Sənətkar ömrünün yadigarları

 

Məmmədrza Şeyxzamanov-100

 

Elə bilirdim ki, Məmmədrza müəllim  həmişə yaşlı olub. Çünki  baxdığım tamaşalarda, filmlərdə onu həmişə  yaşlı insanların  rollarında  görmüşdüm. Teatrdakı  rolları da, filmlərdəki qəhrəmanları da  xeyirxah, qayğıkeş, öz şəxsiyyətinə hörmət edən, millətinə, xalqına bağlı insanlardır.

Əslən gəncəli idi Məmmədrza Şeyxzamanov. Gələcəyin sənətkarı ilk təhsilini Gəncədə – Şah Abbas məscidinə bitişik binaların birində bir dərəcəli məktəbdə alır. İki yaşı olanda atasını itirən balaca Məmmədrza və iki bacısı anaları Balacaxanımın himayəsində böyüyür.

Onun üzə çıxmağında isə Xalq şairi Səməd Vurğunun böyük rolu olub. Belə ki, M.Şeyxzamanov beşinci sinifdə oxuyanda Səməd Vurğun Gürcüstandakı Qori Müəllimlər Seminariyasını yenicə bitirib Azərbaycana qayıdıbmış. Gəncədə ədəbiyyat və tarixdən dərs deyən şair beşinci sinif şagirdi Məmmədrzadan Hüseyn Cavidin “Gülbahar” şeirini soruşub. Beşinci sinif şagirdinin belə bir çətin əsəri səlis, məntiqi vurğularla deməsi Səməd Vurğunun çox xoşuna gəlib. Bundan sonra Məmmədrza məktəbdə keçirilən bütün şənliklərdə, bayram konsertlərində çıxış edib, müəllim və şagirdlərin rəğbətini qazanıb. Orta məktəbi bitirəndən sonra sənədlərini Gəncədəki İnşaat Texnikumuna verib və qəbul olunub.

Aktyorluq həvəsi onu Gəncə Dram Teatrına gətirmişdi. Gənclik illərində bu teatrın səhnəsində fasilələrlə çalışmışdı. Tezliklə aktyorluq sənətinin sirlərini mənimsəyən aktyor məşhurlaşdı. Ona daha mürəkkəb xarakterli rolları həvalə etdilər.

M.Şeyxzamanov böyük səhnəyə ilk addımını atır və ilk dəfə “Hind qızı” əsərində Brahma-hind Allahı rolunu oynayır. Maraqlıdır ki, Brahma baş rol olsa da, tamaşa ərzində cəmi iki dəfə səhnəyə çıxır və hər dəfə də alqışlarla yola salınırmış. Məhz bundan sonra Şeyxzamanov deyir ki, rolun böyüyü-kiçiyi yoxdur və hər şey aktyordan asılıdır.

Həbib İsmayılovla tanışlığı  Şeyxzamanova   gələcək həyat yolunu müəyyənləşdirməkdə yaxından kömək göstərib.  Rejissor  “Vaqif”də Eldar, “Qaçaq Nəbi”də Nəbi, “Qanlı səhra”da İbn Məhəmməd  kimi rolları ona etibar edib və gənc aktyor tədricən tanınmağa başlayıb. Hətta oynadığı rollara görə tələbə yoldaşları ona “artist Məmmədrza” deyirmişlər.

Sonralar 30 ilə yaxın Azərbaycan Dövlət Dram Teatrında çalışan aktyor Məmmədrza Şeyxzamanov Azərbaycan və dünya klassiklərinin əsərlərində uğurlu rolların ifaçısı olmuşdur. Qacar, Xosrov (“Vaqif”, “Fərhad və Şirin”), İmamyar, Aydın (“Yaşar, ”Aydın"), Edqar (“Antoni və Kleopatra”), Hacı Həsən (“Ölülər”), İxtiyar (“İblis”) və başqa onlarla rolları ona teatr sahəsində böyük şöhrət qazandırmışdı. Aydın diksiya, özgələşmək qabiliyyəti, obrazın daxilinə nüfuz etmək bacarığı onun yaradıcılığı üçün xarakterik əlamətlər idi.

