Mərhəmət və humanistlik nümunəsi

 

 

Mən öhdəmə götürdüyüm bütün hər bir işə çox məsuliyyətlə yanaşıram. Hər zaman öz fəaliyyətimlə bir neçə məqsədə çatmağı düşünmüşəm. Bunlar vətənpərvərlik və mərhəmətlilikdir.

 

Mehriban ƏLİYEVA,

Heydər Əliyev Fondunun prezidenti

 

Azərbaycanda həyata keçirilən strategiyanın əsas prioritetlərindən biri də uşaqların sağlam, firavan böyüməsi, gələcəklərinin tam təmin olunmasına xüsusi diqqət və qayğı göstərilməsidir. Son illər həyata keçirilən tədbirlər içərisində böyüməkdə olan nəslə – körpə və kimsəsiz uşaqlara göstərilən  yüksək səviyyəli qayğı böyük rəğbətlə qarşılanır. Azərbaycan Prezidenti  İlham Əliyevin sərəncamı ilə 2009-cu ilin  respublikamızda  “Uşaq ili” elan edilməsi bu baxımdan böyük təqdirəlayiq bir addım idi. Həmin sərəncama əsasən, ölkəmizdə dövlət səviyyəsində proqramlar, layihələr hazırlanaraq həyata keçirilmişdir.

Bu zəruri tədbirlər ölkəmizdə ana və uşaqların sağlamlığının qorunmasına, uşaq müəssisələrinin fəaliyyətinin, eləcə də səhiyyə sisteminin maddi-texniki bazasının yaxşılaşdırılmasına, bilikli, savadlı, geniş dünyagörüşə malik peşəkar kadrların hazırlanmasına yönəldilib. Dövlət səviyyəsində həyata keçirilən belə tədbirlərin nəticəsidir ki, son dövrdə  uşaq müəssisələri əsaslı şəkildə yenidən qurulmuş, regionlarda müasir tələblərə cavab verən uşaq bağçaları, məktəblər, səhiyyə müəssisələri  tikilmiş, ana və yeni doğulmuş uşaqlar arasında ölüm halları xeyli azalmışdır.

Uşaqlara, xüsusilə, xəstə və kimsəsizlərə diqqət və qayğıdan söhbət açanda Heydər Əliyev Fondunun və fondun prezidenti Mehriban xanım Əliyevanın bu sahədəki yorulmaz  fəaliyyəti xüsusi vurğulanmalıdır. Xəstə uşaqlarla bağlı Heydər Əliyev Fondu tərəfindən təkcə Azərbaycanda deyil,  dünyanın müxtəlif ölkələrində həyata keçirilən tədbirlər əsl mərhəmət və humanistlik nümunəsidir. Təhsil və uşaq müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi, uşaq evlərində böyüyən uşaqların gələcəyi, sağlamlıq imkanları məhdud və köməksiz uşaqların sağlamlıqlarının qorunması ilə bağlı fond tərəfindən həyata keçirilən tədbirlərin müstəsna əhəmiyyəti vardır. Bu, ilk növbədə, Azərbaycanın sürətli iqtisadi inkişafı, sosial problemlərin həlli və ölkəmizin dünya birliyindəki mövqelərinin möhkəmləndirilməsi üçün etibarlı zəmin yaradır.

1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” kimi tarixə düşüb. Azərbaycanda isə uşaq problemləri hər zaman dövlətin diqqət mərkəzindədir. Ulu öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Bu qayğının möhtərəm Prezidentimiz İlham Əliyev və Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilməsi bir daha sübut edir ki, həmin istiqamət artıq dövlətin qarşıya qoyduğu zəruri vəzifələrdən birinə çevrilib. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu istiqamətdə həyata keçirdiyi nəcib missiya onu bütün Azərbaycan uşaqlarının ən yaxın dostuna və böyük himayədarına çevirib. Mehriban xanım Əliyevanın  mərhəmət və humanistlik nümunəsi, milli-mənəvi dəyərlərimizin qorunmasındakı misilsiz fəaliyyəti ümummilli lider Heydər Əliyev siyasi məktəbindən, ulu öndərin ideyalarından bəhrələnir. Azərbaycanın birinci xanımının gündəlik fəaliyyətini bu prinsiplər təşkil edir: Vətənə bağlılıq, millətinə, xalqına sonsuz məhəbbət, xəstə və kimsəsiz uşaqlara qayğı, zəngin mədəniyyətimizə dərin hörmət, bir sözlə, insanlıq və bəşəri duyğular naminə fədakarlıq.

