Ordumuz torpaqlarımızı
işğaldan azad etməyə qadirdir
Məhərrəm
Əliyev: Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin rəhbərliyi altında Silahlı
Qüvvələrimizdə aparılan islahatlar nəticəsində
yüksək döyüş hazırlığına malik
mobil bir ordu yaranıb
Müsahibimiz Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının müdafiə məsələləri
şöbəsinin müdiri Məhərrəm Əliyevdir
– Hörmətli Məhərrəm müəllim! Bizim Sizə - uzun müddət Bakı Şəhər Baş Polis İdarəsinin rəisi və müxtəlif digər yüksək dövlət vəzifələrində işləyən, general-leytenant hərbi rütbəsinə qədər yüksələn, hazırda isə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının müdafiə məsələləri şöbəsinin müdiri olan bir şəxsə müraciətimizin səbəbi Milli Ordu quruculuğu, orduda vəziyyət və atəşkəsin tez-tez pozulması məsələləri ilə bağlı bir neçə suala cavab almaqdan ibarətdir. İlk sualımız belədir: Müstəqil Azərbaycan Respublikasının Ordusu Azərbaycanı qorumağa, onun ərazi bütövlüyünü təmin etməyə qadirdirmi?
– Azərbaycan Ordusu dünyada müasir tələblərə cavab verən güclü ordulardan biridir. Siz bilirsiniz ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, 2015-ci il aprelin 5-dən 10-dək müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında Azərbaycanda ilk dəfə olaraq irimiqyaslı gecə əməliyyatı - taktiki təlimləri keçirildi. Bundan əlavə, 2015-ci ilin 2 mart - 2 aprel tarixlərində Tütkiyənin Konya bölgəsində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TURAZ Şahini - 2015” devizi altında daha bir uğurlu təlimi baş tutdu.
Türkiyədə keçirilən təlimlərdə Azərbaycanın hərbi təyyarələri, helikopterləri və eləcə də xeyli sayda hərbçiləri iştirak edirdi. Bu təlimlər Azərbaycanın dünyada ən müasir texnika ilə təchiz olunmuş və peşəkar orduya malik olduğunu göstərdi.
Biz tam qətiyyətlə deyə bilərik ki, 1918-ci il mayın 28-dən, yəni, ilk dəfə müstəqillik qazandıqdan bu günə qədər Azərbaycanın heç zaman belə güclü döyüş qabiliyyətinə malik ordusu olmayıb. Azərbaycanda müstəqil ordu quruculuğunun banisi ümümmilli liderimiz Heydər Əliyevdir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev isə hazırkı dövrdə müasir Azərbaycan ordusunun formalaşdırılması, onun yüksək və peşəkar hərbçi kadrlarla təmin edilməsi, ordunun maddi-texniki təchizatı və ən müasir silahlarla təmin edilməsi ilə bağlı ümummilli liderin siyasi kursunu uğurla davam etdirir. Bu gün biz tam əminliklə deyə bilərik ki, bizim torpaqlarımızı işğaldan azad etməyə, Azərbaycanın suverenliyini bərpa etməyə qadir olan ordumuz var. Xalqımız və ordumuz Ali Baş Komandanın bu haqda əmrini gözləyir.
Azərbaycan Respublikasının müdafiə qüdrətinin və silahlı qüvvələrin döyüş qabiliyyətinin artırılması məqsədilə ordumuzun maddi-texniki təminat səviyyəsi gündən-günə yaxşılaşır, ordumuz ən müasir döyüş texnikası, aviasiya və artilleriya qurğuları ilə komplektləşdirilir.
Bu gün Azərbaycan Silahlı Qüvvələri yüksək dəqiqliyə və məhvetmə imkanına malik silahlarla təchiz edilib. Ordumuzun döyüş və nəqliyyat helikopterləri, təyyarələri, hava hücumundan müdafiə sistemləri, zirehli maşınları, tankları və artilleriya qurğrları vardır. Bu qədər üstünlüyə malik ordusu olmasına baxmayaraq, Azərbaycan xalqı sülhsevər xalqdır, səbr və təmkinlə ərazi bütövlüyümüzün təmin olunmasına qan tökülmədən nail olmaq istəyir.
