Ana dilimizin saflığını qorumaq hər bir azərbaycanlının müqəddəs vəzifəsidir

 

İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik xalq əyilməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalıdır, daim qayğı ilə əhatə etməlidir.  Bu, onun müqəddəs  vətəndaşlıq borcudur.

 

Heydər ƏLİYEV Ümummilli lider

 

Hər dəfə ana  dilimiz olan Azərbaycan dilindən söz düşəndə ulu öndərimiz  Heydər Əliyevin həmişəyaşar siması gözlərim  önündə canlanır.  Yadıma 46 il  bundan  əvvəl, 1969-cu il sentyabr ayının 18-də Azərbaycan  Dövlət Dram Teatrının binasında keçirilən “Kommunist” qəzetinin (indiki “Xalq qəzeti”) 50 illik  yubiley  gecəsi düşür. Foyedə yubiley şərəfinə düzənlənmiş sərgiyə hamı böyük maraqla baxırdı. Respublikamızın tanınmış  ziyalıları, görkəmli elm  xadimləri, istedadlı  incəsənət ustaları, qabaqcıl əmək adamları ana dilində çıxan doğma qəzetlərinin yubileyinə sonsuz həvəslə gəlmişdilər.

Yığıncağı rus  dilində açan Mərkəzi Komitənin katibi Cəfər Cəfərov partiya və hökumət adından yubilyara ünvanlanmış təbriki oxuduqdan sonra sözü “Kommunist”  qəzetinin  redaktoru Ağababa Rzayevə verdi. O da ənənəni  pozmayaraq rus dilində qəzetin 50 ildə gördüyü işlərdən, keçdiyi mürəkkəb, həm də şanlı yoldan danışdı.

Çıxış üçün  söz iki ay əvvəl respublikaya rəhbər  təyin olunmuş Azərbaycan KP MK-nın birinci  katibi Heydər Əliyevə veriləndə  zalda  hədsiz  canlanma yarandı. O vaxta qədər çoxları  Heydər  Əliyevi yaxından görmədikləri üçün nəzərlərini tribunaya dikdilər. Ulu öndər  mətin addımlarla tribunaya qalxıb iti baxışlarla  ətrafa  nəzər saldı. Təmiz Azərbaycan dilində  Əziz yoldaşlar!” – deyərək çıxışına başlayanda zalı gurultulu  alqış sədaları bürüdü. Aramsız  alqış sədalarından  səksənən Mərkəzi Komitənin ikinci katibi S.V.Kozlov Rəyasət Heyətini tərk etdi. Onun bu hərəkəti ümummilli liderimizin nəzərindən qaçmadı və tez bir zamanda onun yerinə Moskvadan  Puqaçovu göndərdilər.

On beş dəqiqəlik çıxışında Heydər Əliyev mətbuata yüksək qiymət verdi, ölkə həyatının hərtərəfli işıqlandırılmasında yubilyar qəzetin ənənələrindən söz açdı, yeni şəraitdə qarşıda  duran təxirəsalınmaz vəzifələrdən  danışdı.  Sonda dedi ki, “Kommunist” qəzeti mənim qəzetimdir və biz birlikdə respublikamızı yenidən quraraq Azərbaycan xalqını parlaq gələcəyə aparacağıq.

Yeri gəlmişkən qeyd  edim ki, yarım əsrdən çox çalışdığım 96 yaşlı “Xalq qəzeti” nəşrə  başladığı ilk gündən xalqın savadsızlığının aradan qaldırılması, maariflənməsi, ana dilimizin qorunub inkişaf etdirilməsi istiqamətində əvəzsiz xidmətlər göstərib. Dilimizin saflığı, yad ifadələrdən  qorunması istiqamətində onun dəfələrlə açdığı ictimai müzakirələr Azərbaycan dilinin inkişaf edib zənginləşməsində müstəsna  rol oynamışdır. Sevindirici  haldır ki,  müstəqillik  illərində    qəzetimiz öz ənənəsinə sadiq qalaraq dilçilik məsələlərinə öz səhifələrində geniş yer verir.

Aydın məsələdir ki, hər bir dili yaşadan, inkişaf etdirən onun mənsub olduğu xalqdır. Ümummilli lider Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti sayəsində Azərbaycan dilinin ümumişlək dilə, dövlət dilinə çevrilməsinə, beynəlxalq münasibətlər sisteminə – diplomatiya aləminə yol açmasına, zənginləşərək böyük nüfuz qazanmasına gətirib çıxarmışdır.