 Heydər Əliyev Fondunun prezidenti “Uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə azdır” – devizini rəhbər tutaraq, çox sadə bir mərama söykənib: Azərbaycan uşaqlarını bəxtəvər görmək. Təsadüfi deyil ki, fond yarandıqdan sonra ilk ən böyük tədbir uşaqlarla bağlı oldu. 2004-cü ilin sentyabrında  30-a yaxın uşaq evi və internat məktəbində tərbiyə alan kimsəsiz və istedadlı uşaqlar fond tərəfindən  sevindirildi – Səttar Bəhlulzadə adına sərgi salonunda onların “Mən Azərbaycanı sevirəm” adlı sərgisi təşkil edildi. Elə həmin tədbirlə də uşaq evi və internat məktəblərinə qayğının təməli qoyuldu. “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” çərçivəsində aparılan əsaslı təmir və yenidənqurma işləri cəmiyyətdə böyük rezonans doğurdu. Uşaq müəssisələri əsaslı təmir edildi, əlavə yardımçı binalar inşa olundu, paytaxtın bütün rayonlarındakı uşaq evləri və internatların hər birində yaşayış üçün rahat  şərait yarandı. “Ən gözəl təmir olunan uşaq evi, ən müasir internat məktəbi heç vaxt ailəni, ailə mühitini əvəz edə bilməz” – deyən Mehriban Əliyevanın təşəbbüsü ilə uşaq evləri və internat məktəblərində yaşayan uşaqların dövlət müəssisələrindən kənar edilməsi və onlara alternativ qayğı proqramı hazırlandı, 2005-ci il iyunun 1-də fondda həmin layihənin - “Azərbaycanda dövlət uşaq müəssisələrindən uşaqların kənar edilməsi və alternativ qayğı” layihəsinin müzakirəsi keçirildi.

Fondun həyata keçirdiyi “Yeniləşən Azərbaycana – yeni məktəb”, “Təhsilə dəstək”, “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Kor və zəif görən insanların İKT-yə çıxışının təmin edilməsi”, Bakıda Talassemiya Diaqnostika Mərkəzinin, tələbatı ödəyəcək qədər ehtiyata malik Qan Bankının yaradılması xeyirxahlıq, vətənpərvərlik hisslərini birləşdirən humanist duyğulardır. Onun təşəbbüsü ilə diabetli uşaqlara pulsuz tibbi yardım göstərilməsi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq genişləndirilmiş, nəzərdə tutulan layihələrin reallaşdırılması, xeyriyyəçilik tədbirləri, cərrahiyyə əməliyyatları, peyvəndləşdirmə aksiyaları əsl şəfqət və mərhəmət, xeyirxahlıq nümunəsinə çevrilib. “Hər bir uşağın ailəyə ehtiyacı var” – kampaniyasını irəli sürməklə uşaqların ailələrə verilməsi kimi önəmli layihənin həlli istiqamətində milli-mənəvi dəyərlərimizi əks etdirən tədbirlərin keçirilməsinə nail olan Mehriban xanımın təşkilatçılığı ilə reallaşdırılan təşəbbüslərin əsasında bir vəzifə dayanır: Vətən üçün sağlam düşüncəli, layiqli, bacarıqlı övladlar yetişdirmək!

Heydər Əliyev Fondunun qayğısı ilə əhatə olunan Azəbaycan uşaqları istedadları ilə artıq Avropaya, dünyaya səs salıb. “Azərbaycanın xoşməramlı mələkləri” Avropanın mədəniyyət mərkəzinin paytaxtında hamını heyran qoyur.