– Mümkünsə, Milli Ordumuzun yaranma tarixi, Azərbaycan əsgərinin şanlı döyüş ənənələri haqqında fikirlərinizi bildirərdiniz.
– Azərbaycan xalqı qəhrəman, öz torpaqlarını qorumağa qadir olan, vuruşan və döyüşən xalqdır. Tarix boyu, ermənilərdən fərqli olaraq, torpaqlarımıza basqın edən yadellilərə heç zaman baş əyməmişik. Bizim Babək, Cavanşir, Şah İsmayıl Xətai, Cavad xan kimi tarixi sərkərdələrimiz və qəhrəmanlarımız olmuşdur.
Sizə məlumdur ki, Silahlı Qüvvələrimizin yaranma tarixi 26 iyun1918-ci ildən götürülür. Çünki bu dövrə qədər azərbaycanlıların nizami ordusu olmamış və onlar çağırış əsasında kütləvi hərbi xidmətə cəlb olunmamışlar. Yalnız 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə ordu quruculuğuna başlanıldı. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə çar Rusiyası dövründə “vəhşi diviziya” (“dikaya diviziya”) adlanan keçmiş tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi müsəlman korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan “Əlahiddə Azərbaycan korpusu” yaradıldı. İyulun 11-də hökumət fərmanı ilə hərbi səfərbərlik elan edildi. Azərbaycan Respublikasının 1894-1899-cu illərdə anadan olmuş bütün müsəlman vətəndaşları orduya hərbi qulluğa çağırıldılar. Avqustun 1-də Hərbi Nazirliyin yaranması barədə qərar qəbul edildi və Səməd bəy Mehmandarov hərbi nazir, Əliağa Şıxlinski isə onun müavini təyin edildilər. Məhz bu tarixi hadisələri düzgün qiymətləndirən ulu öndər Heydər Əliyev 22 may 1998-ci il tarixli Fərmanı ilə 26 iyun tarixini Silahlı Qüvvələr günü elan etdi.
Bilirsiniz ki, hələ çar Rusiyası tərkibində olduğumuz zamanlarda hər cür ayrı-seçkiliyə rəğmən Rusiya ordusunda onlarca şanlı generalımız, o cümlədən Cəmşid Naxçıvanski, Xosrov bəy Sultanov, Qalib bəy Vəkilov kimi generallar xidmət edib.
Sovet hakimiyyəti illərində də Azərbaycanın müstəqil ordusu olmayıb. Lakin Azərbaycan xalqı SSRİ dövründə də orduya Həzi Aslanov, Heybət Heybətov, Yaqub Quliyev, Akim Abbasov, Kərim Kərimov, Tofiq Ağahüseynov kimi onlarla generallar bəxş edib.
SSRİ-nin dağılması ərəfəsində – 1991-ci ildə Azərbaycan xalqının hərbi potensialı və istedadlı, peşəkar hərbçiləri Ermənistandan qat-qat güclü idi. Çünki hələ 70-80-ci illərdə ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik edərkən çox çətinliklə də olsa, Cəmşid Naxçıvanski adına hərbi məktəb açmağa və milli hərbçi kadrların böyük bir ordusunu yetişdirməyə nail olmuşdu. Lakin 1991-ci ildə SSRİ dağılma ərəfəsində olduğu zaman hakimiyyətdə olan o vaxtkı Azərbaycan rəhbərliyi təəssüflər olsun ki, həmin hərbçi kadrların potensialından lazımi səviyyədə istifadə etmədi. Daha doğrusu, milli ordumuz vaxtında yaradılmadı və Azərbaycan xalqı, torpaqlarımız Ermənistan silahlı birləşmələrinin hücumuna məruz qaldı.
