Azərbaycanda davamlı iqtisadi inkişaf təmin edilmişdir

 

İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) cəmiyyətin inkişafına təsir göstərən mühüm faktorlardan birinə çevrilməsi artıq danılmaz faktdır. Təsadüfi deyil ki, dövlət strukturlarının və vətəndaş cəmiyyəti institutlarının fəaliyyətini də əhatə edən İKT dünya iqtisadiyyatının ən sürətlə inkişaf edən və perspektivli sahələrindən biri sayılır. İnformasiya cəmiyyətinə istiqamətlənmiş İKT-nin Azərbaycanda da sürətlə inkişaf etməsi və dövlət tərəfindən göstərilən hərtərəfli diqqət və qayğı sözügedən sahənin qeyri-neft sektorundakı payının getdikcə artacağını deməyə əsas verir. Son onilliklərdə qəbul edilmiş və həyata keçirilməkdə olan strateji konsepsiyalar da belə düşünməyə əsas verir ki, İKT Azərbaycanda turizm ilə yanaşı, ən pesrpektivli və dinamik inkişaf edən sahə olaraq diqqət mərkəzində qalacaq.

Bu gün hər hansı bir ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın və operativliyin, o cümlədən demokratiyanın inkişafının qiymətləndirilməsindən danışan zaman İKT-nin tətbiq səviyyəsi önə çıxarılır. Qloballaşan dünyanın bir hissəsi kimi Azərbaycanda da İKT-nin tətbiq səviyyəsi və ümumilikdə, cəmiyyətin həyatına müsbət təsir göstərən addımlar atılması ölkəmizin bu sahədə mühüm irəliləyişlərə nail olmasından xəbər verir. Son 20 il ərzində İKT-nin inkişafı istiqamətində atılmış ardıcıl addımlar nəticəsində bu gün Azərbaycan informasiya cəmiyyətinin quruculuğu prosesini keyfiyyətcə yeni mərhələyə çıxarmış və innovasiyalar sahəsində ölkəmizin regional mərkəz statusunu gücləndirmişdir.

Dövlət siyasətinin prioritetini təşkil edən İKT-nin hərtərəfli inkişaf etməsində bugünkü sosial-iqtisadi inkişaf modelinin həyata keçirilməsində zəruri əsaslar yaratmış “Əsrin müqaviləsi”nin imzalanması böyük rol oynamışdır. Belə ki, 1994-cü ildə imzalanmış bu müqavilədən sonra Azərbaycana gətirilmiş müasir texnologiyalar və milli iqtisadiyyatımıza milyardlarla dollar həcmində yatırılmış sərmayələr sürətli neft bumunun başlanmasına təkan verməklə yanaşı, ölkədə İKT-nin perspektivli sahə kimi formalaşmasına və inkişafına münbit zəmin yaratmışdı. İKT-nin inkişafı üçün hüquqi bazanın yaradılmasında böyük rol oynayan, 2003-cü ildə ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya” da ölkəmizdə informasiya cəmiyyətinə keçid prosesinin sürətlənməsinə təkan vermişdi.

2003-2013-cü illəri əhatə edən Milli Strategiya informasiya cəmiyyətinin əsas xüsusiyyətləri olan qlobal informasiya mühitinin yaradılması, informasiya və kommunikasiya texnologiyalarından kütləvi istifadə edilməsi, sosial və iqtisadi fəaliyyətin yeni formalarının yaranması, informasiyanın əmtəəyə çevrilməsi, informasiya və bilik bazarının yaradılması və inkişafı, təhsil sisteminin təkmilləşdirilməsi, beynəlxalq, milli və regional səviyyədə informasiya mübadiləsi sistemlərinin imkanlarının genişlənməsi hesabına peşə və ümumi mədəniyyət səviyyəsinin artması, demokratik inkişafın vacib şərti sayılan vətəndaşların və sosial institutların məlumat almaq, onu yaymaq və istifadə etmək kimi hüquqlarını təmin edən mühitin təşkili məsələlərinin diqqət mərkəzində saxlanılması və mühüm irəliləyişlərə nail olunması baxımından ciddi hüquqi baza rolunu oynamışdır.  Məhz ulu öndərin qeyri-neft sahəsinə xüsusi diqqət yetirməsi və həyata keçirilmiş kompleks tədbirlər ölkədə İKT-nin sürətli inkişafına gətirib çıxaran innovativ fəaliyyət platformasının təşəkkül tapmasına şərait yaratmışdı.

İKT-nin inkişafı üçün hüquqi bazanın yaradılmasında böyük rol oynayan, 2003-cü ildə ümummili lider Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya” da ölkəmizdə informasiya cəmiyyətinə keçid prosesinin sürətlənməsinə təkan vermişdi.