Ölkəmizin gələcəyini sağlam ruhlu, təhsilli, savadlı uşaqlarda görən Mehriban xanım  Əliyeva uşaqlarla görüşündə demişdir: “Bizim ən böyük arzumuz, əlbəttə, uşaqlarımızı, gənclərimizi savadlı, təhsilli və sağlam görməkdir. Əlbəttə, bunun üçün bizim uşaqlar bu gün gərək çox yaxşı oxusunlar. Çünki hər bir gəncin, hər bir uşağın gələcəyi onun təhsilindən, savadından, biliyindən asılıdır. Ölkəmizin gələcəyini, sabahını siz—bugünkü gənclər, bugünkü uşaqlar təmin edəcəksiniz. Ona görə bu gün sizin ən vacib borcunuz yaxşı təhsil almaqdır. Müasir dünyanın çağırışlarına cavab vermək üçün siz gərək hərtərəfli savada və biliyə malik olasınız. Siz gərək öz Vətəninizi sevəsiniz, vətənpərvərlik ruhunda tərbiyə olunasınız, eyni zamanda, bütün dünyaya açıq olasınız”.

Uşaqların sağlamlığını öz fəaliyyətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirən Heydər Əliyev Fondu və onun prezidenti Mehriban Əliyevanın talassemiyalı uşaqlara diqqəti də özünü çox gözlətmədi. Fond 2005-ci ildən ölkədə bu xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə “Talassemiyasız həyat naminə” layihəsi həyata keçirməyə başladı. Bu layihə həmin xəstəlikdən əziyyət çəkənlər və onların doğmaları üçün böyük mənəvi dəstək oldu. Proqram çərçivəsində Bakıda tikilən Talassemiya Mərkəzi isə hemofiliyalı insanların böyük ümid yerinə çevrildi. Mərkəzin açılışında Azərbaycan Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın iştirakı bu sahəyə verilən önəmin daha bir göstəricisi idi. 12 otaqdan ibarət klinika, xəstələrə qanköçürmə əməliyyatı aparılan zal, laboratoriya və digər zəruri şöbələrə malik mərkəz beynəlxalq standartlara tam cavab verir. Burada quraşdırılan ən müasir tibbi avdanlıq müalicənin yüksək səviyyədə aparılmasına şərait yaradır... Hazırda  talassemiyalı xəstələr var ki, 60 faizi bu səhiyyə ocağında daimi müalicə olunur. Talassemiya Mərkəzi gün ərzində 30-40 xəstə qəbul edir.

Heydər Əliyev Fondunun uşaqlarımızın sağlamlığı üçün atdığı mühüm addımlardan biri   Diabetli uşaqlara ən yüksək qayğı” layihəsidir. Bu layihə, ilk növbədə, xalqımızın genefondunun qorunması kimi mühüm və son dərəcə ali məqsədə xidmət edir. 2004-cü ildən davamlı olaraq həyata keçirilən “Diabetli uşaqlara ən yüksək qayğı” proqramı çərçivəsində bu xəstəliyə tutulan 14 yaşınadək uşaqların insulinlə təminatında mövcud problemlər aradan qaldırılıb. Danimarkanın - dünyada yüksək keyfiyyətli insulin istehsalçısı kimi tanınan “Novo-Nordisk” şirkəti 2004-cü ildən Heydər Əliyev Fondunun “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsində tərəfdaş kimi çıxış edir. Bu fəal tərəfdaşlıq ölkəmizdə qeydiyyatda olan xəstə uşaq və yeniyetmələrin insulin probleminin həllnə kömək edir.

Heydər Əliyev Fondu BMT-nin təşəbbüsü ilə 2007-ci ildən başlayaraq Dünya diabet kampaniyasına qoşulub. Ümumdünya Diabet Günündə Heydər Əliyev Fondunun binası BMT-nin rəmzi olan mavi rənglə işıqlandırılır. Mavi rəng bütün millətləri birləşdirən səmanı əks etdirir. Məqsəd dünya ictimaiyyətinin diqqətini sağlamlığa ciddi təhlükə mənbəyi olan diabetə yönəltmək və onun qarşısını almaq səylərini artırmaqdır. 2010-cu ilin sentyabrından Heydər Əliyev Fondunun dəstəyi ilə diabetli uşaqlarla bağlı növbəti layihə həyata keçirilmişdir. Fondun “ Sanofi-Avensis”  şirkəti ilə birgə həyata keçirdiyi bu layihədən məqsəd aztəminatlı ailələrdən olan 1-ci tip şəkərli diabeti olan 18 yaşa qədər pasiyentlərin Apidra insulin pereparatı ilə təmin edilməsidir. Beləliklə, Heydər Əliyev Fondu ölkəmizdə şəkərli diabetdən əziyyət çəkənlərə dövlət qayğısına əsaslı dəstək verməklə, həm də saglamlığımızın və genofondumuzun qorunmasında yaxından iştirak edir.