Torpaqlarımızın 20 faizi, yəni, Dağlıq Qarabağ və ona bitişik olan ətraf yeddi rayonumuz işğal olundu. Əgər o vaxtkı rəhbərlik vaxtında milli ordunun yaradılmasını təmin etsəydi, heç şübhəsiz, Azərbaycan torpaqları işğal olunmayacaqdı.
Xalq Cəbhəsinin hakimiyyəti dövründə də orduya səriştəsiz, hərbi işdən qətiyyən başı cıxmayan insanlar rəhbərlik etdilər. Onlar əllərində olan silahla düşmənə qarşı vuruşmaq əvəzinə, hakimiyyətə gəlmək üçün bir-birinə qarşı hərbi dəstələr yaratdılar.
O zamanki ordumuz bir-birinə tabe olmayan başıpozuq dəstələrdən ibarət idi. Həmin dövr ordumuzda vahid komandanlıq yox idi və mən deyərdim ki, ordu daxili siyasi çəkişmələrdə bir alətə çevrilmişdi. Heç təsadüfi deyildi ki, AXC-Müsavat rəhbərliyinin üzdə olan şəxslərinin hər biri başqa vəzifələrə yox, məhz müdafiə naziri vəzifəsinə can atırdı.
Azərbaycan ordusu 1993-cü il 4 iyun Gəncə hadisələri ərəfəsində tam bir neçə cəbhəyə parçalanmışdı. Demək istəyirəm ki, xalqımızın qəhrəman, vuruşan xalq olmasına baxmayaraq, nə Əbürrəhman Vəzirov, nə Ayaz Mütəllibov, nə də Xalq Cəbhəsinin rəhbərliyi xalqı düşmənə qarşı səfərbər edə bilmədilər. Belə bir vaxtda, yəni, Azərbaycan torpaqları işğal olunmaqda, Azərbaycan dövləti vətəndaş müharibəsi, parçalanmaq ərəfəsində olduğu zamanda ümummilli liderimiz Heydər Əliyev xalqımızın bütün qeyrətli oğul və qızlarının təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Çünki, xalq Heydər Əliyevi Azərbaycanın ərazi bütövlüyünü təmin etməyə, torpaqlarımızı işğaldan azad etməyə, güclü milli ordu yaratmağa qadir olan yeganə şəxsiyyət və siyasi xadim kimi görürdü. Xalq yaxşı bilirdi ki, Heydər Əliyev o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işləyən zaman blokadaya düşmüş Naxçıvan Muxtar Respublikasının müdafiəsini necə bacarıqla təşkil etmiş, bir qarış belə Azərbaycan torpağının işğalına yol verməmişdi.
Heydər Əliyev 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Rəyasət Heyətinin sədri seçiləndən cəmi üç gün sonra, 1991-ci il sentyabrın 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul edildi. Bu, Bakıda Milli Ordu yaradılması haqqında qəbul edilən qərardan düz bir ay qabaq idi. 1991-ci il oktyabrın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Muxtar Respublikada yerləşən və Sovet Ordusuna məxsus olan hərbi hissələrin statusunu müəyyən etmək üçün nüfuzlu komissiya yaradıldı.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Rəyasət Heyətinin 1992-ci il 25 iyul tarixli qərarı ilə o vaxtkı Sovet Ordusunun 75-ci motoatıcı diviziyasının ləğvi ilə əlaqədar konkret tapşırıqlar verildi və 75-ci motoatıcı diviziyanın bütün əmlakı Milli Müdafiə Komitəsinə təhvil verildi.
Heydər Əliyevin müdrik siyasəti və təşkilatçılıq bacarığı sayəsində Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi ilə uzunmüddətli danışıqlardan sonra 75-ci motoatıcı diviziya ləğv olundu və 28 iyul 1992-ci ildən həmin diviziyanın əmlakı Azərbaycan Respublikasının səlahiyyətinə verildi. Həmin vaxt Naxçıvan Muxtar Respublikasında Xalq Cəbhəsinin könnüllü özünümüdafiə qüvvələrinə məxsus silah-sursatın da Naxçıvan əlahiddə komandanlığına verilməsinə nail olundu və Naxçıvan Muxtar Respublikasında vahid ordu, silahlı qüvvələr yarandı.
