Sirab: böyük şöhrətə doğru

Onun hər damlasında həyat var deyənlər tamamilə haqlıdırlar

 

Naxçıvan, möcüzələr diyarı, ulu torpaq. Bu torpaqda qızıl ehtiyatları da var, ta qədimdən karvan-karvan dünyaya daşınan daş-duz yataqları da. Tanrı Nuhun torpağına min bir dərdin dərmanı olan mineral bulaqlar da bəxş edib. Və bu bulaqlar içərisində “Sirab” mineral bulağının xüsusi yeri vardır. 5,5 min kvadratkilometr ərazidə 250-dən artıq mineral su mənbəyi var və bunların içərisində Sirab daha çox şöhrət qazanıb.

 

Bəli, Sirab suyu qədim Naxçıvan torpağını, Sirab kəndini dünyada tanıtma dəyərinə malikdir. Ümumiyyətlə, Sirab kəndi muxtar respublika üzrə tarixi yerləri ilə ən çox tanınan qədim yaşayış məskənlərimizdəndir.

 

 

 

Kəlbəağıldan dünyaya

uzanan yollar

 

 

Babək rayonunun Sirab kəndi ərazisində Kəlbəağıl vadisində 250 metr dərinlikdən qaynayan su quyusunun üzərində bina tikilib, sanitariya qaydaları əsasında qorunması təmin edilib. Bu su paslanmayan borularla 3 kilometrlik məsafədə yerləşən istehsal nöqtəsinə gətirilir.

 

Niyə bu suyun istehsalı zəruri məqsəd kimi qarşıya qoyulub?  Çünki sirab suyu insanın qan dövranını, tənəffüsü, regenerasiyanı, ürək fəaliyyətini yaxşılaşdırmaq, mədə-bağırsaq xəstəlikləri zamanı şirəqovucu xassələrinə, həmçinin,  süfrədə yemək zamanı xoş damaq dadı vermə kimi mühüm xüsusiyyətlərə malikdir. Elə xalq da Sirabın belə möcuzəvi xassələrinə görə onu “sirrli su” adlandırmışdır. “Sirab” tədqiq edildikdən, tərkibi araşdırıldıqdan sonra aydın oldu ki, bu mineral suyu aerozol şəklində tənəffüs yolları xəstəliklərinə və allergik xəstəliklərə səmərəli təsir edir, həzm yolları, qaraciyər, öd kisəsi və böyrək xəstəlikləri, mübadilə pozğunluqları zamanı tətbiq edildikdə xeyrini insanlardan əsirgəmir. Məhz istehlakçılar da bu suyun möcüzəvi xassələrini görərək indi onu süfrələrinin bəzəyinə çeviriblər.

 

Sirab suyunun istehsalına ilk dəfə 1950-ci ildə primitiv üsulla kiçik bir sexdə başlanılmışdır. Bu ilk addımlar 1968-ci ildə tikilib istifadəyə verilən Sirab Mineral Sudoldurma Zavodu ilə bir az da artdı və keçmiş Sovetlər Birliyindəki müttəfiq respublikalarda böyük maraqla qarşılandı. Sirabın dünyaya çıxdığı illər ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə təsadüf edirdi və həmin dövrdə zavodun tam gücü ilə işləməsi təmin edilmişdi. Azərbaycanın, o cümlədən muxtar respublikanın başqa ölkələr arasında tanınmasına yönəldilən bu siyasətin nəticəsi idi ki, 1984-cü ildə zavodda yeni texnoloji avadanlıqlar tətbiq olunmaqla əlavə iki xətt quraşdırıldı, istehsal gücü ildə 4,5 milyon butulkaya çatdırıldı. Amma ötən əsrin 90-cı illərində baş verən məlum hadisələr, iqtisadiyyatın zəifləməsi, muxtar respublikanın blokadaya alınması bu zavodun fəaliyyətini də demək olar ki, iflic vəziyyətinə saldı. 1993-cü ildə isə ulu öndərin respublika rəhbərliyinə  qayıdışı ilə Sirabın da üzərinə günəş parladı, yollarına çıraq tutuldu.

