500, müttəfiqlər 7500  nəfər itki verdi.

İyunun 6-na qədər olan hər üç hücum gözlənilən nəticəni vermədiyindən ingilis komandan H.Veston və  fransız komandan Qouraund qərara aldılar ki, hücum bütün cəbhə boyu həyata  keçirilməsin, daha əlverişli bir nöqtəyə yönəldilsin. Müttəfiqlər  üç gün davam edən top  atəşindən sonra iyunun 21-də  hücuma  keçərək birinci Kərəvizdərə döyüşündə hədəf aldıqları  təpəni ələ keçirdilər.

Zığındərə  və Qanlıdərə  arasındakı bölgədə iyunun 26-28-də başlanan hücumlar zamanı türklərin ön xətdəki səngərlərində sağ qalan, demək olar ki, yox idi.

Müttəfiqlər bu  uğurdan ruhlanaraq, daha şiddətli bir hücum planladılar. İyulun 12-də üç saatlıq artilleriya hazırlığı  zamanı türklərin  mövqeyinə 60 min mərmi yağdıran “Antanta” orduları ikinci Kərəvizdərə döyüşünə başladılar. Hazırlıq atəşindən sonra  ingilislər heç kimin  sağ qalmadığı ön xətti tutdular. Daha sonra üçüncü  xəttə çıxmağı bacaran ingilislər türklərin əks-hücumu nəticəsində geri çəkildilər. İki günlük  müharibədən sonra  müttəfiqlər 5800, türklər 9700  əsgər və zabit itirdilər.  İngilis  birlikləri  avqustun 6-da başlayan  Kirte bağları  döyüşündə də türklərin ön  cəbhə  xəttini tuta bilmişdilər.

Arıburnu  cəbhəsində  Anzak  ordu  qüvvələrinə qarşı  türklər ordunun ehtiyatında olan 19-cu  tüməni  topçu batareyası ilə Conk Bayırına göndərdi. Bu  tümənin komandanı yarbay Mustafa Kamal  idi. 27-ci  alay da onun tabeçiliyinə verilmişdi. Türklərin Arıburnu qüvvələri Mustafa Kamalın  komandanlığı altında hücuma keçdi.

General Hamilton bu hücumu belə xatırlayırdı: “Hamilə dağlar türk doğmaqda davam edir. Bizim mövqelərimizin ən yüksək və ən mərkəzi yerinə bir-birini qovan dalğalar kimi gəlirlər”.

Bu hücumun sonunda Kılıcbayır və Cəsarəttəpə türklərin əlinə keçdi.

Avqustun 10-da Mustafa Kamal  Kocaçimen Tepesi – Conk Bayırı xəttində, albay Ali Rızanın komandası  altında  olan 8-ci    yarbay Cəmil  bəyin komandası altında olan 9-cu tümənlə birlikdə hücuma keçərək müttəfiqləri geriyə oturtdu.

Avqustun 12-də general Hamilton 54-  tüməni Tekkettepə döyüşünə yeritsə də bu ordu türklərin  ciddi  müqavimətinə  rast gəlib böyük itki verdi.  Avqustun 15-  hücuma keçən  yeni  ingilis birləşmələri də bir gün sonra geriyə oturduldu.

“Antanta”nın qurudan  hücumları  türklərin  ciddi müqaviməti ilə  rastlaşıb gözlənilən nəticəni vermədi. Bunu  görən Bolqarıstan oktyabrın 14-də “Üçlər ittifaqı”na qoşuldu. Bununla da Almaniya  ilə Osmanlı dövləti arasında dəmir yolu əlaqəsi oktyabrın 29-dan işləməyə başladı. Üç gün sonra  müttəfiqlər  general Hamiltonu uğursuzluqda ittiham edərək vəzifədən çıxardılar. Onun  yerinə təyin edilən general  Monro  noyabrın 3-də  vəziyyəti təhlil  edərək İngilis Yüksək Müdafiə Şurasına “Gelibolu boşaldılmalı,  ordular  buranı  tərk etməlidir” təklifini verdi. Dekabrın 7-də belə bir  qərar  qəbul olundu. Arıburnu  Anafartalar  cəbhələrindəki müttəfiq  qüvvələri Selanik  cəbhəsinə aparıldı. Seddülbahir  cəbhəsindəki  qoşun  hissələri isə 27  dekabrda çıxarılmağa  başladı. Bu  proses  1916-cı il  yanvarın 16-da  sona çatdı. Beləliklə də Çanaqqala  savaşı Osmanlı dövlətinin  qələbəsi ilə nəticələndi.