Onu teatrın kollektivi də çox sevirdi. Məmmədrza müəllim öz ağsaqqal məsləhətləri ilə insanların köməyinə gəlməkdən həzz alardı. Ömrünün sonuna kimi bu teatrda çalışdı. Burada fəxri adlara, Dövlət mükafatına layiq görüldü. Deyirlər ki, Məmmədrza Şeyxzamanov rollarında olduğu kimi, həyatda da sadə və təvazökar insan idi. Ən əsası isə, yüksək səmimiyyəti onu daha çox sevdirirdi. O, Azərbaycan teatrında bir məktəb yaratmışdı. Onun teatrdakı fəaliyyəti elmi axtarışların hələ də əsas mövzusu olmamışdır. Bu böyük sənətkarın yaradıcılığının tədqiqinə bu gün böyük ehtiyac var.

Kino sənətimizin tarixi ilə maraqlananlar yaxşı bilirlər ki, Məmmədrza Şeyxzamanov Azərbaycan milli kino sənətinin inkişafında böyük xidmətlər göstərmişdir. Onun kino rolları üçün xarakterik olan cəhəti bundan ibarətdir ki, onlar sadə adamlar olsalar da, daxilən zəngindirlər.

Məmmədrza Şeyxzamanovla hər dəfə ekranda qarşılaşmaq adamda gözəl və səmimi hisslər doğurur. Hər dəfə “Tütək səsi” filmində sazda “Ruhani” ifa olunanda mən o gözəl insanı böyük məmnunluqla yad edirəm. Bu filmə tamaşa edənlər orada həmin yanğılı havanın sədaları altında evinə qaçan və sonra da evdə sazı sinəsinə basıb “Ruhani”ni dilləndirən köhnə çuxalı İsfəndiyar kişinin obrazını yəqin ki, yaxşı xatırlayırlar. Bu elə Məmmədrza Şeyxzamanovun özü idi. O, bu dəhşətli müharibəni görmüşdü. Ağrılarını da dadmışdı. Günlərin birində rejissor ona İsfəndiyar kişinin rolunu tapşıranda içində bir rahatlıq tapmışdı. Talelər necə də bir-birinə yaxın olarmış.

İsfəndiyar kişi kəndin ağsaqqalıdır. Cəbhədən qara kağız alan neçə-neçə insana təskinlik verib arxa durmuşdu və indi oğlunun qara kağızını alanda özü ilə tənha qalır və yeganə söykənəcəyi “Ruhani”olur. O, təbiətən ağsaqqal idi. Deyirdilər, elə gəncliyindən ağır, sanballı adam olub. Teatrda işləyirdi və elə hər il də kinostudiyanın bir filmində çəkilirdi. Xeyirxah adamların rollarını oynayırdı. Demək olmazdı ki, Məmmədrza müəllim aktyorluq edirdi, o, özünü yaşayırdı, içində, qəlbində olanları obrazlar vasitəsilə ifadə edirdi. Bəlkə də, aktyorluq doğrudan da, elə budur. Qılınc Qurban kimi “əjdaha”ların qabağına ancaq İsfəndiyar kimi daxilən güclü insanlar çıxa bilərdi. “Qurban, ürək, qəlb məsələsidir, sən qarışma” - deyəndə, Qılınc Qurbanı bu sözlər elə bil qılınc kimi kəsir.

Məmmədrza Şeyxzamanov hansı rolda çəkilməsindən asılı olmayaraq onu özününküləşdirirdi. Elə bilirdin ki, rol onun üçün yazılıb. Rola girməzdi, rol onun daxılində kök salardı və tamaşaçının da ona rəğbəti məhz bu müsbət qəhrəmanların yaratdığı işıqlı auradan mənbə alardı.