1969-cu ilin 14 iyulunda ulu öndər Azərbaycana rəhbər təyin ediləndən sonra dil siyasəti məsələsini də daim diqqətdə saxlamış, ana dilimizin inkişafı naminə misilsiz xidmətlər göstərmişdir. Heydər Əliyev hələ keçmiş SSRİ dövründə rus dilinin əsas aparıcı dil kimi ölkənin bütün bölgələrində kütləvi şəkildə işlədildiyi bir vaxtda konfrans və yığıncaqlarda, yubileylərdə Azərbaycan dilində çıxışlar etmişdir. Bu siyasət məhz ötən əsrin 70-ci illərində daha güclü şəkildə özünü biruzə vermişdir. Heydər Əliyev Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində nitq söyləmişdir. Az sonra bu dil dövlət əhəmiyyətli tədbirlərə yol açmışdır. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında ana dilimizin dövlət dili kimi təsbit edilməsi həmin dövr üçün böyük hadisə idi. Azərbaycan dilçiliyində ilk dəfə olaraq dördcildlik “Müasir Azərbaycan dili” adlı fundamental dərslik çap olunmuş və 1974-cü ildə həmin dərslik dövlət mükafatına layiq görülmüşdür.

Müstəqillik ərəfəsində və müstəqilliyin ilk illərində ana dilimizin adının dəyişdirilməsi, onunla bağlı ənənələrin nəzərə alınmaması indinin özündə də təəssüf hissi doğurur. 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli liderin yenidən hakimiyyətə qayıtması dil siyasəti sahəsində də bir çox əhəmiyyətli hadisələrlə yadda qalmışdır. Hər şeydən əvvəl, milli-mənəvi sərvətimiz olan ana dilimizin adı bərpa olundu. Heydər Əliyev hakimiyyətə qayıdandan az sonra respublikanın tanınmış dilçi alimlərini, görkəmli ziyalılarını bir yerə yığaraq geniş müzakirələr apardı, dilimizin adının dəyişdirilməsinin düşünülməmiş, səhv qərar olduğunu sübuta yetirdi. 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil dövlətimizin ilk Konstitusiyasında Azərbaycan dilinin adı bərpa olundu və dövlət dili kimi öz təsdiqini tapdı. Bundan sonra hökumət səviyyəsində ana dilinin inkişafı və qorunması istiqamətində bir sıra vacib sənədlər qəbul edildi. 2001-ci il iyulun 18-də ölkə rəhbəri tərəfindən “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalandı. Bu sənəd ana dilimizin inkişafı üçün böyük imkanlar yaratdı.

2002-ci ilin sentyabrında qəbul olunmuş “Dövlət dili haqqında” Qanun, 2003-cü ilin yanvarında imzalanmış “Azərbaycan Respublikasında dövlət dili haqqında” fərman və həmin il qəbul edilmiş “Azərbaycan dilinin işlənməsi və qorunması haqqında” Qanun, digər hüquqi sənədlər ana dilinin zənginləşdirilməsinə, təkmilləşdirilməsinə və qorunmasına xidmət etmişdir. Bu tarixi sənədlərdə dilimizin geniş şəkildə tətbiqi məsələsi irəli sürülmüş, ona qarşı çıxanların məsuliyyətə cəlb olunması və cəzalandırılması öz əksini tapmışdır. İndi dilimizin vəziyyəti ilə bağlı təlaş keçirməyə heç bir əsas yoxdur. Bütün xalq bu dildə danışır, kitablarımız bu dildə nəşr olunur, konfranslar, müşavirələr, dövlət tədbirləri bu dildə aparılır, ali məktəblərimizdə bu dildə mühazirələr oxunur.

Lakin buna baxmayaraq hər dövrün öz problemləri də var. Ədəbi dilin dövlət idarələrində tətbiqi məsələsi, mətbuat, radio və televiziya dili, reklamlar, xarici dildə olan məktəblər, ziyalıların ana dilinə münasibəti və s. məsələlər barədə düşünmək lazımdır. Bu baxımdan bəzi kütləvi informasiya vasitələri, reklam agentlikləri, radio, televiziya verilişlərinin aparıcıları, xüsusilə də bəzi kanalların şərhçiləri ana dilimizin işlənməsi ilə bağlı qanunlara dəqiq, dürüst əməl etmir, dilimizin saflığına xələl gətirən ifadələr işlədirlər.

Hazırda ölkəmizdə yüzlərlə qəzet-jurnal çıxır, bir çox özəl televiziya kanalları fəaliyyət göstərir. Bu, çox yaxşı haldır. Ancaq təəssüflə qeyd edək ki, onların əksəriyyətində çalışanların heç də hamısı  peşəkar deyil. Buna görə də hər gün oxuduğumuz müxtəlif qəzet və jurnalların, baxdığımız, dinlədiyimiz teleradio verilişlərinin materiallarının zəifliyi, kasadlığı, sözlərin yazılış, deyiliş tərzinin qüsurlu olması təəssüf hissi doğurur.