Keçmiş sovet ordusunun 75-ci motoatıcı diviziyasının zabit və əsgər heyətinin son dəstəsi 1992-ci il avqustun 18-də Naxçıvan Muxtar Respublikasını tərk etdi.
1992-ci il iyulun 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin təklifi ilə Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının Naxçıvan ərazisində birinci sərhəd qoşunları dəstəsi yaradıldı.
1992-ci il sentyabrın 30-da o vaxtkı SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin 41-ci sərhəd qoşunları dəstəsi tamamilə ləğv olundu və onun bütün hərbi və mülki əmlakı Naxçıvanda yerləşən Azərbaycanın Milli Sərhəd Qoşunlarının sərəncamına verildi.
Beləliklə, Naxçıvan torpağında əcnəbi ölkəyə məxsus hərbi hissələrin təxminən iki əsrlik mövcudluğuna son qoyuldu və vahid komandanlıq prinsipinə əsaslanan böyük bir ordu birləşməsi yaradıldı.
Azərbaycanın paytaxtı Bakı şəhərində və başqa ərazilərdə analoji proseslər xeyli gec baş tutdu.
Çünki,
həmin vaxtlar Bakıda tam əks proseslər gedirdi. Başda
Ayaz Mütəllibov olmaqla, o vaxtkı hakimiyyət müstəqilliyin
əleyhinə idi, Moskvanın diktəsi ilə milli ordu
yaradılmasına mane olurdu. Daha sonra hakimiyyətə gələn
Xalq Cəbhəsi liderləri isə ayrı-ayrılıqda
ordunu ələ keçirmək, özünə tabe etdirib
siyasi hakumuyyətə nəzarəti ələ almaq istəyirdilər.
Buna görə də Bakıda Milli Ordumuz Naxçıvan
Muxtar Respublikasındakı milli ordu hissələrindən
xeyli sonralar yarandı.
– Müharibə vəziyyətində
olan orduda nizam-intizam yüksək səviyyədə
olmalıdır. Sizcə, düşmən ordusu ilə
müqayisədə Azərbaycan ordusunda nizam-nintizamla
bağlı vəziyyət necədir?
– Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
altında aparılan islahatlar nəticəsində qüdrətli
və mobil bir ordu yaradılıb. Prezidentin fərmanı ilə
general-polkovnik Zakir Həsənovun müdafiə naziri təyin
olunmasından sonra aparılan kadr dəyişikliyi sayəsində
Milli Ordumuzda nizam-intizam daha da möhkəmlənib, bəzi
neqativ hallar isə aradan qaldırılmaqdadır. Hazırda
peşəkar və gənc hərbçi kadrların irəli
çəkilməsi,
çağırışçıların hərbi hissələrə
düzgün və ədalətli qaydada seçilib yerləşdirilməsi
həyata keçirilir.
Biz ona
çalışırıq ki, hərbi xidmətə
çağırış zamanı ayrı-seçkiliyə,
korrupsiya hallarına yol verilməsin, ədalət həmişə
qalib gəlsin, əsgərlər Vətənin hər bir
nöqtəsində şərəflə hərbi qulluğa və
hərbi xidmətə getsinlər. Qeyd edim ki, orduda baş verən
nöqsanlara qarşı müvafiq dövlət orqanları, o
cümlədən hərbi prokurorluq ciddi mübarizə
aparır.
Düşmən
ordusunda isə nizam-intizam get-gedə
zəifləyir. Bir çox erməni əsgərləri qorxu,
vahimə içərisindədirlər. Onlar işğal
olunmuş ərazilərdə qulluq etmək, hədər yerə
ölmək istəmirlər.