 

Ölkəmizin ayrı-ayrı bölgələri kimi, muxtar respublikamızda da bazar iqtisadiyyatının tələblərinə uyğun sahibkarlıq mühitinin formalaşdırılması, iş adamları üçün əlverişli şəraitin yaradılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildi. Bundan bəhrələnən Sirab nəinki əvvəlki şöhrətini özünə qaytarmaq, habelə dünya bazarına çıxmaq üçün yeni fəaliyyət proqramı müəyyənləşdirdi. Və bunu bacardı da.

 

 Sirab Mineral Sudoldurma Zavodunun bazasında yaradılan Açıq Səhmdar Cəmiyyəti əsaslı təmir və yenidənqurma işlərindən sonra 2003-cü il iyul ayının 14-də istifadəyə verildi. Məhz o gün, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan qayıdış tarixinin ildönümündə Sirab sahibkarlıq dünyasına yeni imza ilə qədəm qoydu. Burada bir haşiyə çıxım. 2001-ci ildə zavoda üz tutduğumuz günlərdə kiçik bir sexdə suyun istehsalı, butulkaların əllə yuyulması, suyun axın yerinin xoşagəlim olmaması, bir sözlə, antisanitariya qaydalarına tam əməl olunmaması qəlb ağrıdırdı. Muxtar respublikanın iqtisadi qüdrətinin artması nəticəsində çox qısa zamanda bu çətinliyə son qoyuldu. Sahibkarlığa göstərilən qayğının nəticəsində beş hektar ərazidə yeni bir müəssisənin tikintisinə başlanıldı. Burda, dağların qoynunda, təbiətin füsunkar guşəsində ikimərtəbəli inzibati bina, işçilərə iaşə xidməti göstərilməsi üçün yeməkxana, istehsal və digər yardımçı sexlər, anbar, karbon qazı və kompressor stansiyası tikildi. Müəssisənin həyəti abadlaşdırılıb cənnətməkana çevrildi. İndi bu ünvan abadlığı, yaşıllığı, gülü-çiçəyi ilə göz oxşayır. Bu səliqə-sahman istehsal prosesinin müasir tələblər səviyyəsində qurulmasına da əlverişli şərait yaratdı.

 

 

 

İstehsalda yeniliklər

əsas şərtdir

 

 

Əlbəttə, dünya ilə ayaqlaşmadan dünya bazarına çıxmaq olmaz. Yayın qızmar keçən bu günlərində Sirab suyunun istehsal olunduğu müəssisəyə yollandıq. Texnoloji proseslə tanış olduq. Zavodun sudoldurma sexlərinə ayaq qoyduğun andan avadanlıqların ahəngdar səsi, xoş ritmi insanı öz təsirinə salır. Bu ritmə həm də çalışan kollektivin səmimi, xoş münasibəti bir rəng qatır. Necə deyərlər, burada Naxçıvan sahibkarlarına göstərilən qayğının yaratdığı əlbir əməyin bəhrəsi qürurverici ab-hava yaradıb.

 

İstehsalla bizi tanış edən baş mühəndis Məşdi Mazanov bildirdi ki, mənbədən gətirilən mineral su ilkin mərhələdə suda olan iri hissəcikləri ayırmaq üçün mexaniki filtrdən keçirilərək 50 tonluq paslanmayan çənə doldurulur. Sonra su 25 mikronluq qum filtrindən süzülərək emallı ehtiyat su çənlərinə ötürülür. Bu proses istehsala verilən mineral suyun davamlılığını təmin etmək və mineral suyun bir neçə saat ərzində dincə qoyulması üçün nəzərdə tutulmuşdur. Əsasən istehsal prosesi ehtiyat su anbarından mineral suyun soyuducu qurğulara ötürülməsi ilə başlayır. Bu soyuducularda su 4-8 dərəcədə soyudulur və istehsal sexlərinə verilir. Sexlərdə mineral su qablaşdırılmadan öncə bir neçə vacib mərhələdən keçir. İlkin olaraq, 5 və 1 mikronluq filtrlərdən süzülərək ultra-bənövşəyi şüalar qurğusundan keçir. Bu proses mineral suyun tərkibində hər hansı bir mərhələdə yarana biləcək bakteriyaların məhvini təmin edir. Bununla da istehsalda suyun doldurmaya hazırlanma prosesi başa çatır.

