Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı

 

Son illər Azərbaycanda təbiətin  qorunması istiqamətində  davamlı  tədbirlər həyata keçirilməkdədir. Bu  sahədə   Ekologiya və Təbii Sərvətlər Nazirliyinin     mühüm xidmətləri olmuşdur.  Nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti tərəfindən xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi və bioloji müxtəlifliyin qorunması istiqamətində aparılan işlər davam etdirilmişdir. Hazırda ölkəmizdə ümumi sahəsi 892546,49 hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən, 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3  faizini, o cümlədən, milli parklar 3,7  faizinini təşkil edir.

 

Milli  parklar  xüsusi mühafizə olunan  ərazilər içərisində   mühüm əhəmiyyətə malikdir. Onlardan  biri də Həsən Əliyev adına  Zəngəzur Milli Parkıdır.  Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 16 iyun tarixli sərəncamı ilə Ordubad rayonunun inzibati ərazisinin 12131 hektar sahəsində Ordubad Milli Parkı yaradılmışdır. Milli Parka akademik Həsən Əliyevin adı verilmişdir. 2009-cu il 25 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Ordubad Milli Parkının ərazisi Şahbuz, Culfa, Ordubad rayonlarının torpaqları hesabına genişləndirilərək sahəsi 42797,4 hektara çatdırılmışdır. Eyni sərəncamla Milli Parkın adı dəyişdirilərək Həsən Əliyev adına Zəngəzur Milli Parkı adlandırılmışdır.  Milli Parkla yanaşı, xüsusi mühafizə olunan təbiət ərazisinin 27870 hektarında Ordubad Dövlət Təbiət Yasaqlığı yerləşir.

 

Zəngəzur Milli Parkının yaradılmasında məqsəd ərazidə ayrı-ayrı komponentlərin mühafizəsi, ərazinin özünəməxsus  iqlimə, relyefə və digər fiziki-coğrafi xüsusiyyətlərə malik olması, burada müxtəlif növ heyvanların, o cümlədən, endemik növlərin qorunub saxlanması ilə yanaşı, ekoloji monitorinqin həyata keçirilməsi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi, turizm üçün əlverişli şərait yaradılmasından ibarətdir.

 

Orta hündürlüyü 3200 metrə çatan Zəngəzur silsiləsi Kiçik Qafqazın bütün silsilələrindən yüksəkdir. Onun ən yüksək zirvəsi olan Gəmiqaya Zəngəzur Milli Parkının ərazisində olmaqla 3906 metrdir. Bu, eyni zamanda, Kiçik Qafqazın Azərbaycan Respublikası ərazisində ən yüksək zirvəsidir.

 

Zəngəzur silsiləsinin sonuncu, üçüncü hissəsi Soyuq dağdır ki, o da Zəngəzur Milli Parkının ərazisinə daxildir. Soyuq dağın mütləq yüksəkliyi 2000-3000 metr arasında tərəddüd edir. Bu hissə 12 kilometrlik bir məsafədə həm cənub, həm də qərb istiqamətində alçalır. Burada uçurumlu yamaclar, dar su ayrıcları var. Aşınmış süxurlar çox geniş yayılmışdır. Soyuq dağda qədim buzlaq relyefi azalır və relyeflərin alçalması ilə əlaqədar olaraq yox dərəcəsinə çatır.

 

Zəngəzur Milli Parkının ərazisinin çox hissəsi dağlıqdır. Yayı quraq keçən soyuq iqlimi var. Zəngəzur Milli Parkının su şəbəkəsini əsasən ərazidən axan çaylar təşkil edir. Ərazidən axan çaylardan Gilançay, Düylünçay, Vənəndçay, Əylisçay, Ordubadçay, Gənzəçay, Kotamçay, Kilitçay öz mənbələrini bulaqlardan, yağış və qar sularından götürür.

 

6 növ suda-quruda yaşayanların 4 növünə Zəngəzur Milli Parkının ərazisində rast gəlmək mümkündür. Bunlar Suriya sarımsaqiyli qurbağası, yaşıl qurbağa, kiçik ağac qurbağası, qısaayaq göl qurbağasıdır. Suriya sarımsaqiyli qurbağasının nəslinin kəsilmək təhlükəsi olduğundan Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmişdir.

 

Naxçıvan Muxtar Respublikası ərazisində 38 növ və yarımnöv sürünənlər mövcuddur. Bunlardan 5 növ tısbağa, 12 növ və yarımnöv ilanlara rast gəlmək olar. Asiya kərtənkələsi, ox ilanı qorunduğu üçün “Qırmızı Kitaba daxil edilmişdir.

 

Naxçıvan Muxtar Respublikası öz quş faunasının zənginliyinə görə Azərbaycan Respublikasında özünəməxsus yer tutur. Ərazidə 217 növ və yarımnöv quşa rast gəlinir ki, bunlardan 15 növü  “Qırmızı Kitaba daxil edilmişdir. Həmin növlər aşağıdakılardır: Avropa tüvüyü, çəhrayı qutan, qıvrımlələk qutan, ərsindimdik, ağquyruq dəniz qartalı, berkut, toğlugötürən, adi ilanyeyən, şahin, Xəzər uları, dovdaq, bəzgək və s.

 

Naxçıvan Muxtar Respublikasında 62-yə qədər məməli heyvan növünə və ya yarımnövünə təsadüf edilir. Bunlardan 32 növya yarımnövə Zəngəzur Milli Parkının və Ordubad Dövlət Təbiət Yasaqlığının ərazisində rast gəlinir. Ərazidə bunlardan Blaziliusya Aralıq dənizi nalburnu, cənub nalburnu, adi uzunqanadlı, oxlu kirpi (tirəndaz), kəsəyən dağ siçancığı, bəbir, çöl pişiyi, manul pişiyi,  qonur ayı, Qafqaz bezoar keçisi, dağ qoyunu (muflon) və s. məskunlaşmışdır.

 

Naxçıvan Muxtar Respublikası ərazisində 12 növ yırtıcı heyvan yayılmışdır. Bunlardan Milli Parkın ərazisində canavar, çaqqal, adi tülkü, zolaqlı kaftar, daşlıq dələsi, porsuq, meşə pişiyis. rast gəlmək mümkündür.

 

Azərbaycan sularında 100-dən artıq balıq növü yaşayır. Bunlardan Naxçıvan sularında 16 növ balığın olması müəyyən edilmişdir.

 

Zəngəzur Milli Parkının və Ordubad Dövlət Təbiət Yasaqlığının ərazisi alinadir bitkilərə görə də zəngindir. Belə ki, Muxtar Respublika ərazisində bitən 110 növ alinadir bitkidən 77 növü Milli Parkın və yasaqlığın ərazisində mövcuddur. Bunlardan çılpaq dorema, yabanı zınbırtikan, Araz palıdı, zərif süsən, Qrossheym süsəni, Gözəl qayışləçək, Mişşenko zümrüdçiçəyi və s. 77 növ alinadir bitkiləri əksəriyyətinin adları “Qırmızı Kitaba daxil edilmişdir.

 

Zəngəzur Milli Parkının və Ordubad Dövlət Təbiət Yasaqlığının ərazisi fauna və floranın zənginliyi ilə yanaşı, həm də təbii və tarixi abidələr diyarıdır.

 

 M.MÜKƏRRƏMOĞLU

Xalq qəzeti.- 2015.- 16 avqust.- S. 6.