İlk dəfə onu “Böyük dayaq” filmində görmüşdüm. Ona qədər isə “Qızmar günəş altında”, “Kölgələr sürünür”, “Bir qalanın sirri”, “Leyli və Məcnun” filmlərində çəkilmişdi. Mənim gördüyüm həmin filmdə  (“Böyük dayaq”) M.Şeyxzamanov rayon partiya komitəsinin katibi rolunu oynayırdı.

Rüstəm kişinin cəbhə dostu olmuş bu  adam ona  kömək etmək istəyir. Kolxoz sədri Rüstəmin düşmənlərini ortaya çıxarır. Amma ona da öz iradını bildirir."Xalqa söykənmək lazımdır" - deyir. Bu, əslində, o qədər də böyük rol deyildi. Ancaq M.Şeyxzamanov onu səmimi və yumşaq bir ifadə ilə tamaşaçıya çatdırır və elə hiss edirsən, o, əsas qəhrəmanlardan biridir.

Məmmədrza müəllimin bir qeyri-adi rolu da var. O, hər birimiz üçün əziz və qiymətli olan Adil İsgəndərovun “Əhməd haradadır?” filmindəki Şirin kişi obrazıdır. Şirin azərbaycanlı kənd kişilərinin tipik nümunəsidir. O, məişət əhvalatları zəminində çəkilmiş bu şirin, yumşaq komediyanın bədii yükünün daşıyıcılarındandır. Mən bilirəm özgə millətlər bu filmə baxanda hansı hisslər keçirirlər, ancaq hər dəfə kinoteatrlarda bu film nümayiş etdiriləndə adamlar çox gözəl əhval - ruhiyyə ilə zalı tərk ediblər.

Və bu şadyanalıqdan böyük pay da məhz Məmmədrza müəllimin adına bağlıdır. Nəcibə xanım Məlikova, A.Cavadov, L.Abdullayev, M.Mərdanov və neçə - neçə seçmə aktyorlarımızın güclü oyunları məhz Məmmədrza müəllimin gözəl ifası ilə tamamlanır. O, yüksək duyğulu insan idi. Rejissorlar deyirdi ki, onunla işləyəndə adam yorulmaq bilmir. Tərəfdaşlarına yaxşı oyun üçün şans verirdi."Liftçi qız" qısametrajlı bədii filmində ona bir rəssam rolu verilmişdi. Bu filmə baxanlar onun gözlərindəki həyat eşqini duymamış deyillər. O, doğrudan da, elə həssas adam idi. Oynadığı rolların portretini  öz ifası ilə yaradırdı. Rənglərin, sözlərin çalarlarını duyan adam idi.

Teatrda ona o qədər rəngarəng rollar vermişdilər ki, daha başqalaşmağa şansı da yox idi. Ancaq onun həmişə “ehtiyat”ı olardı və son anda istedadı köməyinə gələrdi.

M.Şeyxzamanov təkcə müsbət qəhrəmanların əvəzsiz ifaçısı deyildi. O həm də, mənfi tipləri yaratmaqda usta idi."Nəsimi" filmində tamaşaçılar onu Şeyx Əzəm rolunda görəndə bir az təəccüb hissi keçirdilər.

Nə idi bu təəccübə səbəb? Əvvəla, buna alışmamışdılar. İkincisi, axı aktyor müsbət ampluada əvəzsiz ifaçı idi. Ancaq Şeyx rolu onun ampluadan uzaqlaşma bacarığını təsdiq etdi və biz Şeyxzamanovun ifasında tam yeni bir qəhrəman gördük.

Öz yaradıcılığı ilə milli teatr və kino sənətinin inkişafına xidmət etmiş, Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı Məmmədrza Şeyxzamanovun əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaqdır.

 

M.MÜKƏRRƏMOĞLU,

 

Xalq qəzeti.- 2015.- 13 avqust.- S. 6.