Böyük Qələbə və Azərbaycan sənayesi

 

Alman faşizmi üzərində qələbənin 70 illiyi

 

Dünya müharibəsi başlananadan 22 ay sonra – 22 iyun 1941-ci ildə - SSRİ-nin cəlb olunduğu və 1418 gün davam edən Böyük Vətən müharibəsi keçmiş keçmiş sovetlər ölkəsi xalqlarının Vətənə məhəbbət və güclü beynəlmiləlçilik hissinin nümayişinə çevrildi. Bu müharibədə qazanılmış Böyük Qələbə isə insanların həm ön, həm də arxa cəbhədəki kütləvi qəhrəmanlıqlarının məntiqi nəticəsi idi.

 

Böyük Vətən müharibəsi  illərində Azərbaycan əməkçiləri ölkə rəhbərliyinin “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” çağırışına birincilər sırasında qoşulmuşdular. Bakı neftçilərinin hünəri əfsanəyə çevrilmişdi. Kənd əməkçiləri gecəni gündüzə qatıb yüngülyeyinti sənayesini xammalla, cəbhəni və ölkə əhalisini fasiləsiz olaraq ərzaqla təmin edirdilər.

İmperializm sisteminə mənsub ziddiyətlərin doğurduğualman faşizmi tərəfindən başlanan İkinci Dünya müharibəsi öz gərginliyinə, əhatə genişliyinə, iştirak edən insanların sayına, istifadə olunan hərbi texnikanın miqdarına, insan tələfatına və səbəb olduğu maddi dağıntılara görə çoxəsrlik bəşər tarixində heç bir müharibə ilə müqayisə oluna bilməz.

Müharibəyə əhalisinin sayı 1,7 milyard nəfər olan 61 ölkə cəlb olunmuş, bunlardan 40-nın ərazisi müharibə meydanına çevrilmiş, silah qarşısına 110 milyon nəfər insan çıxarılmış,  çox nəhəng miqyasda istehsal rezursları cəlb olunmuşdu; Almaniya, ABŞ, İngiltərə və SSRİ müharibə üçün 653 min təyyarə, 287 min tank, 1 milyon 41 min ədəd top istehsal etmişdilər.

Müharibənin müstəqim, birbaşa xərcləri və maddi dağıntılardan irəli gələn itkilər, başqa sözlə, ümumi xərcləri astronomik bir rəqəmə - 4 trilyon dollara bərabər olmuşdur. SSRİ-nin bu müharibədə maddi itkisi isə 2 trilyon 600 milyard rubla, yaxud onun milli sərvətinin 30 faizinə çatmışdır. Müharibə 50 milyon nəfər insanın həyatı bahasına başa gəlmiş,  bunların da 20 milyon nəfəri SSRİ vətəndaşları olmuşdur.

Böyük Vətən müharibəsində alman faşist işğalçıları sovetlər ittifaqının xalq təsərrüfatına hədsiz ziyan vurmuşdular. Onlar işğal etdikləri regionlarda 1710 şəhəri, 70 min kəndi, 32 min sənaye müəssisəsini dağıtmış, istehsal olunan poladın 60 faizini verən metallurgiya zavodlarını məhv etmiş, maşınqayırmanın 1,7 milyondan çox metalkəsən və yüngül sənayenin 45 min toxucu dəzgahını yararsız hala salmışdılar; 98 min kolxozu, 1876 sovxozu, 2890 maşın-traktor stansiyasını qarət etmiş və dağıtmış, 84 min tədris müəssisəsini, 48 min kitabxananı məhv etmişdilər.

Azərbaycan xalqı Böyük Vətən müharibəsi illərində verdiyi qurbanlara, çəkdiyi iztirab və qarşılaşdığı məhrumiyyətlərə baxmayaraq, düşmən üzərində qələbəni təmin etmək üçün arxa cəhbədə də əzmkarlıq nümayiş etdirmiş, fədakar əmək nümunəsi göstərmiş, cəbhənin hərbi və mülki məhsullarla təminatı işində mühüm rol oynamışdılar.

Azərbaycan iqtisadiyyatının az bir vaxt ərzində hərbin tələb etdiyi qaydada yenidən qurulmasının müstəsna əhəmiyyəti var idi. Bunu Qızıl Ordunun hərbi sursat və ərzaq məhsulları ilə fasiləsiz təchiz etmək vəzifəsi tələb edirdi. Həmin işin yerinə yetirilməsində respublika sənayesi mühüm rol oynaya bilərdi.

