Azərbaycanın qabaqcıl turizm ölkəsi olması üçün hər cür şərait var

 

Bu gün turizm dünyada ən sürətlə inkişaf edən sahələrdən biridir. Müstəqil iqtisadi fəaliyyət növü kimi nəzərdən keçirilən turizm sahəsindən əldə edilən gəlirin səviyyəsinin getdikcə artması hətta sənaye cəhətdən inkişaf etmiş ölkələri belə bu sektora xüsusi diqqət ayırmağa vadar edir. Zəngin flora və faunası, möhtəşəm tarixi abidələri və qoruqları olan Azərbaycanda da turizmin inkişafına dövlət dəstəyi böyükdür və atılan addımlar “Odlar yurdu”nun regionun aparıcı turizm mərkəzinə çevrilməsi üçün münbit şərait yaradır.

Turizmin iqtisadiyyata və regionun inkişafına göstərdiyi təsir böyükdür. Heç kimə sirr deyil ki, turizm sahəsinin inkişafı ölkədə yeni iş yerlərinin yaradılması, infrasturkturun yaxşılaşdırılması və ölkəyə valyuta gəlməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu da məlumdur ki, turizm bir çox ölkənin əsas gəlir mənbəyidir. Hesablamalara görə, bu gün dünyada hər 10 işçidən biri turizm sahəsində çalışır. Turizmdən əldə edilən illik gəlir də təqribən 500 milyard dollar təşkil edir. Buna görə də, turizmdən maksimum fayda götürmək üçün hər bir dövlət sosial-iqtisadi siyasətinin mühüm istiqamətlərindən birini təşkil edən turizm siyasətini formalaşdırır.

Azərbaycanda da turizm iqtisadiyyatın prioritet sahələrindən biri sayılır və dövlət proqramlarının qəbul olunub yerinə yetirilməsi dediklərimizi təsdiqləyir. Təsadüfi deyil ki, bu gün Azərbaycan beynəlxalq arenada təkcə neft-qaz ölkəsi kimi deyil, həmçinin zəngin flora və fauna, nadir tarixi abidələr və qoruqlar diyarı kimi də tanınır. Ölkəmizin 2001-ci ildə Ümumdünya Turizm Təşkilatına daxil olması da turizm sahəsində beynəlxalq əlaqələrin inkişafına təkan verməklə yanaşı, Azərbaycanın turizm potensialının təbliğatında yeni səhifənin açılmasına şərait yaratdı.

Ölkənin çoğrafi mövqeyi və malik olduğu təbiət potensialı turizm sənayesinin inkişafında böyük rol oynayır. Şərq-Qərb, Şimal-Cənub arasında təbii körpü rolunu oynaması və vacib nəqiyyat infrastrukturlarının qovşağında yerləşməsi Azərbaycanda turizm sənayesinin inkişafına güclü təsir göstərir. Nadir təbii-iqlim xüsusiyyətlərinin də olması “Odlar yurdu”nun aparıcı turist ölkələri arasında özünəməxsus yer tutmasına imkan verir. Şahdağ, Bazardüzü, Babadağ, Böyük Qafqazın cənub ətəklərindən axan çaylar, şəlalələr, çoxsaylı göllər, qədim insan məskəni Qobustanın sərt və eyni zamanda nadir palçıq vulkanları, qoruqlar və çimərliklər Azərbaycanın turizm potensialının əhəmiyyətli dərəcədə gücləndirir. Flora aləmi də zənginliyi ilə diqqət çəkir. Mütəxəssislərimizin araşdırmalarına görə, Qafqaz florasının bütün növlərinə Azərbaycanda rast gəlmək mümkündür. Min illərlə relyef və iqlim dəyişikliklərinə tab gətirən nadir Eldar şamı da ölkəmizin bitki aləminə rəng qatır. Dünyada yalnız Azərbaycan ərazisində bitən endemik bitki növlərinin sayı 370-dən çoxdur. Badamlı, Sirab, Turşsu, İstisu kimi mineral bulaqlar da böyük iqtisadi-müalicəvi əhəmiyyət daşıyır. Dünyada nadir müalicə mənbələrindən biri kimi qəbul edilən Naftalan nefti də Azərbaycanın turizm potensialının artmasına öz müsbət təsirini göstərir.