Gəlin, bir anlığa indiki dövri mətbuatı, televiziya və radio verilişlərini göz  önünə gətirək. Onların bəzilərində dilimizə, mədəniyyətimizə, mənəviyyatımıza, adət-ənənlərimizə, inam və inanclarımıza biganəlik açıq-aydın özünü biruzə verir. Mətbuat bolluğu şəraitində əksər, xüsusilə də müstəqil qəzet və ya jurnalların elə bir nömrəsi olmur ki, qüsursuz çıxsın. Dövlət dilinin işlənməsinə cavabdehlikdə məsuliyyətsizlik baş alıb gedir. Dərc edilən materiallarda istənilən qədər  orfoqrafik və üslubi səhv tapmaq mümkündür. Yeknəsəklik, məzmun dolaşıqlığı, lüğət tərkibindən qeyri-peşəkarcasına istifadə edilməsi, söz yığnağı oxucunu, dinləyicini təngə gətirir. Televiziya və radio verilişlərinin bəzi aparıcılarının nitqində dilimizin orfoepik (düzgün tələffüz) qaydaları, müntəzəm surətdə pozulur.

Mətndəki sözlərin, ifadələrin, bütövlükdə oxu qaydalarının, nitqin tembrinin, heca vurğusunun, dinamik, emosional, sabit, sərbəst ifadə tərzinin, həyəcanlı vurgulanmanın və sairənin səsləndirilməsində tez-tez müxtəlif qüsurlara yol verilir. Bu da təbii ki, materialın ümumi məzmununun anlaşılmasına çətinlik törədir. Bəzən isə aparıcıların bir-biri ilə və ya dəvət etdikləri qonaqla primitiv söhbətləri, yersiz, süni gülüşləri və şit zarafatları verilişin təsir gücünü azaldır.

Televiziya kanallarında aparıcılıq edən müğənnilərimizin etik normalara sığmayan hərəkətləri isə daha usandırıcıdır. Hətta onlar ifa etdikləri mahnıların musiqi ahəngini, tembrini pozur, mətnləri əzbər bilmədiklərinə görə, təhriflərə yol verirlər.

Sovet dönəmində idarə, müəssisə, təşkilat, nazirlik  birliklərin binalarına vurulan lövhələrdə onların adları  əvvəlcə rus dilində, sonra isə yerli dildə yazılardı. Yaxın qonşularımız olan gürcülər və ermənilər  isə buna  məhəl qoymayaraq birinciliyi öz dillərinə verirdilər. O vaxtlar Azərbaycanda, biz bunun əksini görürdük. Laqeydlik, biganəlik o həddə çatmışdı ki, Dağlıq Qarabağda yaşayış məskənlərinin,  idarə və təşkilatların adları erməniləşdiriləndə sükutla qarşılanırdı, cürət edib etiraz səsini ucaldanların ağzından vururdular. İndi biz bunun acı nəticələrini görürük.

Müstəqillik qazansaq da, keçmişin səhvlərindən yenə də lazımi nəticə  çıxarmırıq. Elə götürək paytaxtımız Bakını. Gündən-günə gözəlləşən şəhərimizdə ana dilinin hakim rol oynadığını söyləmək çətindir. Bu sahədə çox ciddi nöqsanlara yol verilir. Reklam lövhələrinin əksəriyyəti  xarici dillərdə yazılır. Restoran, kafe və barların adları sanki əcnəbilərin xoşuna gəlmək üçün seçilir. Belə  özbaşınalığa son qoyulmalı, şəhərin reklam təsərrüfatında ana dilimizin normalarına hörmətlə yanaşılmalı, qayda-qanunlara ciddi nəzarət olunmalıdır.

Unutmamalıyıq ki, ana dilimiz - ədəbi dilimiz xalqımızın tarixən təşəkkül tapmış milli sərvətidir. Bu sərvətə isə heç kəs biganə   yanaşmamalıdır. Milli sərvətimizi qorumaq, onun keşiyində ayıq-sayıq durmaq hər birimizin müqəddəs borcu və gündəlik vəzifəsidir. Gəlin, elə edək ki, ölkəmizə təşrif gətirən xarici vətəndaşlar Azərbaycanı, Azərbaycan dilinin təravətini, zənginliyini hər addımda hiss etsinlər.

 

Telman ƏLİYEV,

 

Xalq qəzeti.- 2015.- 2 avqust.- S. 2.