Böyük Vətən müharibəsi illərində respublika sənayesi qarşısında duran ən mühüm problemlərdən biri onun ixtisaslı fəhlə kadrları və ümumiyyətlə, əmək resursları ilə təmin edilməsi idi. Çünki elə müharibənin ilk günlərində respublıkanın 40 mindən çox oğlan və qızı cəbhəyə getmək üçün hərbi komissarlıqlara ərizə vermişdi. Qısa bir müddətdə 186 mindən çox adam xalq qoşunu dəstələrinə yazılmışdı. Ümumiyyətlə, 1941-1945-ci illərdə Azərbaycan əhalisindən 700 min nəfəri müharibəyə getmişbunlardan yarıya qədəri ya həlak olmuş, ya da itkin düşmüşdülər. Geriyə dönənlərin xeyli qismi isə şikəst vəziyyətdə qayıtmışdılar. Nəticədə ölkə iqtisadiyyatında qüvvəsinin sayı ilə yerlərinin sayı arasında ciddi uyğunsuzluq yaranmışdı. Bütün bunlarla bağlı vəziyyətdən yeganə çıxış yolu sənayedə qadın əməyindən geniş istifadə edilməsi idi.

Böyük Vətən müharibəsinin 3-cü günü Əzizbəyov Neft Mədənləri İdarəsinə 50 nəfər evdar qadın işləmək üçün müraciət etmişdi; bir həftə sonra isə respublikanın neft sənayesində min nəfərə yaxın evdar qadın işləyirdi.

Müharibənin yalnız ilk birinci ayı ərzində müvafiq ictimai təşkilatların çağırışı ilə sənaye müəssisələrində işləmək üçün mütəşəkkil surətdə 3500 nəfər qız gəlmişdi. Ümumiyyətlə, 1941-1945-ci illərdə respublika iqtisadiyyatının müxtəlif sahələrinə 10 min nəfər oğlan və qız işə götürülmüşdü.

Müharibəyə getmiş kişiləri əmək cəbhəsində əvəz edən qadınlar və qızlar, hətta öz fiziki imkanlarına uyğun olmayan çox ağır peşələrdə də çalışırdılar. Belə bir faktı göstərmək kifayətdir ki, əgər 1941-ci ildə neft sənayesində qadın üçün çox ağır peşə olan qazmaçı peşəsində cəmi 13 nəfər çalışırdısa, 1943-1944-cü illərdə onların sayı 270 nəfərə çatmışdı. Əmək resurslarına yaranmış ehtiyacın ödənilməsi mənbələrindən biri də pensiyaçılar və müharibədə şikəst olmuş əsgərlər idi.

Müharibənin ilk iki ilində respublikaya 6300-dən çox, müharibə dövründə isə 36 min nəfər şikəst döyüşçü qayıtmış və iqtisadiyyatın müxtəlif sahələrində  çalışmağa başlamışdılar. 1941-1945-ci illər ərzidə 19 min nəfərə yaxın əmək veteranı yenidən istehsalata qayıtmış və əmək növbəsində dayanmışdı.

Sənaye müəssisələrində işləmək üçün fəhlə kadrların hazırlanması prosesi müharibə illərində bir günolsun dayandırılmamışdı. Müharibənin elə ilk ilində peşə və fabrik-zavod məktəblərində oxumaq üçün respublikanın şəhər və kəndlərindən 10 min nəfər yeniyetmə səfərbər olunmuşdu. Həmin məktəblər 1941-1945-ci illərdə respublikanın sənaye sahələrində işləmək üçün 7 min 300 nəfər ixtisaslı fəhlə hazırlamışdı.

Hazırlıq kursu keçənlərin içərisində qadınların da sayı az deyildi. Məsələn, maşınqayırma üçün 1941-ci ildə 2796 fəhlənin təqribən 45 faizi, 1944-cü ildə isə 3224 fəhlənin 30 faizi qadınlar idi.

Əgər 1945-ci ildə Azərbaycanın maşınqayırma zavodlarında işləyənlərin 42,5 faizi qadınlar idisə, bütünlükdə sənaye üzrə həmin rəqəm 60,1 faizə bərabər olmuşdu.

Göstərmək lazımdır ki, 1940-cı ilə qədər Azərbaycanın iqtisadi inkişafında mühüm dəyişikliklər baş vermiş, sənaye istehsalının həcmi xeyli artmışdı; 1920-1940-cı illərdə sənayenin məhsulları 14 dəfə çoxalmış və onun sahə quruluşunda müəyyən mütərəqqi dəyişikliklər əmələ gəlmişdi. Belə ki, müharibənin başlanması ərəfəsində sənayenin sahə quruluşunda, yanacaq sənayesindən başqa, daha 3 sənaye sahəsi böyük xüsusi çəkiyə malik idi. Bütün sənayenin ümumi məhsulunda yanacaq sənayesinin payı 48 faiz, maşınqayırma və metal emalının payı 15 faiz, yeyinti sənayesinin payı 14,2 faizyüngül sənayenin payı isə 12,6 faiz idi. Həmin sahələrin məhsul istehsalı üzrə xüsusi çəkisi  bütün sənaye məhsulunun 90 faizinə bərabər idi. Sənaye sahələri içərisində cəbhə üçün ən əhəmiyyətlisi, əlbəttə, neft sənayesi idi.