Heç  şübhəsiz ki, bu  qələbənin  çoxlu  səbəbləri vardı. Amma, zənnimcə,  əsas  səbəb türkün  kimliyidir, bu səbəb türkün daxilində gizlənmişdir. Onu görmək, duymaq, anlamaq heç   asan deyildir.  Lord Bayron yazırdı: “Bir  əsgər  üçün  mutluluk deyilən bir şey varsa, o da   türklərlə  çiyin-çiyinə savaşmaqdır.  Sakit insanlardır, buğda yarmasından hazırlanmış  şorba  ən xoşladıqları yeməkləridir. Sağlıqsız  bu içirdilər, çamur barınaklarında yatırdılar, fəqət ən  modern silah    maşınlarla təchiz olunmuş  düşmənlərinə qarşı aslanlar kimi vuruşurdular. Bu  insanların  qəlblərində, sadəcə və sadəcə, ülvi bir Vətən sevgisi vardır. Ölümə onlar qədər gülümsəyərək  gedən bir millət heç görmədim”.

Çanaqqala zəfərinin səbəblərindən biri də bax budur, məncə.

 

*  *  *

 

Qulağımda bir türkü səslənir.  Dinlədikcə göz yaşları boğur məni. Dünya gözümdə görünməz olur. Orada, çox  uzaqlarda, uğrunda “uf” demədən, canımı belə verə biləcəyim torpaqlarda, Çanaqqalada savaş gedir. Göz  qırpmadan ölümün  üzərinə yeriyən  qəhrəmanları görürəm. Türkün qəhrəmanlığını tərənnüm edən, varlığıma hakim kəsilən türkü məni  yüz il əvvələ, Çanaqqalaya, ölümsüz qəhrəmanların yanına  aparır. Ağı demir qəhrəman mehmetcik, Çanaqqala savaşının  gerçəklərini anladır!

 

Çanaqqala içində

                     vurdular məni,

Ölmədən məzara

                    qoydular məni,

Of gəncliyimə eyvah!

 

                *  *  *

Çanaqqala içində

                           aynalı çarşı,

Ana mən gedirəm

                    düşmənə qarşı,

Of gəncliyimə eyvah!

 

                *  *  *

Çanaqqala içində

                          bir uzun selvi,

Kimimiz nişanlı,

                         kimimiz evli,

Of gəncliyimə eyvah!

 

                *  *  *

Çanaqqala üstünü

                         duman bürüdü,

On üçüncü fırka

                      hərbə yürüdü,

 

Of gəncliyimə eyvah!

 

                *  *  *

Çanaqqala içində

                      toplar quruldu,

Vay bizim uşaqlar 

                        orda vuruldu,

Of gəncliyimə eyvah!

 

                *  *  *

Çanaqqala içində

                          bir dolu testi,

Analar, babalar

                          umudu kəsdi,

Of gəncliyimə eyvah!

 

Dur, yolçu! Buradan belə keçə bilməzsən! Dünyanın ən qüdrətli orduları buradan keçə bilmədi. Çanaqqala keçilməzdir. Qəhrəman mehmetcik, arxada Vətən var, deyib sinəsini sipər etdi düşmən gülləsinə. Bu Vətən üçün, həyatımız üçün o  mehmetciyə borcluyuz! Borcunu vermədən keçə bilməzsən! Necmettin Halil Onan hocamız bu gerçəkləri belə anladır:

 

 Dur, yolçu! Bilmədən

                  gəlib basdığın

Bu torpaq, bir devrin

                     batdığı yerdir.

Əyil də qulaq ver,

                  bu  səssiz yığın

Bir Vətən  qəlbinin

                        atdığı yerdir.

 

                *  *  *

Bu  izsiz, kölgəsiz

                      yolun sonunda

Gördüyün bir tümsək

                         Anadolunda

İstiqlal uğrunda,

                     namus yolunda

Can verən Mehmetin

                        yatdığı yerdir.

 

                *  *  *

Bu tümsək, qoparkən

 

                      böyük zəlzələ,

Son Vətən  parçası

                       keçərkən ələ,

Mehmetin düşməni

                        boğduğu ələ

Mübarək qanını

                      qatdığı yerdir.

 

                *  *  *

Düşün ki, haşrolan qan,

                          kemik, ətin

Yatdığı bu tümsək,

                      amansız, çətin

Bir hərbin sonunda,

                       bütün millətin

Hürriyyət zövqünü

                       daddığı yerdir.

 

 

Dur, yolçu! Buradan belə keçə bilməzsən! Sənə yaşam haqqı verən qəhrəman türk əsgərinə – mehmetciyə son borcunu ver! Sayğı duruşunda dayan! Ona Allahdan rəhmət dilə!

 

Həsən HƏSƏNOV,

“Xalq qəzeti”nin baş redaktoru,

Azərbaycan Respublikasının Əməkdar jurnalisti

 

 Xalq qəzeti.- 2015.- 24 aprel.- S.5.