Ümumiyyətlə, informasiya cəmiyyətinin hüquqi normativ bazasının yaradılması, ali və orta ixtisas təhsili məktəblərinə tələbə qəbulu prosesində yeni texnologiyaların geniş şəkildə tətbiqi, dövlət qulluqçularının seçilməsi və səsvermə proseslərində İKT-dən istifadə , ən əsası, açıq kosmosa süni peyk çıxarması Azərbaycan dövlətinin informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə olan istək və marağını təsdiqləyir.

Qloballaşan dünyanın bir hissəsi kimi Azərbaycanda da İKT-nin tətbiq səviyyəsi və ümumilikdə, cəmiyyətin həyatına müsbət təsir göstərən addımlar atılması ölkəmizin bu sahədə mühüm irəliləyişlərə nail olmasından xəbər verir.

İKT-nin inkişaf səviyyəsinin dövlətin hərbi-siyasi və sosial-iqtisadi potensialının göstəricilərindən biri olduğunu elan edən rəsmi Bakı informasiya cəmiyyətinin güclü əsaslarda formalaşması üçün şərait yaradılmasını dövlət siyasətinin əsas məqsədlərindən biri kimi ön plana çıxarır. Bu baxımdan 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” ötən müddət ərzində əldə olunmuş nailiyyətləri gücləndirməklə yanaşı, İKT sahəsində müşahidə edilən tərəqqinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına imkan vermişdir.

Bu gün hamıya məlumdur ki, davamlı iqtisadi inkişafa nail olunmasında qeyri-neft sektoru böyük rol oynayır. Tükənən təbii sərvətlərlə zəngin Azərbaycanda da iqtisadiyyatın şaxələndirilməsində qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilir və davamlı iqtisadi inkişafın təminatında İKT-nın rolu yüksək qiymətləndirilir. Qeyd etmək yerinə düşər ki, konsepsiyada əsas hədəf kimi növbəti on ildə Azərbaycanda əsasən qeyri-neft sektorunun inkişafı hesabına ümumi daxili məhsulun iki dəfə artırılması və bu artımın  respublikada innovasiyayönümlü və elmtutumlu iqtisadiyyatın qurulması hesabına həyata keçirilməsi kimi göstərilmişdir. Belə inkişafın əsas dayaqlarından birinin İKT olduğu Milli Strategiyada qeyd olunur. Müəyyən edilmiş hədəfə çatmaq üçün növbəti on ildə sözügedən sahənin həcminin 4-4,5 dəfə genişləndirilməsi, İKT-nin iqtisadi potensialının gücləndirilməsi, cəmiyyətin informasiya-kommunikasiya texnologiyalarına ehtiyaclarının ödənilməsi mühüm əhəmiyyət kəsb edir.

Konsepsiyada sadalanan nailiyyətlərin qazanılmasında innovativ rəqabətqabiliyyətli və ixracyönümlü İKT potensialının formalaşdırılması, ölkənin regional informasiya xidmətləri mərkəzinə çevrilməsi, kosmik sənayenin inkişaf etdirilməsi və peyk texnologiyalarının geniş tətbiqi, vətəndaşların və cəmiyyətin mövcud imkanlardan, məhsul və xidmətlərdən səmərəli bəhrələnməsi üçün şərait yaradılması və onların İKT biliklərinin, bacarıqlarının və hazırlığının yüksəldilməsi, “elekton hökumət”in inkişaf etdirilməsi və dövlət idarəçiliyinin bütün səviyyələrində elektron xidmətlərdən istifadə olunması, yüksəkixtisaslı kadrların hazırlanması və görülən işlərə elmi dəstək verilməsi, ölkənin qlobal informasiya məkanına sıx inteqrasiyasının əhəmiyyət kəsb etdiyi xüsusi vurğulanır. Belə bir konsepsiyanın qəbul edilməsi fonunda İKT-nin inkişaf etdirilməsi üçün görülən işlər nəticəsində ölkənin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası, sosial və iqtisadi fəaliyyətin yeni formalarının təşəkkül tapması istiqamətində mühüm addımlar atılmışdır.