Hava şəraitinin turizmə göstərdiyi təsir danılmazdır. Xüsusilə də yay aylarında günəşli havaların çox olması əcnəbi qonaqların həmin ölkəyə maraq göstərmələrinə şərait yaradır. Bu baxımdan Azərbaycan Günəşin bol olduğu ölkələr sırasında öncül yerlərdən birini tutur. Belə ki, Azərbaycanı il əzində günəşli günlərin sayına görə Avropanın turizm baxımından ən populyar ölkələri kimi tanınan Yunanıstan, İtaliya və İspaniya ilə müqayisə etmək olar. Bol Günəş və yüz kilometrlərlə uzanan sarı qumlu dənizsahili çimərliklərinin də olması ölkəmizin turizm mərkəzinə çevrilməsi üçün əlavə imkanlar yaradır. Hesablamara görə, Azərbaycanın Xəzər sahillərində təxminən 8 milyon nəfərin istirahəti üçün imkan var və hazırda bu sahədə müşahidə edilən rəqəmlər malik olduğumuz potensialımızdan yetərincə istifadə etmədiyimizi aşkara çıxarır. Xəzər dənizinin Xudat-Yalama sahili bilavasitə dəniz sahilinə bitişik, uzunluğu 30-40 kilometr, eni 5-10 kilometr təşkil edən ərazidə sıx meşəlik var və bu ərazinin təbiəti Qara dəniz sahilindəki Qafqaz və Gürcüstan ərazilərini xatırladır. Burada il ərzində şəfəq saçması 1900-2000 saat, orta illik temperatur 10 dərəcə təşkil edir və çimərlik mövsümü beş aydan artıq davam edir. Belə bir iqlim şəraitinə malik olması Xudat-Yalama sahilinin turizmin inkişafı baxımından əhəmiyyətini artırır. Abşeron yarımadasının kurortları da böyük imkanlara malikdir. Çox da isti olmayan sahil iqlimi, 100 kilometr boyu uzanan çimərlik zonası və qızıl qumlu hamar daşsız dəniz dibi turistlərin diqqətini cəlb edir. Mütəxəssislər sahil çimərlik zonasının genişləndirilməsi imkanlarının da olduğunu bildirirlər. Bundan başqa, Xəzər dənizində gəmi gəzintiləri, dalğıçılıq və ada turizm imkanlarının artırılması dəniz turizminin potensialının güclənməsinə təkan verir. Son illər çirkli suların dənizə axıdılmasının qarşısının alınması istiqamətində də atılan addımlar nəticəsində çimərlik turizmində dinamik inkişaf tempi müşahidə edilir.

Azərbaycan həm də bəşər mədəniyyətinin ilkin beşiklərindən biri hesab olunur. Qədim insanlar tərəfindən bu ərazidə məskən salınmasını arxeoloji tapıntılar da təsdiq edir. Mağara düşərgələrində aparılan arxeoloji qazıntılar qədim daş dövr insanlarının təşəkkülü və inkişafı, qədim ibtidai icmalar haqqında məlumat verməyə imkan verir. Qobustan qaya təsvirləri də Azərbaycanın qədim tarixə malik olduğunu təsdiqləyir. Belə tarixi aktivə malik olması Azərbaycanda tarix turizmi baxımından da geniş imkanlar yaradır. Yeddi minədək qorunan tarixi abidənin mövcudluğu, zəngin mədəni irsə və füsunkar memarlığa sahib olması “Odlar yurdu”nda tarix turizminin inkişafı üçün münbit şərait yaradır. Tarixi abidələrin əksəriyyətinin Azərbaycan ərazisindən keçən Böyük İpək Yolu boyunca qədim karvan yollarının üzərində yerləşməsi turizm potensialının nə qədər böyük olduğunu təsdiqləyir. XİX əsrin sonlarından başlayaraq Bakı şəhərində tikilmiş qədim memarlıq abidələri və Xəzər dənizində salınmış Neft daşları paytaxtımızın cəlbediciliyini daha da artırır.

Çoxsaylı turistin Azərbaycana gəlməsi üçün zəruri infrastruktur yaradılır. Hazırda paytaxtda və regionlarda yüksək xidmət səviyyəsinə malik çox sayda mehmanxana inşa edilmişdir. Dünyanın ən məşhur mehmanxana şəbəkələrinin Azərbaycanda yaradılması ölkəmizin turizm potensialına güclü inamın olduğunu təsdiqləyir. Regionlarda mehmanxanalar, istirahət zonaları, əyləncə və idman mərkəzləri fəaliyyət göstərir və bunlara misal olaraq, Qafqaz mehmanxanalar şəbəkəsini, Qəbələ şəhərindəki Gabaland attraksionlar parkını, Qusar rayonundakı möhtəşəm “Şahdağ” Qış-Yay Turizm Kompleksini göstərmək olar. Həm idmanla məşğul olmaq, həm də turistləri qəbul etmək üçün müvafiq infrastruktura malik 20-dən artıq Olimpiya İdman Kompleksinin və digər infrastruktur layihələrinin də fəaliyyət göstərməsini Azərbaycan dövlətinin turizm sənayesinin inkişafına verdiyi hərtərəfli dəstəyin bariz nümunəsi kimi önə çıxarmaq olar.