 

Müsahibimiz bildirdi ki, dolumdan öncə mineral su karbon-dioksid qazını rahat və lazımi miqdarda qəbul etsin deyə 4-8 dərəcəyədək soyudulur. Və karbon-dioksidin vurulmasında məqsəd qablaşdırılan məhsulun saxlama müddətinin artırılması və mineral duzların çökmə ehtimalının qarşısını almaqdır. Bütün bu proseslərdən sonra mineral su lazımi çeşidlərdə qablaşdırılaraq, paketlənib satış bazarına göndərilir. Bəs qablaşdırma necə aparılır? Məşdi Mazanov bildirdi ki, dünyada rəqabətə davamlı məhsul istehsal etmək üçün müxtəlif ölkələrdən, o cümlədən Rusiya Federasiyası, Türkiyə və Polşa respublikalarından müasir texnoloji tələblərə və standartlara cavab verə biləcək avadanlıqlar alınıb müəssisəyə gətirildi. Hazırda zavodda müasir tələblərə cavab verən 5 texnoloji xətt quraşdırılmış 3 sex fəaliyyət göstərir. Bu xətlərdə qazlaşdırılmış və qazlaşdırılmamış “Sirab” təbii mineral müalicəvi süfrə suyunun müxtəlif həcmli 19 çeşiddə plastmas və şüşə butulkalara doldurulması həyata keçirilir.

 

Baş mühəndis plastmas butulkaların doldurulması sexindəki iki texnoloji xətti göstərərək  bildirdi ki, biri saatda 6 min, digəri 4 min ədəd butulka sudoldurma gücünə malikdir.  Birinci dəzgahda butulkalar şişirdilir, digərinə keçərək yuyulur, sonra doldurulur, ağzı bağlanır və üzərinə istehsal və son istifadə tarixləri vurularaq nəzarət ekranından keçirilir. Sonra etiketvurma dəzgahına ötürülür. Axırıncı proses butulkaların paketlənməsidir. Hazır məhsul anbara yığılır, oradan isə zavoda məxsus maşınlarla sifarişlərə uyğun olaraq muxtar respublikanın müxtəlif ticarət obyektlərinə, eləcə də Azərbaycanın müxtəlif şəhərlərinə, xarici ölkələrə yola salınır.

 

Qazsız suyun istehsalı ilə tanışlıqda isə öyrəndik ki, sexdə Türkiyə Respublikasından müasir texnoloji tələblərə və standartlara cavab verən və saatda 11 min  butulka məhsul istehsal edən avadanlıqlar alınaraq quraşdırılmışdır. Həmin avadanlıqların köməyi ilə 3 çeşiddə —0,5, 1 və 1,5 litrlik butulkalarda, həmçinin, eyni zamanda, sexdə 5 və 19 litrlik qablarda qazsız su alıcılara təqdim edilir.

 

Şübhəsiz ki, bu gün sahibkarlığın inkişafına göstərilən qayğı həm də sakinlərin işlə təmin edilməsinə göstərilən qayğının böyük ifadəsidir. Hazırda “Sirab” ASC-də 120 işçi çalışır ki, onlar xüsusi geyim və yeməklə, o cümlədən gediş-gəlişləri təmin olunur. Həmçinin, müəssisədə daha keyfiyyətli su istehsalı üçün işçilər daim təkmilləşdirmə kurslarına göndərilirlər.