Son illərdə İKT sektorunda müşahidə edilən artım tempi bu sahənin milli iqtisadiyyatımızın aparıcı və dinamik inkişaf edən sahəsinə çevrildiyini təsdiqləyir. Belə ki, İKT sektorunda gəlirin 12 faiz artması və bunun da müvafiq ümumdünya orta göstəricisindən 1,5 dəfə yüksək olması qəbul edilən konsepsiyada müəyyən edilmiş hədəflərə çatılmasında böyük irəliləyişlərə nail olunduğunu bir daha təsdiqləyir. İKT-nin mühüm sahəsi hesab edilən telekommunikasiya sektorunda mobil rabitə xidmətləri göstərən operatorların ümumi gəlirlərinin ötən ilin müvafiq dövrünə nisbətdə təqribən 6 faiz artması, bütün ölkə üzrə 3-cü, Bakı və Abşeron yarımadasında isə 4-cü nəsil texnologiyasının tətbiqinin genişləndirilməsi texniki imkanların inkişafı baxımından vacib amilə çevrilmişdir. Ölkədə genişzolaqlı internet infrastrukturunun, həm stasionar, həm də mobil internet xidmətlərinin göstərilməsinin genişləndirilməsi və internet istifadəçilərinin sıxlığının təqribən 75 faiz, genişzolaqlı internet istifadəçilərinin sıxlığının isə 65 faiz təşkil etməsi İKT sahəsində aparılan məqsədyönlü siyasətin nəticəsidir.

Bundan başqa, ötən müddətdə elektron xidmətlərin sayının və keyfiyyətinin artırılması istiqamətində də uğurlar əldə edilmişdir. Belə ki, “elektron imza” və “elektron hökumət” portalının inkişafı təmin olunmuş və 44 hökumət və dövlət orqanından “elektron hökumət” portalına 421 xidmət inteqrasiya edilmiş və həmin xidmətlər vahid elektron pəncərə sistemi vasitəsilə vətəndaşlara və iş adamlarına göstərilir. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatına görə, portalın istifadəyə verilməsindən ötən iki il altı ay müddətində əhaliyə, fiziki və hüquqi şəxslərə 2 milyondan çox elektron xidmət göstərilmiş və hazırda portal istifadəçilərinin sayı 2 milyon nəfəri keçmişdir.

Məlumdur ki, 2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peyki olan “Azerspace-1”in orbitə çıxarılması İKT sahəsində inkişafa əlavə impuls vermişdir. Hazırda uğurla istismar olunan orbitə digər ölkələr də maraq göstərir və 130-dan çox xarici kanal və xüsusi rabitə sistemləri peykin resurslarından faydalanır. “Azərkosmos” ASC-nin ötən il ixracdan 9 milyon dollar gəlir götürməsi, bu il isə 16 milyon dollar gəlir götürülməsinin planlaşdırılması İKT-nin perspektivli və gəlirli sahəyə çevrildiyini göstərir.

Ölkədə genişzolaqlı internet infrastrukturunun, həm stasionar, həm də mobil internet xidmətlərinin göstərilməsinin genişləndirilməsi və internet istifadəçilərin sıxlığının təqribən 75 faiz, genişzolaqlı internet istifadəçilərinin sıxlığının isə 65 faiz təşkil etməsi İKT sahəsində aparılan məqsədyönlü siyasətin nəticəsidir.

Bir sözlə, insanın inkişafında elmin, təhsilin və müasir biliklərin vacib rol oynaması danılmaz faktdır. Bu gün də İKT-nin inkişafı davamlı iqtisadi inkişafın təminatında vacib şərtlərdən biri hesab olunur.  “Qara qızıl”ın insan kapitalına çevrilməsi istiqamətində görülən işlər deməyə əsas verir ki, Azərbaycan İKT-nin inkişafı baxımından regionun aparıcı və lider statusunu gücləndirəcək, informasiya cəmiyyətinin inkişafına təsir göstərəcək addımları bundan sonra da atacaqdır. Azərbaycan Prezidenti İlham Əliyevin öz çıxışlarında informasiya texnologiyalarının, müasir biliklərin mənimsənilməsini daim önə çəkməsini, dövlətin İKT-nin inkişafına göstərdiyi böyük diqqətin bariz nümunəsi kimi qəbul etmək olar: “Ən qabaqcıl texnologiyalar Azərbaycana gəlməlidir. Bir sözlə, ölkənin inkişafı məhz bu istiqamətdə davam etməlidir. Dünyada uğur qazanmış, inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, o inkişafın, tərəqqinin əsas səbəbləri təbii ehtiyatlar deyildir. Məhz bilik, məhz savad, yeni texnologiyalar - bütün bunlar ölkəyə uğur, rifah gətirir, inkişaf, müasirlik gətirir”.

Buna görə də, əminliklə demək olar ki, Azərbaycanda müşahidə edilən transformasiyanın əsasında güclü intellektual baza və müasir biliklərə əsaslanan yeni tipli iqtisadi sistemin formalaşdırılması, eyni zamanda, milli iqtisadiyyatın neft amilindən asılılığının azaldılması məqsədi dayanır. Bu baxımdan cəmiyyətin rifah halının daha da yaxşılaşmasına xidmət edəcək bu məqsədlərə nail olunmasında uğurlar yüksələn xətt üzrə artacaqdır.

 

Səbuhi MƏMMƏDOV,

 

Xalq qəzeti.- 2015.- 14 avqust.- S. 1.