Sevimli bəstəkarımızın

yaradıcılığı barədə yeni kitab

 

Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru, Prezident təqaüdçüsü Tofiq Bakıxanovun anadan olmasının 85 illiyi ərəfəsində bəstəkarın yaradıcılığının mühüm tərkib hissələrindən olan  simfonik muğamlara həsr olunmuş yeni kitab çapdan çıxmışdır.   Əməkdar incəsənət  xadimi, professor  Zemfira Qafarovanın tərtibçiliyi, Əməkdar incəsənət xadimi,  fəlsəfə elmləri doktoru, professor  Gülnaz Abdullazadənin  redaktorluğu  Xalq artisti,   mərhum  professor  Nəriman Məmmədovun  elmi rəyi ilə “Mütərcim” nəşriyyatında işıq üzü görən “Tofiq Bakıxanovun simfonik muğam dünyası” adlı kitab musiqisevərlər üçün dəyərli töhfədir.  Bəstəkarın “Nəva”, “Humayun”, “Rahab”, “Şahnaz” və “Dügah” simfonik muğamlarının  toplandığı kitabın  ön sözünün müəllifi Əməkdar jurnalist İttifaq Mirzəbəylidir.

 

“Mehriban xanım Əliyeva Azərbaycan muğamının yorulmaz himayədarı və qayğıkeşidir” adlı  Ön sözdə oxuyuruq: “Hamının yadındadır. Hələ 2008-ci ildə Heydər Əliyev Fondu tərəfindən hazırlanan “Muğam ensiklopediyası” qədim musiqi irsimizin qorunması və inkişafı yolunda sanballı nəşr kimi dəyərləndirilir. Fondun dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzinin inşası, müxtəlif illərdə respublika muğam müsabiqələrinin və dünyanın onlarca ölkəsinin təmsilçilərinin iştirak etdiyi Beynəlxalq Muğam festivallarının keçirilməsi qədim ifaçılıq ənənələrini inkişaf etdirərək  gənc  istedadlı xanəndələri üzə çıxarmaq və muğam sənətini dünyada təbliğ etmək məqsədi daşıyır".

Xatırladaq ki, Tofiq Bakıxanov müasir Azərbaycan bəstəkarlıq məktəbinin ən görkəmli nümayəndələrindən biridir. Ustad tarzənimiz Əhməd Bakıxanovun ailəsində dünyaya göz açan Tofiq milli musiqi alətlərimizin  şahı tarın sehrli sədaları altında böyümüş, onun musiqi zövqü, musiqi duyumu tarın təkrarolunmaz təranələri ilə pərvəriş tapıb formalaşmışdır.

Tofiq Bakıxanov bu gün bizim ən məhsuldar simfonik muğam yaradıcılarımızdandır. Qeyd etmək lazımdır ki, əsası 1948-ci ildə böyük bəstəkarımız Fikrət Əmirov tərəfindən qoyulan simfonik muğam tezliklə inkişaf edərək Azərbaycan musiqisinin xüsusi bir janrına çevrilmişdir.

Belə ki, Fikrət Əmirovun  “Şur”, “Kürd Ovşarı” və “Gülüstan Bayatı-Şiraz” simfonik muğamları ilə yanaşı, qısa bir zaman kəsiyində Niyazinin “Rast”, Süleyman Ələskərovun “Bayatı-Şiraz”, Tofiq Bakıxanovun “Humayun”, “Nəva”, “Rahab”, “Şahnaz”, “Dügah”, Vasif Adıgözəlovun “Segah” simfonik muğamları ərsəyə gəlmişdir. Tofiq Bakıxanov həm də “Salami” ritmik muğamını “Salami-muğam poeması” adı ilə simfonik orkestrlə tar üçün işləmişdir.

Böyük bəstəkarımız, akademik Arif Məlikovun haqlı olaraq qeyd etdiyi kimi, “müəllif  (Tofiq Bakıxanov-V.M.) muğamların bütün quruluşlad düzümü xüsusiyyətlərini saxlayaraq rapsodik tərzdə kompozisiya yaratmışdır. Nəticədə bəstəkar müasir simfonik orkestrın imkanlarından və müxtəlif növlü polifonikharmonik üsullardan istifadə edərək yeni çoxşaxəli ifa üsulu yaratmağa nail olmuşdur. Tofiq Bakıxanovun simfonik muğamlarını Azərbaycan simfonik musiqisində əlamətdar bir hadisə kimi qiymətləndirmək lazımdır” (Bax: Tofiq Bakıxanovun simfonik muğam dünyası, Bakı, 2014, s.74).

Tofiq Bakıxanovun yaradıcılığı təkcə simfonik muğam janrı ilə məhdudlaşmır. Onun “Xəzər balladası”, “Şərq poeması”, “Xeyir və şər” baletləri, 8 simfoniyası, 6 simfonik poeması, simfonik üverturasimfonik suitaları, müxtəlif  alətlər üçün bəstələdiyi 26 konserti, kamera ansamblı üçün 26 sonata, trio, kvartetkvinteti, xor üçün əsərləri, 3 musiqili komediyası (N.Məmmədovla birlikdə), yüzdən çox mahnı və poemaları istər Azərbaycanda, istərsə də dünyanın bir sıra başqa ölkələrində yüksək qiymətləndirilərək həvəslə ifa olunur.

Tofiq Bakıxanov indi şərəfli və mənalı ömrünün 9-cu onilliyini yaşayır. O bu gün də gənclik həvəsi ilə yaşayıb yaradır. Mən fürsətdən istifadə edərək sevimli bəstəkarımız Tofiq Bakıxanovu anadan olmasının 85 illiyi münasibətilə ürəkdən təbrik edir, Bakıxanovlar nəslinin bu layiqli davamçısına uzun ömür, möhkəm  cansağlığı və yeni-yeni yaradıcılıq nailiyyətləri arzulayıram.

 

Vasim MƏMMƏDƏLİYEV,

akademik

 

Xalq qəzeti.- 2015.- 29 aprel.- S.10.