Yeri gəlimişkən, Heydər Əliyev Fondunun bu istiqamətdəki fəaliyyəti artıq beynəlxalq aləmdə də özünü büruzə verir. Fond təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə   uşaq xəstəliklərinin qarşının alınmasına çalışır. Fondun vitse-prezidenti Leyla Əliyevanın 2011-ci ilin noyabrında Amerika Birləşmiş Ştatlarının Uşaqların Xərçəng və Qan Fondunun (UXQF) dəvəti ilə Nyu-Yorka səfəri, səfər çərçivəsində pediatrik xərçəng və qan xəstəliklərinin müalicəsində aparıcı tibb ocaqlarından biri olan Nyu-York Presbiterian Xəstəxanasında Uil Kornell Tibb Mərkəzi ilə tanışlığı, burada müalicə alan azyaşlı xəstələrə baş çəkməsi, talassemiyalı xəstələrin müalicəsi ilə maraqlanması, UXQF-un illik xeyriyyə toplantısında iştirakı da bunu sübut etdi. Təsadüfi deyil ki, elə həmin səfəri zamanı Leyla Əliyevaya bütün dünyada ehtiyacı olan uşaqlara yardım etmək uğrunda yorulmaz fəaliyyətinə, uşaqlarla bağlı humanitar layihələrdə fəal iştirakına görə Amerika Birləşmiş Ştatlarının Uşaqların Xərçəng və Qan Fondunun yüksək mükafatı – "Key to Life"–"Həyata açar" fəxri mükafatı təqdim edildi... Bir faktı da qeyd edək ki, Leyla xanım Əliyeva bu yaxınlarda kimsəsiz bir qız uşağını övladlığa götürüb. Bu, Heydər Əliyev Fondunun kimsəsiz uşaqlara göstərdiyi qayğının bariz nümunəsidir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyevanın hər il Yeni il şənliyini “Buta” sarayında uşaq evləri və internat məktəblərinin yetirmələri, sağlamlıq imkanları məhdud, şəhid, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar, eləcə də təhsildə fərqlənən məktəblilərlə birgə keçirmələri artıq ənənə halını alıb. Üç gün davam edən bayram şənliyində 2 mindən çox uşaq və məktəbli iştirak edir.

Heydər Əliyev Fondunun prezidenti xarici ölkələrə səfərləri zamanı uşaqların uzunmüddətli müalicə  müəssisələrinə baş çəkir, onların valideynləri ilə görüşür və öz köməyini əsirgəmir. Belə görüşlərdən biri Prezident İlham Əliyevin Yunanıstana dövlət səfəri çərçivəsində baş tutmuşdur. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Afinada “ELPİDA” xərçəng xəstəliyinə tutulan uşaqların Dostluq Assosiasiyası ilə tanış olmuşdur. M. Əliyeva əvvəlcə burada müalicə olunan uşaqlar və onların valideynləri ilə görüşmüşdür. Onun bu müəssisəyə və burada müalicə olunan uşaqlara diqqət və qayğısı yüksək qiymətləndirilmiş və Mehriban xanım Əliyeva “ELPİDA” mükafatı ilə təltif olunmuşdur.

Heydər Əliyev Fondu və onun prezidenti insanların zehninə, düşüncəsinə xeyirxahlıq toxumu səpərək fədakarlığı ilə tək Azərbaycana deyil, bütün dünyaya son dərəcə gözəl bir nümunə – mərhəmət və humanistlik nümunəsi sərgiləyir. Fəaliyyəti ilə sübut edir ki, bu gün qəlbimiz daha çox insan sevgisi ilə dolu olmalıdır. Çünki uşaqlara qayğı dünyanın xilası deməkdir...

 

Havva MƏMMƏDOVA,

tarix elmləri doktoru,

professor