1991-ci ildə
Azərbaycanın işğal olunmuş Xocavənd (Martuni)
rayonunda anadan olmuş, Ermənistan silahlı qüvvələrinin
tərkibində müqavilə əsasında hərbi xidmət
edən, konüllü olaraq Azərbaycan tərəfinə
keçən Andranik Araratoviç Qriqoryanın dediyi sözlər
də bunu təsdiq edir. O, belə deyib: “Mən mənasız
yerə ölməkdən qorxuram. Cəbhə xəttini
keçəndə mən tək deyildim. Mənimlə siz tərəfə
keçməyə cəhd göstərən bir nəfər
də var idi. Mən onların çirkin oyunlarının
qurbanı olmaq istəmirəm”. Göründüyü kimi,
düşmən ordusundan bizim tərəfə keçmək
istəyən əsgər və zabitlərin sayı get-gedə
artır.
Bizim
ordumuzda xidmət edən əsgər və zabitlərdə
ruh yüksəkliyi, mənəvi-psixoloji durum Ermənistan
ordusundan müqayisə olunmayan dərəcədə yüksəkdir.
Əgər
erməni əsgəri ucuz, boş və mənasız yerə
müharibə edib, səbəbsiz şəkildə ölmək
istəmədiyini bəyan edirsə, Azərbaycan əsgəri
nəyin bahasına olursa-olsun işğal altında olan
torpaqlarımızı azad etməyə, lazım gələrsə,
canını belə qurban verməyə hazır olduğunu
bildirir.
– Son vaxtlar Ermənistan-Azərbaycan təmas
xəttində atəşkəsin pozulması hallarının
artması nə ilə əlaqədardır?
– Həqiqətən
Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində
atəşkəsin pozulması halları artıb. Bunun bir
çox səbəbləri var.
Birincisi,
onu deyim ki, Ermənistanın ölkəmizə qarşı təcavüzü,
Azərbaycana qarşı erməni basqınları və
torpaqlarımızın işğalı onların
arxasında duran iri dövlətlərin ölkəmizə
qarşı yürütdüyü təzyiq və təcavüzkar
siyasətin təzahürü kimi meydana gəlib. Əgər
1987-ci ildə M.S.Qorbaçov başda olmaqla o vaxtkı sovet rəhbərliyi
Ermənistanı dəstəkləməsəydi, nə
Dağlıq Qarabağ problemi baş qaldıracaqdı, nə
də torpaqlarımız işğal olunacaqdı.
Dünyada
mövcud olan ermənipərəst dairələr Azərbaycanın
müstəqil siyasət yeritməsindən,
günü-gündən öz iqtisadi və hərbi qüdrətini
artırmasından açıqdan-açığa
narahatlıq keçirir və bütün vasitələrlə
erməni kartını yenidən işə salır.
Bu gün
istər Yaxın Şərqdə, istər Ukraynada, istərsə
də bir sıra Qərbi Avropa ölkələrində gərginlik,
konfliktlər, çox mürəkkəb hərbi-siyasi vəziyyət
hökm sürür.
Hazırda
bir çox postsovet ölkələrində, o cümlədən
Ermənistanda ağır iqtisadi böhran yaşanır.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin Novruz
bayramı münasibətilə paytaxt sakinləri
qarşısında çıxışında qeyd etdiyi
kimi, Azərbaycan gücləndikcə bizə təzyiqlər
də artır, bizim müstəqil siyasətimiz heç də
hamıya xoş gəlmir və bizə qarşı təzyiq
mexanimləri işə salınır.
Ermənistanın
hazırkı rəhbərliyi ölkənin son dərəcə
ağır, çıxılmaz iqtisadi, siyasi və mənəvi
böhran vəziyyətini ört-basdır etmək, erməni
xalqını aldatmaq və çaş-baş salmaq
üçün cəbhədə müxtəlif təxribatlara
əl atır.
Hazırda
erməni xalqı anlayır ki, Ermənistan Respublikası tam
iflas olmaq və öz müstəqilliyini itirmək təhlükəsi
ilə üzləşib. İqtisadi böhran, qeyri-sabitlik,
aclıq və fəlakətlə üzləşən
xalqın tələbləri artdıqca Ermənistan rəhbərliyinin
müharibə çağırışları da artır və
qarşıdurmaya yeganə çıxış yolu kimi baxırlar.