 

 

 

Uğurlara doğru addımlar

 

 

Zavodun icraçı direktoru Zülfü Hüseynov söhbət əsnasında vacib bir amilə toxunaraq dedi ki, “Sirab” ASC-də bütün istehsal prosesi İSO standartlarına – keyfiyyəti idarəetmə sisteminin tələblərinə tam uyğun şəkildə təşkil edildiyi üçün müəssisə müxtəlif illərdə xarici ölkələrin sertifikatlaşdırma təşkilatları tərəfindən sertifikatlaşdırılmışdır. Bu isə “Sirab” suyunun yüksək keyfiyyətli istehsalının göstəricisi və Avropa bazarlarına girişinin açarıdır.

 

Əlbəttə, gerçəklik göz qabağındadır. Dünya standartlarına cavab verə biləcək yüksək keyfiyyətli məhsul istehsal etməyin nəticəsidir ki, bu gün dünya ölkələrində rəğbətlə qarşılanan “Sirab” mineral suyu müxtəlif ölkələrdə keçirilən beynəlxalq sərgilərdə dörd qızıl və bir gümüş medal qazanmışdır. Z.Hüseynov bildirdi ki, “Sirab” ASC 2005-ci ilin may ayında İsveçrənin Cenevrə şəhərində “Biznesdə Yüksək Keyfiyyətə Görə” qızıl medalı,  2009-cu ildə Ukraynanın Kiyev şəhərində keçirilən “Qida məhsulları və içkilərin XII forumu”nda qızıl medal, 2010-cu ildə Moskva şəhərində keçirilən XVII Beynəlxalq sərgidə gümüş medal, 2011-ci ildə Moskva şəhərində keçirilən XVIII Beynəlxalq sərgidə qızıl medal və 2011-ci ildə Qazaxıstanın Almatı şəhərində keçirilən XIV Beynəlxalq Mərkəzi Asiya “Yeyinti sənayesi” sərgisində yenə də qızıl medal qazanıb. Həmçinin dəfələrlə “İlin Brendi”, “Biznesdə Uğur” mükafatlarına layiq görülmüşdür. Cari ildə Beynəlxalq Ləzzət və Keyfiyyət İnstitutu tərəfindən “Mükəmməl ləzzət mükafatı” qazanması da Sirab mineral suyunun yüksək keyfiyyətinə dəlalət edir.

 

İcraçı direktorun sözlərinə görə, hazırda Belarus, İran, Qazaxıstan, Türkiyə, Türkmənistan, Ukrayna və Baltikyanı ölkələrdə kifayət qədər alıcımız var. Amma “Sirab” mineral suyunun ixracı yolunda məqsədyönlü iş aparılır ki, yaxın zamanlarda Avropa və Asiya bazarına da çıxaq. Sözsüz ki, Sirab mineral suyunun istehsalında hər il statistik göstəricilər də suya olan marağın, tələbatın nəticəsidir. Elə cari ilin altı ayında müəssisədə 1 milyon 135 min 763 manat dəyərində müxtəlif çeşidlərdə 4 milyon183 min 329 ədəd butulka su istehsal olunmuşdur ki, bu da ötən ildəkindən xeyli çoxdur.

 

Bir sözlə, muxtar respublikanın yeraltı təbii bulağı bu gün müstəqilliyin bəhrələrini, muxtar diyarımızda sahibkarlığa göstərilən böyük qayğını özündə birləşdirərək durmadan şöhrətə doğru addımlayır və insanların sağlam qidalanmasına xidmət edir. Bu səbəbdəndir ki, günü-gündən “Sirab”ın alıcısı artır. Çünki onun “hər damlasında həyat var!”

 

Hafizə ƏLİYEVA,

Babək rayonunda çıxan “Şərqin səhəri”

qəzetinin redaktoru,

Naxçıvan Muxtar Respublikasının

Əməkdar jurnalisti

Xalq qəzeti.- 2015.- 16 avqust.- S. 4.