Daxiliyanma mühərrikləri əsasında işləyən bütün hərbi texnika – təyyarə, tank, avtomobil üçün yeganə enerji növü kimi, habelə bir sıra başqa hərbi sursat istehsalı üçün yanacaq kimi neftinonun məhsullarının çox böyük strateji əhəmiyyəti var idi; qələbəni təmin edə biləcək həlledici amillərdən birinə çevrilmişdi. O, cəbhə üçün hərbi texnikanın özü qədər vacib idi. Çünki  müharibə “motorlar müharibəsi” idi. Yanacaqsız hərbi texnika, obrazlı deyilərsə, “metal yığımı”ndan başqa bir şey ola bilməzdi.

Aparılmış hesablamalar göstərmişdir ki, ikinci dünya müharibəsi zamanı arxa cəbhədən bilavasitə döyüş meydanlarına göndərilən hərbi təyinatlı sursatın yarısı neft məhsulları olmuşdu.

Böyük Vətən müharibəsi ərəfəsində - 1940-cı ildə SSRİ-də hasil edilən 31,1 milyon ton neftin 22,2 milyon tonu, yaxud 71,3 faizi, istehsal olunan yüksək oktanlı təyyarə benzininin 80 faizi, neftliqroinin 90 faizi, müxtəlif sürtkü yağlarının 95 faizi Azərbaycanın payına düşürdü. Ölkənin əsas neft bazası olan Azərbaycan həm cəbhəni, həm də xalq təsərrüfatını neft məhsulları ilə təchiz etmək işində getdikcə daha böyük rol oynayırdı. Buna bir səbəb də ölkənin qərbində olan neft rayonlarının (Ukraynanın və s.) işğal edilməsi, sonralar isə Şimali Qafqaz neft rayonlarının (Maykop, Qroznı) döyüşlərlə bağlı ciddi dağıntılara məruz qalması idi.

Respublika sənayesinin hərbi əsaslar üzərində qurulması, ölkənin qərb rayonları ilə təsərrüfat əlaqələrinin kəsilməsi, iqtisadi  sahələr arasında proporsiyaların pozulması, əmək və material resurslarının çatışmaması - bütün bunlar onun inkişafına mane olmaya bilməzdi. 1940-cı və 1945-ci illərin müqayisəsi göstərir ki, bu dövrdə, ümumiyyətlə, sənaye istehsalının həcmi 22 faiz aşağı düşdüyü halda, neft sənayesində hasilatın həcmi 2 dəfədən çox – 48 faiz azalmışdı. Əgər respubnlikada neft hasilatı müharibənin birinci ilində bütün əvvəlki illəri ötüb keçərək 23,5 milyon tona bərabər olmuşdusa, sonrakı illərdə getdikcə azalmış, 1942-ci ildə 15,7 milyon ton, 1943-cü ildə 12,7  milyon ton, 1944-cü ildə 11,8 milyon ton, 1945-ci ildə 11,5 milyon ton olmuşdu. Bunun əsas səbəbi 1942-ci ildə faşistlərin Zaqafqaziyaya soxulması təhlükəsi ilə əlaqədar olaraq, qazma işlərinin əsasən dayandırılması idi. Belə ki, əgər 1941-ci ildə hasil edilən neftin 16,1 faizi yeni qazılmış quyuların payına düşürdüsə, 1943-cü ildə həmin göstərici 1 faizdən   az olmuşdu.

Yaranmış çətin şəraitdə Azərbaycan hökümətinin gördükləri tədbirlər, neft sənayesi fəhlələrinin və mühəndis-texniki işçilərin fədakar əməyi sanyəsində 1944-cü il üçün planlaşdırılmış həcmdə neft hasil etmək mümkün olmuşdu. Azərbaycan neft sənayesinin əmək kollektivləri ümumiyyətlə, müharibə illəri ərzində 74,2 milyon ton neft hasil edib dövlətə təhvil vermişdilər.

Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq Azərbaycanın maşınqayırma zavodları neft avadanlığı ilə yanaşı, müxtəlif döyüş sursatı, silah, habelə hərbi texnika üçün ehtiyat hissələri istehsal etməyə başladı; maşınqayırma zavodları cəbhənin tələblərinə müvafiq olaraq öz işlərini tamamilə yenidən qurmalı oldular. Çox çətin bir şəraitdə maşınqayıranlar əsl əmək rəşadəti göstərir, yüksək vətənpərvərlik nümayiş etdirirdilər. Zavodlarda bir tərəfdən neft sənayesi üçün zəruri olan neft-mədən avadanlıqları, digər tərəfdən isə cəbhə üçün hərbi ləvazimat istehsal olunurdu.

Almanların Stalinqrad döyüşlərindəki məğlubiyyətilə bağlı, artıq 1943-cü ildən başlayaraq, Dövlət Müdafiə Komitəsinin qərarı ilə Azərbaycanın maşınqayırnma müəssisələri bütünlükdə “mülki məhsul” istehsalına – neft-mədən avadanlıqlarının buraxılışına başladılar. Bu, həm cəbhənin, həm də ölkənin düşməndən azad edilmiş rayonlarının iqtisadiyyatının bərpası üçün neft məhsullarına artmaqda olan tələbatı ödəmək məqsədi daşıyırdı.

Müharibə illərində yüngül sənaye müəssisələri tərəfindən tibbi təyinatlı tənzif, ipək parçanın xüsusi növləri, rəsmi geyimlər (əsgərlər üçün), cərrahiyyə əməliyyatlarında işlədilən ipək saplar, əsgər şinelləri tikmək üçün xüsusi növ mahud parças. istehsalı xeyli genişləndirilmişdi.

Böyük Vətən müharibəsi illərində yeyinti sənayesində də bir sıra yeni istehsal gücləri istifadəyə verilmişdi. Kirovabad (indiki Gəncə) ət kombinatı, çayçəkici və biskvit fabrikləri bu dövrdə tikilib istifadəyə verilmiş müəssisələrdəndir.

Respublikanın yerli sənaye müəssisələri əhali üçün çoxişlənən mallar isntehsalı ilə bərabər, cəbhənin ehtiyaclarını ödəmək üçün də məhsullar hazırlayırdı. Belə məhsullardan hərbi xəstəxanalar üçün mebel və əsgərlər üçün alt paltarı, yanğınsöndürən vasitələr, hava hücumundan müdafiə sığınacaqları üçün ləvazimat istehsal edir, əsgərlər üçün üst paltarı tikirdilər.  Yerli sənaye müəssisələri tərəfindən  yerli xammaldanistehsal tullantınlarından istifadə etməklə əhalinin və əsgərlərin ehtiyacını ödəyən məhsullar da istehsal olunurdu. Məsələn, “Qırmızı kimyaçı” artelinin kollektivi neft sənayesinin tullantılarından sabun istehsal etmişdi. Yalnız 1942-ci ilin birinci yarısında artel 385 ton sabun hazırlamış, ilin sonuna qədər bir o qədər də istehsal etməyi öhdəsinə götürmüşdü.

Müharibə illərində işə salınan hər bir müəssisə sahə mənsubiyyətindən asılı olmayaraq, həm cəbhə,  həm də dinc məqsədlər üçün məhsullar istehsal edirdi. Məsələn, 1942-ci ilin yazında işə salınan Bakı şüşə zavodu Zaqafqaziya və Dağıstan konserv müəssisələri üçün şüşə taralarla yanaşı, tezalışan yanacaq qarışığı üçün butulkalar, sualtı qayıqlar üçün şüşə kolbalars. hazırlayırdı.

1941-1945-ci illərdə respublika sənayesinin normal işinin təmin edilməsində elektroenergetika sənayesinin də xüsusi rolu olmuşdur. Böyük Vətən müharibəsi ərəfəsində (1940-cı il) respublikada bütün kateqoriyadan olan elektrik stansiyalarının gücü 295,7 min kvt-a, elektrik enerjisi istehsalı 1826,4 milyon kvt/saata çatmışdısa, müharibənin son ili üçün bu göstəricilər 342,9 min kvt və 1658,6 milyon kvt/saat olmuşdu. Müharibə dövründə stansiyaların gücü müəyyən qədər artsa da (16 faiz), elektrik enerjisi istehsalı 9,3 faiz azalmışdı. Bu, əsasən, həmin dövrdə sənaye istehsalının 22  faiz və xüsusilə elektrik enerjisinin əsas istehlakçısı olan neft sənayesinin istehsal həcminin 48 faiz azalması ilə əlaqədar olmuşdur.

 

Telman HÜSEYNOV,

Azərbaycan Dövlət İqtisad

Universitetinin əməkdaşı,

professor, iqtisad elmləri doktoru

 

Xalq qəzeti.- 2015.- 26 aprel.- S.7.