Azərbaycanın son illər bir sıra beynəlxalq mədəni-kütləvi tədbirlərə ev sahibliyi etməsi də turizm sənayesinə öz müsbət təsirini göstərir. Belə ki, qonaqlar tədbirlərdə iştirak etməklə yanaşı, ölkənin müxtəlif məkanlarındakı müasir turizm obyektlərində dincəlir, tarixi abidələri ilə tanış olur, əsrarəngiz təbiətini seyr etmək imkanı qazanırlar. 2012-ci ildə ölkəmizdə uğurla keçirilmiş “Eurovision” mahnı müsabiqəsi, bu il böyük müvəffəqqiyyətlə baş tutmuş ilk Avropa Oyunları Azərbaycanın turizm imkanlarının beynəlxalq miqyasda tanınmasına yol açdı. “ Eurovision - 2012" mahnı müsabiqəsi və ilk Avropa Oyunları ilə əlaqədar ölkəmizə gələn minlərlə qonaq Azərbaycanın gözəllikləri ilə tanış oldu və müasir tələblər səviyyəsində qurulmuş otellərdə istirahət etdi. Ölkəyə gələn turistlərin razı qalması üçün əlverişli şəraitin yaradılması Azərbaycana diqqəti ikiqat artırır və təkrar səfər etmələrinə əlavə stimul verir. Ümumiyyətlə, ilk Avropa Oyunlarının həm əhatə dairəsi, həm də iştirakçıların tərkibinə görə daha çox Avropa sakinləri arasında böyük maraq doğurduğunu qeyd etmək vacibdir. Ona görə də, oyunlar zamanı xarici turist axınının böyük hissəsi Avropa ölkələrinin payına düşdü. Eləcə də, Oyunlar zamanı Azərbaycana qonşu dövlətlərdən, o cümlədən qonşu Türkiyə, İran, MDB ölkələri və Yaxın Şərq ölkələrindən də qonaqların gəldiyi müşahidə olundu.

Qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirən Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “2010-2014-cü illərdə turizmin inkişafına dair” Dövlət Proqramı uğurla icra olunur   ölkəmizdə turizmin beynəlxalq standartlara uyğun inkişafı üçün daxili və xarici investisiyalar bu sahəyə cəlb edilir. Qeyd etmək yerinə düşər ki, hər il sentyabr ayının 27-də “Ümumdünya Turizm Günü” Azərbaycanda da qeyd olunur. Turizmlə bağlı ölkəmizdə bir sıra beynəlxalq sərgilərin keçirilməsinin artıq ənənəvi xarakter alması da reallığa çevrilmişdir . Xarici dillərdə nəşr olunan kitabçaların, bukletlərin, fotoalbomların və xəritələrin hazırlanması turist imkanlarının təbliği məqsədilə tərtib edilir. Eyni zamanda Azərbaycanın beynəlxalq forumlara və idman tədbirlərinə ev sahibliyi etməsi ölkəmizin potensial turist məkanı olmasını bir daha göstərir.

Bu gün Azərbaycan sürətlə inkişaf edir, Beynəlxalq müalicə və istirahət komplekslərinin fəaliyyət göstərməsi də bunu təsdiqləyir. Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevin “Qalaaltı” beynəlxalq müalicə və istirahət kompleksinin açılış mərasimində səsləndirdiyi fikirlər də belə düşünməyə əsas verir ki, turizm sənayesinin ölkəmizdə hərtərəfli inkişaf etməsi üçün zəruri olan addımlar bundan sonra da atılacaq. “Qalaaltı” istirahət kompleksinin əmək kollektivi ilə görüşündə ölkə başçısı xüsusilə vurğulayır ki, Azərbaycan kimi gözəl təbii sərvətlərə malik ölkədə turizm mütləq inkişaf etməlidir: “Çünki bu, daimi gəlir mənbəyidir”. Neft və qazın tükənən sərvətlər olduğunu qeyd edən Prezident İlham Əliyev vurğulayır ki, Azərbaycanın dayanıqlı inkişafı üçün daim gəlir gətirən sahələr mütləq inkişaf etməlidir. Belə sahələrdən də birinin turizm olduğunu bildirən ölkə başçısı əlavə edir ki, turizmin inkişafı üçün Azərbaycanın təbliğatı gücləndirilməlidir.

 

Səbuhi MƏMMƏDOV,

 

Xalq qəzeti.- 2015.- 13 avqust.- S. 5.