Onlar günü-gündən güclənən və
döyüş qabiliyyəti artan Azərbaycan Ordusunun
qarşısında duruş gətirə bilməyəcəklərini
bilirlər, həm də dərk edirlər ki, sabah onlar
üçün daha ağır olacaq. Məhz buna görə
də atəşkəsi pozmağa can atırlar ki, bölgədə
vəziyyət qarışsın və onların
havadarları köməyə gəlsinlər.
Atəşkəsin
Ermənistan tərəfindən pozulmasının digər bir
səbəbi isə dünyada Azərbaycanın nüfuzunun
artması, onun həyata keçirmək istədiyi
irimiqyaslı tədbirlərin əhəmiyyətini azaltmaqdan
ibarətdir.
İyun ayının
12-28-i arası Azərbaycanda ilk Avropa Oyunları keçiriləcək.
Avropanın əksər Milli Olimpiya Komitələrini birləşdirən
Beynəlxalq Olimpiya Təşkilatının da dəstək
verdiyi Avropa oyunlarında 50 ölkədən 20 idman
növü üzrə 6 mindən çox
idmançının iştirak edəcəyi gözlənilir.
Təbii
ki, Azərbaycanın müsbət beynəlxalq imicinin
formalaşması, “Eurovision-2012” Beynəlxalq Mahnı
Müsabiqəsində olduğu kimi, Avropa Oyunları ərəfəsində
də bəzi xarici ölkələri, o cümlədən də
işğalşı Ermənistan Respublikasını qətiyyən
qane etmir.
Onlar
Avropa Oyunlarının siyasi əhəmiyyətini azaltmaq,
ölkəyə gələn yüksək səviyyəli
idmançıları, turistləri qorxutmaq üçün
ölkəmizdə və regionda hərbi-siyasi gərginliyi
artırmaqla və atəşkəs rejimini daha tez-tez pozmaqla
ölkəmiz əleyhinə qərəzli təbliğat
aparır, bəzi dövlətlərin və beynəlxalq təşkilatların
nümayəndələri də onların səsinə səs
verirlər.
Lakin bu cəhdlər
əbəsdir. Son günlər cəbhə xətində
baş verən döyüşlər zamanı atəşkəsi
pozan Ermənistan tərəfi qat-qat cox itki verib.
2015-ci
ilin ilk 3 ayında bəzi erməni saytları Ermənistan tərəfinin
itkilərinin 50 nəfərdən çox olduğunu
yazır.
Bundan əlavə, Ermənistan ordusunda vərəm və digər xəstəliklər geniş yayılıb, aclıq halları artır, orduda natəmizlik hökm sürür.
Azərbaycan ordusu cəbhə xəttində düşmənin bütün təxribatlarına layiqli cavab verir və vəziyyətə tam nəzarət edir.
Düşmən tərəfi isə son vaxtlar keçirdiyi uğursuz kəşfiyyat-təxribat əməliyyatlarından və itkilərdən məyus olub.
Sonda onu da qeyd etmək istərdim ki, biz Dağlıq Qarabağ probleminin sülh yolu ilə, beynəlxalq hüquq normaları və Birləşmiş Millətlət Təşkilatının qətnamələrinə əsasən həll ediləcəyinə ümidlərimizi itirmirik. Lakin hamı bilməlidir ki, Azərbaycan ordusu düşmən ordusundan qat-qat güclüdür və istənilən an qısa müddət ərzində işğal olunmuş torpaqlarımızı geri qaytarmaq üçün Ali Baş Komandanımızın əmrini gözləyir.
– Maraqlı
müsahibə üçün təşəkkür edirik.
Müsahibəni
qələmə aldı:
Cavanşir
QƏDİMOV
Xalq qəzeti.- 2015.- 28 aprel.- S.7.